Xoşbəxt Yusifzadə: Xoşbəxtəm
ki,
həm bir
milyardıncı, həm də iki milyardıncı
ton neftin
çıxarılmasında iştirak etmişəm
Ötən il Azərbaycan neft sənayesi üçün iki əlamətdar hadisə ilə yadda qaldı. “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı və Azərbaycanda iki milyardıncı ton neft çıxarıldı. Görkəmli geoloq Xoşbəxt Yusifzadə nadir insanlardandır ki, həm bir milyardıncı ton, həm də iki milyardıncı ton neftin hasil olunmasında şəxsən iştirak edib. O, AZƏRTAC-a müsahibəsində Azərbaycan neft sənayesi tarixinin unudulmaz səhifələrini vərəqləyib, bu mürəkkəb, şərəfli yolda qarşıya çıxan çətinliklərdən və əldə olunan uğurlardan danışıb. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə AZƏRTAC-ın suallarını cavablandırır.
Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” idarəsində başlayıb, daha sonra “Dənizneft” Birliyində, “Gürganneft” trestində (indiki “Neft Daşları” NQÇİ), “Başdənizneft” İdarəsində, “Xəzərdənizneft” Birliyində, “Azərineft” Dövlət Konsernində və Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildən isə SOCAR-ın birinci vitse-prezidentidir. Geologiya-mineralogiya elmləri doktoru, professor və AMEA-nın həqiqi üzvüdür. “İstiqlal”, “Şöhrət”, “Şərəf”, “Əmək” ordenləri, eləcə də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
– Xoşbəxt müəllim, sizi Azərbaycan neft sənayesinin canlı ensiklopediyası adlandırırlar. Ona görə də söhbətimizə tarixə qısa bir ekskursla başlamaq istərdik. Milyardıncı ton Azərbaycan nefti 1971-ci ildə çıxarılıb. O vaxt siz “Xəzərdənizneft” Birliyində baş direktorun müavini-baş geoloq vəzifəsində çalışırdınız. Həmin hadisəni necə xatırlayırsınız?
– 1971-ci ildə respublikamızda milyardıncı ton neftin çıxarılmasının böyük tarixi hadisə kimi qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milyardıncı ton neft 1971-ci il martın 28-də çıxarıldı. Həmin il aprelin 2-də Moskvada Kommunist Partiyasının 24-cü qurultayında çıxış edərkən Azərbaycanın rəhbəri Heydər Əliyev respublika neftçilərinin bu nailiyyəti barədə xəbəri dünyaya yaydı. Dedi ki, Azərbaycan neftçiləri bu qocaman neft diyarının bütün tarixi ərzində yerin dərin qatlarından milyardıncı ton “qara qızıl” çıxarıblar. Həmin il aprelin 21-də isə neftçilərin əmək qəhrəmanlığının bir daha yüksək səviyyədə qeyd olunması üçün Bakıda respublika ictimaiyyəti nümayəndələrinin təntənəli yığıncağı keçirildi. O vaxt neftçilərin böyük bir dəstəsi müxtəlif mükafatlara, o cümlədən SSRİ-nin orden və medallarına, fəxri adlara layiq görüldü. Təltif edilən neftçilərdən biri də mən idim. Sovet dövründə layiq görüldüyüm üç ordendən birini mənə məhz 1971-ci ildə milyardıncı ton neftin çıxarılmasına görə verdilər.
Həyat belə gətirdi ki, milyardıncı ton Azərbaycan nefti ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə, iki milyardıncı ton neft isə Prezident İlham Əliyevin rəhbərliyi dövründə və bilavasitə onun özünün iştirakı ilə çıxarıldı. Bu hadisə ötən il noyabrın 8-də baş verdi. Elə həmin gün Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdəki nitqində Prezident İlham Əliyev iki milyardıncı ton neftin çıxarılması münasibətilə Azərbaycan neftçilərini və xalqımızı təbrik etdi. Dövlətimizin başçısı işlənmənin əvvəlindən ölkəmizdə iki milyard ton neftin çıxarılmasını tarixi hadisə adlandırdı.
Həqiqətən də iki milyardıncı ton neftin hasil edilməsi Azərbaycanın tarixində şərəfli bir səhifədir. Xatırlatmaq istəyirəm ki, neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri bir əsrlik yol keçmişdilər. Neftin ikinci milyard tonunu çıxarmaq üçünsə bizə yarım əsrdən də az bir vaxt – cəmi 46 il lazım gəldi. Sözsüz ki, Azərbaycan Respublikasının müstəqilliyi bu işdə müstəsna rol oynayıb. Neftin ikinci milyard tonunun 300 milyon tonu keçmiş sovet hakimiyyəti dövründə, 700 milyon tonu isə müstəqillik illərində hasil edilib ki, bunun da 460 milyon tonu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə Konsorsiumun, 240 milyon tonu isə SOCAR-ın payına düşür.
İki milyardıncı ton neftin çıxarılması münasibətilə neftçilərin böyük bir qrupu müstəqil Azərbaycanın orden və medalları ilə təltif olundu, fəxri adlara, Prezidentin fərdi təqaüdünə layiq görüldü. Buna görə Prezidentimizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm.
Mən həm də ona görə xoşbəxtəm ki, neftimizin həm milyardıncı, həm də iki milyardıncı tonunun çıxarılmasında iştirak etmişəm və bu gün artıq üçüncü milyard ton neftin çıxarılmasında gənc həmkarlarımla birlikdə çalışıram.
– Müstəqil Azərbaycanın neft sənayesinin tarixi “Əsrin müqaviləsi”ndən başlayır. Bu tarixi sazişin imzalanmasınadək olan proseslərə maraq indinin özündə də azalmayıb: şərtlər, pay bölgüsü, şirkətlərin marağı, Azərbaycanın milli maraqları... Neft Konsorsiumu ilə danışıqlarda o vaxt Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev də iştirak edirdi. Bu, Azərbaycan nümayəndə heyəti üçün nə kimi üstünlüklər yaradırdı? Ən önəmli məqam kimi nəyi qeyd etmək istərdiniz?
– Həqiqətən də “Əsrin müqaviləsi” Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, respublikamızın vətəndaşları bilməlidirlər ki, müstəqil Azərbaycanın tərəqqisi bu məşhur müqavilə ilə başlanıb.
“Əsrin müqaviləsi”nin işlənib hazırlanmasında, imzalanmasında, beləliklə də ümummilli liderimiz Heydər Əliyevin məşhur neft strategiyasının həyata keçirilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin müstəsna xidmətləri hamımıza yaxşı məlumdur.
Prezidentimiz barədə mən saatlarla
danışa bilərəm. Çünki onu artıq 24 ildir tanıyıram. Vaxtilə
cənab İlham Əliyev də bizim böyük neftçilər
ailəsinin üzvü idi. 1994-cü ilin aprelində o,
Dövlət Neft Şirkətinin xarici əlaqələr
üzrə vitse-prezidenti təyin edilmiş, sonra şirkətin
birinci vitse-prezidenti olmuşdu. Bu vəzifədə 2003-cü
ilin avqust ayınadək çalışmışdı. Bu
müddətdə cənab İlham Əliyev ümummilli
liderimiz Heydər Əliyevin neft strategiyasının həyata
keçirilməsində fəal iştirak edir,
özünü həssas, sadə və mehriban bir insan, eyni
zamanda, prinsipial və tələbkar rəhbər
işçi kimi göstərirdi.
İş
elə gətirdi ki, 1994-cü ilin iyul-sentyabr aylarında biz
işçi qrupunun tərkibində ABŞ-ın Hyuston şəhərinə
getdik və orada sonralar “Əsrin müqaviləsi” adlanan “Azəri”,
“Çıraq” və “Günəşli” (AÇG)
yataqlarının birgə işlənməsi prinsiplərinə
dair danışıqlara başladıq. Danışıqlar
prosesi və gərgin iş rejimi bu danışıqların
hər bir iştirakçısının peşəkarlıq
səviyyəsini, son dərəcə məsul bir işə
münasibətini açıq-aydın göstərirdi.
Müdriklər doğru deyiblər ki, ağıl yaşda
deyil, başdadır. Həmin vaxtlar kifayət qədər gənc
olmasına baxmayaraq, İlham Əliyev çox səriştəli
bir mütəxəssis olduğunu göstərdi. Onun
danışıqlar zamanı yaranan mürəkkəb vəziyyətlərdən
çıxış yollarını tapması, gərginliyi
aradan qaldırmaq məharəti bizə çox kömək
edir, bizi daha qətiyyətli və inamlı olmağa
ruhlandırırdı.
Hyustonda
danışıqlarımız 45 gün çəkdi. Nəhayət,
bu gərgin işlərin nəticəsində 1994-cü il
sentyabrın 20-də ulu öndərimiz Heydər Əliyevin
titanik əməyi sayəsində “Əsrin müqaviləsi”
imzalandı. O vaxtdan başlayaraq, müstəqil Azərbaycanın
neft strategiyası dövlətin həm daxili, həm də
xarici siyasətinin tərkib hissəsinə çevrildi. Bu
işdə İlham Əliyevin xidmətləri nəinki Azərbaycanda,
hətta dünyanın aparıcı dövlətləri səviyyəsində
də etiraf edilirdi.
“Əsrin
müqaviləsi”nin Azərbaycan üçün çox
böyük siyasi və iqtisadi əhəmiyyəti oldu.
Əvvəla, dünyanın aparıcı dövlətləri
və şirkətləri əmin oldular ki, Azərbaycan
müstəqil dövlət və etibarlı tərəfdaşdır,
burada işləmək və bu ölkəyə sərmayə
qoymaq olar. Bu, müqavilənin siyasi əhəmiyyətidir.
Heç təsadüfi deyil ki, həmin müqavilədən
sonra xarici şirkətlərlə daha 34 saziş
bağlandı.
Müqavilənin
iqtisadi əhəmiyyəti isə odur ki, neft hasilatı Azərbaycanın
tarixində ən aşağı səviyyədən – 1997-ci
ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı.
Beləliklə, neft hasilatı 5,6 dəfə artdı.
Hazırda
respublikada hasil edilən neftin və qazın əsas hissəsi
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”
yataqları hesabına əldə edilir. İşlənmənin
əvvəlindən “Azəri-Çıraq-Günəşli”
yataqlarından 445,4 milyon ton neft və 140,5 milyard kubmetr qaz
hasil olunub.
Artıq
19-cu ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin
iştirakçıları mənfəət neftindən gəlir
əldə edirlər. 2018-ci il yanvarın 1-dək dünya
bazarında Azərbaycanın payına düşən 250,7
milyon ton mənfəət nefti satılıb ki, bu da
AÇG-dən hasil edilmiş bütün neftin 55 faizini təşkil
edir.
2006-cı
ilin mayından böyük həcmdə Azərbaycan neftini
Avropaya və dünya bazarına çıxaran
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri də
“Əsrin müqaviləsi” sayəsində meydana gəldi. Bu kəmər
ulu öndər Heydər Əliyevin ikinci şah əsəridir.
Azərbaycan,
Gürcüstan və Türkiyə respublikalarının ərazilərindən
keçib, birbaşa Aralıq dənizinə çıxan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinin
də bir vaxtlar əleyhinə çıxanlar, onun çəkilməsini
istəməyənlər vardı. Amma indi baxın: 2018-ci il
yanvarın 1-dək dünya bazarına 466,7 milyon ton neft
çıxarılıb ki, bunun da 350 milyon tona qədəri
Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib. Əgər
bu kəmər olmasaydı, bu qədər nefti dünya
bazarına biz necə çıxara bilərdik?!
– Azərbaycana
bir çox xarici təzyiqlərin olduğu belə bir mürəkkəb
dövrdə “Əsrin müqaviləsi” nə dərəcədə
real görünürdü? Xoşbəxt müəllim, şəxsən
siz bu sövdələşmənin baş tutacağına, nəticə
verəcəyinə inanırdınızmı?
– Bu
sualınızla siz məni yenidən ötən əsrin
90-cı illərinin əvvəllərinə
qaytardınız. 1991-ci ilin sonunda Sovet İttifaqı
dağılanda və Azərbaycan müstəqillik əldə
edəndə respublikada vəziyyət yaxşı deyildi.
Ölkədə qeyri-sabitlik hökm sürürdü, maliyyə
və texniki təchizat məsələlərinin nə vaxt həll
ediləcəyini heç kim bilmirdi. Neft-qaz sənayesi
ağır böhran içində idi. Buna görə də
hələ 1979-cu ildə kəşf olunmuş “Günəşli”
yatağının dərinsulu hissəsində, 1985-ci ildə
kəşf edilmiş “Çıraq” və 1987-ci ildə
aşkarlanmış “Azəri” yataqlarında işləmək
mümkün deyildi. Yalnız “Günəşli”
yatağının suyun dərinliyi 200 metrədək olan hissəsinin
işlənilməsi mümkün idi. Belə vəziyyətdə
Azərbaycanda ikinci dəfə rəhbərliyə gələn
ulu öndər Heydər Əliyev respublikanın neft sənayesinin
bərpası və inkişafı ilə yaxından məşğul
olmağa başladı.
O vaxt “Azəri”,
“Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinsulu hissəsinin
ehtiyatlarının mənimsənilməsi üçün
iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin
maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi
üçün 30-40 il gözləmək, ya da xarici neft
şirkətlərini dəvət etmək! Biz maliyyə vəziyyətimizin
düzəlməsi üçün illərlə oturub
gözləyə bilməzdik, çünki respublikada sosial vəziyyət
dözülməz həddə çatmışdı. Bizim
ixrac potensialımız isə sıfıra bərabər idi və
o dövrdə ölkəni ağır böhrandan yalnız
neftimiz xilas edə bilərdi. Buna görə də Qərbin
iri neft şirkətləri ilə əməkdaşlığa
getmək lazım idi. Lakin xarici neft şirkətlərinin
ölkəmizə sərmayə qoymasına qarşı
çıxan qüvvələr vardı. Bu qüvvələr
həm respublikanın özündə, həm də xaricdə
fəaliyyət göstərirdilər. Buna görə də
Azərbaycan Prezidenti neftçi mütəxəssisləri ətrafına
toplayıb, onlarla məsləhətləşdi. Prezidentin və
neftçilərin fikirləri üst-üstə
düşdü. Xarici neft şirkətlərini ölkəmizə
dəvət etmək qərara alındı. “Əsrin
müqaviləsi” ideyası belə yarandı.
Düzdür,
o vaxt belə fikirlər də səsləndirilirdi ki, Azərbaycan
qədim neft diyarıdır, ölkəmizdə neftin
axtarışı, kəşfiyyatı, hasilatı, nəqli və
emalı sahəsində zəngin təcrübə
toplanıb. Azərbaycan dünyanın neft elminə görkəmli
alimlər bəxş edib və bizim çox bacarıqlı
mütəxəssislərimiz var və yataqların işlənməsini
özümüz təşkil edə bilərik.
Bəli,
bizim təcrübəmiz də var idi, mütəxəssislərimiz
də. Biz ən mürəkkəb şəraitdə də
işləyə bilərdik. Lakin o vaxt bizim nə müvafiq
texnikamız var idi, nə də maliyyə vəsaitimiz. Buna
görə də ən düzgün yol xarici şirkətləri
ölkəmizə dəvət etmək idi. Tarix və ötən
müddətdə əldə etdiyimiz nailiyyətlər
göstərdi ki, bu, ən düzgün qərar idi.
Qeyd etməliyəm
ki, xarici şirkətlərlə neft sahəsində iş
birliyinin qurulmasında təəccüblü heç nə
yoxdur. Yəni bu, görünməmiş bir hadisə deyil, əksinə,
dünya praktikasında geniş yayılmış bir
işdir. Dünyanın, demək olar ki, bütün neft
ölkələri – ABŞ, Böyük Britaniya, Norveç və
başqaları birgə işləmək üsulundan geniş
istifadə edirlər. Bunun səbəbi məlumdur: neft sənayesi
böyük sərmayə qoyuluşu tələb edir və
heç bir ölkə xüsusilə də dənizdə bu
riskli işə təkbaşına getmək istəmir.
– Ötən
il Azərbaycanın neft tarixində daha bir əlamətdar
hadisə baş verdi. Belə ki, “Azəri-Çıraq-Günəşi”
yatağı üzrə mövcud sazişin müddəti
2050-ci ilədək uzadıldı. Bütün ömrü
neftlə bağlı olan şəxs kimi bu mühüm
saziş imzalananda hansı hisslər keçirirdiniz?
– Bu hadisə
məni çox sevindirdi. Ona görə sevindirdi ki, bizim “Azəri”,
“Çıraq”, “Günəşli” kimi unikal neft
yataqlarımızla bağlı işlərimiz yeni mərhələyə
qədəm qoydu. Məsələ belədir ki, “Əsrin
müqaviləsi” öz missiyasını uğurla yerinə
yetirib və yetirir. 30 il müddətinə imzalanmış
“Əsrin müqaviləsi” 2024-cü ildə başa
çatacaq. Bəs sonra?! Xeyli vaxt idi ki, bu sual həm bizi, həm
də xarici tərəfdaşlarımızı ciddi
düşündürürdü.
BP ilə
məsləhətləşmələr, danışıqlar
aparıldı. Onlar da əməkdaşlığı davam
etdirməkdə maraqlı olduqlarını bildirdilər və
danışıqlarımız ötən il sentyabrın 14-də
“Azəri-Çıraq-Günəşli” yataqlarının
birgə işlənməsi haqqında düzəliş
edilmiş və yenidən tərtib olunmuş müqavilənin
imzalanması ilə nəticələndi. Prezident İlham
Əliyev mərasimdəki nitqində “Əsrin müqaviləsi”
çərçivəsində görülmüş işləri
yüksək qiymətləndirdi, yeni müqavilənin şərtləri
barədə danışdı.
Bu
müqavilədə Azərbaycan üçün olduqca sərfəli
şərtlər müəyyən edilib. Məsələn, mənfəət
karbohidrogenlərinin bölgüsü bu günədək
mövcud olan nisbətdə qalır - yəni Azərbaycana 75
faiz, podratçı tərəflərə 25 faiz. Bu
bölgü 2050-ci ilədək dəyişməyəcək.
Podratçı qismində çıxış edən
“AzAÇG” şirkətinin mövcud layihə üzrə
payı 11,6 faizdən 25 faizədək, yəni iki dəfədən
də çox artırılır. Müqavilə çərçivəsində
tərəfdaş şirkətlər Azərbaycan hökumətinə
3,6 milyard dollar həcmində bonus ödəyəcəklər.
Yataqlardan hasil edilən səmt qazı əvvəlki kimi
bütünlüklə Azərbaycana qalacaq.
2050-ci ilədək
AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək.
Bu vaxta qədər AÇG-yə təxminən 43 milyard
dollar sərmayə qoyulub və bundan sonra da bir o qədər
sərmayə qoyulacaq. “Azəri-Çıraq-Günəşli”
yataqlarının birgə işlənməsi üzrə
sazişin müddətinin 2050-ci ilədək uzadılması
və xarici neft şirkətlərinin bundan sonra da
respublikamızda qalıb işləmək barədə qərarı
belə bir həqiqəti də dünyaya nümayiş etdirdi
ki, Azərbaycanda siyasi sabitliyə zərrə qədər təhlükə
yoxdur və bu ölkə etibarlı tərəfdaş olaraq
qalır. Azərbaycandakı sabitlik Prezident İlham
Əliyevin müdrik daxili və xarici siyasətinin ən
mühüm göstəricisidir və xarici şirkətlər
üçün olduqca cəzbedicidir. Buna görə də mən
əminəm ki, bizim “Azəri”, “Çıraq”, “Günəşli”
yataqları üzrə xarici şirkətlərlə birgə
işimiz 2050-ci ildə də qurtarmayacaq və sonra layihənin
yeni bir mərhələsi başlanacaq.
– Nəhəng
“Şahdəniz” yatağının kəşfi ilə Azərbaycan
qaz ixracatçısı ölkələr sırasına
daxil olmaq imkanı qazandı. Bu hədəfə yönələn
“Cənub” qaz dəhlizi layihəsi doğrudanmı Avropanın
enerji xəritəsini dəyişdirə biləcək?
– Həqiqətən
də “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya
yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin
iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və
240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz”
yatağının kəşf edilməsi və “Şahdəniz”
qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi
Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac etmək
imkanlarına malik bir ölkə kimi tanıtdı. “Şahdəniz”
layihəsi də ulu öndərimiz Heydər Əliyevin
adı ilə bağlıdır və dahi şəxsiyyətin
üçüncü şah əsəridir.
“Şahdəniz-2”
layihəsi çərçivəsində hasil olunacaq qaz
Avropa ölkələrinə “Cənub” qaz dəhlizi vasitəsilə
nəql ediləcək. Layihə dörd hissədən ibarətdir.
Birinci hissə “Şahdəniz” qaz yatağıdır.
İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən
Cənubi Qafqaz ixrac qaz boru kəmərinin genişləndirilməsidir.
Üçüncü mühüm hissə qısaca olaraq,
TANAP adı ilə məşhur olan Trans-Anadolu təbii qaz boru
kəməri layihəsidir. Dördüncü hissə isə
Azərbaycan təbii qazının Avropaya
çatdırılmasına imkan yaradacaq “Trans-Adriatik” (TAP)
boru kəməridir.
Yatağın
tammiqyaslı işlənməsi və Cənubi Qafqaz Boru Kəmərinin
Genişləndirilməsi (CQBKG) üzrə işlər
artıq başa çatdırılır. “Şahdəniz-2”
layihəsi çərçivəsində yataqda 15-ci quyu
qazılır. Altı quyu tamamlanıb, daha bir quyu tamamlanmaq
üzrədir. “Şahdəniz-2” layihəsi çərçivəsində
yataqda ümumilikdə 26 quyu qazılacaq. TANAP-ın
inşası bu il, TAP-ın tikintisi isə 2019-cu ildə
qurtaracaq. Məlum olduğu kimi, ilkin mərhələdə “Cənub”
qaz dəhlizi ilə ildə 16 milyard kubmetr “Şahdəniz”
qazı ixrac ediləcək. Bunun 6 milyard kubmetri Türkiyəyə,
10 milyard kubmetri isə Avropa ölkələrinə veriləcək.
“Cənub” qaz dəhlizinin nəqletmə gücü sonralar ildə
31 milyard kubmetrə qədər artırılacaq.
– Gəlin
neft-qaz mövzusundan bir qədər uzaqlaşaq. Bizim
üçün maraqlıdır ki, Xoşbəxt müəllim
asudə vaxtını necə keçirir? Hobbisi nədir:
kitab oxumağı sevirmi, hansı musiqini xoşlayır, kino və
ya teatra gedirmi? İdmanın hansı növü ilə
maraqlanır? Dostları ilə görüşməyə vaxt
tapa bilirmi?
–
Artıq 88 yaşım var. “Hobbi”, “asudə vaxt” kimi
anlayışlar mənim üçün o qədər də
böyük əhəmiyyət kəsb etmir. Bununla belə,
deməliyəm ki, ömür boyu asudə vaxtlarımın
böyük hissəsini mütaliəyə, futbola və
fotoqrafiyaya həsr etmişəm.
Müdriklər,
tarixi şəxsiyyətlər və məşhur
yazıçılar kitabı bizə bilik mənbəyi kimi
nişan verib, özlərinin ən yaxşı keyfiyyətləri
üçün məhz kitaba minnətdar olduqlarını
bildiriblər. Mən də o fikirdəyəm ki, kitabdan gen
düşən adam cəmiyyətin ümumi
inkişafından kənarda qalar, onun üçün mədəni
və mənəvi zənginlik yolu oxuduğu sonuncu kitabla qurtarar.
Xoşbəxtəm ki, mənim kitabla dostluğum, ünsiyyətim
uzun illərdir davam edir və ömrümün sonuna qədər
də davam edəcək.
Futbolu da
mən uşaqlıqdan sevmişəm. Məktəb illərində
o qədər top “qovmuş”, o qədər
yıxılıb-durmuşam ki! Sonra tale məni dənizə
- dalğalar qoynuna aparıb çıxardı. Daha dostlarla
birlikdə futbol oynamaqdan söhbət gedə bilməzdi.
Estakada futbol meydançası deyildi: burada gecə-gündüz
işləmək, yeni-yeni yataqlar aşkar etmək, neft və
qaz hasilatını artırmaq lazım idi.
Lakin mən
futbola “əlvida” demədim. Milyonların qəlbinə hakim kəsilən
bu gözəl oyunun sədaqətli azarkeşi oldum. Sevimli
komandam “Neftçi”dir. Amma 2017-ci ildə Çempionlar
Liqasında gözəl oyun nümayiş etdirib, qrup mərhələsinə
adlayanda “Qarabağ” da mənə “Neftçi” qədər əziz
oldu. Təəssüf ki, mən indi əsasən
teleazarkeşəm, yəni futbol oyunlarını televiziya vasitəsilə
izləyirəm və stadionlara nadir hallarda gedirəm.
Amma
fotoşəkil çəkməyi indi də çox
xoşlayıram. Çəkdiyim fotolar adamların xoşuna gələndə
elə bil mənə dünyanı bağışlayırlar.
O ki qaldı, musiqiyə... Bilirsiniz, məşhur tarzən, Azərbaycanın Xalq artisti Həbib Bayramov mənim qayınım idi. Dünyaşöhrətli bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Arif Məlikov ən yaxın dostlarımdan biridir. Ən sevdiyim müğənni isə SSRİ-nin və Azərbaycanın Xalq artisti Rəşid Behbudov olub. Bu gün də onun lent yazılarını, vallarını saatlarla dinləyə bilərəm. İndi özünüz fikirləşin ki, musiqi mənim üçün nədir.
Kinoya da baxıram, teatra da gedirəm, amma təəssüf ki, daha hər həftə, hər ay getmək mümkün olmur. Bəzən teatra SOCAR-ın baş ofisinin əməkdaşları ilə birlikdə gedirəm. Dost-tanışla da bəzən orada görüşürəm.
Dostlar, qohumlar tez-tez görüşməlidirlər, görüşməyəndə yadlaşırlar. Bu isə təkcə qohumluq, dostluq əlaqələrini itirmək deyil, həm də adət-ənənələri, mənəvi dəyərləri, eləcə də ürəklərdə xatirələri itirməkdir. Buna isə yol vermək olmaz. Dünyanın ən gözəl hobbisi insanların bir-birləri ilə görüşləridir. Digər hobbilər isə sadəcə olaraq, məşğuliyyətdir…
P.S. Yanvarın 14-də Xoşbəxt Yusifzadənin 88 yaşı tamam olacaq. Bu böyük ömrün 66 ili Azərbaycan neft sənayesinə həsr olunub. Həm bir milyardıncı, həm də iki milyardıncı ton Azərbaycan neftinin çıxarılmasında iştirak etdiyinə görə özünü xoşbəxt sayan Xoşbəxt müəllim bu gün də iş başındadır. AZƏRTAC-ın kollektivi ona möhkəm cansağlığı, gümrahlıq arzulayır.
Xalq qəzeti.- 2018.- 13 yanvar.- S.5.