Ötən il tarixi abidələr və mədəniyyət

qoruqları turistləri daha çox cəlb edib

 

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ­­2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında turizmin inkişafına xüsusi diqqət verildiyini bildirmişdir. Dövlət başçısı deyib ki, Azərbaycana 2,7 milyon xarici vətəndaş gəlib: “Bu, çox müsbət haldır. Bunun səbəbləri var, – əlbəttə, mən bu barədə dəfələrlə danışmışam, – həm sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz və turizm sahəsinə göstərilən dövlət dəstəyi və əminəm ki, eyni zamanda, beynəlxalq tədbirlər, beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb edir. Sevindirici hal ondan ibarətdir ki, keçən il turistlər bank kartları ilə 70 faiz çox pul xərcləmişlər. Turistlərin sayı cəmi 20 faiz artmışdır, amma xərclənən pul 70 faiz artmışdır. Bu da çox müsbət haldır. Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir”.

Zəngin turizm potensialı və qonaqpərvərlik ənənələri ilə seçilən ölkəmizdə turistlərin maraq göstərdiyi məkanlar sırasında tarix-mədəniyyət qoruqları xüsusi yer tutur. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən 21 qoruq ölkəmizdə mədəni turizmin inkişafı üçün geniş imkanlar yaradır. Təsadüfi deyil ki, bayram günlərində bu məkanlarda qələbəlik, izdiham yaşanır. Həmçinin tarix-mədəniyyət qoruqlarında təşkil olunan müxtəlif tədbirlər adi günlərdə də çoxlu tamaşaçı cəlb edir.

Yerli vətəndaşların və xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında Qobustan Milli Tarixi-Bədii Qoruğu ön sırada dayanır. Qoruqdan verilən məlumata görə, 2017-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya 80 min 126 turist gəlib. Onların 39 min 561-i xarici ölkə vətəndaşlarıdır. Əcnəbi turistlər 20-dən artıq ölkədən, o cümlədən Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər.

Turistləri hər zaman cəlb edən bu məkana son illər marağın daha da artmasının səbəblərindən biri burada yaradılan şəraitdir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə istifadəyə verilmiş muzey kompleksi ən müasir dünya standartlarına cavab verir. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.

Qədim tarixin, əski dini inancların yadigarı -- “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu da ötən il turistlər üçün cəlbedici məkanlardan olub. Burada aparılan konservasiya işlərindən sonra turistlərin sayı artmaqdadır. Ötən il “Atəşgah”ı ziyarət edən turistlərin sayı 30 min 751 nəfər olub. Onların 25 min 346-sı əcnəbilərdir. “Atəşgah”ı ziyarət edən əcnəbilərin çoxunu Rusiyadan və ərəb ölkələrindən gələn turistlər təşkil edib.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan verilən məlumata görə, hər zaman olduğu kimi, ötən il də bu məkana tamaşaçı marağı böyük olub. İl ərzində qoruğa gələn 63 min 574 nəfərdən 54 min 717-sini xarici turistlər təşkil edib.

Ölkəmizin regionlarında fəaliyyət göstərən mədəniyyət qoruqları, tarixi məkanlar da il ərzində çoxlu sayda tamaşaçı qəbul edib.

Quba Soyqırımı Memorial Kompleksinin ötən il 77 min 856 nəfər, Şəkidəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun 56 min 742 nəfər tamaşaçısı olub. Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğuna (İsmayıllı) 40 min 182, Kiş Tarixi-Memarlıq Qoruğuna (Şəki) 25 min 850, Zaqatala Tarix-Mədəniyyət Qoruğuna 20 min 700 nəfər baş çəkib.

 Ümumiyyətlə, 2017-ci ildə bu tarix və mədəniyyət qoruqlarımıza 486 min 273 nəfər turist gəlib. Onlardan 166 min 153 nəfəri xarici ölkə vətəndaşlarının payına düşür.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 14 yanvar.- S.4.