Bəstəkar Şəfiqə Axundovanın xatirəsi anıldı

 

Beynəlxalq Mətbuat Mərkəzində görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir Qafqaz Media İctimai Birliyinin (İB) təşkilatçılığı və istedadlı bəstəkar-müğənni Arif Səlimovun təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə İB-nin sədri Azadə Hüseynova görkəmli bəstəkarın həyat və yaradıcılığından söhbət açıb. Bildirib ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən dahi bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib. Bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.

Milli Məclisin deputatı Jalə Əliyeva anası, şair Nurəngiz Günün bəstəkarla yaradıcılıq və dostluq əlaqələrindən söhbət açıb. Tədbirdə bəstəkarla yaradıcılıq ünsiyyətində olan, onun mahnılarının ifaçılarından Xalq artistləri Nazpəri Dostəliyeva, GülyazGülyanaq Məmmədova bacıları, Əməkdar artist Gülüstan Əliyeva Şəfiqə Axundovanın 1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi adını musiqi tariximizə yazdırdığını bildiriblər.

Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”, “Əlvida, Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir.

Tədbirdə Arif Səlimovun tərtib etdiyi, bəstəkarın həyatının unudulmaz anlarını canlandırıan “Əslində mən beləyəm” adlı videomaterial nümayiş etdirilib.

Sonda bəstəkarın mahnıları gənclər tərəfindən ifa olunub.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 25 yanvar.- S.8.