Numan Kurtulmuş: Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyini qeyd etmək bizim də vəzifəmizdir

 

Türkiyədə Kastamonu şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasına həsr olunan mətbuat konfransı keçirilib. Bu ölkənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş ­APA-nın tədbirdə iştirak edən əməkdaşının suallarını cavablandırıb.

– Hörmətli nazir, 2016-cı ildə Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu. Bu münasibətlə Azərbaycan bir çox tədbirlərə ev sahibliyi etdi, türk dünyası ölkələrinin media nümayəndələri Şəki haqqında müxtəlif təbliğat xarakterli materiallar hazırladılar. İl ərzində Kastamonuda hansı tədbirləri təşkil etməyi düşünürsünüz?

Bilirsiniz ki, türk dünyası ölkələrindəki xüsusi əhəmiyyəti olan şəhərlərin paytaxt seçilməsini TÜRKSOY həyata keçirir. TÜRKSOY türk dünyasının UNESCO-sudur. Azərbaycanın Şəki şəhəri də daxil olmaqla, 6 şəhər türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Bu, fövqəladə vacib bir addımdır. Böyük şəhərlər onsuz da tanınır. Amma mədəniyyəti, tarixi qədim olan, sadəcə, nisbətən kiçik şəhərləri insanlara daha yaxından tanıtmaq lazımdır. İl ərzində jurnalistlər, idmançılar, musiqiçilər, elm xadimləri Kastamonuya gələcəklər. Bunun nəticəsində biz Kastamonu kimi qədim və gözəl şəhərimizi dünyaya daha yaxından tanıdacağıq. Kastamonu 7 min illik tarixi və mədəniyyəti olan qədim şəhərdir. Müsəlmanların – türklərin bura gəlib məskunlaşması isə 900 il əvvəl olub. Ona görə də Kastamonunun mədəniyyət paytaxtı elan olunması onun haqqıdır. Bu şəhər irfan məktəbinin böyük nümayəndələrindən biri olan Şeyx Şaban Vəlinin vətənidir. Bu baxımdan 2018-ci ildə biz irfan mədəniyyətini də dünyaya tanıtmaq üçün də fürsət qazanmışıq.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 ili tamam olur. Bu münasibətlə 2018-ci il Azərbaycanda “Xalq Cümhuriyyəti ilielan olunub. Eyni zamanda, Nuru paşanın rəhbərliyi ilə Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyidir. Bu münasibətlə Türkiyədə Azərbaycanla müştərək hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?

Bunu demək artıqdır ki, Azərbaycan və Türkiyə iki fərqli dövlət olsalar da, biz eyni millətik. Bunu tarixin bütün zamanlarında Azərbaycan və Türkiyə xalqları öz həyatlarında qarşılıqlı olaraq hiss ediblər. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi münasibətilə bizim üzərimizə hansı vəzifələr düşərsə, ona hər zaman hazırıq. Qarşılıqlı tədbirlərin təşkili üçün Türkiyə tərəfi olaraq hər cür dəstək verməyə hazırıq. Xalq Cümhuriyyətinin 100 illiyini Türkiyədə ən yüksək səviyyədə qeyd etmək, xatırlamaq bizim də vəzifəmizdir. Eyni zamanda, bilirik ki, Azərbaycan 2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümünü coşğulu şəkildə qeyd edəcək.

– Hazırda iki ölkə arasında mədəniyyət və turizm sahəsində olan əlaqələri necə qiymətləndirirsiniz? Bu sahədəki uğurlar və problemlər nədən ibarətdir?

– Mən altı aydır bu vəzifəyə təyin olunmuşam. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bizim çox dəyərli dostumuzdur, biz onunla tez-tez görüşür, müxtəlif məsələləri müzakirə edirik. Altı ay ərzində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə beynəlxalq tədbirlərdə bir neçə dəfə görüşmək fürsəti qazanmışıq. Mənim bir müddət sonra Azərbaycana səfər etməyimə ehtiyac var. Əslində, indiyə qədər Azərbaycana səfər etməli idim. Sadəcə, işlər çoxdur deyə, bunu edə bilməmişəm. Onu da deyim ki, Əbülfəs Qarayevi Türkiyəyə dəvət edib bu sahədə görülən işləri planlaşdırırıq. İndiyə qədər Azərbaycanla Türkiyə arasında mədəniyyət və turizm sahəsində müştərək layihələr həyata keçirilib. Amma bunlar yetərli deyil. Bu işləri daha da inkişaf etdirməliyik. Turizm sahəsində ortaq layihələr hazırlayaraq, bu bölgəyə turistlərin səfərini təşkil etməyə ehtiyac var.

– Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkələrimiz arasında turizm mübadiləsinə hansı şəkildə təkan verə bilər?

– Azərbaycan, Gürcüstan və Türkiyə üçün mədəniyyət, iqtisadiyyat və digər sahələrdə ciddi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu fövqəladə layihədir. Bunun nə qədər önəmli olduğunu on il sonra daha yaxşı anlayacağıq. Məhz bu dəmir yolu səbəbindən bu coğrafiya bir-birinə daha yaxın olacaq. Bir müddət sonra görəcəyik ki, bu layihənin turizm sahəsinin inkişafı üçün nə qədər dəyəri var. Vətəndaşlar bir-birini ziyarət edəcək, qonşu ölkəni gəzəcəklər. Bu dəmir yolu vasitəsilə Türkiyə vətəndaşları Gürcüstan və Azərbaycana daha rahat səfər edəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu bizim qarşılıqlı inkişafımıza da səbəb olacaq. Eyni zamanda, iqtisadiyyatın inkişafında çox böyük rolu olacaq. Bu dəmir yolunun açılması heçasan başa gəlmədi. Bu layihə bizim üçün nə qədər sevindiricidirsə, başqaları üçün o qədər qorxuducudur. Kimlərsə buna mane olmağa çalışdılar. Zaman-zaman işlər ləngidi. Amma çox şükür ki, dəmir yolunun açılışının şahidi olduq.

– Türkiyədə son vaxtlar baş verən terror hadisələrinin, eyni zamanda Afrin əməliyyatının Türkiyəyə turist axınına təsiri necədir?

– Əvvəlcə onu deyim ki, Afrin müdafiəsinin Çanaqqala müdafiəsindən fərqi yoxdur. Ya da qurtuluş savaşımızın hər hansı cəbhəsindən, Qafqaz cəbhəsindən fərqlənmir. Güclü bir millət olaraq yolumuza davam edəcəyik. Təkcə islam coğrafiyasında və xüsusən bizim bu coğrafiyamızdakı sərhədləri problemli etmədilər. Dərs kitablarında türkü kürdə, kürdü ərəbə, ərəbi türkə düşmən etməyə çalışdılar. Bu oyunları onlarla ildir yaşayırıq. İndi oyunun ikinci pərdəsidir. Əsl oyun budur.

Bir əsr əvvəl parçaladıqları bəs etmir. Xalqların sərhədlərini böldülər, amma könüllərini bir-birindən ayıra bilmədilər. Türkü kürddən, kürdü ərəbdən kim necə ayıra bilər? O ki qaldı turist axınındakı mənfi təsirə, çox şükür ki, 2017-ci il Türkiyə üçün turizm baxımından önəmli oldu. 2015-2016-cı illərə baxanda, ötən il bu sahədə səfərbər olduq, toparlandıq və 32,4 milyon turist Türkiyəyə gəldi. Təxminən, 26 milyard dollar turizm gəlirinə sahib olduq. İnşallah, 2023-cü il üçün hədəfimiz olan 50 milyon turist və 50 milyard dollar turizm gəlirinə nail olacağıq.

 

Xalq qəzeti.- 2018.- 27 yanvar.- S.7.