Azərbaycanın iqtisadi inkişaf modeli Davos Dünya
İqtisadi Forumunda yüksək dəyərləndirildi
1971-ci ildən keçirilən, beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malik məsələlərin müzakirə edildiyi və artıq qlobal platforma hesab olunan Davos İqtisadi Forumu 48-ci dəfə dünya liderlərini, siyasətçilərini və iri biznes strukturlarının rəhbərlərini "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında bir araya gətirdi. Bu forum təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsir göstərmək imkanlarına malikdir. 70-dən artıq dövlət və hökumət başçısının, 100-dən çox ölkədən 3 minə yaxın nümayəndənin iştirak etdiyi Davos Dünya İqtisadi Forumu öz işini başa çatdırdı.
Forumda qarşıya qoyulan əsas vəzifələrdən biri iqtisadiyyatın inkişaf meyillərini müzakirə etmək və qlobal böhran şəraitində müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparmaq idi. Bununla yanaşı, Davos görüşü həm də dünya iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Çünki burada qabaqcıl iqtisadi modellər təbliğ edilir, ölkələr arasında əməkdaşlıq münasibətləri üçün əlverişli şərait yaradılır, təcrübə mübadiləsi aparılır, ən əsası isə, dünyanı narahat edən problemlər gündəmə çıxarılır.
Məlumat üçün bildirək ki, Dünya İqtisadi Forumu (The World Economic Forum – WEF) 1970-ci ildə isveçrəli professor Klaus Şvab tərəfindən kiçik bir qrup formasında yaradılıb. Əvvəllər Avropa İdarəçilik Forumu adlanan bu format 1987-ci ildən Dünya İqtisadi Forumu adlanmağa başladı. İlk dəfə olaraq 1971-ci ildə dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi bir strategiya hazırlamaq məqsədilə Avropanın 450 aparıcı şirkətinin rəhbəri bu forum vasitəsilə bir araya gəlib. Avropa Komissiyasının himayəsi altında keçirilmiş ilk görüşlərdə rəqabətlilikdə Qərbi Avropanın mövqeyinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub. İllər keçdikcə isə mövzular da genişlənib, forumun əhatə dairəsi böyüyüb, digər regionlara da təsir göstərən siyasi, iqtisadi məsələlər, dünya ticarətinin mexanizminin təkmilləşdirilməsi problemləri və düzgün tərəfdaşlıq kimi mövzular gündəliyə daxil edilib. Dünyanın müxtəlif ölkələrindən 1000-ə yaxın iri şirkət və təşkilat baş qərargahı Cenevrədə yerləşən Dünya İqtisadi Forumunun üzvüdür.
48-ci Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı çox zəngin olmuşdur. Dövlətimizin başçısı 30-a yaxın görüş keçirmiş və bir sıra iclaslarda iştirak etmişdir. Böyük maraqla izlənilən görüşlər həm iqtisadi, həm də siyasi baxımdan mühüm önəm kəsb etmişdir. Çünki dövlətimizin başçısı müxtəlif dövlətlərin başçıları və hökumət nümayəndələri ilə yanaşı, dünyanın ən iri şirkətlərinin rəhbərləri ilə də görüşlər keçirmiş, siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlər müzakirə olunmuş, Azərbaycanın iqtisadi inkişaf modeli təqdim olunmuş və yüksək dəyərləndirilmişdir. Azərbaycan Prezidentinin “Mastercard” şirkətinin idarə heyətinin üzvü Tim Mörfi, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten, Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov, “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer, dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink, ABŞ-ın “Blakstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre, “Lazard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas və digər şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, bu sahədə həyata keçirilən islahatlar, “Azəri”, “Çıraq”, “Günəşli”, həmçinin “Qarabağ” və “Dan ulduzu” yataqları üzrə əməkdaşlığın perspektivləri, həmçinin digər iqtisadi uğurlar müzakirə obyekti olmuş, ölkəmizin bu istiqamətdəki nailiyyətləri yüksək qiymətləndirilmişdir. Məsələn, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan ABŞ-ın “Black Rock” şirkətinin rəhbəri Lourens Fink Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini bildirmiş və əminliklə demişdir ki, yaxın illərdə Azərbaycan Respublikası “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını məmnunluqla bildirmişdir.
ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzmanın ölkəmiz haqqında fikirləri də maraq doğurmuşdur. O, bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirmiş, “Blackstone” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğulamışdır. Azərbaycan Prezidenti “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirmişdir.
Bununla
yanaşı, Dövlət Neft Fondu ilə ABŞ-ın digər
iri şirkəti olan “Black Rock”la arasında yaranan əməkdaşlıqdan
məmnunluğunu ifadə etmiş, son illər ölkəmizdə
iqtisadiyyatın müxtəlif sahələrində həyata
keçirilən səmərəli islahatlar barəsində məlumat
vermişdir. Bununla yanaşı, dövlətimizin
başçısı Azərbaycanın liderliyi və təşəbbüsü
ilə həyata keçirilən qlobal layihələr, o
cümlədən “Cənub” Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir
yolu, eləcə də Ələt azad ticarət zonası
layihələrindən söhbət açmış, bu layihələrin
investisiya qoyuluşu üçün çox səmərəli
olduğunu bildirmişdir. Digər şirkətlərin
rəhbərləri ilə keçirilən görüşlərdə
yeni biznes layihələri, informasiya-kommunikasiya
texnologiyaları sahələrində prioritet istiqamətlər
və digər məsələlər müzakirə
olunmuşdur. Ölkəmizdə bu sahələrdə
aparılan islahatlar yüksək qiymətləndirilmişdir.
Təsadüfi deyildir ki, Dünya İqtisadi
Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018"
hesabatında Azərbaycan inkişaf etməkdə olan ölkələr
arasında üçüncü yeri tutub. Ümumi daxili məhsula
alternativ qismində hazırlanmış "İnklüziv
inkişaf indeksi" insanların öz ölkələrində
iqtisadi inkişafı dəyərləndirmə meyarlarını
daha dəqiq əks etdirir. Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün
baldan 4,69 bal toplayıb. Hesabata
əsasən, inkişaf etməkdə olan ölkələr
indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf
etmiş ölkələr indeksində isə Norveç,
İslandiya və Lüksemburq liderlik edirlər.
Azərbaycan Prezidentinin
dövlət və hökumət başçıları ilə
keçirdiyi görüşlər də zəngin
olmuşdur. Həmin
görüşlərdə dövlətimizin
başçısı ilk növbədə milli
maraqlarımızı önə çəkmiş, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı danışıqların hazırkı vəziyyəti
barədə müzakirələr aparılmış, ikitərəfli
münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət
sahələrində uğurlu inkişafından məmnunluq
ifadə olunmuşdur.
Azərbaycan Prezidenti İlham
Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Börge Brend,
Davosda İsveçrə Konfederasiyasının Prezidenti Alain
Berset, İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu,
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Səudiyyə
Ərəbistanının energetika, sənaye və təbii sərvətlər
naziri Xəlid Əl Falih ilə görüşlərində
ikitərəfli əlaqələrin inkişaf perspektivləri
müzakirə olunmuşdur. Azərbaycanın
beynəlxalq əməkdaşlığa verdiyi töhfələr,
ölkəmizin uğurla iştirak etdiyi qlobal layihələrdən,
o cümlədən zəngin neft ehtiyatlarına malik Azərbaycanda
qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist
axınının getdikcə artdığı diqqətə
çatdırılmışdır.
Alain Berset ilə
görüşdə, həmçinin Azərbaycan ilə
İsveçrə arasında ikitərəfli münasibətlərin
siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində
uğurlu inkişafından danışılmışdır. İsveçrə
Prezidenti Alain Berset ölkəsinin Azərbaycana mühüm tərəfdaş
kimi yanaşdığını bildirmişdir. Bunlarla yanaşı, Azərbaycanın təşəbbüsü
və iştirakı ilə həyata keçirilən qlobal
enerji və nəqliyyat layihələrindən söhbət
açılmış, ölkəmizin artıq mühüm nəqliyyat
qovşağına çevrildiyi qeyd edilmişdir. Həmçinin, Azərbaycanın təşəbbüsü
və iştirakı ilə həyata keçirilən qlobal
enerji və nəqliyyat layihələri dəyərləndirilmiş,
ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasındakı rolu xüsusi vurğulanmışdır.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi
istiqamətində görülən işlərdən,
ölkəmizdə qeyri-neft sektorunun inkişafından, həmçinin
qarşılıqlı investisiya qoyuluşundan, SOCAR şirkətinin
İsveçrədəki uğurlu fəaliyyətindən məmnunluq
ifadə olunmuşdur. İki ölkə
arasında əməkdaşlığın yeni sahələrinin
müəyyənləşdirilməsinin vacibliyi prioritet hesab
edilmişdir.
Azərbaycan Prezidentinin forum çərçivəsində
keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda
interaktiv iclasda iştirakı zamanı aparıcının
suallarına verdiyi cavablar maraqla
qarşılanmışdır. Tədbirin
aparıcısının dövlətimizin
başçısına ünvanladığı-“bu il
üçün Avrasiya ilə bağlı
baxışınız nədən ibarətdir və Azərbaycan
olduqca gərgin və hətta təhlükəli regionda necə
davranacaqdır” suallarına cavabda Ermənistanın ərazilərimizin
20 faizinin işğal etdiyi bir daha diqqətə çatdırılmış
və qonşu dövlətlərlə, Ermənistan istisna
olmaqla, münasibətlərin yüksək səviyyədə
olduğu bildirilmişdir. Prezident demişdir ki, sözsüz
ki, qonşuluq problem də ola bilər,
üstünlük də. Bu, sizin siyasətinizdən və
qonşularla əlaqələrinizdən asılıdır: “Məncə,
hər bir ölkə üçün qonşularla münasibətlər
prioritet olmalıdır, xüsusilə də bizim regionda. Azərbaycanda daxili risk və ya təhdidlər
mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi
təmin etməliyik. Bunun ən
yaxşı yolu isə öz ölkəsinin milli
maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin
maraqlarını anlamaqla olduqca praqmatik və səmimi
münasibətlərin qurulmasıdır. Hesab
edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı
qura bilmişik. Ərazilərimizin 20 faizini işğal
etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün
qonşuları ilə - Xəzərin digər sahilində yerləşən
Qazaxıstan və Türkmənistan daxil olmaqla,
Gürcüstan, Türkiyə, İran və Rusiya ilə
çox yaxşı münasibətlərə malikdir”.
Dövlətimizin
başçısı ölkəmizin müstəqillik
yaşının 26 olmasına baxmayaraq, regionumuzda olan hər
bir ölkə ilə xüsusi əməkdaşlıq
formatının olduğunu da diqqətə
çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan,
sözün əsl mənasında, müstəqil ölkə
olmağa müvəffəq olmuşdur və bu, ona həqiqi
müstəqil siyasət aparmağa imkan vermişdir. Bu siyasət milli maraqlarımıza əsaslanır və
heç bir qonşu dövlətin maraqlarına zidd deyil.
Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsi, həmçinin neft və qazdan
asılılığının azaldılması, qiymətlərin
qalxması dönəmində iri infrastruktur layihələrin
reallaşdırılması, əhalinin həyat səviyyəsinin
yüksəldilməsi, yoxsulluq səviyyəsinin
aşağı salınması, yeni iş yerlərinin
yaradılması barədə sualları cavablandıran Azərbaycan
Prezidenti demişdir ki, iqtisadiyyatın şaxələndirilməsi
bizim əsas məqsədimizdir və bu istiqamətdə
yaxşı uğurlar əldə etmişik. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən
3 faiz və qeyri-neft sənayemiz 4 faiz artmışdır. Diqqətə
çatdırılmışdır ki, ötən il neftin
qiymətinin hələ də aşağı olmasına
baxmayaraq, ehtiyatlarımıza daha 4,5 milyard
dollar əlavə edə bilmişik. Bu isə o deməkdir ki,
hətta neftin qiyməti aşağı olsa belə, bizim
üçün narahatlığa səbəb yoxdur: “Enerji
layihələrinə gəldikdə, onlar bizim
üçün və region üçün əhəmiyyətlidir.
Təşəbbüskarı olduğumuz layihələr
regionun enerji xəritəsini dəyişmişdir. Gürcüstanın Supsa limanına qədər
inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə
birləşdirdi. Daha sonra inşa etdiyimiz
Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini
Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini
də inşa etdik. Beləliklə, biz
karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş
ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın,
o cümlədən Avropada olan tərəfdaşlarımızın
enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi
dövlətlərin neftə tələbatının
böyük hissəsi Azərbaycan tərəfindən təmin
edilir. İki-üç ildən - “Cənub”
Qaz Dəhlizi layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii
qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər.
Eyni sözləri bizim nəqliyyat layihələrimiz
haqqında da söyləyə bilərəm. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun nəqliyyat
xəritəsini dəyişdirdi. Bu gün
bu, Çindən Avropaya olan ən qısa marşrutdur – əvvəllər
bu məsafə 30-35 gün ərzində qət olunurdusa,
artıq bu gün iki həftə ərzində qət edilir.
Beləliklə, bu nəqliyyat və enerji
şaxələndirilməsinin yeni xəritəsidir və
düşünürəm ki, açıq okeana
çıxışı olmayan bir ölkə kimi Azərbaycan
regional nəqliyyat dəhlizinə çevrilmişdir”.
Tədbir
iştirakçılarına, həmçinin, Azərbaycanda
yoxsulluq və işsizliyin azadılması barədə də
məlumat verilmişdir. Qeyd olunmuşdur ki, yoxsulluq 5,4 faiz,
işsizlik isə 5 faiz səviyyəsindədir. Dövlət
başçısı qeyd etmişdir ki, son 15 il ərzində
əhalimiz 1,5 milyon nəfər
artmışdır və iş yerlərinin yaradılması
bizim üçün daimi prosesdir. Ötən il
biz 177 min daimi iş yeri yaratmışıq və bu, bizim
siyasətimizi nümayiş etdirir.
Azərbaycanda
sahibkarlığın inkişafına xüsusi önəm
verildiyi, bu məqsədlə ölkəmizdə sahibkarlığın
dəstəklənməsi üçün xüsusi fond fəaliyyət
göstərdiyi diqqətə
çatdırılmışdır. Dövlətimizin rəhbəri
demişdir ki, son on il ərzində həmin fond vasitəsilə
özəl sektora təqribən 2 milyard dollar həcmində vəsait
verilmişdir: “ Biz regional inkişafa
xüsusi diqqət ayırırıq. Biz bu
gün regionların inkişafı ilə bağlı 3-cü
dövlət proqramını icra edirik ki, bu da kiçik
sahibkarlara bizneslə məşğul olmağa imkan
yaratmışdır. Şərait nədən
ibarətdir? İlk növbədə,
infrastruktur. Biz 15 il ərzində 12
min kilometrdən artıq avtomobil yolları inşa etmişik və
buraya kənd yolları da daxildir. Bu, həm xidmətlərə
daha yaxşı çıxış əldə etməyə
və eyni zamanda, fermerlərə məhsullarını bazara
çıxarmağa imkan yaratmışdır”.
Azərbaycanda bütün
azadlıqların təmin edilməsi barədə səsləndirilən
fikir tədbir iştirakçılarının
marağına səbəb olmuşdur. Onlara məlumat
verilmişdir ki, Azərbaycanda bütün fundamental
azadlıqlar, o cümlədən, mətbuat
azadlığı təmin edilir. Mətbuat
tamamilə azaddır. Azərbaycan əhalisinin
80 faizi internet istifadəçisidir. İnternetin
azad, senzuranın olmadığı və əhalinin mütləq
əksəriyyətinin internet istifadəçisi olduğu
halda mətbuat azadlığının məhdudlaşdırılması
haqqında danışmaq əsassızdır.
Bəzi üzdəniraq beynəlxalq təşkilatların,
xüsusilə “Freedom House”, “Human Rigts Watch” və digərlərinin
Qərbin və Avropanın bəzi dövlətlərinin, həmçinin
erməni lobbisinin sifarişi ilə ölkəmiz haqqında
böhtan və yalanla dolu, qərəzli, qeyri-obyektiv hesabatlar
hazırlamalarına baxmayaraq, onlara inanan yoxdur. Çünki
artıq beynəlxalq təşkilatlara da bəllidir ki, belə
oyuncaq təşkilatlar heç bir araşdırma aparmadan,
hesabat hazırlayarkən Azərbaycanda monitorinq keçirmədən
antiazərbaycan qüvvələrin dediklərinə əsaslanırlar.
Bu qarayaxma kampaniyaları Azərbaycanda söz və mətbuat
azadlığına, insan hüquq və
azadlıqlarının müdafiəsi istiqamətində həyata
keçirilən tədbirlərə mane ola
bilməz. Çünki ölkəmiz
açıq siyasət aparır, təhdidlərdən və
hədələrdən qorxmur, heç bir dövlətin
daxili işlərinə qarışmır və kimsənin də
bizim daxili işlərimizə qarışmasına yol vermir.
Azərbaycan Prezidentinin Davos
Dünya İqtisadi Forumunda keçirdiyi görüşlər
və çıxışları ölkəmiz
haqqındakı həqiqətləri bir daha dünya ictimaiyyətinə
bəyan etdi.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.-
2018.- 28 yanvar.- S.1.