2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi çox
müsbət və təqdirəlayiq hadisədir
Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tarixə hörmətin ifadəsi, həm də dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır. Bu qərar bütün Azərbaycan xalqının ürəyindən xəbər verir və hər kəs tərəfindən də çox yüksək qiymətləndirilir. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə xalqımızın deyil, bütün müsəlman dünyasının tarixində çox mühüm və tarixi hadisə idi.
Müsəlman-Şərq aləmində ilk demokratik respublikanın Azərbaycanda yaradılması xalqımızın dünyadakı səviyyəsindən xəbər verir. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə xalqımızın deyil, müsəlman dünyasının tarixində çox mühüm və tarixi bir hadisə idi. Ancaq çox təəssüflər olsun ki, AXC cəmi 23 ay ömür sürdü, bolşevik işğalı ilə ilk müstəqil cümhuriyyətimizin varlığına son qoyuldu. Bununla belə, onun qoyduğu ənənələr əsrin sonunda – 90-cı illərdə yenidən yaşadıldı. Azərbaycan mərd oğul və qızlarımızın qanı bahasına müstəqilliyini bərpa etdi və bu mütəqillik xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev tərəfindən möhkəmləndirildi və əbədiyyətə qovuşdu. Odur ki, müasir Azərbaycanın özünü Xalq Cümhuriyyətinin varisi elan etməsi də tarixə hörmətin ifadəsidir.
Bu hadisə, eyni zamanda, ölkəmizin böyük müstəqillik tarixinin olması barədə dünyaya mesajdır. Bununla yanaşı, Azərbaycan xalqının dövlətçilik ənənəsinin olması və bu ənənənin yaşadılması, tarixi şəxsiyyətlərə hörmət edilməsi də bu ifadədə öz əksini tapır. Bir sözlə, bu qərarına görə ölkə Prezidentinə minnətdarlığımızı bildirir, müstəqilliyimizin əbədi və dönməz olmasını arzu edirik.
Eldar İBRAHİMOV,
Milli Məclisin aqrar siyasət komitəsinin
sədri
Xalq qəzeti.-
2018.-31 yanvar.- S.2