Erməni vandalizminin daha bir səhifəsi

 

Kəlbəcərin işğalından 26 il ötür

 

Adətən deyirlər ki, pis və ya yaxşı qonşunu  insana Tanrı bəxş edir. Ancaq bizim bədnam  qonşularımız olan ermənilər millətimiz üçün qətiyyən tale qisməti deyil. Onları bu bölgəyə gətirən qüvvələr sırf siyasi məqsəd güdmüşlər. Geridə qalan iki əsrlik təcrübə də sübut edir ki, bədxahlarımız öz məqsədlərinə çatmaq üçün mümkün olan və olmayan bütün addımları atırlar. Bunu bir neçə arqumentlə sübut etməyə çalışacağıq.

 

 İlin dördüncü ayını yaşayırıq. Ancaq təəssüf ki, bu ayların hər birində  xalqımıza qarşı törədilmiş erməni vandalizminin bir neçə nümunəsinin ildönümünü yaşamalı olduq. Yanvarda Sumqayıt hadisələrinin və 20 Yanvar  faciəsinin, fevralda  Xocalı Soyqırımının, martda 31  Mart Azərbaycanlıların soyqırımının növbəti ildönümlərini yaşadıq. Aprelin ilk günlərində isə Kəlbəcərin işğalının 26-cı ildönümünü yaşayırıq.

Yəni xəstə beyinlərə yeridilmiş “böyük  Ermənistan” ideologiyası bu alətə çevrilmiş xalqın bütün fəaliyyətini işğalçılıq, separatçılıq, terror, təxribat və xəyanətlər istiqamətinə yönəldib. Atdıqları bütün addımlar siyasi sifarişlərin yerinə yetirilməsi üçün düşünülən məkr və hiyləgərliklərdən qaynaqlanır.  Kəlbəcərin işğalı da məhz daha çox Azərbaycan torpağını ələ keçirmək planının  tərkib hissəsi idi. 

Kəlbəcərin  1993-cü il aprelin 2-də reallaşan işğalı nəticəsində 53 min 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

İşğalın tarixçəsini əks etdirən sənədlərdə göstərilir ki, Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu aprelin 2-də Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Bu rayon  Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. Qeyd edilir ki, işğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən dağıdılıb,məhv edilib.

Təəssüflə qeyd etməliyik ki, bu rayonun  işğalı Azərbaycanın Qarabağ müharibəsində  ən böyük hərbi-strateji məğlubiyyəti idi. Təsadüfi deyil ki, bu işğal faktından dərhal sonra BMT Təhlükəsizlik Şurasının iclasında  822 saylı qətnamə qəbul edilmişdir. Sənəddə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Azərbaycan Ensiklopediyasında qeyd edilir ki,  ümumi sahəsi 3054 kvadratkilometr  olan Kəlbəcər 1930-cu il avqustun 8-də  inzibati rayon statusu alıb. Qərbdə Ermənistanla, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var idi . Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər  Bakıdan təxminən 450 kilometr qərbdə, Bərdə --İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

İşğaldan əvvəl rayonda 95 ümumtəhsil məktəbi, texniki peşə məktəbi, 44 klub, incəsənət məktəbi, muzey, mərkəzi xəstəxana, poliklinika, uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 feldşer-mama məntəqəsi, 23 kənd ambulatoriyası fəaliyyət göstərib, bir sıra tarixi və memarlıq abidələri, î cümlədən alban məbədləri qeydiyyata alınmışdı.

Bəzi digər mühüm faktları da yada salmaq yerinə düşür. Məsələn, rayonun Vəngli kəndi ərazisində olan Gəncəsər monastırı elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınır. Gəncəsər monastır kompleksinin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə də müqəddəs yer sayılmış, bütxana-ziyarətgaha çevrilmişdir. XIII əsrdən XIX əsrədək Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216-- 1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoymuşdur. Bu dəyərli abidənin inşaatı və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olmuşdur. İndi həmin tarixi abidə erməni vandallarının əlindədir.

 Vəng kəndi ərazisində, Tərtərçayın sol sahilində yerləşən Xudavəng, ya da Dədəvəng kompleksi Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir. Kompleksin əsas binası Böyük Həsən kilsəsidir. Dini binalardan cənubda , yamacda mülki tikililər, eləcə də saray, yaşayış və təsərrüfat binaları yerləşir. Hazırda erməni işğalı altında olan alban Xudavəng monastır kompleksini erməni tədqiqatçıları erməni abidəsi kimi təqdim etməyə çalışırlar.

İndi işğal altında inildəyən bu  rayonumuz İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağların  yamacında yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. İstisuda müalicə-istirahət zonasının yaranması Sovet hakimiyyəti qurulduqdan sonra -- 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur.

1982-ci ildə yaradılmış Kəlbəcər tarix - diyarşünaslıq muzeyinin həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan zəngin bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, bəbir və şöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daş üzərində  çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü at və qoç heykəlləri nümayiş etdirilirdi. Mütəxəssislər Kəlbəcər tarix-diyarşünaslıq muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırırdılar. O vaxtlar Bolqarıstan, Hindistan, Çin, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və digər ölkələrin 150-dən çox alimi Kəlbəcər muzeyinin eksponatları ilə tanış olub, orada araşdırmalar aparmışdılar.

 İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Amma artıq o çətin günlər arxada qalıb. Dağlıq Qarabağın və ətrafındakı rayonların işğaldan azad olunması istiqamətində mütəmadi addımlar atılır. Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli addımlar atır. Bununla yanaşı, bu gün qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədyönlü fəaliyyət nümayiş olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl apardığı davamlı sosial siyasət nəticəsində  çadır şəhərcikləri artıq ləğv olunub, yeni qəsəbələr salınıb. Bu isə bir daha güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olduğunu göstərir. İşğal olunmuş digər rayonlarımızın sakinləri kimi,   kəlbəcərlilər də   öz ata-baba yurd-yuvalarına qayıdacaqları günü səbrsizliklə  gözləyirlər.

Onları məmnun edən başqa bir fakt isə odur ki, Azərbaycan Ordusunun Ermənistan ordusuna diz çökdürdüyü, erməni silahlı qüvvələri haqqında uydurulmuş mif və əfsanələri puç etdiyi 2016-cı ilin Aprel döyüşləri də məhz ayın 2-də -- Kəlbəcərin işğalının ildönümü  günü başlanmışdı.

 

Hazırladı:

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2019.- 2 aprel.- S.6.