“Aprel yüksəkliyi”
Bu aprel günlərində ordumuzun düşmən üzərində qələbəsini
xatırlayanda həmin şanlı tarixi yazanlardan biri – Azərbaycanın
Milli Qəhrəmanı Şükür
Həmidov haqqında bu yaxınlarda təqdimatı
keçirilən “Aprel yüksəkliyi” filminin kadrları gözlərim önündə
yenidən canlandı.
Film cəngavər Vətən oğullarından biri olan Şükür Həmidovun ömür yoluna qısa nəzər salır, Lələtəpə uğrundakı döyüşlərdə göstərdiyi şücaətdən bəhs edir. Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Ailədə on uşaqdan biri idi. O, gənclik illərindən mərdliyi və cəsarəti ilə yoldaşlarından fərqlənirdi. Hərbi sahəyə olan marağı gündən-günə artırdı. O, səkkizinci sinfi Başarat kənd orta məktəbində bitirdi. O vaxt Azərbaycanın başı üstünü qara buludlar almışdı. Bir sıra rayonlarımız kimi, Qubadlı da təhlükədə idi. Aramsız hücumlar təşkil olunur, kəndlərdə evlər yandırılır, günahsız əhali gülləbaran edilirdi. Təhsilini hərb sahəsində müvəffəqiyyətlə başa vuran Ş. Həmidov 1993-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil oldu. Hələ, təhsilini hərbi liseydə davam etdirən vaxt, könüllü olaraq döyüşlərə getmək arzusunu komandanlığa bildirmişdi. O, 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda hərbi hissələrin birində taqım komandiri kimi fəaliyyətə başladı. Çox keçmədi ki, bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində irəli çəkildi. Bir müddətdən sonra ona daha bir məsul vəzifə verildi. N. saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edildi. Ş. Həmidov işləyə-işləyə təhsilini artırmağı da unutmadı. Beləliklə, 2008-ci ildə Hərbi Akademiyanın müdavimi oldu. Bundan sonra o müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini, komandiri kimi vəzifələrdə işlədi.
Filmdə göstərilir ki,1994-cü ildən başlayaraq ordu quruculuğuna diqqət və qayğı artırılmağa başladı. Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələrindən birinə çevrildi.
Ordumuz 2016-cı il aprelin əvvəllərində öz qüdrətini bir daha göstərdi. Qısa müddət ərzində düşmən mövqelərini ələ keçirən ordumuz, hücum edən erməni hərbi birləşmələrini ağır məğlubiyyətə uğratdı.
Lələtəpədə şücaət göstərən Azərbaycan Silahlı Qüvvələrinin yalnız bir qismi idi. Belə bir deyim var, “Vətəni qorumaq” peşəsi. Hərbçi peşəsi hər adamın seçdiyi sahə deyil. Hərbçi sənətində şəxsi istəklə yanaşı, dözümlülük, möhkəm iradə, xüsusi peşəkarlıq keyfiyyətləri əsas meyar hesab olunur. Məhz bütün bu keyfiyyətləri biz hərbçilərimizdə aprel döyüşlərində gördük.
Aprel
döyüşlərində fərqlənən igid oğullarımızın göstərdiyi
qəhrəmanlıqlar diqqətdən kənarda qalmadı,
layiqincə qiymətləndirildi. Döyüşlərdə
fərqlənən hərbçilərimizdən bir qrupu yüksək fəxri
ada layiq görüldü, orden və
medallarla təltif olundu.
Vətən qarşısındakı xidmətlərinə
görə təltif edilənlər arasında “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri
adına, “Azərbaycan Bayrağı” və “Vətənə
xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və
“Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər də olundu.
2016-cı il mayın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissədə Şükür Həmidovla görüşdü. Göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova polkovnik hərbi rütbəsi təqdim olunur.
Filmin final səhnəsində deyilir ki, Aprel döyüşlərinin əsas nəticəsi Azərbaycan son 22 ildə ilk dəfə torpaq geri alması oldu. Aprel döyüşləri xalqımıza güc, ürəyinə təpər verdi. Artıq insanlar qan töküb torpaqlarımızı azad etməyə köklənib və bunu nəsilləri üçün şərəf hesab edirlər. Bu şərəfli missiya Qarabağ tam azad olunana qədər davam edəcək. Biz inanırıq ki, Cocuq Mərcanlıya aparan yol bizi, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana, Şuşaya qovuşduracaq.
Fevralın 26-da Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun döyüş yoluna həsr olunmuş “Aprel yüksəkliyi” sənədli filminin təqdimatı keçirildi. Bu ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanın Milli qəhrəmanları” silsiləsindən “Salnaməfilm” studiyasında lentə alınıb. Rejissoru və ssenari müəllifi Zamin Məmmədov olan filmin təqdimatında onun qəhrəmanı Şükür Həmidov da iştirak edirdi.
Milli Qəhrəman mərasimdə çıxış edərək Xocalı soyqırımı, Qarabağ müharibəsi haqqında danışdı və ümidvar olduğunu bildirdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 2
aprel.- S.5.