Aprel döyüşləri müasir
tariximizin ən
uğurlu hərbi əməliyyatlarından
biridir
Haqq-ədalət,
tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi
güc də, hərbi güc də bizim tərəfimizdədir.
Son illərdə görülmüş işlər, hərbi
sahədə aparılan islahatlar, hərbi gücümüzün
artırılması, həm siyasi meydanlarda, həm də
döyüş meydanlarında qələbələr bizi daha
da ruhlandırır, daha da gücləndirir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Bu günlər Azərbaycan ictimaiyyəti 2016-cı ilin aprelində baş vermiş və ordumuzun şəksiz qələbəsi ilə nəticələnmiş məşhur “dördgünlük müharibə”nin üçüncü ildönümünü qeyd edir. Özü də böyük qürur hissi ilə. Çünki bu döyüşlər zamanı Ermənistan ordusu Azərbaycan əsgərinin gücü qarşısında sarsılaraq, döyüş meydanını qoyub qaçmış, ciddi məğlubiyyətə uğramışdı. Eyni zamanda, xalqımız əmindir ki, vaxt gələcək, Milli Ordumuz özünün böyük hərbi-texniki potensialından istifadə edərək, işğal altındakı bütün torpaqlarımızı azad etmək qətiyyətini göstərəcək. Buna heç kəsin şübhəsi yoxdur. Çünki Silahlı Qüvvələrimizin peşəkarlığı, döyüş qabiliyyəti və qələbə ruhu çox yüksək səviyyədədir.
Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüşündə də səsləndi. Dövlət başçımız 2016-cı ilin Aprel döyüşləri ilə bağlı çıxışında qeyd etdi ki, artıq həmin günlərdən 3 il keçir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Döyüşlər zamanı itkilərimiz də olub, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı hərbçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbçilər xoşbəxtlikdən normal həyata qayıdıblar.
Prezident bildirdi ki, Aprel döyüşləri Azərbaycan Ordusunun böyük tarixi qələbəsi, müasir tariximizin ən uğurlu hərbi əməliyyatlarından biridir. “Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır”.
Şübhəsiz ki, Azərbaycanın müasir hərb tarixində Aprel döyüşlərinin əhəmiyyəti böyükdür. Bu, hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki qəhrəman əsgər və zabitlərimiz əlverişsiz mövqelərdən irəliləyərək çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmiş, minlərlə hektar ərazini nəzarət altına almışlar.
Bu döyüşlər mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyət kəsb edir. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaratmağa çalışmışdı ki, guya hərbi cəhətdən Azərbaycandan güclüdür. Ancaq Aprel döyüşləri Ermənistana da, bütün dünyaya da göstərdi ki, Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı söhbətlər sabun köpüyündən başqa bir şey deyil. Bu gün Azərbaycan Ordusu ən yüksək hərbi və mənəvi-psixoloji keyfiyyətlərə malikdir, istənilən anda öhdəsinə düşən vəzifələri uğurla icra edə bilir. Bununla da, Ermənistanın yaratdığı mif dörd gün ərzində tamamilə darmadağın edildi.
Prezident İlham Əliyevin xüsusi təyinatlılarla görüşdə qeyd etdiyi kimi, Aprel döyüşləri nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yeni həyat verilib. Cəbhədəki təmas xəttinin cəmi bir addımlığında olmuş bu kənd üçün yeni təhlükəsizlik şəraiti təmin edilib, qısa müddət ərzində yenidən qurulub, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan yeni məscid tikilib. Hazırda Cocuq Mərcanlıda yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlər görülür.
Dövlət başçımız haqlı olaraq bəyan etdi ki, Cocuq Mərcanlıya yeni həyat verilməsi onu göstərir ki, Azərbaycan xalqı Ermənistanın işğalı ilə heç vaxt barışmayacaq. Hər bir vətəndaşımız işğal altındakı torpaqlarımızın tezliklə azad olunması, ərazi bütövlüyümüzün bərpası arzusu ilə yaşayır.
Bu gün Milli Ordumuzda quruculuq, təchizat-təminat prosesi çox sürətlə aparılır, ən müasir hərbi texnika alınır. Ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrinin sırasındadır. Dünyanın aparıcı rəy mərkəzləri də təsdiq edir ki, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdə qərarlaşıb. Müdafiə Nazirliyinin ötən il keçirdiyi iki hərbi parad ölkəmizin hərbi qüdrətini göstərdi. Prezident də bildirdi ki, bu gün ordumuz üçün ən müasir silahlar, hərbi texnikalar alınır, hərbi hissələrimizin döyüş qabiliyyətinin artırılması üçün ardıcıl və məqsədyönlü tədbirlər görülür, təlimlər keçirilir.
2018-ci ildə Azərbaycan Ordusu özünün qələbələr tarixini uğurlu Naxçıvan əməliyyatı ilə də zənginləşdirdi. Bu əməliyyat nəticəsində hərbçilərimiz vacib əhəmiyyətli strateji yüksəkliklərə sahib olublar. Həmin əməliyyatdan sonra ordumuzn 11 000 hektarlıq əraziyə, o cümlədən, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarəti mümkün olub. Demək olar ki, itkisiz başa çatmış Naxçıvan əməliyyatı göstərdi ki, ordumuzun peşəkarlığı istənilən vəzifəni uğurla həyata keçirməyə imkan verir. Bax, bütün bunlara görədir ki, bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Milli Ordumuzla fəxr edir.
Ordumuzun güclü olması, çoxlu qələbələr qazanması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda ölkəmizin mövqeyini möhkəmləndirir. Məhz buna görədir ki,
Prezident İlham Əliyev qeyd etdi: “Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır… Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır… Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır. Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir”.
Bundan əlavə, bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da fond tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunmuş hərbçilərlə görüşdü. Heydər Əliyev Mərkəzində keçirilmiş görüşdə bildirildi ki, üç il əvvəl Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub.
Paşa
ƏMİRCANOV
Xalq qəzeti.- 2019.- 5 aprel.- S.1; 5.