Milli musiqi sənətində iz

qoymuş istedadlı bəstəkar 

 

Azərbaycan Milli Konservatoriyası tərkibindəki Musiqi Kollecində ilk ali təhsilli professional bəstəkar, musiqi sənətimizdə milli romans, piano və simfonik musiqinin banisi Asəf Zeynallının anadan olmasının 110 illik yubileyi münasibətilə müəllim və tələbələrin konserti keçirilib. Yubiley tədbirində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, Azərbaycan Respublikası “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev, A.Zeynallının qohumları, kollecin müəllim və tələbələri, KİV təmsilçiləri iştirak ediblər.

 

Tədbiri Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açaraq qeyd edib ki, Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq Azərbaycan musiqi sənəti tarixində silinməz iz qoyub. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb. “İbtidai not savadı” adlı dərslik tərtib edib.

Professor N.Kazımov Asəf Zeynallının Azərbaycan klassik musiqisinin inkişafında mühüm xidmətlərini, zəngin bir musiqi irsi yaratdığını, musiqimizə yeni janrlar gətirərək bir sıra ilklərə imza atdığını qeyd edib.

Asəf Zeynalabdin oğlu Zeynallı 5 aprel 1909-cu ildə Dərbənddə doğulub.1923–1926-cı illərdə Bakı Musiqi Texnikumunda təhsil alıb. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib. Görkəmli bəstəkarlar Qara Qarayev və Tofiq Quliyev vaxtilə bir müddət onun tələbələri olublar.

Yubiley tədbirində Azərbaycan Respublikası “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, tarix elmləri doktoru, professor Nurulla Əliyev, Mərkəzəşdirilmiş Kitabxana Sisteminin əməkdaşı İradə Hüseynova, Asəf Zeynallı haqqında filmin müəllifi Kəmalə Müslümqızı çıxışlarında bəstəkarın həyat və yaradıcılığının məziyyətlərindən söz açıb, onun yaradıcılıq irsinin qorunub saxlanılması, yubileylə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən bəhs ediblər.

Sonra Musiqi Kolleci tələbələrinin ifasında Asəf Zeynallının əsərləri və xalq mahnıları səslənib. Konsert proqramında Albina Sərdarova (vokal), tələbələr Abuzər Əsgərli (kamança), Cəmalə Abdinzadə, Elmira Müseyibzadə (fortepiano), Dəniz Baxışova (tar), müğənnilər Aytən Cəbrayıllı, Əli Adıgözəlov, Pünhan Piriyev, Aydan İlxaszadənin ifaları alqışlarla qarşılanıb, iştirakçıların qəlbində xoş ovqat yaradıb.

Asəf Zeynallının ailəsi adından qohumları Səidə, Arif və Tamerlan Zeynallılar, Elşanə Ağasiyeva çıxış edərək bəstəkarın xatirəsini əziz tutduqlarına, onun yaradıcılığına yüksək dəyər verdiklərinə görə tədbirin təşkilatçılarına, Musiqi Kollecinin rəhbərliyinə, müəllim və tələbə heyətinə, ifaçılara, Asəf Zeynallının heykəlinin müəllifi Azər Məmmədova minətdarlıqlarını bildiriblər.

 

Afət Sadıqoğlu

 

Xalq qəzeti.- 2019.- 7 aprel.- S.10.