Demokratik
jurnalistikamızın
böyük “Molla Nəsrəddin”i
Cəlil Məmmədquluzadə – 150
Azərbaycanın aparıcı media
təhsili və araşdırmaları mərkəzi olan
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində
böyük demokrat yazıçı, dramaturq və publisist Cəlil
Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi
və onun naşirliyi və redaktorluğu ilə 25 il müddətində
Azərbaycanın 3 inzibati-mədəni mərkəzində –
Tiflisdə, Təbrizdə və Bakıda buraxılmış
ilk satirik jurnalımız “Molla Nəsrəddin”in birinci
nömrəsinin işıq üzü görməsinin 112
illiyi münasibətilə dəyirmi masa keçirilmişdir.
Alim,
pedaqoq və media təmsilçilərinin iştirak etdiyi
müzakirədə Cəlil Məmmədquluzadənin 150
illiyinin qeyd edilməsi barədə ölkə Prezidentinin sərəncamının
aktuallığı və müstəqillik dövrünün
tələbləri baxımından böyük ədibin bənzərsiz
şəxsiyyətinin və zəngin ədəbi-publisistik
irsinin layiqincə öyrənilməsi və təbliği məsələləri
diqqət mərkəzində olmuşdur.
Müzakirəni
giriş sözü ilə açan fakültənin kafedra
müdiri, professor Allahverdi Məmmədli bildirmişdir ki,
Prezident İlham Əliyevin sərəncamında göstərildiyi
kimi, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının
yeni mərhələyə yüksəlməsində müstəsna
rol oynamış və bütöv bir ədəbi məktəb
formalaşdırmış qüdrətli şəxsiyyətdir.
Vətəndaş yazıçının bədii nailiyyətlərlə
zəngin irsində azərbaycançılıq məfkurəsi
dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi
dolğun ifadəsini tapmışdır. Ana dilinin
saflığı uğrunda inadlı mübarizə
aparmış Mirzə Cəlilin qələmindən
çıxmış qiymətli dram və nəsr əsərləri,
parlaq publisistika nümunələri dərin humanizmi ilə
yanaşı, özündə milli və ümumbəşəri
dəyərlərin vəhdətini də ehtiva edir. Azərbaycanda
və onun hüdudlarından kənarda geniş yayılaraq
milli oyanışa, yeniləşmə hərəkatına yol
açan və azadlıq ideyalarının inkişafına
qüvvətli təsir göstərən “Molla Nəsrəddin”
jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.
Alim qeyd
etmişdir ki, milli mətbuatımızın xəlqi əsaslarını
qüvvətləndirmiş, azərbaycançılıq
ideyalarını Arazın hər iki tayında cəsarət və
fədakarlıqla yaymış Mirzə Cəlilin “Molla Nəsrəddin”
jurnalistika məktəbi öz zamanında milli istiqlal məfkurəsinin
təntənəsinə, dövlətçiliyimizin bərpa
edilməsinə xidmət etmişdirsə, sonrakı dövrdə
milli jurnalistikamızın demokratik ənənələrinin
qorunub-yaşadılmasında, xalq işinə sadiq, qələmi
ilə müstəqilliyin bərpasına və qüvvətləndirilməsinə
kömək edən jurnalistlərin yetişdirilməsində,
onların qeyrətli fəaliyyətində başlıca
qaynaqlardan biri olmuşdur. Müstəqillik dövründə
isə böyük “Molla Nəsrəddin” irsi və mübarizə
timsalı daha artıq dərəcədə aktuallıq kəsb
edir. Əlamətdar yubiley barədə dövlət
başçısının sərəncamı məhz bu
yöndə tədbirlərin gerçəkləşdirilməsinə
yol açmışdır.
Müzakirələrdə
çıxış edən fakültə dekanı Vüqar
Zifəroğlu, kafedra müdirləri Cahangir Məmmədli və
Şamil Vəliyev, professorlar Nəsir Əhmədli və
Alxan Məmmədov, dosentlər Sima Rəhimova və Aygün
Əzimova, əməkdar jurnalistlər Tahir Aydınoğlu və
Akif Aşırlı Cəlil Məmmədquluzadənin məfkurəvi
yaradıcılığının, onun mübariz şəxsiyyətinin
jurnalistika təhsili alan tələbələr, mediada
çalışan yazarlar üçün misilsiz ideya və
sənətkarlıq məktəbi olmasını, bu yöndə
yeni yanaşmaların zəruriliyini vurğulamışlar.
Onlar Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin”
irsinin daha dərindən öyrənilməsinin nəzəri
və təcrübi məsələlərindən də
söz açmış, yubiley tədbirlərinin bu axarda
keçirilməsinin vacibliyini söyləmişlər.
Müzakirələrdə
Cəlil Məmmədquluzadənin növbəti yubileyinin daha
yüksək səviyyədə keçirilməsi ilə
bağlı təkliflər də səslənmiş, bunun
üçün Mədəniyyət Nazirliyinin, AMEA Ədəbiyyat
İnstitutunun, Yazıçılar Birliyinin, Mətbuat
Şurasının, Teleradio şirkətlərinin və qəzet-jurnal
redaksiyalarının əlbir, məqsədyönlü, səmərəli
fəaliyyətinin önəmi qeyd edilmişdir.
Sonda
ölkənin jurnalistika məktəbinin müəllimləri
öz yetirmələri olan media ictimaiyyətini və hər
bir jurnalisti yubiley tədbirlərində fəal iştiraka,
böyük Cəlil Məmmədquluzadəyə vəfa
borcunu layiqincə yerinə yetirməyə, onun kimi
yaşayıb-yaratmağa çağırmışlar.
T. RÜSTƏMOV
Xalq qəzeti.- 2019.- 7
aprel.- S.8.