İstedadlı alim, böyük
müəllim, xeyirxah insan
Ə.Dəmirçizadə
– 110
Tələbəlik illərində
alim-müəllimlərimdən – Əbdüləzəl Dəmirçizadə,
Məmmədhüseyn Təhmasib, Feyzulla Qasımzadə,
İsmayıl Şıxlı, Məmmədsəlim Tahirli,
Əhəd Hüseynov, Fərhad Fərhadov, Cavad
Bağırov, Afad Qurbanov, Azər Hüseynov, Əbdül
Əlizadə, Paşa Əfəndiyev, Xeyrulla Məmmədov və
digərlərindən aldığım elmi bilik, zəngin həyat
təcrübəsi mənə ömrüm boyu möhkəm
dayaq oldu.
Bu gün də fəxr edirəm ki, məni elm sahəsinə gətirən, qayğılarını əsirgəməyən belə alim-müəllimlərdən dərs almışam. Müəllimlərim mənəviyyatca zəngin şəxsiyyətlər idilər. Onlar həyatda yalnız bir amala xidmət edirdilər: tələbələrə elmi bilik vermək, öz vəzifələrini layiqincə yerinə yetirmək! Bu isə bizim nəslin xoşbəxtliyi idi. Onların hər birindən nümunə götürməyə, onlara oxşamağa çalışdıq. Müəllim adını daşıyan hər bir kəs öz şəxsi nümunəsi ilə hamıya həyat dərsi keçməli, ali insan fenomenini formalaşdırmalı, öz ömrü ilə neçə-neçə ömrə örnək olmalıdır. Bəxtim onda gətirdi ki, sözün əsl mənasında, klassik səviyyədə elmi məktəb keçdim. Təhsil aldığım və sonra isə qəbul olunduğum Azərbaycan Dövlət Pedaqoji İnstitutu, o cümlədən, “Azərbaycan dilçiliyi” kafedrası filologiya sahəsinin, dilçilik elmimizin ağırlıq mərkəzlərindən biri idi. Kafedra müdiri, görkəmli alim, professor Əbdüləzəl Dəmirçizadə kimi nəhəng bir elm adamı ilə birgə çalışmaq mənim elmi bioqrafiyamda ən şərəfli bir səhifə acib. Mən bu müdrik zəka sahibinin yanında həqiqi bir elm məktəbi keçdim. Onun mənə verdiyi gərəkli tövsiyələr gələcək elmi-pedaqoji fəaliyyətimdə əsaslı rol oynadı.
Bu görkəmli alim ana dilinin, Azərbaycan türkcəsinin ürək döyüntülərini, qan yaddaşını həssaslıqla duyurdu. O, dilin keçib gəldiyi tarixin təkamül yollarının müdrik yolçusu olmaq bacarığına malik idi. O, Mahmud Kaşğari, Mirzə Kazım bəy, Bəkir Çobanzadə və digər elm korifeylərinin mənəvi varisi, ən sədaqətli, olduqca fədakar davamçılarından idi. Onun özünəməxsus dilçilik məktəbi yaradan müdrik bir alim ömrü, işıqlı mütəfəkkir obrazı daim gözlərim önündə canlanır. Bu cür alimlər heç vaxt unudulmur, həmişə xatirələrdə yaşayır. Onun elmi fəaliyyətində, yüksəlişində intellekt və istedadın, zəhmət və fədakarlığın təbii vəhdətinə əsaslanan özünəməxsus təkamül yolu mühüm rol oynamışdı. Bəkir Çobanzadədən, Əbdürrəhim bəy Haqverdiyevdən, Yusif Vəzir Çəmənzəminlidən, Abdulla Şaiqdən dərs almış, Səməd Vurğun, Süleyman Rüstəm, Sabit Rəhman, Həmid Araslı, Cəfər Xəndan və başqa görkəmli elm və sənət adamları ilə məktəb yoldaşı olmuşdu. Fitrən çox böyük istedad sahibi olan Ə.Dəmirçizadə məhz belə bir mühitdə qüdrətli alim kimi yetişmiş, potensial imkanlarını praktik fəaliyyətində reallaşdıra bilmişdi.
Professor Ə.Dəmirçizadə bizə “Tarixi qrammatika” və “Azərbaycan ədəbi dilinin tarixi” fənlərindən mühazirələr oxuyurdu. Biz tələbələr ona tarix yaşlı, tarix yaddaşlı əlçatmaz bir varlıq, Azərbaycan dilçilik elminin canlı klassiki, əfsanəvi ustadı kimi baxırdıq. O, qeyri-adi elmi-nəzəri fikirləri, analitik məntiqi, ciddi elmi təfəkkür tərzi ilə bizi valeh edir, ovsunlayır, heyrətləndirir, daxilən ucaldırdı. Hələ tələbəlik illərimizdən, yəni öz sağlığında qəlbimizdə heykəlləşmişdi. Öz rəftarı, geyimi, danışıq tərzi, münasibəti, ciddiliyi, elmi fədakarlığı, prinsipial, dəyişməz elmi mövqeyi ilə ölməz MÜƏLLİM obrazı yaratmışdı.
İkinci kursda professor Ə.Dəmirçizadənin auditoriyaya ilk gəlişini səbrsizliklə gözləyir, az qala mifik obraza çevrilən böyük alimlə tanış olmağa tələsirdik. Bütün tələbələr kimi mən də dilçilik nəhənglərindən birinin, çağdaş dilçiliyimizin canlı klassikinin bizə dərs deyəcəyinin qeyri-adi həyəcanı içində idim. Budur, başında mil-mil araqçın, bəmbəyaz çöhrəsindən müdriklik yağan, məsumluq tökülən əfsanəvi professor auditoriyaya daxil olur və biz onun salamını alaraq heyranlıq dolu nəzərlərlə ona baxırıq. Qədim yazılı abidələrin sirlərini aça-aça türkün nəhəng tarixini vərəqləyən professorun bu yolda çəkdiklərini, təqib olunduğunu, təzyiqlərə məruz qaldığını eşitdikcə, keçib gəldiyi əzablı yollarla tanış olduqca ona rəğbətimiz daha da artır, onun özünün də canlı tarix olduğunu yəqin edirik.
Ə.Dəmirçizadənin dil tarixi sahəsində apardığı elmi tədqiqatlar ilk dövrdə daha çox “Kitabi-Dədə Qorqud”la bağlı olmuşdu. Sovet ideologiyasına zidd olan belə tədqiqatlara görə Ə.Dəmirçizadəni qınaq hədəfinə çəkmiş, türkçülüyü geniş təbliğ etməkdə təqsirləndirmişdilər.
Repressiya illərində qaragüruhun “Dədə Qorqud” eposuna qarşı heç bir fakta söykənməyən hücumları, bu dastanları xalqlar arasında düşmənçilik yaymaqda ittiham etməsi, “yuxarıların” tapşırığı ilə Bakıda çağrılan “Azərbaycan ziyalılarının respublika müşavirəsi”nin də bu misilsiz abidəni ləkələyib tariximizdən silməyə cəhd göstərməsi, Heydər Hüseynov, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif, Həmid Araslı kimi ciddi alimlərin təqib və təhqir olunması… Bütün bunlar xalqımızın həqiqi tarixini öyrənmək istəyənlərə, etnogenez problemlərinin elmi həllinə can atanlara, bu yolda “Kitabi-Dədə Qorqud” dil faktına əsas tarixi, etnolinqvistik baza kimi söykənənlərə kütləvi repressiv təzyiqlər idi. Onları məcbur etmişdilər ki, qələmə aldıqları elmi əsərlərdəki mülahizələrdən imtina etsinlər, “buraxdıqları səhvlərini” boyunlarına alsınlar. Bunlarla yanaşı, “Kitabi-Dədə Qorqud” dastanları xalqa zidd, əcnəbi, yeni nəslə mənfi təsir göstərən zərərli bir əsər kimi orta və ali məktəblərin tədris proqramlarından çıxarılmışdı.
Doğrudur, 1956-cı ildə despotik rejimin repressiya xofu tədricən aradan qalxandan sonra ədalət bərpa olundu, təqib olunan və repressiyaya məruz qalan bir çox insanlar bəraət qazandı. Yalnız bundan sonra, Ə.Dəmirçizadənin “Kitabi-Dədə Qorqud” dastanlarının dili” adlı monoqrafiyası çap olundu.
Professor Ə.Dəmirçizadənin ahəstə intonasiya ilə dediyi mühazirələr məni dilçilik sahəsinə doğru meyilləndirirdi. Bu mühazirələrə o qədər valeh olurdum və diqqət kəsilirdim ki, institutu bitirəndən sonra mən də həyatımı dilçilik elminə həsr etmək arzusuna düşmüşdüm.
Professor mənə qədim yazılı abidələrin dili ilə bağlı referat yazmağı tapşıranda sevincimin həddi-hüdudu yox idi. Mən böyük bir inamın sevincini yaşaya-yaşaya onu doğrulda biləcəyimin nigarançılığını da yaşayırdım. Çox illər keçəndən sonra, indi düşünürəm ki, professorun həmin işlə bağlı mənə olan etimadı və refereratıma verdiyi müsbət rəy dilçi taleyimin uğurlu xeyir-duası oldu. Ə.Dəmirçizadədən aldığım ilk mənəvi dəstək sonrakı illərdə mənim dilçilik elmi sahəsində qazandığım uğurlara yaşıl işıq yandırdı.
Məni “Nizami Gəncəvi” təqaüdünə təqdim edəndə Elmi Şurada professorun haqqımdakı müsbət çıxışı mənə qol-qanad verdi, gücümü səfərbər etdi, məqsədə doğru istiqamətləndirdi. Sonralar bildim ki, görkəmli alim-pedaqoq dilçiliyin ən az toxunulmuş ədəbi dil sahəsini geniş tədqiq etmək üçün layiqli elmi kadrlar axtarışında imiş. Bəxtim onda gətirmişdi ki, elə ilk rastına çıxan da mən olmuşam.
Professor Ə.Dəmirçizadə kimi tələbkar bir alimin inamını qazanmaq, ümidini doğrultmaq şərəf işi idi. Kafedraya əmrimi alıb müəllim kimi gəldiyim günü – professor Ə.Dəmirçizadə ilə görüşümü və mənimlə ilk söhbətini heç vaxt yadımdan çıxara bilmirəm.
Professor soruşdu ki, hansı sahəni seçib, hansı dərsləri demək istəyirsən?
Əvvəlcə tərəddüd etdim. Sonra isə çəkinə-çəkinə hansı sahəni məsləhət bilsə, o sahədə çalışmaq və dərs demək istədiyimi bildirdim.
Professor çox asta-asta və özünəməxsus təmkinlə dedi ki, çox fənnləri yüksək səviyyədə tədris edən müəllimlərimiz var. Sən dil tarixi ilə məşğul olmalı və bu sahədə dərs deyib, elmi araşdırmalar aparmalısan.
Beləliklə, “Qədim türk yazılı abidələrinin dili”ndən dərs deməyə – seminar məşğələləri aparmağa başladım. Eyni zamanda “Müasir Azərbaycan dili”ndən də məşğələlər aparırdım. Professorun fikri belə idi: “Mən dilçi yetişdirirəm. O, təkcə bir sahəni deyil, bütün dilçilik sahələrini bilməlidir”. Biz də professor Ə.Dəmirçizadə kimi tələbkar bir alimin inamını qazanmaq, ümidlərini doğrultmaq üçün çox ciddi şəkildə çalışmalı idik. Bir müddətdən sonra professor mənə həm də “Azərbaycan ədəbi dili tarixi” fənnindən öz seminarlarını aparmaq üçün dərs verdi. Elmi rəhbərim oldu. Əlimdən tutub dilin tarixində gəzdirdi. Bu tarixin qaranlıqlarından tapılan “söz”ün üzərində işləməyi öyrətdi. Azərbaycan ədəbi dilinin tarixi kimi nisbətən az işlənmiş, ənənəvi problem, mübahisə, diskussiya bolluğu ilə seçilən bir sahədə tədqiqat aparmağı öyrətdi. Biz, prof. Ə.Dəmirçizadənin yetişdirmələri onun qeyd və göstərişlərini eşidər, bilik və təcrübəsindən, davranış mədəniyyətindən öyrənərdik.
Ə.Dəmirçizadənin adı mənə bir də ona görə əzizdir ki, ömür yolumda onun müəllim, alim, yol göstərən ustad kimi böyük payı var. Onun professorluğundan, qayğıkeş, tələbkar müəllimliyindən mənim tələbəliyimdən başlanan doğmalıq və bu öyrənməyə can atan doğmalığın hərarəti ilə başlanan həyatımı bu gün Dəmirçizadə taleyinin – “Ədəbi dil tarixçisi” ömrünün davamı hesab edirəm. Məni ən çox sevindirən, qəlbimi qürur hissi ilə dolduran odur ki, ötüb keçən bütün bu illər ərzində həmin ömrü – unudulmaz ustadımın elm yolunu və onun yaratdığı, uzun müddət rəhbərlik etdiyi “Azərbaycan dilçiliyi” kafedrasının müdiri vəzifəsini indi mən davam etdirirəm.
1979-cu ildə professor haqq dünyasına qovuşdu. Türkologiya elmi və ədəbi ictimaiyyət nəhəng bir söz ustadını, fikir sahibini itirdi. Lakin onun dedikləri,
yazdıqları dilçiliyin
həmişə güvənc
yeri olacaq. Ə.Dəmirçizadəyə və onun
elm dünyasına həmişə
müraciət olunacaq,
ondan kömək istəniləcək, bu nurlu ziya çox
qaranlıqlara işıq
salacaq. Onun son dərəcə sanballı, müstəsna
əhəmiyyətli elmi-nəzəri
irsi dilçiliyimizin məhək daşlarından
sayıla bilər.
Ə.Dəmirçizadə dialektologiyadan başqa, demək olar ki, dilçiliyin bütün sahələrində
nüfuzlu elmi-tədqiqat
işləri aparmış,
sanballı nəticələrə
nail olmuşdur. Alimin dil tarixi ilə bağlı araşdırmaları indi
də bu sahənin söykəndiyi
ən etibarlı, ən zəngin güvənc yeridir. Çünki o, dilə, onun tarixi təkamül,
inkişaf yollarına
canlı bir orqanizm kimi yanaşır,
xalqımızın milli-mənəvi
yaddaş saxlancı olan dilimizə müqəddəs məbəd
kimi baxır, onu bütün qəlbi, qanı ilə duyur, dərk edir, qiymətləndirir, son dərəcə
həssaslıqla, əsl
övlad məhəbbəti,
alim-vətəndaş qeyrəti
ilə tədqiqata cəlb edir, daim həqiqətin və yalnız həqiqətin qulluğunda
baş əyirdi. Professorun dil tarixi sahəsindəki
araşdırmalarına nəzər
saldıqca onun bu problemlərə nə qədər həssas, nə qədər məsuliyyətlə
yanaşdığının şahidi oluruq.
Onun əsərlərində dilimizin
tarixi haqqında ilk, inandırıcı məlumatlar,
tutarlı dəlillər
və təhlillər,
təqdim olunan nəticələr, əslində,
on illər boyu bir çox mübahisələrin, şübhə
və gümanların,
məqsədli siyasi manevrlərin qarşısını
alırdı və təbii ki, bütün bunlar professora heç də həmişə sevinc və rahatlıq gətirmirdi. Dilimizin tarixini türk dilləri tarixinin içində axtarıb tapdığına görə
1947-ci ildə “Azərbaycan
dilinin tarixi” (I hissə) əsərinin siqnal nüsxələri nəşr olunan kimi milli mövqeyinə
görə yığışdırıldı,
kütləvi çapı
dayandırıldı.
İndi bu ürək sözlərimi yaza-yaza düşünürəm ki,
Ə.Dəmirçizadə xalqımıza, dilçiliyimizə
nəyin və nə üçün lazım olduğunu bilən, bu yolda bütün fədakarlıqlara hazır
olan böyük bir VƏTƏNDAŞ olub. O, sözün
tam mənasında, Azərbaycan
alimi idi.
Ə.Dəmirçizadənin “Müasir Azərbaycan dili” problemləri ilə bağlı araşdırmaları da çox qiymətlidir. Onun “Müasir
Azərbaycan dili.
Cümlə üzvləri” (1947), “Müasir Azərbaycan dilinin fonetikası” (1960),
“Azərbaycan dili orfoepiyasının əsasları”
(1969), “Müasir Azərbaycan
dili” (I hissə) (1972)
əsərlərində dilçiliyin
bir sıra mühüm problemləri öz həllini tapmışdır.
Üslubiyyat məsələlərinin tədqiqi
Ə.Dəmirçizadəni 30-cu illərdən, yəni tədqiqatçılığa başladığı ilk illərdən
düşündürmüşdü. M.Ə.Sabir kimi
böyük bir satirikin dil normalarından
istifadəsi, onun satira texnikası kimi məsələlərin
həlli ilə başlanan üslubi araşdırmaları 1962-ci ildə
“Azərbaycan dilinin üslubiyyatı” əsərində
kompleks həllini tapmışdır ki, bu əsərin nəşri bütövlükdə
türkologiyada hadisə
sayılır.
Ümummilli liderimiz Heydər
Əliyevin on illər
boyu uğurla apardığı ana dili – dövlət dili siyasətinin nəticəsi idi ki, “Müasir Azərbaycan dili” əsəri də böyük diqqət sahibi, uzaqgörən dövlət başçısının
imzası ilə
1972-ci ildə “Dövlət
mükafatı” na layiq görülmüşdür.
Bu, dilçiliyimizə, eləcə də digər alimlərlə yanaşı Ə.Dəmirçizadə
əməyinə rəhbərin
verdiyi böyük qiymət idi.
Bütün bunlar Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının
müxbir üzvü,
filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı,
professor Ə.Dəmirçizadənin əlavə portret cizgiləridir. Bu portretin
əsas cizgiləri
fundamental elmi əsərlər
müəllifi olan böyük dilçi alimin parlaq obrazını
canlandırır, əbədiləşdirir.
Biz tələbələri, yetirmələri onu elm məbədinin sahibi-ixtiyarı, əfsanəvi idrak mücəmməsi kimi tanıyır və sevirdik. Ondan elmin, xüsusilə dil tarixinin, etimologiyanın, etnolinqvistikanın ən çətin suallarına ən sadə cavablar almaq olurdu. Ensiklopedik biliyi, möhtəşəm idrak qabiliyyəti, heyrətamiz intellektual səviyyəsi ilə gözümüz önündə heykəlləşən bu böyük alimin bircə dəfə sual önündə təntidiyini, donub qaldığını görmədik. O, mürəkkəb problemlərlə zəngin olan ədəbi dil tariximizin keçilməz yollarına yaşıl işıq yandırır, bağlı qapılarını açırdı. Dəmirçizadə dühası bu gün də köməyimizə çatır, əlimizdən tutur, bizə keçilməz yolların mənzilini, açılmaz qapıların açarını nişan verir.
Nizami Xudiyev,
filologiya üzrə elmlər
doktoru,
professor, Əməkdar elm xadimi
Xalq qəzeti.- 2019.-
7 aprel.- S.8.