Mirzə Cəlilin 150 illik
yubileyi ilə
bağlı tədbirlər planı
Görkəmli
yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil
Məmmədquluzadə Azərbaycan ədəbiyyatının
və mətbuatının yeni mərhələyə yüksəlməsində
müstəsna rol oynayıb, ədəbi məktəb
yaradıb. Yazıçının zəngin bədii irsində
azərbaycançılıq məfkurəsi dövrün
ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini
tapıb. Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli
yığıncağı” və s. pyesləri Azərbaycan
dramaturgiyasının parlaq nümunələridir.
Ana
dilinin saflığı uğrunda mübarizə aparan Mirzə
Cəlil qiymətli nəsr əsərləri, parlaq
publisistikası ilə də ədəbi-mədəni
mühitdə və mətbuat sahəsində böyük
şöhrət qazanıb. Ədibin dühasının məhsulu
olan “Molla Nəsrəddin” jurnalı milli oyanışa, yeniləşmə
hərəkatına yol açıb, azadlıq
ideyalarının inkişafına qüvvətli təsir
göstərib.
Bu il məşhur
demokrat ədibin 150 illik yubileyi tamam olur. Prezident İlham
Əliyev bu yubileyin təntənəli
şəkildə qeyd
edilməsi haqqında
sərəncam imzalayıb.
Sərəncamın icrasını təmin
etmək məqsədilə
Mədəniyyət Nazirliyinin
əmri ilə tədbirlər planı təsdiq olunub. Plana əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin 150 illiyinə
həsr olunmuş təntənəli yubiley tədbirinin keçirilməsi,
həmçinin ölkəmizin
mədəniyyət müəssisələrində
yubileylə bağlı
müxtəlif səpkili
tədbirlərin təşkili
nəzərdə tutulub.
Tədbirlər planında Avstriya,
Fransa və Özbəkistandakı Azərbaycan
səfirliklərinin nəzdində
fəaliyyət göstərən
mədəniyyət mərkəzləri
tərəfindən həmin
ölkələrdə ədibin
yubileyinə həsr olunmuş tədbirlərin
keçirilməsi də
yer alıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
“Cəlil Məmmədquluzadə
idealları və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans, Nəsimi adına Dilçilik İnstitutunda
“Cəlil Məmmədquluzadə
və Azərbaycan dili” mövzusunda elmi sessiya, Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda
“Molla Nəsrəddin”
jurnalının transliterasiya
problemlərinə həsr
olunmuş elmi sessiya, Folklor İnstitutunda “Cəlil Məmmədquluzadə və
xalq gülüş mədəniyyəti” mövzusunda
elmi konfrans, A.A.Bakıxanov adına Tarix İnstitutunda “Cəlil Məmmədquluzadənin
dövrü və ictimai-siyasi proseslərin başlıca problemləri”,
Fəlsəfə İnstitutunda
“Maarifçilik və
Cəlil Məmmədquluzadənin
sosial-ideoloji görüşləri”
mövzularında respublika
konfransları, həmçinin
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində “Bizi deyib gələn və bizimlə qalan Mirzə Cəlil” mövzusunda elmi sessiya keçiriləcək.
Bundan əlavə,
Əlyazmalar İnstitutu
və Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində ədibin həyat və yaradıcılığına və
“Molla Nəsrəddin”
jurnalına həsr olunan sərgilər planlaşdırılır.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.-
11 aprel.- S.9.