Siyasi liderliyin zəfər
estafeti
2018-ci il aprelin 11-də keçirilən prezident
seçkilərində Azərbaycan xalqı yenidən öz
taleyini görkəmli siyasi lider, böyük dövlət
xadimi cənab İlham Əliyevə etibar etdi. Aprelin 11-i müstəqil
Azərbaycan dövlətinin siyasi tarixinə hərtərəfli
islahatlar yolu ilə yeniləşmə və tərəqqinin
növbəti yüksək mərhələsinin
başlanğıcı kimi yazıldı. Son bir il Azərbaycanın ictimai-siyasi və sosial-mədəni
həyatı mühüm uğurlarla və bir sıra əlamətdar
hadisələrlə də zəngin oldu. Ölkəmiz
ötən bir ildə Prezident İlham Əliyevin rəhbərliyi
ilə siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi,
mühüm uğurlar qazandı. Müstəqil
dövlətimiz həyatın bütün sahələrində
yeni nailiyyətlərə imza atdı, qarşıya qoyulan hədəflərə
doğru daha inamla irəlilədi.
Prezident
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbrikində, eləcə də Nazirlər
Kabinetinin iclaslarında ötən ilin və bu ilin birinci
rübünün sosial-iqtisadi inkişafına yekun vurarkən
bütün bunlar barədə konkret fakt və rəqəmlərlə
söz açıb. Nailiyyətlər möhtəşəm
və sevindiricidir. Ölkəmiz
ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi
yolla dönmədən irəliləyir, dövlət müstəqilliyimizin
siyasi-mənəvi və sosial-iqtisadi əsasları möhkəmlənir.
Şübhəsiz,
ötən il siyasi təqvimimizin ən unudulmaz hadisələri
sırasında Azərbaycan Xalq Cümhuriyyətinin,
silahlı qüvvələrin, ilk parlamentin
yaradılmasının, Bakının antimilli qüvvələrdən
azad edilməsinin100 illik, ümummilli lider Heydər Əliyevin
anadan olmasının 95 illik yubileylərinin ümumxalq
bayramları kimi qeyd edilməsi ilə yanaşı, ölkəmizdə
növbəti prezident seçkilərinin keçirilməsi də
xüsusi tarixi önəm daşıdı. Həmin
taleyüklü siyasi kampaniyanın yekununda Azərbaycan
seçicilərinin böyük əksəriyyəti səsvermədə
iştirak edərək dövlət başçısı
İlham Əliyevə yenidən etimad göstərdi.
Bununla xalqımız ulu öndər Heydər Əliyevin
formalaşdırdığı və ötən illərdə
müstəqil ölkənin təkmilləşdirilmiş ali idarəetmə sükanını
dördüncü dəfə özünün alternativsiz
lideri İlham Əliyevə etibar etdi.
2018-ci il
aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələri
Azərbaycanda dövlət başçısı İlham
Əliyevin nüfuzunun kifayət qədər yüksək
olduğunu bir daha təsdiqlədi. Bu seçkilərdə
xalq öz iradəsini növbəti dəfə ortaya qoyaraq,
son 15 ildə Azərbaycanı inamla idarə edən, beynəlxalq
aləmdə yeni tipli milli lider olaraq tanınan,
başçısı olduğu gənc, müstəqil
dövlətin dünya düzənində layiqli mövqeyini təmin
edən, öz ölkəsinə daxildə və xaricdə
misilsiz uğurlar qazandıran, namizədliyi sədri olduğu
Yeni Azərbaycan Partiyası tərəfindən irəli
sürülsə də xalqın geniş dairələrində
qətiyyətlə dəstəklənən İlham
Əliyevi kiminsə əvəz edə biləcəyini
ağlına belə gətirmədən onu növbəti 7 il
müddətində Prezident seçdi.
Bu seçim xalqın öz liderinə sonsuz
inamının ifadəsi, ulu öndər Heydər Əliyevin
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə
və əbədiləşdirilməsinə yönəlik
siyasi kursunun davam etdirilməsinə sadiqliyin və siyasi dəstəyin
də növbəti təsdiqi oldu.
Bir il əvvəlki dövlət
başçısı seçkilərinin hansı siyasi
gerçəklik şəraitində keçirildiyini
xatırlayarkən, ilk növbədə, qeyd etmək
lazımdır ki, xalqın seçimi qabaqcadan məlum idi və
ümumxalq siyasi iradəsinin dönməzliyi ilə şərtlənmişdi.
Yəni, Yeni Azərbaycan Partiyasının sədri,
dövlət başçısı İlham Əliyevin cəmiyyətdə
nüfuzu o qədər yüksək idi ki, ölkədə və
xaricdə qabaqcadan bu seçkinin nəticələri
haqqında fikir yürütmək çətin deyildi. Prezident İlham Əliyevin vətəndaşlar
arasında nə qədər böyük hörmət və
inama sahib olması, həm ölkə daxilində, həm də
xaricdə siyasi-analitik dairələrə incəliklərinə
qədər məlum idi. Azərbaycan xalqının
seçim ünvanını nüfuzlu beynəlxalq ictimai rəyi
öyrənmə mərkəzlərinin keçirdiyi
sorğular da aydın nişan verirdi.
11 aprel seçkilərində xalqımız müstəqillik
tarixinin növbəti sınağından da şərəflə
çıxdı. Seçkilərin nəticələri, əslində,
milyonlarla azərbaycanlının dünənə dərin
ehtiramını, bugünün gerçəklərindən
razılığını, gələcəyə
böyük ümidini əks etdirdi. Bu
tarixi seçim azərbaycanlıların öz taleyinə
biganə olmadıqlarını, son 25 ildə ölkəmizin
keçdiyi inanılmaz inkişaf yolunun uğurlarına
obyektiv qiymət verdiklərini bir daha təsdiqlədi. Beləliklə, milyonlarla insan öz taleyinə əzmlə
sahib çıxaraq ən layiqli namizədi – sevimli lideri
İlham Əliyevi ölkəsinin rəhbəri, dövlətinin
prezidenti görmək istəyini qətiyyətlə
nümayiş etdirdi.
Mən ötənilki seçki kampaniyasının təbliğat-təşviqat
mərhələsində fəal iştirak etdiyimdən
seçicilərlə keçirdiyim görüşlərin
unudulmaz təəssüratını da yada salmaq istəyirəm. Prezidentliyə
namizəd İlham Əliyevin seçki kampaniyası ilə əlaqədar
o vaxt yerlərdə seçicilərlə çoxsaylı
görüşlər keçirildi. Xalqın
ayrı-ayrı təbəqələrinin əhval-ruhiyyəsi
və açıq-aydın ifadə olunan qənaəti əminlik
yaradırdı ki, Yeni Azərbaycan Partiyasının
prezidentliyə namizədi birmənalı olaraq xalqın namizədidir.
Çünki partiyamızın sədri, ölkə
Prezidenti İlham Əliyev Azərbaycan dövlətçiliyinin
daha da gücləndirilməsi, rifah, sabitlik naminə yorulmaz fəaliyyəti
cəmiyyətdə birmənalı olaraq ümumi
razılıq, ictimai məmnunluq doğurur.
Təmsil etdiyim Ağstafa rayonunda da son 15 ildə
böyük abadlıq və quruculuq işləri həyata
keçirilib.
Cənab Prezident dəfələrlə rayonda
olub, bir çox iqtisadi, sosial, mədəni obyektlərin
açılışında şəxsən iştirak edib.
Həmçinin, rayonun kəndlərinin
böyük hissəsi qazlaşdırılıb, yeni yollar
çəkilib və s. Bu quruculuq prosesi davamlıdır.
Buna görə Ağstafa əhalisi də dövlət
başçısının rayona göstərdiyi
qayğını yüksək qiymətləndirdi və 11
aprel seçkilərində cənab İlham Əliyevə səs
verdi.
Bu gerçəyin çox ciddi əsasları var idi. Çağdaş
Azərbaycan dövlətini qurmaq missiyasına ümummilli
lider Heydər Əliyev “Mən ömrümün qalan hissəsini
də xalqıma bağışlayıram” söyləməklə
başlamışdı. Azərbaycanın
müstəqilliyi Tanrının xalqımızın gələcəyinə
verdiyi bir şans, istək və arzularına
açdığı yol idi. Nə yaxşı ki,
ümummilli lider Heydər Əliyev kimi böyük mütəfəkkir
tarixdə nadir hallarda yaranan belə imkandan istifadə edərək
xalqını yenidən müstəqil dövlətçiliyinə
qovuşdurdu, siyasi suverenliyə dönməz, əbədi
xarakter verdi.
İlk mərhələdə Azərbaycan xalqı
dövlətçiliyin xilaskarının missiyasından
lazımınca bəhrələnərək öz
varlığını, Vətənin müstəqilliyini
qorudu və milli dövlətini qurdu. İkinci mərhələdə
isə Azərbaycan cəmiyyəti böyük zəhmətlər,
ağrı-acılar bahasına yaradılmış ideoloji ənənə
və dövlətçilik təcrübəsini
dağılmağa, müstəqilliyi naməlum talenin
oyunları ilə üz-üzə qalmağa qoymadı. Bu, müasir Azərbaycanda siyasi varislik ənənəsinin
nə qədər ehtiyac duyulan həyati məsələ
olduğuna mükəmməl sübut idi.
Xalq
1993-cü ildə Heydər Əliyevi yenidən
özünün həqiqi rəhbəri olaraq ali
hakimiyyətə tələb edəndə nə qədər
ağılla, təkidli hərəkət etmişdisə,
üçüncü minilliyin üçüncü ilində
İlham Əliyevin şəxsində öz yeni Prezidentini –
yeni liderini seçəndə də o səviyyədə
mübarizlik göstərdi. Ümummilli lider Heydər
Əliyevin həyatının son illərində və
aylarında Azərbaycan cəmiyyətini, eləcə də
ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq
dairələri dövlətə gələcəkdə kimin
rəhbərlik edəcəyi, ulu öndərin hakimiyyət
irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi
düşündürürdü. İki əsrin
və minilliyin qovşağında bu barədə
düşünəndə hamının ağlına, birinci
növbədə, ümummilli liderin ən yaxın
silahdaşı və ən sadiq məsləkdaşı, onun
həyat və mübarizə yolunun ən istedadlı yetirməsi
İlham Əliyev gəlirdi.
Bu, yalnız İlham Əliyevin dünya miqyaslı
ictimai-siyasi xadim, böyük dövlət adamı və nəhayət,
müstəqil dövlətimizin memarı və qurucusu Heydər
Əliyevin oğlu olması ilə bağlı deyildi. Həm də
ona görə idi ki, ötən əsrin 90-cı illərinin
ortalarından başlayaraq, yeni tipli siyasi lider olaraq İlham
Əliyev kifayət qədər böyük siyasi nüfuz
qazanmışdı. Yeni tipli siyasi xadim İlham
Əliyev hər gün bir uğura imza atırdı, onda
“tarix” ilə “müasirlik” arasındakı fərq,
şübhəsiz, daha aydın görünürdü.
Ümummilli lider Heydər Əliyevin timsalında rəhbərin
öz soydaşlarının arzu-ideallarına sadiqliyinə
inanan xalq romantik ideallarını belə gerçəkləşdirmiş
əfsanəvi liderin ətrafında görünməmiş
bir vüsət və coşqu ilə səfərbər
olunmuş, mərkəzəqaçma impulsu ilə
toparlanmışdı. Bu, xalqın tarixi arzu-istəklərindən
yoğrulmuş liderin–xalqa xidmət arealının
hüdudsuzluğu ilə ucalmış Heydər Əliyevin
şəriksiz və misilsiz qələbəsi idi. Həmin qələbə isə ulu öndərin
gerçək siyasi varisi kimi qəbul edilən İlham
Əliyevin qarşısında yüksək fəaliyyət
perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji
üfüqlər açırdı. Azərbaycan
dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına
belə geniş meydan, təbii ki, hava-su kimi lazım idi.
Ulu öndərin mükəmməl idarəetmə məktəbinin
ən kamil yetirməsi olan İlham Əliyev siyasi meydanda
çoxdan olsa da, tam aydınlığı ilə Avropa
Şurasının Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər
fəaliyyəti ilə nəzərə çarpdı. Sonradan isə
cəmiyyət onu baş nazir kimi qəbul etdi. Əslində, bu qədəmisayalı
başlanğıc ümummilli lider Heydər Əliyevin siyasi,
ictimai, əxlaqi məfkurəsi üzərində
formalaşan, Avropa və Şərq dəyərlərinin
sintezindən yaranan, monolit kökü olan özünəməxsus
siyasi mədəniyyətin gəlişi idi.
Siyasi düşərgəyə, cəmiyyətimizin idarəçiliyinə
yeni ictimai ruhun gəlişi təzə ideyaların
axını demək idi. Bütün bunların bəhrəsi isə
təkcə əldə olunmuş inkişaf tempini qoruyub
saxlamaq deyil, həm də qazanılacaq yeni uğurlar, növbəti
təcrübə olacaqdı. Varis-lider
İlham Əliyevin keçdiyi mənəvi, mədəni,
intellektual, siyasi məktəb bütöv bir tarix idi.
Belə
bir tarixi şəraitdə ümummilli lider 2003-cü ilin
prezident seçkilərinin həlledici dövründə
canından artıq sevdiyi xalqına müraciətlə
bildirdi: “Üzümü sizə– həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Müstəqil
dövlətin yenicə qurulmuş, nizamlanmış hakimiyyətinin
yeni siyasi varisə ötürülməsi kimi taleyüklü
bir keçid mərhələsində İlham Əliyevin
böyük səs çoxluğu ilə Azərbaycan
Prezidenti seçilməsi göstərdi ki, əvvəla, Azərbaycan
xalqı ümummilli liderin milli dövlət quruculuğu siyasətinin
perspektivliyinə dərindən inanır; ikincisi, İlham
Əliyevi məhz həmin siyasətin
daşıyıcısı və davamçısı kimi qəbul
edir; nəhayət, gələcəkdə milli dövlət
quruculuğu qarşısına çıxa biləcək
qaçılmaz problemlərin həllində onun siyasi
intellektinə, uzaqgörənliyinə və iradəsinə
şübhə etmir.
Beləliklə, Azərbaycan xalqı Prezidentimizin
bütün sahələr üzrə uğurlu siyasətini
görür və daim dəstəkləyir. İndiyə
qədər keçirilən bütün prezident, parlament və
bələdiyyə seçkilərində dövlət başçısı
İlham Əliyevin və onun rəhbərlik etdiyi
partiyanın parlaq qələbə qazanması məhz
xalqımızın öz liderinə olan yüksək
inamının ifadəsidir. Bu baxımdan,
11 aprel prezident seçkilərində də cənab İlham
Əliyevin qələbə qazanması tamailə təbii və
qanunauyğun bir nəticə idi. Bu
faktı onun siyasi oppenentləri də etiraf edir, çox
güclü bir rəqibə məğlub olduqlarını
gizlətmirlər.
Dünyada baş verən mürəkkəb proseslərin
fonunda Azərbaycan son illərdə yüksək dinamika ilə
inkişaf edir, ictimai-siyasi sabitlik təmin olunub, ölkədə
lider – xalq birliyi sarsılmazdır. Bütün bunlar cənab
İlham Əliyevin həyata keçirdiyi mükəmməl
siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin,
ümummilli lider Heydər Əliyevin ideyalarının
daşıyıcısı, dövlət müstəqilliyimizin
başlıca siyasi qüvəsi kimi zamanın
sınağından çıxmış Yeni Azərbaycan
Partiyası sədrinin gördüyü möhtəşəm,
əzəmətli işlər nəticəsində ölkəmiz
öz tarixinin ən güclü dövlətini yaradıb.
Daxili siyasətə gəlincə, Azərbaycanda həyata
keçirilən quruculuq işləri göz önündədir. Elə bir
bölgəmiz yoxdur ki, orada abadlıq, quruculuq işləri
getməsin. Həmçinin, sosial-iqtisadi sahədə də
böyük nailiyyətlər əldə olunub, bölgələrdə
də müasir müəssisələr qurulub, yüz
minlərlə iş yerləri açılıb, məktəblər,
tibb ocaqları, mədəniyyət və idman obyektləri
tikilib istifadəyə verilib. Bütün bunlar
vətəndaşlarımızın rifahı,
sağlamlığı, yüksək biliklərə yiyələnməsi
üçündür. Əlbəttə,
xalqımız İlham Əliyevin bu siyasətini, gerçəkləşdirdiyi
önəmli dövlət proqramlarının və zəruri
layihələrin yaratdığı yenilikləri görür
və ürəkdən dəstəkləyir.
Artıq Azərbaycanda milli birlik, sabitlik, demokratiya bərqərar
ediləndən sonra sivil dəyərlərə geniş
miqyasda inteqrasiya olunmaq dövrü vüsət
almışdır. Ölkəmizin inkişafının,
dünya dövlətləri ilə əməkdaşlığının
strateji tərəflərindən biri də hazırda beynəlxalq
sülhün və təhlükəsizliyin qorunması məsələsidir
ki, Prezident İlham Əliyev bu sahədə də qətiyyətli
mövqedədir.
Prezident İlham Əliyev öz açıq və dərin
təfəkkürü, çevik, analitik dünyaduyumu ilə
milli maraqları bəşəri formulada sintez və təqdim
edə bilir.
O, sülh haqqında, yaxud sülhü müdafiə barədə
konkretdir. Terrorizmə qarşı mübarizədə
səmərəli fikirlərini beyəlxalq tribunalardan səsləndirərkən
tələfat və dağıntıların əziyyətini
çəkənlərin ilk sıralarında Azərbaycanı
nümunə kimi tanıdır.
Müstəqil Azərbaycan dövlətinin yeni lideri
İlham Əliyevin əsaslı və zəruri islahatları
ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə
nəzərə almaqla yanaşı, cəsarətliliyi ilə
də seçilir. Onun məhz yenilikçi idarəetmə
texnologiyalarına ardıcıl, inamlı müraciətinin nəticəsidir
ki, respublikanın iqtisadi inkişafı indiyə qədər
görünməmiş bir sürət və miqyas
almış, ölkədə sağlam sosial-siyasi, mənəvi-mədəni
əhval- ruhiyyə güclənmişdir. Bu
gün ən qərəzkar, ən aqressiv, hətta ən
dağıdıcı bir müxalif qüvvə belə
dövlət başçısı İlham Əliyevin
qazandığı çoxspektrli uğurları görməmək,
yaxud inkar etmək gücündə deyil.
İlham Əliyevin pezidentlik fəaliyyəti
dövründə xalqa verdiyi vədləri
bütünlüklə yerinə yetirib. Bu müddət ərzində
ölkəmizin bütün sahələrdə sürətli
inkişafına nail olunub, insanların rifah halı daha da
yaxşılaşıb. Azərbaycanın
siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin
beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.
Artıq regionda reallaşdırılan
bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın
iştirakı, onun milli maraqlarının nəzərə
alınması ilə həyata keçirilir.
Prezident İlham Əliyevin müstəqil dövlətimizə
11 aprel seçkilərinə qədərki 15 illiki rəhbərliyi
dövründə ölkə iqtisadiyyatında qazanılan misilsiz
uğurlar bu dövrün tarixinin qızıl səhifələrini
təşkil edir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye
istehsalı 2,6 dəfə, kənd təsərrüfatı
1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə
çoxalıb. Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün
46 milyard dollara çatdırılıb.
Ölkə rəhbəri İlham Əliyev ulu öndərin
yaratdığı əsaslara söykənərək Azərbaycanda
iqtisadi- sosial tərəqqini fenomenal bir gerçəyə
çevirib. Bu illərdə milli iqtisadiyyatımız onun qətiyyəti
və novator idarəçiliyi sayəsində 3 dəfədən
çox artıb. Bu, dünyada ən
sürətli inkişaf göstəricisidir. Yoxsulluq onun müstəsna səyləri ilə 10 dəfəyə
qədər azalaraq 5 faiz səviyyəsinə enib.
İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə
2 milyona yaxın yeni iş yeri açılıb.
Prezident İlham Əliyevin xarici siyasətində isə
daim dövlət və milli maraqlarımız qəti şəkildə
qorunur. Qloballaşan dünyada ancaq konkret düşüncəli,
yüksək mədəniyyətli, zəkalı, sərbəst
mükalimələr yürüdən siyasətçilər
nüfuz və hörmət qazana bilərlər. Bu mənada, İlham Əliyev vətəninin milli mənafeyini
istənilən səviyyələrdə, aparıcı beynəlxalq
dillərdə çatdırmağa və müdafiə etməyə
kifayət qədər qadir siyasətçidir.
Son illərdə dünyada etibarlı tərəfdaş
kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək
istəyən dövlətlərin sayı xeyli
çoxalıb. Azərbaycan müxtəlif dövlətlərlə,
o cümlədən Avropa İttifaqına üzv 9 ölkə
ilə strateji tərəfdaşlıq əlaqələri
qurub. Dövlətimizin
başçısının təşəbbüsü ilə
müxtəlif formatlarda əlaqələr yaradılır və
inkişaf etdirilir. Azərbaycanın 155 dövlətin dəstəyi
ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil
olunduğu Qoşulmama Hərəkatına 2019–2022-ci illər
sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq
miqyasda nüfuzunu və qüdrətini göstərir.
Modern düşüncəli siyasi lider İlham
Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti bu
gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı
və uğurlu icraçısı kimi tanınır. 2006-cı ildə
Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə
Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin istifadəyə
verilib, 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində
böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli
qoyulub. 2018-ci ildə Bakıda Cənub Qaz
Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP
boru kəmərinin rəsmi açılış mərasimləri
keçirilib. TAP layihəsi ilə bağlı işlər
isə uğurla davam etdirilir. “Əsrin müqaviləsi”nin fəaliyyəti 2050-ci ilə qədər
uzadılıb.
Dövlət başçısı İlham Əliyevin
təşəbbüsü ilə Şərq-Qərb və
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin
yaradılması istiqamətində böyük işlər
görülüb. Artıq Bakı–Tbilisi–Qars dəmir yolu
istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və
Gürcüstanla sərhədinə qədər yeni magistral
avtomobil yolları tikilib. Bu gün Azərbaycan
artıq dünyada sayı məhdud olan kosmik ölkələr
sırasındadır. 2013-cü ildə Azərbaycanın
ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci – Yer
səthini müşahidə edən “Azersky” peyki, bu il isə
daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə
çıxarılıb.
Azərbaycan ordusu dünyanın ən güclü 50
ordu sırasına daxil olub. Prezident, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun döyüş qabiliyyətinin artırılması,
silahlı qüvvələrin maddi-texniki bazasının
möhkəmləndirilməsi sahəsində zəruri tədbirlər
görülüb. Azərbaycan
Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində
1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Azərbaycan Ordusu öz gücünü və
döyüş qabiliyyətini 2016-cı ilin aprelində
Qarabağ cəbhəsində qalibiyyətli döyüşləri,
işğalçıya sarsıdıcı zərbələri
və strateji mövqelərdə möhkəmlənməsi ilə
həm düşmənə, həm də dünyaya
nümayiş etdirdi.
Azərbaycan
tarixinə zəfər səhifələrindən biri kimi
daxil olmuş Aprel döyüşlərində qəhrəman
ordumuz Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının ərazilərinin bir qismini, ümumilikdə,
2 min hektardan çox torpağı
işğalçılardan təmizləyərək
böyük bir əraziyə nəzarəti ələ
aldı. Bu döyüşlərin ən
mühüm yekunu Lələtəpə yüksəkliyinin
azad olunması və bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin
təmin edilməsi oldu. 2018-ci ilin may ayında isə
Naxçıvan Muxtar Respublikasının 11 min hektardan
çox ərazisi, o cümlədən Şərur rayonunun
Günnüt kəndi düşməndən azad edildi,
dövlət sərhədi boyunca əlverişli yüksəkliklər
ələ keçirildi, İrəvan–Gorus–Laçın
yolu nəzarətə götürüldü.
Dünyada böyük multikultural dəyərlərə
malik ölkə kimi tanınan Azərbaycanda İlham
Əliyevin prezidentliyi dövründə milli-mənəvi dəyərlərin,
multikulturalizm və tolerantlıq ənənələrinin
qorunub saxlanılması istiqamətində mühüm işlər
görülüb. Həmin müddətdə ölkədə
220-dən çox məscid, kilsə, sinaqoq tikilib və ya bərpa
olunub.
Son 15 il ərzində Azərbaycan dünyada həm də
mühüm beynəlxalq tədbirlərin,
yarışların keçirildiyi ölkə kimi
tanınıb. Bakı “Avroviziya” mahnı müsabiqəsinə,
ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına,
“Formula 1” yarışlarına uğurla ev sahibliyi edib.
Sivilizasiyalar, xalqlar və mədəniyyətlər
arasında dialoqa və əməkdaşlığa
mühüm töhfə verən “Bakı prosesi”nin təşəbbüskarı olan Prezident
İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində
Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər və
layihələr həyata keçirilib. Tolerantlığın
Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir
və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun
Bakıda keçirilməsi bunu təsdiqləyir.
Prezident İlham Əliyevin xalqımız tərəfindən
birmənalı olaraq dəstəklənməsində azərbaycançılıq
ideologiyasının yeni mərhələdə uğurla davam
etdirilməsi də önəmli rol oynayır. Ölkə rəhbəri
milli-mənəvi dəyərlərimizin, ana dilimizin
qorunması və inkişaf etdirilməsi sahəsində də
misilsiz xidmətlər göstərib. Bu
barədə faktlar kifayət qədərdir və biz
zaman-zaman bu mövzularla bağlı ətraflı söhbət
etmişik.
Ən təqdirolunası məqamlardan biri dövlətimizin
başçısının türk dövlətləri və
xalqlarının birliyinin gücləndirilməsi istiqamətində
göstərdiyi səylər və təşəbbüslərdir. Məhz bu siyasətin nəticəsidir
ki, türk birliyi son illər daha da güclənib və bu
proses irəliyə doğru getməkdədir. Qeyd
etdiyimiz kimi, bu uğurun əldə olunmasında Azərbaycan
Prezidentinin müstəsna xidmətləri var. Ona görə də,
cənab İlham Əliyev bu gün türk
dünyasının liderlərindən biri kimi qəbul olunur.
Azərbaycan rəhbəri İlham Əliyevin siyasətində
İslam həmrəylinin gücləndirilməsi də əsas
istiqamətlərdən biridir. Nəinki, Azərbaycan
xalqı, eləcə də bütün İslam
dünyası cənab İlham Əliyevin bu yöndəki səylərini
yüksək dəyərləndirir. Prezident 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə
bütün İslam dünyasına ciddi mesaj verdi. Həmin il çərçivəsində yerli və
beynəlxalq tədbirlər keçirildi. Bütün
müsəlman dünyası cənab İlham Əliyevin həmrəylik
təşəbbüsünü dəstəkləyir.
Qədirbilən xalqımız görülən işləri,
əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir
və ən yüksək səviyyədə qiymətləndirir. Odur ki, xalqımız 2008-ci
il oktyabrın 15-də, 2013-cü il oktyabrın
9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident
seçkilərində də Heydər Əliyev siyasətinin
layiqli davamçısına, sabitliyə, əmin-amanlığa,
tərəqqiyə, quruculuğa səs verib. Bu,
həm də onu göstərir ki, Azərbaycanda Heydər
Əliyev siyasətinin alternativi yoxdur.
Dövlətimizin başçısı İlham
Əliyevin 15 illik prezidentlik fəaliyyətinin əsas qayəsində
xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının
Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə
möhkəmləndirmək dayanır. Tam əminliklə
demək olar ki, Azərbaycanın bütün sahələrdə
qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin
təntənəsidir.
Ulu
öndər Heydər Əliyev ölkəsinin müstəqilliyinin
on ili ərzində milli, dünyəvi
quruluş formasiyasını seçən Azərbaycanın
bugününün və sabahının üç ana prinsipini,
ideya istiqamətini müəyyənləşdirmişdir: azərbaycançılıq,
millilik, demokratizm! Bu gün artıq
özünü təsdiqləmiş, nəticələri ilə
xalqın böyük hissəsinin etibarını əldə
etmiş bu dəyərlər Prezident İlham Əliyevin milli
birlik, vətənçilik barədə məxsusi düşüncələri
ilə daha çevik, yeni məcrada davam və inkişaf
etdirilir.
Müstəqillik
dövrünün tarixi proseslərinin ictimai xarakteri onu
göstərir ki, əgər Azərbaycanda Heydər
Əliyevin dövlətçiliyə xilaskar
baxışları, müdaxilələri olmasaydı, bu
gün dünya azərbaycanlılarının taleyi barədə
şübhələr hökm sürərdi. Azərbaycançılıq
kimi böyük ideya dil, mədəniyyət, adət-ənənələrin,
xalqın şərəfli tarixinin elmi cəhətdən
araşdırılması, öyrənilməsi vətəndaşların
həmrəylik istəyi, mütəşəkkilləşmək
barədə duyğuları ilə yoğrulmuşdur.
Millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin,
təfəkkürünün əsas mənbəyidir. Onun öz
xalqının ruhuna uyğun, eləcə də Avropa və Qərb
təmayyüllü siyasəti Azərbaycanın əzəli
milli maraqlarından mayalanır. Bu keyfiyyət,
bütövlükdə, ümumtürk ruhunun tərbiyəsindən
gələn bir xarakterdir. Türk ruhumuzun
siyasi, milli, əxlaqi, mədəni dəyərləri
çoxəsrlik tarixi sınaqlardan alnıaçıq
çıxıb. Millətin yaşam
proseslərinə qiymət verərkən, təbii ki, türk
dünyasının, türk xalqlarının zaman-zaman özəlliklərini
saxlayaraq hərtərəfli inkişaf meyllərinə
tapınmasından dövlətin də, Prezidentin də, vətəndaşların
da bugünkü qürur hissi böyük olmalıdır.
Müasir Azərbaycan dövləti Heydər Əliyevin
rəhbərliyi ilə müstəqil həyatının
çətin, ziddiyyətli yaşantılarını
çoxdan geridə qoymuşdur. Demokratik quruluşun
mahiyyətini göstərən amillərin gerçəkləşməsi
sayəsində dövlətimiz bu gün dünya birliyində
layiqli yer tutur. Bayrağımız, demək
olar ki, bütün beynəlxalq təşkilatlarda
ucaldılmışdır. Millətimizin
daxili potensialı, ictimai düşüncəsi ona imkan verir
ki, Azərbaycan demokratizmi heç də digər ölkələrin
demokratizmindən geri qalmasın.
Dünya siyasətinin ən peşəkar simalarından
biri, iyirminci yüzilin böyük mütəfəkkir qurucusu
Heydər Əliyev bütün vətəndaşlara, o
cümlədən müxalifətə açıq siyasi fəaliyyət
və özünütəbliğat üçün təhlükəsiz
şərait yaratmışdır. İqtidar siyasi əqidəsindən
asılı olmayaraq, hər bir vətəndaşa, o cümlədən
də müxalifətə söz demək, mübarizə
aparmaq azadlığını vermişdir.
Prezident İlham Əliyev bu gün eyni demokratizmi davam
etdirərkən, bəlkə də, bir qədər də
artırarkən sağlam, eyni zamanda, gənc intellektual
düşüncənin, qabiliyyətin, milli təəssübkeşliyin,
yolunu fəal surətdə açıq elan etmişdir. O, müxalifətlə
münasibətdə nümayiş etdirdiyi demokratik, milli, mədəni,
əxlaqi səviyyə ilə Azərbaycanın
maraqlarını hər şeydən üstün tutduğunu
dəfələrlə açıqlamış, avantürist
meyillərə əsaslanan müxalif qüvvələri millətin
sabahı naminə fəaliyyət göstərməyə,
iqtidarla dialoqa dəvət etmişdir.
Önəmlisi odur ki, Azərbaycandakı siyasi, sosial, mədəni
xətt doğma dəyərlərə münasibətdə
millətin keçmiş dövlətçilik və
yaşam təcrübəsindən istifadəyə söykənir. Bu yol
müasir dövlətçilikdə vacib impulsiv milli strategiya
sayıla bilər. İlham Əliyev Azərbaycan
dövlətinin başına təkcə ümummilli liderin
varisi, davamçısı, onun məktəbinin
ardıcılı kimi yox, həm də yenilikçi – yeni
zamanın yeni lideri olaraq gəlmişdir. O, idarəçiliyin
elə demokratik və optimal yolunu seçmişdir ki, hər
bir zəkalı ölkə vətəndaşının
dövlətçiliyin inkişafında yeri var. Və
dövlət quruculuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə,
biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə
görə müəyyənləşmişdir.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının və müstəqilliyinin siyasi proqramını ümummilli liderimiz Heydər Əliyev böyük inamla formalaşdırmış və reallaşdırmış, iqtisadi müstəqillik uğrunda mübarizənin möhkəm təməlini qoymuşdur. Siyasi müstəqilliyin və onun iqtisadi cəbhəsinin daha da möhkəmləndirilməsinin sükanı artıq 16 ildir ki, Prezident İlham Əliyevin əlindədir. Əminliklə demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməz prosesə çevrilməsi ümummillil lider Heydər Əliyevin ən layiqli və sadiq davamçısı İlham Əliyev siyasətinin tarixi nailiyyətidir.
Nizami CƏFƏROV,
Milli Məclisin deputatı, Atatürk
Mərkəzinin müdiri, akademik
Xalq qəzeti.- 2019.- 11 aprel.- S.3.