İlham Əliyevin
islahatlar
kursu və strategiyası
Ölkəmizi müasirləşdirmək,
yeniləşdirmək, gücləndirmək,
iqtisadiyyatımızı, ordumuzu gücləndirmək – bu
gün bizim planlarımız məhz bundan ibarətdir. Azərbaycan xalqı üçün gözəl
şərait yaratmaq və Azərbaycanı dünya birliyinə
daha da sürətlə, hərtərəfli inteqrasiya etmək
bizim əsas, prioritet məsələlərimizdir.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Tarixdə iz qoymuş böyük
liderlər dövlət hakimiyyətini ölkənin yalnız
bugünkü maraqları baxımından deyil, həm də gələcək
mənafeyini nəzərə alaraq təşkil edir, dövlətçiliyin
ideoloji-siyasi, hüquqi-iqtisadi əsaslarını
formalaşdıraraq optimal dövlət modeli yaratmağa
çalışırlar. Müstəqil Azərbaycanın
milli inkişaf modelinin reformatoru, müasir tipli lideri İlham
Əliyev də təkamülə əsaslanan demokratik tərəqqi
yolunun alternativsizliyini real əməli nəticələrlə
sübuta yetirməklə bərabər, yeni xəttini
fundamental elmi-praktik, müasir, kreativ, səmərəli
prinsiplər aspektində müəyyənləşdirmişdir.
Prezident İlham Əliyevin son bir ildə həyata
keçirdiyi islahat kursu, hökumətin ümumi daxili və
xarici siyasətdə uğurları ölkədə birmənalı
pozitiv mühit yaradır. Onun ən uğurlu nəticəsi
isə sabitliyin qorunub saxlanılmasıdır.
Dövlət başçısının yeni xətti
ulu öndər Heydər Əliyevin strategiyasını davam
etdirməklə, həm də sabitliyi yenilik və
müasirliklə uzlaşdırır.
Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli
rəhbərliyinin ən sanballı göstəricisi də məhz
azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz
yüksəlməsi, milli özünüdərkin
inkişafı, xalqın tarixi yaddaşının özünə
qaytarılması kimi fundamental prinsiplər əsasında
milli dövlətçilik arzularının və hisslərinin
güclənməsi, real siyasi amilə çevrilməsidir. Dahi öndərin
vətənpərvər fəaliyyətinin nəticəsi
olaraq ictimai şüurdakı istiqlal duyğuları aşkara
çıxarılaraq yeni məzmun kəsb etmiş,
respublikada milli ruhlu vətəndaşlar
formalaşmışdır.
Ulu
öndər Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin
birinci dövründə ölkənin inkişafı istiqamətində
gördüyü işlər, qəbul etdiyi cəsarətli qərarlar,
həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə
bir neçə onillikdən sonra müstəqillik nemətinə
qovuşacaq respublikamızın sabahına hesablanmış
digər məqsədyönlü addımları ilə
özünün yeni tip lider obrazını
yaratmışdır. Bu obraz Prezident İlham
Əliyevin fəaliyyətində də əks olunur və yeni
çağırışlara cavab tapır. Azərbaycan xalqı özünün müasir
inkişaf yolunda məhz ulu öndər Heydər Əliyevin
dövründə əsası qoyulmuş zəngin
iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad
etmişdir. Heydər Əliyev respublikanı nəhəng
quruculuq meydançasına çevirərkən, strateji əhəmiyyətli
sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət
verərkən, bir sıra yeni təhsil ocaqları, o cümlədən
mədəniyyətin, fundamental və tətbiqi elmlərin
sıçrayışlı inkişafına nail olarkən məhz
bugünkü və gələcək tərəqqinin, dinamik
sosial-iqtisadi inkişafın möhkəm təməlini
qoymuşdur. Ulu öndərin hakimiyyəti illəri
Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni
yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik
şüurunun, müstəqillik ideallarının
oyanışına güclü təkan vermişdir. Bu nöqteyi-nəzərdən Azərbaycan
xalqının müstəqil dövlətdə yaşamaq
idealının real, dayanıqlı əsaslar üzərində
gerçəkləşərək əbədiləşməsi
çağdaş tariximizin unudulmaz dühası – ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu
öndər o dövrlərdə belə, fəaliyyətində
yüksək daxili “Mən”inin təcəssümü olan ədalətlilik,
insanpərvərlik, humanizm kimi ali dəyərlərə
sadiqliyini nümayiş etdirmişdir. Düzgünlük,
haqqı nahaqqa qurban verməmək, zəifləri, məzlumları
müdafiə etmək, hər bir fərdin mənafeyini önə
çəkmək Heydər Əliyevin idarəçilik fəlsəfəsinin
əsas mahiyyətini təşkil etmişdir. Yalnız
bir faktı xatırlatmaq yerinə düşər ki, Heydər
Əliyev respublikaya birinci rəhbərliyi dövründə
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə
kasıb, imkansız ailələrin övladlarının daxil
olmasına yol açan xüsusi göstəriş vermiş,
beləliklə bu sahədə ədalət və şəffaflıq
prinsipini təmin etmişdir.
Böyük öndər hələ o dövrlərdən
milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil
almasında, maariflənməsində görərək,
respublikada elmin inkişafı üçün bütün zəruri
tədbirləri həyata keçirmişdir. Ulu öndər
yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə,
elmin, mədəniyyətin inkişafına təsir göstərən
ən qüdrətli vasitələrdən biri də təhsildir.
Bəşəriyyətin çoxəsrlik təcrübəsi
də göstərir ki, elmə, təhsilə qiymət verməyi
bacaran xalqlar və dövlət başçıları
öz ölkələrinin sürətli inkişafını
təmin etmiş olurlar. Heydər Əliyev
öz fəaliyyəti və siyasi təcrübəsində hər
zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən
faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini
elmdə, maariflənmədə görmüşdür. Heydər Əliyev dühası həm də fəlsəfəmizin,
mədəniyyətimizin, ədəbiyyatımızın
gözəl bilicisi, araşdırıcısı, ən əsası,
böyük hamisi olmuş, elmə, alimə həmişə
yüksək qiymət vermişdir.
Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə
keçid dövründə respublikanın
qarşısında duran strateji vəzifə və hədəfləri
düzgün müəyyənləşdirməklə,
dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində
sınaqdan uğurla çıxmış, müsbət nəticələri
sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə
adekvat strategiyasını yaratmışdır. Bu strategiya Azərbaycanda
milli dövlətçiliyin siyasi, dini və etnik
tolerantlığı, sakitliyi imperativ kimi qəbul edən
müasir modelini, dünyanın mövcud reallıqlarına nəzərən
formalaşmış demokratik idarəetmə fəlsəfəsini,
mənəvi dəyərlərimizin qorunmasını, cəmiyyətin
bütün potensialının milli maraqlar kontekstində səfərbər
edilməsini, ictimai-siyasi sabitlik faktoruna istinad edən yeni
iqtisadi inkişaf strategiyasını, habelə hakimiyyətlə
cəmiyyət arasında daimi həmrəyliyin
yaradılmasının elmi əsaslarını konseptual formada
özündə təcəssüm etdirir.
Böyük
öndər bu iqtisadi inkişaf modelini irəli sürərkən
heç də dünya ölkələrinin təcrübəsini
Azərbaycana köçürməmiş,
respublikamızın zəngin təbii resurslarını, Şərqlə
Qərbi qovuşduran əlverişli coğrafi-siyasi
mövqeyini, geniş tranzit-kommunikasiya imkanlarını, habelə
tarixi təsərrüfatçılıq ənənələrini,
spesifik xüsusiyyətlərini, sosial-iqtisadi gerçəkliklərini
nəzərə almışdır. O, qısa müddətdə
özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst
rəqabətə meydan açan, dövlətsizləşdirməni
özündə ehtiva edən, sosialyönümlü mahiyyət
daşıyan, habelə xarici iqtisadi əlaqələrin
gücləndirilməsi və münbit biznes mühitinin
formalaşdırılması yolu ilə ölkəyə
investisiya axınını stimullaşdıran liberal
inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə
nail olmuşdur. “Azərbaycan dövlətinin
strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin
bərqərar olması, bazar iqtisadiyyatı və
sahibkarlığın inkişafıdır”, – deyən Heydər
Əliyev demokratik düşüncə və həyat tərzinin
bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman
sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun
alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına
nail olmuşdur. Ümummilli öndərimiz
mərkəzi planlaşdırma və bölgü sistemindən
sərbəst bazar münasibətlərinə əsaslanan
iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin
maraqlarına toxunmaması üçün dövlət
büdcəsində sosial müdafiə tədbirlərinə
geniş yer ayrılmasını da təmin etmişdir.
Ulu
öndərin dövlətçilik fəlsəfəsinə
tapınan cənab İlham Əliyevin prezidentliyinin son bir ili də respublikada sabit iqtisadi və hüquqi
sistemin islahatlarına, sosial vəzifələrin həllinə,
əhalinin alıcılıq qabiliyyətinin və
rifahının yüksəldilməsinə, cəmiyyətdə
həmrəyliyin əldə edilməsinə yönəlmişdir.
Azərbaycan Prezidenti daim öz xalqı ilə
birbaşa təmasdadır və onun sözü ilə əməli
indiyə qədər vəhdət təşkil edibdir. Bu vədlərin ardıcıl sürətlə
yerinə yetirilməsi nəticəsində Azərbaycan son on
altı ildə öz dinamik inkişafını təmin edib,
mühüm enerji və transmilli layihələri icra edib,
planetin azsaylı kosmik dövlətləri sırasına daxil
olub, iqtisadiyyatın ayrı-ayrı sahələrinin əsaslı
inkişafını reallaşdırıb.
Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa
qarşı mübarizəni dövlət siyasətində
prioritet istiqamətlərindən biri kimi elan edib, ölkədə
sistem xarakterli inzibati və institusional islahatlar həyata
keçirir. Qazanılan uğurlar Azərbaycanın davamlı və
sonu görünməyən demokratiya magistralında uğurla
irəliləməsinə, dünya miqyasında nüfuzunun
yüksəlməsinə, özünüifadəsinə
geniş imkanlar yaratmışdır. Respublikamızın
sabit iqtisadi inkişaf yolunda olması idarəçiliyin
demokratik formasını sabitləşdirməyə və
möhkəmlətməyə əsaslı zəmin
formalaşdırır. İndiki məqamda
ölkənin siyasi elitası qarşısında duran əsas
vəzifələrdən biri iqtisadi nailiyyətləri yeni
hüquqi şüur formalaşdırılması amilinə
transformasiya etməkdir.
İnkişaf etmiş və demokratik inkişaf yolunda
böyük təcrübə qazanmış Qərb ölkələrinin
standartlarını Azərbaycanla eyniləşdirmək cəhdi
istənilən halda uğursuzluğa məhkumdur. Azərbaycan
müstəqillik qazandıqdan sonra azad bazar iqtisadiyyatı və
demokratik inkişaf yolunu prioritet kimi seçsə də, bu
prosesin tədricən həyata keçirilməsinə, təkamülə
əsaslanmasına üstünlük vermişdir. Respublikamızın üstünlük verdiyi siyasi
strategiya dünya miqyasında qəbul olunmuş universal
prinsiplərin saxlanılması yolu ilə milli demokratiya
modelinin inkişaf etdirilməsidir. Belə
bir modelin formalaşması isə şübhəsiz, ölkənin
sosial-iqtisadi inkişaf tempi ilə həmahənglik təşkil
edir. Böyük strateq olan Azərbaycan Prezidenti
İlham Əliyevin dəfələrlə bəyan etdiyi
kimi, ölkəmizin sabit və tarazlı inkişafı
yalnız milli şüurda yeniliklərin qəbulundan
keçir.
Dövlət başçısı bu iki təmayülü
bir-birindən ayırmadan Azərbaycanın strateji inkişaf
yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi
və milli şüurun vəhdətinə nail olmağın
vacibliyini dəfələrlə önə çəkmişdir:
“Vətəndaş cəmiyyəti quruculuğu, demokratik
proseslərin möhkəmləndirilməsi, hüquqi
islahatların genişlənməsi heç də şüar
və arzu deyil, Azərbaycanın hərtərəfli
inkişafının başlıca şərtidir. Demokratik dövlətin mühüm təsisat kimi
başlıca vəzifəsi bütövlükdə cəmiyyətin
və ayrılıqda hər bir vətəndaşın maddi
rifah halının yüksəldilməsi, onların sosial
müdafiəsi və layiqli həyat səviyyəsinin təmin
olunması, habelə şəxsiyyətin hərtərəfli
inkişafı üçün bərabər imkanların
yaradılmasıdır”.
Qloballaşma dövründə demokratikləşmə
və siyasi-hüquqi liberallaşma hər bir xalqın
sosial-iqtisadi, mədəni, intellektual baxımdan bu prosesə
hazırlığı ilə şərtlənir. Demokratik dəyər
və normaların hər hansı cəmiyyətdə möhkəmlənməsi
insanların maddi rifah halının yüksəlməsindən
keçir. Maddi sıxıntılar içərisində
yaşayan insan sərbəst, fəal ola
bilməz və iqtisadi baxımdan inkişaf etməmiş
hansısa cəmiyyətdə demokratiya qurmaq mümkün
deyildir. Azərbaycan müasirliyə tranzit mərhələsində
olan ölkə kimi demokratik inkişaf yolunun dönməzliyini
və əbədiliyini özü üçün tam yəqinləşdirmiş,
xalqın gələcək inkişafında bu mütərəqqi
dəyərlərin rolunu və əhəmiyyətini daim
önə çəkmişdir. Azərbaycanın
hazırkı sürətli iqtisadi inkişaf tempi cəmiyyətdə
ictimai konsensusa, liberallaşmaya xidmət edən
hüquqi-siyasi və demokratik islahatlar kursunun daha da genişləndirilməsini
zərurətə çevirir.
Bu gün dövlət başçısı İlham
Əliyevin həyata keçirdiyi çoxşaxəli
islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və
inkişaf yolunu müəyyən edir. Bu müəy-yənləşmə
Azərbaycanın qısa müddət ərzində iqtisadi
inkişaf göstəricilərinə görə regionun
aparıcı dövlətinə çevrilməsi
faktıdır. Bakı–Tbilisi–Ceyhan,
Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Qars “Bir kəmər,
bir yol” kimi nəhəng layihələrin gerçəkləşməsi,
respublikamızın ümumilikdə Avropa regionunun gələcək
enerji təhlükəsizliyi missiyasını üzərinə
götürməsi xalqımızın dünya arenasında
layiqli yerini təmin edir. Azərbaycan vətəndaşının
gün-güzəranı yaxşılaşır, şəhər,
kənd və qəsəbələr abadlaşır, respublikamızda
ağır sosial problemlər artıq öz həllini
tapır. Bütün bunlarla yanaşı,
Azərbaycanda hüquqi dövlətin təntənəsi,
qanunların aliliyi, haqq-ədalətin zəfəri
üçün lazımi tədbirlər həyata
keçirilir. Azərbaycanın mövcud
iqtisadi potensialının insan kapitalına çevrilməsi
istiqamətində atılan addımlar ölkəmizin elmi
inkişafına doğru sürətli kurs
götürdüyünü təsdiqləyir.
Hazırkı mərhələdə neft-qaz sənayesindən
və qeyri-neft sektorunun inkişafından gələn vəsaitin
respublikamızda vətəndaş cəmiyyəti və
hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə,
ümumilikdə, insan amilinin yüksəlişinə yönəldilməsi
demokratiya sahəsində böyük təcrübəsi olan
dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar,
nüfuzlu ekspertlər tərəfindən müsbət
qarşılanır. Dövlət başçısı
İlham Əliyev həyata keçirdiyi islahatları məhz
ulu öndər Heydər Əliyevin müəllifi olduğu
möhkəm təməl üzərində davam etdirir və
yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə
çalışır.
Milləti Heydər Əliyev ideyaları ətrafında
toplayan cənab İlham Əliyev özünü azərbaycanlı
sayan, bu vətəndaşlıqdan qürur duyan hər kəsi
ulu öndərin arzularının, ideyalarının həyata
keçirilməsi istiqamətində səfərbər edir. Bütün
bunlar tam mənada bunu deməyə əsas verir ki, Prezident
İlham Əliyevin dövlətçilik təcrübəsində
siyasi varislik ənənələrinin davamı, həmçinin,
mütərəqqi inkişaf və islahat meyillərinin
gücləndirilməsi ideyası üstünlük təşkil
edir. Alternativsizliyi ulu öndərimiz Heydər
Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə
öz təsdiqini tapmış bu siyasi kursun
davamlılığının təmin olunması Azərbaycanın
dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə,
müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli
yüksəlişinə ən etibarlı təminatdır.
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə İnstitutunun
direktoru
Xalq qəzeti.- 2019.- 13 aprel.- S.3.