Göyçənin söz
heykəlini yaradan sənətkar
Tanınmış
publisist-şair, tədqiqatçı-yazıçı
Eldar İsmayıl qədim, şanlı tarixi olan ədəbiyyatımızın
ecazkar şeir ənənələrindən,
ilk növbədə, təkrarolunmaz
Göyçə ədəbi irsindən qidalanaraq
onları yaşadan, inkişaf
etdirən, öz ilhamlı
yaradıcılığı ilə zənginləşdirən
istedadlı, fədakar söz ustalarımızdandır.
Ömrünün müdriklik, fəaliyyətinin kamillik dövrünü məhsuldar yaradıcılığa həsr etmiş Eldar müəllim mövzuca aktual, formaca rəngarəng və məzmunca dolğun əsərlərində doğma Vətən, Türk dünyası, xalqımızın yüksək mənəvi aləmi ilə bağlı dəyərləri dərindən və əhatəli əks etdirmişdir. Sənətkar “Zülmətdə parlayan qılınc”, “Səttaroğlu”, “Göyçənin qisası qalır” kimi tarixi-sənədli romanlarında Qərbi Azərbaycan türklərinin tarixinin, insanlarının həyatının, onların varlığına qənim kəsilmiş erməni işğalçılarına qarşı mübarizəsinin bədii salnaməsini yaratmaqla ədəbiyyatımızda bu mövzuya zənginlik gətirmişdir. “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Ermənistan türklərinin 1988-ci il soyqırımı”, “Qərbi Azərbaycan, Göyçə-- erməni işğalı” əsərlərində isə şair-publisist azərbaycanlıların öz tarixi torpaqlarında davamlı soyqırımı və deportasiyası ilə bağlı erməni cinayətlərini dəqiq tarixi sənədlərə, faktlara, ədalətli məntiqə əsaslanaraq açıb göstərmişdir.
Onun “Aşıq Ələsgər” mənzum pyesi aşıq poeziyasının zirvəsi olan Dədə Ələsgərə həsr olunmuş onlarca dastan, poema və şeirlər içərisində layiqli yer tutur.
Xəlqilik, vətənpərvərlik hissləri Eldar İsmayıl yaradıcılığının ana xəttini təşkil edir. Onun əsərlərində Türk dünyasının şərəfli keşmişi, onun bugünkü narahat taleyi dinclik arayan bir ümman kimi dalğalanır. Şair doğma Azərbaycanımızın hər iki tayına, sevimli Təbrizimizə, bir olan millətimizin ikinci dövləti saydığımız Türkiyəyə sonsuz məhəbbətini silsilə poema və şeirlərində, eləcə də bu yaxınlarda işıq üzü görmüş “Mən Təbrizdən necə doyum” kitabında dönə-dönə ilhamla ifadə etmişdir. Eldar İsmayıl bu topluda yer almış “Ey əlli milyonluq Azərbaycanım” şeirində bütöv Vətənin ululuğunu və əzəmətini tərənnüm etmişdir:
Təbrizli, Gəncəli
ulu məmləkət,
Mən sənə
harayım, ünüm deyəcəm...
Onda Zəngəzura, qədim
Göyçəyə,
İlkin Qəmərliyə mənim deyəcəm!
İnşallah, belədi eşqim,
gümanım!
Ey əlli milyonluq
Azərbaycanım!
Milyonlarla Vətən övladının taleyi ilə yaşamağı, onların sevincini, dərd-sərini, nisgilini, faciəsini özününkü kimi qəbul etməyi ədəbi-bəbii faaliyyətinin basılıca yönünə çevirmiş Eldar İsmayıl bu gün yaxın-uzaqlarda məhz vətəndaş yazar kimi tanınır və sevilir. Qədim Göyçədə doğulub- böyümüş, gənclik illərində burada yazıb-yaratmış, el-obasıyla birgə qaçqınlıq taleyi yaşamış şairin ümumi yaradıcılığında da Göyçə mövzusu üstün yer tutur. Onun “Ulu Göyçə” poeması ədəbi bir hadisədir.
Göyçə mühitini, təbiətini, insanlarını, danışıq tərzini və bədii təfəkkürünü az-çox bilən, o mahalın vurğunu olan övladı kimi əminliklə deyirəm: heç kəs Göyçə mahalının təbiətini, aşıqlarını, şairlərini, tanınmış dövlət, elm, mədəniyyət xadimlərini, igidlərini Eldar İsmayıl qədər tanıya və tanıda bilməmişdir. Onun əsərlərində Göyçənin kəndləri, oylaqları, yurd yerləri, dağları, qayaları, təpələri, gədikləri, gölləri, çayları, bulaqları, çəmənləri, çiçəkləri, saz havaları və s. ümumilikdə mükəmməl bədii ensiklopediya səciyyəsi daşıyır.
Bu poema Göyçə ədəbi irsi ənənəsindən qaynaqlanan, Miskin Abdal, Ozan Heydər, Ağ Aşıq Allahverdi, Şair Məmmədhüseyn, Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman kimi onlarca bədii söz xiridarlarının məktəbindən dərs alan və bu yolu yorulmadan davam etdirən Eldar İsmayılın bədii yaradıcılığının zirvəsidir. Şairin canından əziz bildiyi Göyçəsinə, onun adi insanlarına sevgisi, məhəbbəti atəşli və sonsuzdur:
Ulu Göyçə, məlhəm olum yarana,
Canım qurban möhnət
dağın yarana!
İnanma ki, Eldar bir də yarana,
Bir ömürü “Vətən”
deyib əritdi,
Söz atını “millət” deyib səyritdi.
Məncə,
o yalnız "Ulu Göyçə" poemasını
yazmış olsaydı da coşğun ilhamlı bir şair
kimi tanınardı. Eldar İsmayıl bu poema ilə
başı dağlar qoynundakı Göyçəyə xəyallarımızın
zirvəsində bədii bir abidə qoymuşdur.
“Sən məni aldada bilməzsən,
Dünya” adlı şeirində Eldar İsmayıl
insanların, xalqların faciələri, dünyada baş verən
ədalətsizliklər, güclülərin
haqsızlıqları ilə bağlı
duyğu-düşüncələrini qələmə
alıb. Bu səpgili
poetik nümunələrinin əksəriyyətində
olduğu kimi, şair bu şeirində də bədii qənaətlərini
ümumiləşdirərək öz eli, xalqı adından
danışır:
İçimə kül səpib, od bitirmişəm,
Ömür itirmişəm, gün
itirmişəm.
Mən səndən bir
yeyib, beş
götürmüşəm,
Sən məni aldada bilməzsən, Dünya!
Göründüyü kimi, ədibin Vətən, Torpaq
kimi müqəddəs məfhumlarla, milli-mənəvi dəyərlərimizlə
bağlı problemlərə vətəndaş münasibəti
fəal və kəsərlidir.
Eldar İsmayıl
olduqca duyğusal
şairdir. O,
bədii sözü göyərdib- bara yetirməyə qadir
yazarlardandır. Şair qanadlı sözün gücüylə
insanların qəlbində uca duyğular, dərin mənalar
yaratmağı asanlıqla bacarır. Əsl şairin
gücü də məhz bundadır.
Eldar İsmayıl
həssas, kövrək
qəlbli bir şair kimi bu gün də həmişəyaşar
sevgini tərənnüm edir, onun şeirlərində, sanki,
sevən bir gəncin ürək
çırpıntıları səslənir.
Şairin
dilinin zənginliyi, axıcılığı, təbiiliyi və
səmimiyyəti qəlblərə yol açır, oxucularda
məmnunluq yaradır:
Çölüm kürə, Eldar,
içim ayazdı,
Tanrı dedim, taleyimi o
yazdı...
Məni məndə tapmısansa
o azdı,
Məndən yana bir dünya var – o mənəm!
Sevimli sənətkarımıza
möhkəm cansağlığı, yeni
yaradıcılıq uğurları arzulayırıram. Ulu
Yaradandan diləyim odur ki, bizi tezliklə doğma Göyçəmizdə
görüşdürsün!
Ələddin
ALLAHVERDİYEV,
professor
Moskva
Xalq qəzeti.- 2019.- 16 aprel.- S.10.