Xalq yazıçısı İsmayıl
Şıxlının
100 illik yubileyi qeyd olunub
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, istedadlı nasir və
ictimai xadim, Xalq yazıçısı İsmayıl
Şıxlının anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Xalq
yazıçısı İsmayıl Şıxlının
yaradıcılığında tarixilik və millilik”
mövzusunda elmi sessiya keçirilib.
Sessiya Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində
(BXA) “İsmayıl Şıxlının 100 illik yubileyinin
qeyd edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq
təşkil edilib.
Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim və tələbə-şagird heyəti iştirak ediblər. Elmi sessiyanı akademiyanın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev açaraq Xalq yazıçısı İsmayıl Şıxlının həyat yolu, fəaliyyəti və zəngin yaradıcılığından bəhs edib. Vəfa Əliyev qeyd edib ki, şəxsiyyəti yetirən, formalaşdıran, ilk növbədə, onu əhatə edən mühitdir. Xalq yazıçısı da Azərbaycana böyük ziyalı maarifçilər və istedadlı sənətkarlar bəxş edən folklor dünyası ilə seçilən Qazax mühitindən çıxmışdır. Yazıçının yaradıcılığı üçün Qazax ədəbi-mədəni mühiti ilk qaynaq olmuşdur.
V. Əliyev onu da vurğulayıb ki, İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması dövlətimizin, ilk növbədə, Prezidenti İlham Əliyevin görkəmli yazıçılarımıza verdiyi yüksək dəyərin nümunəsidir.
Tədbirdə həmçinin ictimai fənlər kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Maral Manafova “ İsmayıl Şıxlının həyat və yaradıcılığı”, BXA-nın kitabxana-informasiya mərkəzinin müdiri İradə Mehdiyeva ““Dəli Kür” romanında azərbaycançılıq ideyası”, magistratura və doktorantura şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva “İsmayıl Şıxlı yaradıcılığında milli xarakter konsepsiyası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Raifə Səfərova “Dəli Kür” filmində maarifçilik ideyasının təcəssümü” adlı məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda İsmayıl Şıxlının “Dəli Kür” romanı əsasında çəkilmiş eyniadlı filmdən fraqmentlər nümayiş olunub.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 19 aprel.- S.11.