Milli teatr sənətimizin inkişafına

dövlət dəstəyi artmaqdadır 

 

“Teatrlarımız yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafa başlıca səbəb Prezident İlham Əliyevin teatrlarımıza qayğı və diqqətinin artmasıdır. Bu gün teatrlarımız mədəniyyət sahəsində aparıcı qollardan birini təşkil edir.” Bu sözləri bizimlə söhbətində Xalq artisti, Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov dedi.

 

O bildirdi ki, Azərbaycan teatrı şərəfli inkişaf yolu keçmişdir. Ölkəmizdə bu sənətin inkişafına diqqət və qayğı ulu öndərin hakimiyyəti illərində daha da artmışdır. Neçə-neçə teatr binaları tikilmış, teatr xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, repertuarın yeniləşməsinə daim diqqət göstərilmiş, rejissor və aktyorların yetişdirilməsi istiqamətində uğurlu layihələr reallaşdırılmışdır. Cənab İlham Əliyev bu kursu uğurla davam etdirmiş, milli teatr sənətimiz əsaslı şəkildə yenilənmişdir. Son illər regionlarda da teatrların fəaliyyəti artmışdır. Bu gün artıq ölkənin bir sıra bölgəsində dövlət teatrları tamaşaçıların böyük həvəs göstərdiyi mədəniyyət müəssisələrinə çevrilmişdir.

H. İsmayılov qeyd etdi ki, bu yaxınlarda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşü oldu. Mən xoşbəxtəm ki, həmin görüşdə iştirak edirdim. Ölkə başçısı həmin görüşdə görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışdı. Teatr sahəsində görülən işlərə də toxunaraq dedi: “Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız – Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı”.

 Mənə də həmin görüşdə çıxış etmək imkanı verildi. Problemlərimizdən danışdım və dedim ki, Azərbaycan teatr xadimləri cənab Prezidenti teatrlarda görməkdən məmnun olarlar.

 Xalq artisti dedi ki, bu görüşdən sonra Prezidentimiz mədəniyyətimizin müxtəlif sahələri, o cümlədən teatrlarla bağlı sərəncamlar imzaladı. Onlardan biri Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında sərəncam idi. Digəri isə aprelin 17-də “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında ” Prezident sərəncamı idi. Bu sərəncam Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alınaraq, teatrların fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədilə verilmişdi. Prezident həmin sərəncamla ölkənin 12 teatrına verilmək məqsədilə Mədəniyyət Nazirliyinə 1,8 milyon manat vəsait ayırıb. Həmin teatrlar arasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrı vardır.

 Bu vaxta kimi ölkə ­teatrlarına bu həcmdə yardım göstərilməmişdir. Söz yox ki, bu, cənab Prezidentin mədəniyyətin, teatrlarımızın inkişafına xüsusi diqqətinin nəticəsidır.

 Bizə göstərilən bu qayğını yüksək qiymətləndirir, cənab Prezidentə teatr xadimləri adından dərin minnətdarlığımı bildirirəm.

 

Söhbəti yazdı:

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 19 aprel.- S.6.