And və əməl
Azərbaycan xalqı görülən
işlərə yüksək qiymət vermişdir,
görülən işlərə səs vermişdir.
İnkişafa, tərəqqiyə, təhlükəsizliyə,
gələcək inkişafımıza səs vermişdir.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Onun andı ilə əməli həmişə
bir-birini tamamlayıb. Nəyi “edəcəyik” deyirsə,
hamısı reallaşdırılır. Hansı məqsədə
nail olmağı qarşıya qoyursa, həmin məqsəd
günümüzün reallığına çevrilir. Bu
keyfiyyətlər onun mükəmməl təhsili, yüksək
savadı və fərdi keyfiyyətləri ilə
yanaşı, həm də Heydər Əliyev siyasi məktəbinin
“məzunu” olması ilə bağlıdır. Çünki
andın, vədin, sözün əməllərlə
tamamlanması Heydər Əliyevə xas olan göstəricilərdəndir.
Prezident
İlham Əliyevin ötən il aprelin 18-də keçirilən
andiçmə mərasiminin ildönümü günlərində
mətbuatda, radio və televiziyalarda həmin möhtəşəm
tarix barədə verilən materialların hamısında
xüsusi olaraq vurğulanır ki, Azərbaycanın
bugünkü uğurlarının təməlində Heydər
Əliyev siyasi kursuna sədaqət prinsipləri dayanır.
Heydər Əliyev də xalqa güvənir və inanırdı,
İlham Əliyev də həmin yoldadır. Xalq Heydər
Əliyevi də daim dəstəkləyirdi, İlham Əliyevə
də həmişə inam və etimad göstərir. Ötən
ilin aprelində keçirilmiş prezident seçkilərinin nəticələri
məhz həmin inam və etimadın miqyasını ortaya
qoymuşdu.
Cənab
Prezident andiçmə mərasimindəki nitqində bu məsələni
xüsusilə qabartmışdı: “İlk növbədə,
bir daha mənə bu seçkilərdə göstərilən
yüksək etimada görə doğma Azərbaycan xalqına
dərin təşəkkürümü bildirmək istəyirəm.
Mən həmişə Azərbaycan xalqının dəstəyini
hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə
güc verir. Mən bu dəstəyə arxalanıram və
xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra
da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
Bəli,
o, andiçmə mərasimində dedi ki, mən bundan sonra da
xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm.
Həmin ləyaqətli xidmətin nəticələrini isə
cənab Prezidentin bu il mart ayının 20-də Azərbaycan
xalqına ünvanladığı Novruz təbrikində oxuya
bildik: “Bu gün Azərbaycan islahatların yeni mərhələsinə
qədəm qoyub. İslahatlar hərtərəflidir.
İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər
əldə edilsin və büdcə gəlirlərimiz
artıb. Bu ilin yanvar-fevral aylarında büdcə
daxilolmaları 150 milyon manat səviyyəsində
artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti
sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi,
ciddi islahatlar üzərində işlər keçən il
prezident seçkilərindən sonra başlamışdır.
Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və
bu sosial təşəbbüslər nəticəsində 3
milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini
yaxşılaşdırmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı
və minimum pensiya təxminin 40 faiz artmışdır. Sosial
müavinətlər təqribən orta hesabla iki dəfə
artmışdır. Köçkünlərə verilən
müavinət 50 faiz artmışdır. Tələbələrin
təqaüdləri, şəhid ailələrinə verilən
müavinətlər, digər sosial ödənişlər
artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi
ilə bağlı müvafiq fərman imzalanıb. Problemli
kreditlərin həlli ilə bağlı çox ciddi fərman
imzalanıb. Onu deyə bilərəm ki, bu fərmanın
dünyada bənzəri yoxdur və bu fərman 800 min
insanı əhatə edir. Yəni, Azərbaycan dövləti
bir daha göstərir ki, öz vətəndaşının
yanındadır”.
Başqa
bir məqama diqqət yetirək. Cənab Prezident ötən
il aprelin 18-dəki andiçmə mərasimində əlini Azərbaycan
Respublikası Konstitusiyasının üzərinə qoyaraq
and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
həyata keçirərkən Azərbaycan
Respublikasının Konstitusiyasına əməl edəcəyimə,
dövlətin müstəqilliyini və ərazi
bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə
xidmət edəcəyimə and içirəm!”
Prezident
İlham Əliyevin andiçmə mərasimində üzərinə
götürdüyü “Azərbaycan Respublikasının
Konstitusiyasına əməl etmək” barədə məsuliyyətin
yerinə yetirilməsini hər gün, hər an, onun gündəlik
fəaliyyətində görürük. Dövlətin
müstəqilliyini qoruyacağı barədə üzərinə
götürdüyü öhdəliyin icrasına
Bakının beynəlxalq tədbirlərin keçirildiyi
ünvana çevrilməsi zamanı şahidlik edirik. Üstəlik,
ötən ilin yay aylarında Azərbaycan Avropa
İttifaqı ilə tərəfdaşlıq prioritetləri
sənədini parafladı. Dövlət
başçımızın da qeyd etdiyi kimi, bu, çox
önəmli sənəddir. Xüsusilə nəzərə
alsaq ki, orada Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi, sərhədlərin
toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar
var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki,
çox önəmli məsələdir, xüsusilə Ermənistan--Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün bunun çox böyük əhəmiyyəti
var.
Dövlətimizin
ərazi bütövlüyünün qorunacağı barədə
öhdəliyə gəlincə isə həmin istiqamətdə
həyata keçirilmiş tədbirlər haqqında məhz
cənab Prezidentdən eşitdiyimiz fikirləri yada salmaq zərurəti
yaranır: “Münaqişənin həllinə gəldikdə,
Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.
Bu münaqişə yalnız ölkəmizin ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi
diyarımızdır və münaqişənin tezliklə həlli
yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında
olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi
danışıqlar formatının dəyişdirilməsi ilə
bağlı məsələlər qaldırıb. Ancaq, təbii
ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk
qrupunun həmsədr ölkələrinin səfirləri –
Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat
verərək bildirdilər ki, format dəyişməz olaraq
qalmalıdır. Həmçinin Avropa İttifaqının
yüksək vəzifəli şəxsləri oxşar bəyanatla
çıxış etmişlər. Yəni, bu, Ermənistana
birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir
ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək
qazanır”.
Bu gözəl
gündə, Azərbaycanı regionun lider dövlətinə
çevirmiş, ölkəmizi beynəlxalq aləmin əsas
aktorlarından biri səviyyəsinə qaldırmış
liderin andiçmə mərasiminin ildönümü
münasibətilə qələmə aldığımız
yazıda bədxahlarımızın və antimilli qüvvələrin
adının çəkilməsi bəlkə də yerinə
düşmür. Amma yenə də qeyd etmək istəyirik
ki, Azərbaycanın sürəti inkişafını, hərtərəfli
islahatların dönməz xarakter aldığını
görüb əndişələnən qara qüvvələrin
bacara biləcəyi yeganə “göstərici” məhz həmin
əndişələr olacaq. Çünki xalq öz
Prezidentinin arxasında, Prezident isə öz xalqının
önündədir.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2019.- 20 aprel.- S.1.