Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzinin
NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 19 aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra - Mərkəz)
dünyada və regionda baş verən proseslərin təhlili,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
müxtəlif aspektləri, beynəlxalq münasibətlər
və təhlükəsizlik məsələləri ilə
bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə
dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və
akademik dairələrə çatdırılması, Azərbaycan
Respublikası dövlət orqanlarının elmi-təhlili
materiallarla təmin edilməsi sahəsində (bundan sonra –
müvafiq sahə) fəaliyyət göstərən publik
hüquqi şəxsdir.
1.2. Mərkəz
öz fəaliyyətində müstəqildir və Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan
Respublikasının digər qanunlarını, bu Nizamnaməni,
Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını,
həmçinin sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Mərkəz
öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən dövlət
və yerli özünüidarəetmə orqanları, beynəlxalq
və qeyri-hökumət təşkilatları, xarici qurumlar,
hüquqi və fiziki şəxslər ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4. Mərkəz
ümumdövlət və ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz
sahibkarlıq fəaliyyəti ilə o hallarda məşğul
ola bilər ki, həmin fəaliyyət bu
Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə
nail olmağa xidmət etsin. Mərkəzin fəaliyyəti
nəticəsində əldə olunan vəsait (gəlir) onun
fəaliyyətinin təmin edilməsinə yönəldilir.
1.5. Mərkəzin
müstəqil balansı, sərəncamında olan əmlakı,
xəzinə və bank hesabları, üzərində öz
adı həkk olunmuş möhürü, müvafiq
ştampları və blankları vardır.
1.6. Qanuna
uyğun olaraq Mərkəzin əqdlər bağlamaq, öz
adından əmlak və qeyri-əmlak hüquqları əldə
etmək və həyata keçirmək hüququ, həmçinin
vəzifələri vardır, o, məhkəmədə
iddiaçı və ya cavabdeh qismində
çıxış edir.
1.7. Mərkəz Bakı şəhərində yerləşir.
2. Mərkəzin fəaliyyətinin məqsədi
və istiqamətləri
2.1. Mərkəzin
fəaliyyətinin məqsədi beynəlxalq münasibətlərin,
dünyada və regionda baş verən proseslərin təhlilini
və araşdırılmasını, Azərbaycan
Respublikasının xarici siyasət xəttinin müxtəlif
platformalarda işıqlandırılmasını, dövlət
orqanlarının müvafiq sahədə analitik informasiya təminatını
həyata keçirməkdir.
2.2. Mərkəzin
fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.2.1. Azərbaycan
Respublikasının strateji maraqları baxımından beynəlxalq
gündəlikdə duran məsələlərə, ölkəmizin
xarici siyasətinin prioritet istiqamətlərinə, xarici
dövlətlərlə münasibətlərinə dair
araşdırmalar aparmaq;
2.2.2. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin müxtəlif
aspektlərinə dair araşdırmalar aparmaq, o cümlədən
münaqişənin həlli ilə bağlı siyasi,
hüquqi, iqtisadi və digər problemlərin elmi tədqiqatını
həyata keçirmək və onların həlli yolları
barədə təkliflər hazırlamaq;
2.2.3. dünyada və regionda cərəyan edən
siyasi, ictimai, iqtisadi prosesləri öyrənmək, təhlil
etmək və proqnozlaşdırmaq, xarici ölkələrlə
ikitərəfli münasibətlərin vəziyyətinə və
inkişaf perspektivlərinə dair tədqiqatlar aparmaq, bu sahədə
elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq;
2.2.4. dünyada və regionda baş verən proseslərlə
bağlı ölkəmizin mövqeyinin beynəlxalq ictimai,
siyasi və akademik dairələrə
çatdırılmasında iştirak etmək;
2.2.5. Azərbaycan Respublikasının dövlət
orqanlarını elmi-təhlili materiallarla təmin etmək.
3. Mərkəzin vəzifə və
hüquqları
3.1. Bu
Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri
aşağıdakılardır:
3.1.1. fəaliyyətinə aid qanunvericilik
aktlarının, inkişaf konsepsiyalarının və məqsədli
proqramların hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək;
3.1.2. Azərbaycan
Respublikasının strateji maraqlarının, xarici siyasətinin
prioritet istiqamətlərinin müəyyənləşdirilməsi
və dəqiqləşdirilməsi sahəsində tədqiqatlar
aparmaq;
3.1.3. beynəlxalq münasibətlərə, beynəlxalq
siyasət və təhlükəsizlik məsələlərinə
dair tətbiqi və praktiki təyinatlı elmi-analitik tədqiqatlar
və təhlillər aparmaq, qlobal siyasi tendensiyaların, təhdidlərin
və çağırışların dərindən və
hərtərəfli təhlilini həyata keçirmək;
3.1.4. Azərbaycan
Respublikasının strateji maraqlarına uyğun olaraq xarici
dövlətlərlə münasibətlərinin
inkişafı sahəsində yeni yanaşmalar axtarmaq;
3.1.5. dövlət və özəl təşkilatların
sifarişi əsasında elmi-tətbiqi araşdırmalar
aparmaq;
3.1.6. beynəlxalq hadisələrə, proseslərə
və münasibətlərə dair müstəqil hesabatlar,
ekspert rəyləri və proqnozlar hazırlamaq;
3.1.7. Azərbaycan
Respublikasının xarici siyasət məsələlərinə
dair informasiya təminatını həyata keçirmək;
3.1.8. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının müvafiq
struktur bölməsinə davamlı olaraq təhlil, tədqiqat
və sorğuların nəticələrini, habelə Mərkəzin
inkişaf istiqamətləri, strateji məqsədləri və
fəaliyyət planları ilə bağlı təkliflərini
təqdim etmək;
3.1.9. Mərkəzin
fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında”,
“İnzibati icraat haqqında” və “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən
edilmiş qaydada tədbirlər görmək;
3.1.10. kargüzarlığı və vətəndaşların
qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə
uyğun təşkil etmək;
3.1.11. Mərkəzə
ayrılan büdcə vəsaitindən, kreditlərdən,
qrantlardan və digər maliyyə vəsaitindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
3.1.12. Mərkəzin
əməkdaşlarının əlavə təhsili və
peşəkarlığının yüksəldilməsi
üçün tədbirlər görmək;
3.1.13.
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.14. dövlət və kommersiya sirrinin, habelə məxfilik
rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.15. Mərkəzin
informasiya təminatını təşkil etmək və onun
təhlükəsizliyini təmin etmək;
3.1.16. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
üçün tədbirlər görmək;
3.1.17. qabaqcıl beynəlxalq təcrübəni nəzərə
almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini
təmin etmək;
3.1.18. müvafiq sahədə peşəkar mütəxəssislərin
hazırlanması və tədris proqramlarının tərtibi
ilə bağlı təkliflər vermək və onların həyata
keçirilməsində iştirak etmək;
3.1.19. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri ilə
tənzimlənən və Mərkəzin səlahiyyətinə
aid olan məsələlər üzrə Azərbaycan
Respublikasının götürdüyü öhdəliklərin
yerinə yetirilməsini təmin etmək;
3.1.20. bu Nizamnamə ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2.
Öz vəzifələrini yerinə yetirmək
üçün Mərkəzin aşağıdakı
hüquqları vardır:
3.2.1. fəaliyyətinə aid normativ hüquqi
aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
haqqında aidiyyəti üzrə təklif vermək;
3.2.2. beynəlxalq münasibətlərə dair
ölkədə aparılan elmi araşdırmaları əlaqələndirmək,
elmi müəssisə və təşkilatlarda, ali təhsil
müəssisələrində, təsis sənədlərində
elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklərdə
və digər hüquqi şəxslərdə tədqiqatlar
aparılmasının təşəbbüsçüsü
və sifarişçisi kimi çıxış etmək;
3.2.3. beynəlxalq müqavilələrə Azərbaycan
Respublikasının tərəfdar çıxması barədə
təkliflər vermək;
3.2.4. beynəlxalq təcrübənin tətbiqi
imkanlarının araşdırılması məqsədilə
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq
etmək, xarici dövlətlərin müvafiq təcrübəsini
öyrənmək;
3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı araşdırmalar aparmaq, işçi qruplar və
komissiyalar yaratmaq;
3.2.6. beynəlxalq mediada və analitik məcmuələrdə
məqalə və materiallarla çıxış etmək;
3.2.7. dövlət orqanlarına və qurumlarına,
yerli özünüidarəetmə orqanlarına, hüquqi və
fiziki şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
3.2.8. fəaliyyət istiqamətləri üzrə rəy
və təkliflər vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq;
3.2.9. müqavilə əsasında konsaltinq xidmətləri
göstərmək;
3.2.10. müstəqil ekspertləri və mütəxəssisləri
qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə
cəlb etmək;
3.2.11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı konfranslar, müşavirələr, seminarlar
keçirmək və digər tədbirlər təşkil
etmək;
3.2.12. əməkdaşlarını dövlət təltiflərinə
və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi
üçün tədbirlər görmək;
3.2.13. təsərrüfat cəmiyyətləri
yaratmaq və ya onlarda iştirak etmək;
3.2.14. xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq, onları Azərbaycan Respublikasında, habelə xaricdə
abunə, pərakəndə satış yolu ilə və fərdi
qaydada, eləcə də internet şəbəkəsi vasitəsilə
yaymaq;
3.2.15. Mərkəzin Nizamnaməsi ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4. Mərkəzin idarə olunması
4.1. Mərkəz
öz fəaliyyətində və idarəetmədə
mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
4.2. Mərkəzə
ümumi rəhbərliyi və nəzarəti üç
üzvdən ibarət İdarə Heyəti həyata
keçirir.
4.3.
İdarə Heyətinin sədrini və digər üzvlərini
Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin
və vəzifədən azad edir.
4.4.
İdarə Heyətinin sədri müvəqqəti
olmadıqda, onun səlahiyyətlərinin icrasını
İdarə Heyəti sədrinin müəyyən etdiyi
İdarə Heyətinin digər üzvü həyata
keçirir.
4.5.
İdarə Heyətinin vəzifələri
aşağıdakılardır:
4.5.1. təsisçinin səlahiyyətlərinin həyata
keçirilməsi üçün təsisçiyə təkliflər
vermək və sənədlər (o cümlədən Mərkəzin
maliyyə hesabatını və fəaliyyətinə dair
illik hesabatı) təqdim etmək;
4.5.2. Mərkəzin
inkişaf istiqamətlərini, strateji məqsədlərini və
fəaliyyət planlarını Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla
müəyyən etmək;
4.5.3. Mərkəzin
fəaliyyətinə nəzarət etmək;
4.5.4. Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla Mərkəzin
strukturunu təsdiq etmək;
4.5.5. Mərkəzin
əldə etdiyi vəsait (dövlət büdcəsindən
və dövlətə məxsus digər fondlardan ayrılan vəsait
istisna olmaqla) hesabına işçilərə əlavə
ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
4.5.6. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin razılığı ilə
Mərkəzin təsərrüfat cəmiyyətlərinin
yaradılması və ya onlarda iştirak barədə, həmçinin
Mərkəzin idarə, filial və nümayəndəliklərinin
yaradılması barədə qərar qəbul etmək;
4.5.7. Mərkəzin
maliyyə planlaşdırmasını və büdcəsini təsdiq
etmək;
4.5.8. Mərkəzin
fəaliyyətinə dair daxili qaydaları (o cümlədən
maraqlar münaqişəsinin istisna olunması
qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin
əsasnamələrini, törəmə təsərrüfat
cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.5.9. Mərkəzin
fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.5.10. Mərkəzin
kənar auditorunu təyin etmək və audit hesabatını
qəbul etmək;
4.5.11. kənar auditorun yoxlamalarının, habelə
digər yoxlamaların nəticələrinə dair tədbirlər
görmək;
4.5.12. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin razılığı ilə
Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən
artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli
əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin
aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
etmək;
4.5.13. Mərkəzin
fəaliyyətini təşkil etmək;
4.5.14. aidiyyəti şəxslə dəyəri Mərkəzin
aktivlərinin 5 faizədək hissəsini təşkil edən
əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.5.15. Mərkəzin
strateji məqsədlərinin və planlarının, habelə
büdcəsinin icrasına nəzarət etmək;
4.5.16. bu Nizamnamənin 3.1.11-ci yarımbəndində
nəzərdə tutulan vəsaitdən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin etmək;
4.5.17.
İdarə Heyəti üzvlərinin müraciətlərinə
baxmaq və qərar qəbul etmək;
4.5.18. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində
nəzərdə tutulmuş məsələlərin həlli
üçün tədbirlər görmək;
4.5.19.
İdarə Heyəti sədrinin səlahiyyətlərinə
aid edilməyən bütün digər məsələlər
barədə qərar vermək.
4.6.
İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının
keçirilməsi təşəbbüsü ilə İdarə
Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin
yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
İdarə Heyətinin iclasında, hər
üzvün bir səsi olmaqla, qərarlar sadə səs
çoxluğu ilə qəbul edilir. Səsvermə
zamanı üzvlərin bitərəf qalmasına icazə
verilmir. Səslərin sayı bərabər
olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz
edən digər üzvün) səsi həlledicidir.
4.7.
İdarə Heyətinin üzvlərinə iclasın
keçiriləcəyi yer və vaxt, habelə gündəliyə
daxil edilmiş məsələlər barədə iclasa
azı 3 (üç) iş günü qalmış, zəruri
sənədlər əlavə edilməklə, yazılı məlumat
verilir. İclasın gündəliyinə
İdarə Heyətinin hər hansı üzvünün
maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə
dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb
olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş
məsələlər barədə, bütün
iştirakçı üzvlərin razılıq verdiyi hallar
istisna olmaqla qərar qəbul edilə bilməz.
4.8.
İdarə Heyətinin sədri:
4.8.1. Mərkəzin
cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil
edir;
4.8.2.
İdarə Heyətinin fəaliyyətini təşkil edir,
iclaslarının gündəliyini müəyyənləşdirir
və iclaslarına sədrlik edir;
4.8.3. öz təşəbbüsü ilə,
İdarə Heyətinin digər üzvünün təşəbbüsü
ilə İdarə Heyətinin iclaslarını
çağırır;
4.8.4. öz təşəbbüsü ilə, habelə
İdarə Heyətinin hər hansı bir üzvünün
xahişi əsasında digər şəxsləri İdarə
Heyətinin iclasında iştirak etməyə dəvət
edir;
4.8.5. Mərkəzin
fəaliyyətinin təşkili ilə əlaqədar
icrası məcburi olan daxili sərəncam və əmrlər
verir;
4.8.6. Mərkəzin
fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş
aktların icrasını təşkil edir, yoxlayır və
buna nəzarəti həyata keçirir;
4.8.7. Mərkəzin
vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv edir;
4.8.8. Mərkəzin
strukturu, müəyyən edilmiş əməkhaqqı fondu və
işçilərin say həddi daxilində Mərkəzin
Aparatının və digər struktur bölmələrinin
strukturunu, ştat cədvəlini və xərclər
smetasını təsdiq edir;
4.8.9. Mərkəzin
işçilərinin vəzifə maaşlarının, vəzifə
maaşlarına əlavələrin, mükafatların və
digər ödənişlərin verilməsini əməkhaqqı
fondu çərçivəsində təşkil edir;
4.8.10. bu
Nizamnamədə müəyyən edilmiş hallar istisna
olmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial
və nümayəndəliklərinin, habelə tabeliyindəki
digər qurumların işçilərinin (təsərrüfat
cəmiyyətlərində isə yalnız rəhbərlərin)
vəzifəyə təyin və vəzifədən azad edilməsi,
onlar barəsində həvəsləndirmə və intizam tənbehi
tədbirləri görülməsi barədə qərarlar qəbul
edir;
4.8.11. Mərkəzin
əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş
məqsədlərə uyğun istifadə olunmasına nəzarət
edir;
4.8.12. bu Nizamnamə ilə müəyyən
edilmiş səlahiyyətlər çərçivəsində
Mərkəzin adından əməliyyatlar aparır,
müqavilələr bağlayır və onların yerinə
yetirilməsini təmin edir;
4.8.13. Mərkəzin
fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi
komitələr və işçi qruplar yaradır;
4.8.14. Mərkəzin
fəaliyyət istiqamətləri üzrə dövlət
sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər
məlumatların mühafizəsi üçün zəruri tədbirlər
görür;
4.8.15. Mərkəzin
kargüzarlıq və arxiv işinin aparılmasını təmin
edir;
4.8.16. Mərkəzdə
müraciətlərə baxılmanı və vətəndaşların
qəbulunu təmin edir.
4.9.
İdarə Heyətinin üzvləri:
4.9.1.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin
həllində iştirak edirlər;
4.9.2.
İdarə Heyətinin iclasının gündəliyi ilə
və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən
tanış olurlar;
4.9.3.
İdarə Heyətinin qəbul ediləcək qərarlarına
dair fikir bildirirlər;
4.9.4.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə
onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.9.5.
İdarə Heyətinin qərarları ilə, iclas
protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.10.
İdarə Heyətinin üzvləri onun iclaslarında
baxılan məsələlərə qərəzsiz
yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməli, həmçinin Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən
edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. Mərkəzin nizamnamə fondu,
əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Mərkəzin
ilkin nizamnamə fondu 100.000 (bir yüz min) manatdır.
5.2. Mərkəzin
əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər
əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən,
fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən,
qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə
etdiyi digər vəsaitdən formalaşır.
5.3. Mərkəz
öz əmlakından yalnız bu Nizamnamədə müəyyən
olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz
balansında olan dövlət əmlakına münasibətdə
səlahiyyətlərini “Dövlət əmlakının
qorunub saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 iyun
tarixli 586 nömrəli Fərmanı ilə müəyyən
edilmiş qaydada həyata keçirir.
5.4. Mərkəz
qanunla nəzərdə tutulmuş vergiləri və digər
məcburi ödənişləri ödədikdən sonra
özünün, idarə, filial və nümayəndəliklərinin,
habelə təsərrüfat cəmiyyətlərinin fəaliyyətindən
əldə edilmiş mənfəəti üzərində
müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. Mərkəzin
məhsullarının (malların, işlərin, xidmətlərin)
qiymətləri tənzimlənən qiymətlərə
(tariflərə) aid deyildir.
6. Mərkəzin fəaliyyətinə
nəzarətin forması və əhatə dairəsi
6.1. Mərkəzin
fəaliyyətinə nəzarəti Azərbaycan
Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə
müəyyən edilmiş qaydada İdarə Heyəti həyata
keçirirlər.
6.2. Mərkəzin
fəaliyyətinə dair illik hesabat Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilir.
7. Mərkəzdə
uçot və hesabat
7.1 Mərkəz
“Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə publik hüquqi şəxslər
üçün müəyyən edilmiş qaydada
mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib,
təqdim və dərc edir.
7.2. Mərkəz
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim
edir.
7.3. Mərkəz
idarə, filial və nümayəndəliklərində, habelə
təsərrüfat cəmiyyətlərində maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Mərkəz
öz fəaliyyətinin müstəqil surətdə
yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Mərkəzin ləğvi və
yenidən təşkili
Mərkəzin ləğvini və yenidən təşkilini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir.
Xalq qəzeti.-
2019.- 20 aprel.- S.4.