Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 182 

Bakı şəhəri, 18 aprel 2019-cu il

 

Azərbaycan Respublikası Prezidentinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən və “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 11 dekabr tarixli 786 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqların özgəninkiləşdirilməsi ilə əlaqədar həmin torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilsin.

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

3. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilsin.

   

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2019.- 21 aprel.- S.2.