Uğur formulu: sabitlik
və güclü iqtisadiyyat
Bizim hamımızın məqsədi
ondan ibarət olmalıdır ki, ölkəmizin
maraqlarını müdafiə edək, ölkəmizi
bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam
etdirək.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Prezident İlham Əliyevin son 16 ildə ulu öndərin
strategiyasından qaynaqlanan sosial-iqtisadi siyasəti keyfiyyətcə
yeni prioritetləri müəyyənləşdirərək,
innovasiya əsaslı inkişaf modelinə keçidi şərtləndirib,
yüksək rəqabət qabiliyyətli və diversifikasiya
olunan iqtisadiyyatın formalaşmasını sürətləndirib. Azərbaycanda
yaradılan böyük iqtisadi potensial və aparılan məqsədyönlü
islahatlar, iqtisadiyyatın şaxələndirilməsi,
investisiyaların təşviqi, biznes mühitinin
yaxşılaşdırılması, qeyri-neft ixracının
stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi
və digər tədbirlər iqtisadiyyatın davamlı
inkişafını təmin edib.
Dövlət
başçısı tərəfindən təsdiqlənən,
başlıca məqsədi isə uzunmüddətli perspektivdə
ölkənin davamlı sosial-iqtisadi inkişafının
reallaşdırılması ilə yüksək sosial rifah
olan “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyası, məqsədli dövlət
proqramları, strategiyalar, konkret tədbirlər planları,
kompleks və davamlı iqtisadi islahatlar ölkədə
innovativ və bilik iqtisadiyyatının formalaşması,
idxaldan asılılığın maksimum dərəcədə
azaldılması, biznes mühitinin əlverişliliyinin
artırılması, investisiyaların cəlbi və digər
istiqamətlərdə mühüm işlərin həyata
keçirilməsinə hüquqi və iqtisadi zəmin
yaradıb.
Respublikada
reallaşdırılan iqtisadi siyasətin və islahatların
davamlılığını gerçəkləşdirmək
üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən
təhlili və yeni iqtisadi inkişaf strategiyasının
hazırlanması məqsədilə Prezident İlham Əliyevin
6 dekabr 2016-cı il tarixli Fərmanı ilə
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları
üzrə strateji yol xəritələri” təsdiq edilib. Bu mühüm sənəd iqtisadiyyatın
bütün sahələri, həmçinin insan
kapitalının inkişafı, biznes mühitinin davamlı
olaraq yaxşılaşdırılması kimi əsas istiqamətləri
əhatə edib.
Regional inkişaf dönməz xarakter
alıb
Dövlət
Proqramı çərçivəsində 2014-2018-ci illərdə
regionların inkişafına ümumilikdə 24,2
milyard manat vəsait yönəldilib. Ölkə rəhbərinin
şəhər və rayonların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi ilə
bağlı imzaladığı 400-dən çox sərəncamla
2,8 milyard manat vəsaitin ayrılması
bölgələrin sosial-iqtisadi inkişafında həlledici
rol oynayıb.
Kənd təsərrüfatının
subsidiyalaşdırılması və vergilərdən azad olunması,
texnika və gübrələrin güzəştli şərtlərlə
verilməsi, lizinq xidmətlərinin təşkili,
investisiyaların və ixracın təşviqi,
lisenziyalaşdırmanın təkmilləşdirilməsi,
yoxlamaların dayandırılması müddətinin 2021-ci il
yanvarın 1-dək uzadılması, yerli istehsalın
stimullaşdırılması məqsədilə dövlət
satınalmalarında yerli məhsulların dəyərinə
20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi
və digər dövlət dəstəyi mexanizmləri
ölkədə sahibkarlığın inkişafına
mühüm təsir göstərib.
Regionların
inkişafında Sumqayıt və Mingəçevirdə sənaye
parklarının, Neftçala, Masallı, Hacıqabul və
Sabirabadda sənaye məhəllələrinin
yaradılması, 33 rayonun ərazisində 51 aqroparkın,
habelə iri fermer təsərrüfatlarının təşviqi
bölgələrin potensialından səmərəli istifadə
etməklə sahibkarlığın inkişafını
sürətləndirib. İxracın təşviqi,
xüsusilə qeyri-neft ixracının dəstəklənməsi
məqsədilə indiyədək 20-dən çox ixrac
missiyası təşkil edilib, Azərbaycan şirkətləri
20-ə yaxın beynəlxalq sərgiyə vahid ölkə
stendi ilə qoşulub. Bu missiyalar zamanı imzalanan
müqavilələrə əsasən, 104,2
milyon dollar dəyərində məhsulların müxtəlif
ölkələrə, o cümlədən bir sıra yeni
bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac
təşviqinin ödənilməsinə dair qərarlar qəbul
edilib.
Özəl
bölmənin tərəqqisi məqsədilə 2014-2018-ci
illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri
2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox
güzəştli kredit verilib, bunun 79 faizi aqrar sektorun, 21 faizi
isə müxtəlif sənaye və digər sahələrin
inkişafına yönəldilib. Verilmiş güzəştli
kreditlərin 70 faizi regionların payına düşüb,
ötən il geri qaytarılan vəsaitlər hesabına
sahibkarlara 160,2 milyon manat güzəştli
kredit ayrılıb.
Son 16 il ərzində gerçəkləşdirilən
mühüm sosial-iqtisadi layihələr sayəsində Azərbaycan
iqtisadiyyatının inkişafına və
dayanıqlılığına nail olunub. Bu
müddətdə respublikamız regional iqtisadiyyatın
lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin
etibarlı tərəfdaşlarından biri kimi
özünü təqdim edib, hazırda isə beynəlxalq
Şərq-Qərb, Şimal-Cənub nəqliyyat
qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə
yerinə yetirir. Bütün bunların nəticəsində
Azərbaycanın regional və dünya iqtisadiyyatında rolu və
əhəmiyyəti xeyli yüksəlib.
Sözügedən dövrdə yeni sənaye müəssisələrinin
yaradılması ölkəmizin ümumi inkişafına
böyük təkan verib, dövlətimizin qüdrətini
artırıb, müstəqilliyimizi möhkəmləndirib. Respublikada
reallaşdırılan nəhəng transmilli infrastruktur layihələri
Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişib.
Oğuz-Qəbələ-Bakı kimi nəhəng
su kəməri inşa edilib. Ceyranbatanda
dünyanın ən böyük sutəmizləyici qurğusu
tikilib.
Azərbaycanda böyük gəmiqayırma zavodu işə
salınıb.
Bu müəssisə hazırda bütün
növ gəmilər istehsal edə bilmək gücündədir.
İstifadəyə verilən Ələt Dəniz
Ticarət Limanı isə Xəzər hövzəsində ən
böyük beynəlxalq dəniz ticarət limanıdır.
Bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin
yaradılması istiqamətində son illərdə ən
önəmli layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu
istismara buraxılıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük
valyuta axınını təmin edib.
“ASAN xidmət” kimi Azərbaycan brendi dünyaya təqdim
olunub və bu, beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Mənzil
İnşaatı Dövlət Agentliyinin – MİDA-nın fəaliyyətə
başlaması ilə vətəndaşların sosial evlərlə
təminatı məsələsi də öz həllini
tapıb.
Sosialyönümlü siyasətin
uğurlu statistikası
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi
yolu ilə iqtisadiyyatın şaxələndirilməsinə, əhalinin
rifah halının yaxşılaşdırılmasına
önəm verən ölkə Prezidenti İlham Əliyev
regionların sürətli inkişafına xüsusi diqqət
və qayğı ilə yanaşır, müntəzəm
olaraq bölgələrə səfər edir. Həmin səfərlər
çərçivəsində yerlərdə
görülmüş işlərlə yaxından tanış olan dövlət
başçısı sakinlərin də rəyini nəzərə
alır, onları narahat edən məsələlərin həlli
ilə bağlı təxirəsalınmaz tədbirlər həyata
keçirir.
Son 15 ildə görülən işlərdən
danışarkən, statistik rəqəmlərə də nəzər
salmaq istərdik. Belə ki, bu dövrdə Azərbaycan iqtisadiyyatı
dünya miqyasında rekord templərlə inkişaf edib,
ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı
2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə
artıb. Eyni zamanda, aparılan uğurlu siyasət
nəticəsində ölkəmizə təxminən 250
milyard dollar həcmdə investisiya qoyulub və bunun
yarısını xarici sərmayə təşkil edib.
Bu müddətdə dövlət siyasətinin
sosialyönümlü olması da prioritet istiqamət təşkil
edib. Məhz
elə buna görə də sözügedən dövrdə
2 milyon yeni iş yeri yaradılıb. Maaşlar 7 dəfə,
pensiyalar 9 dəfə artıb, 3 min 200-dən çox məktəb,
640 tibb müəssisəsi əsaslı təmir edilib və
ya yenidən tikilib. Bölgələrdə 44
olimpiya mərkəzi açılıb.
Bütün bunlarla bərabər, məcburi
köçkünlərin problemlərinə mühüm
önəm verilib, son illər ərzində yüzdən
çox köçkün şəhərciyi tikilib, şəhid
ailələri, müharibə veteranları, müharibə əlilləri
üçün 6650 mənzil təqdim edilib.
Əhalinin rahatlığı ilə bərabər,
istifadəyə verilən yol və körpülər bölgələrdə
sahibkarlığın və turizmin inkişafını
sürətləndirərək, iqtisadi canlanmaya zəmin
yaradıb.
Ötən
il ərzində ölkənin avtomobil yollarının
tikintisinə və saxlanılmasına 1,7 milyard manat vəsait
yönəldilib, 2 min kilometrdən çox avtomobil yolu
salınıb, 25 yolötürücüsü, 32 körpü
və 4 tunel inşa edilib. Ümumilikdə isə
2004-cü ildən indiyədək 20 min kilometrə yaxın
avtomobil yolu istifadəyə verilib. Davos
Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol
infrastrukturunun keyfiyyətinə görə, Azərbaycan
dünyada 34-cü yerdə qərarlaşıb.
İqtisadi islahatların yeni mərhələsi
Son bir il iqtisadiyyatımızda islahatların dərinləşməsi
kimi yadda qalıb. Həmin müddətdə
iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm
qoyub. Bu, investisiya mühitinin daha da
yaxşılaşdırılması, xüsusən də
iş adamları üçün yeni imkanların, o cümlədən
güzəştli kreditlərə çıxış imkanlarının
artırılması, eyni zamanda, idarəetmə sistemində
çevikliyin artırılması ilə bağlı struktur
islahatlarının genişləndirilməsi deməkdir.
Həyata keçirilən iqtisadi islahatlar, gömrük
və vergi sahəsində şəffaflıqla bağlı
görülən işlər büdcə daxilolmalarına da
müsbət təsir göstərib. Məhz bunun nəticəsidir ki, cari
ilin ilk ayında vergi orqanları tərəfindən büdcəyə
plandan əlavə 80 milyon manatdan çox, gömrük
orqanları tərəfindən isə 20 milyon manatdan çox
vəsait keçirilib. Sahibkarlığın
İnkişafı Fondunun xətti ilə il
ərzində 999 sahibkara 160 milyon manat məbləğində
güzəştli şərtlərlə kredit ayrılıb.
İpoteka və Kredit Zəmanəti Fondu hesabat
dövründə ölkə bankları tərəfindən
kreditləşdirilən 277 milyon manat məbləğində
ipoteka kreditlərini yenidən maliyyələşdirib. Həmin fond 17 milyon manat məbləğində
kreditlərlə bağlı zəmanət dəstəyi
göstərib. Belarus, Çin, Ukrayna, Latviya və
Polşada Azərbaycan Ticarət evləri fəaliyyətə
başlayıb. Yaxın gələcəkdə
Birləşmiş Ərəb Əmirliklərində və
Rusiyada da Azərbaycan Ticarət evlərinin
açılması nəzərdə tutulub.
Sənayenin
qeyri-neft sektorunda məhsul istehsalı 9,1
faiz artıb. İnvestisiya təşviqi proqramı çərçivəsində
reallaşdırılan layihələrin dəyəri 2,8 milyard manata çatıb. Kənd
təsərrüfatı sahəsində
çalışanlara 370 milyon manat məbləğində
subsidiya və güzəştlər verilib.
Beləliklə, qeyd edilənlər bir daha göstərir
ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər
Əliyev siyasi kursunu uğurla davam etdirir. Dövlət
başçısının “Bizim hamımızın məqsədi
ondan ibarət olmalıdır ki, ölkəmizin
maraqlarını müdafiə edək, ölkəmizi
bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam
etdirək” strateji xətti qarşıdakı illərdə də
Azərbaycanın dayanıqlı inkişafı
üçün möhkəm zəmin yaradır.
Antiazərbaycan qüvvələrin
çirkin kampaniyası iflasa uğrayır
Göründüyü
kimi, son 16 il ərzində respublikada
ictimai-siyasi sabitlik, dayanıqlı və dinamik inkişaf bərqərar
olub. Dövlət başçısı
çıxışlarının birində bu
uğurların təməlində “xalq-iqtidar” birliyinin, əmin-amanlığın
dayandığını diqqətə çatdırıb:
“Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır.
Yaxın tarix əyani şəkildə göstərdi
ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə,
idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat
çökür, sənaye iflic olur, insanlar əziyyət
çəkir və sonra bu vəziyyətdən
çıxmaq üçün onilliklər lazım olur.
Azərbaycanın uğurlu inkişaf modelinin əsas
qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət
xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah
halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə
çevrilməsinə hesablanıb. Məhz
bu siyasət nəticəsində bu gün Azərbaycan
dünyanın müxtəlif kürsülərindən öz
sözünü açıq deyir, öz müstəqil siyasətini
aparır, öz maraqlarını tam şəkildə qoruyur”.
Əldə edilən sosial-iqtisadi uğurlar, həmçinin
həyata keçirilən müdrik xarici siyasət Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun artmasına öz
müsbət təsirini göstərib, ölkəmizi regionun
və dünyanın aparıcı qüvvəsinə, əsl
söz sahibinə çevirib. Respublikamızla ikitərəfli
əməkdaşlıqda maraqlı olan dövlətlərin
sayı artıb.
Fransanın “Opinion Way” şirkətinin bu yaxınlarda
keçirdiyi sorğuda da dövlətimizin
başçısı cənab İlham Əliyev tərəfindən
reallaşdırılan təkmil islahatlara xalqın dəstəyi
öz ifadəsini tapıb. Azərbaycanda
“xalq-iqtidar” birliyinin getdikcə güclənməsi diqqətə
çatdırılıb. Bütün
bunlar isə Azərbaycanın müstəqil siyasətinə,
davamlı uğurlarına qısqanclıqla yanaşan daxili və
xarici antiazərbaycan qüvvələri narahat etməyə
başlayıb. Amma onlar bütün cəhdlərinin,
çirkin niyyətlərinin heç bir nəticə verməyəcəyini
anlamırlar. Başa düşmürlər
ki, əldə edilən möhtəşəm uğurların
əsasında “xalq-iqtidar” birliyi dayanan Azərbaycan dövlətini
heç bir çirkin məqsədlə sarsıtmaq
mümkün deyil. Nə qədər cəhd
göstərsələr də sonda uğursuzluğa
düçar olacaqlar.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2019.- 23 aprel.- S.1-2.