“Formula-1” Azərbaycan
Qran-prisinə maraq ildən-ilə
artır
Aprelin 26-28-ində baş tutacaq
“Formula-1” Azərbaycan Qran-prisinə sayılı günlər
qalır. Artıq hazırlıq işləri tamamlanmaq üzrədir,
yarış trasını əhatə edən yollar nəqliyyatın
hərəkəti üçün bağlanıb və
xüsusi çəpərlərlə əhatə edilib.
Bundan başqa, trasın bəzi hissələrinin
örtüyü yenilənib. Bir sözlə, paddokdakı
tamamlama işləri yekunlaşıb. Tribunaların çoxu
da artıq qurulub. Sürət həvəskarlarının səbirsizliklə
gözlədikləri “Formula-1” Azərbaycan Qran-prisinə
evsahibliyi edəcək Bakı yarışa hazırdır.
Yarış
müddətində Bakıdakı “Hilton” oteli daha çox
izdihamlı olacaq. Belə ki, yarışı
işıqlandıracaq yerli və xarici jurnalistlərin rahat
işləməsi üçün nəzərdə
tutulmuş media mərkəzi məhz burada təşkil
olunacaq. Bakı “Hilton”unun əməliyyat direktoru Lars Sammeliusun
sözlərinə görə, mətbuat mərkəzi otelin
birinci mərtəbəsində təşkil edilib. Oteldə məşhur
fotoqraf Peter van Eqmondun işlərindən ibarət sərgi təşkil
edilib. Foyedə quraşdırılmış iki
yürüş simulyatoru da bura gələnlərin diqqətini
çəkəcək. Yarışı
işıqlandırmaq üçün 150 KİV nümayəndəsi
müraciət etsə də, Azərbaycandan yalnız 90 nəfər
akkreditasiyadan keçib.
Qeydiyyatdan
keçmiş KİV orqanları arasında 6 televiziya, 2 radio,
8 informasiya agentliyi, 25 xəbər saytı, 11 qəzet və
jurnal yer alır.
Builki
“Formula-1” Azərbaycan Qran-prisinin özəlliklərindən
biri də sponsorlarla bağlıdır. Belə ki, bu
yaxınlarda Bakı Şəhər Halqası Əməliyyat
Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında
“Formula-1” Azərbaycan Qran-prisinə dəstəyin göstərilməsinə
dair üçillik sponsorluq müqaviləsi imzalanıb.
Yarışın digər tərəfdaşı isə
SOCAR-dır. SOCAR şirkəti “Formula-1” kimi dünya səviyyəli
bir tədbirdə tərəfdaş kimi çıxış
etməklə beynəlxalq səviyyədə milyonlarla
avtoidman azarkeşinə öz brendini tanıdacaq. Şirkətin
adı yarışın adına əlavə olunacaq və
yarışlar beynəlxalq avtoidman auditoriyasına canlı təqdim
ediləcək. Şirkət daima Azərbaycanın daxilində
və xaricində idmanın inkişafına dəstək
göstərməsi ilə seçilib. SOCAR bu il sürət
azarkeşlərinin sevimli yarışına tərəfdaşlıq
edəcək.
Sözsüz
ki, müxtəlif şirkətlərin bu yarışa
marağının artması, sponsor və tərəfdaş
olmağa can atmaları anlaşılandır. Dünyada
böyük auditoriyası olan “Formula-1” yarışları həm
də keçirildiyi ölkəyə milyonlarla dollar gəlir
gətirir. Bu, özünü turizm sektorunun canlanmasında,
biletlərin satılmasında və eləcə də
ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsirini
göstərir.
Təsadüfi
deyil ki, Prezident İlham Əliyevin bu il “Real TV”-yə verdiyi
müsahibədə mötəbər idman
yarışlarının və eləcə də “Formula-1”-in
ölkəmizə faydalarından danışarkən bu məsələni
xüsusilə qeyd etmişdi: “Təkcə “Formula-1”
yarışı birbaşa ölkəmizə, ölkəmizin
xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin
daxil olmasına şərait yaratdı. Yarım milyard
auditoriyası olan bu yarış, əlbəttə ki, Azərbaycan
üçün çox böyük fayda gətirir. Bu
yarışlar 21 şəhərdə keçirilir. Əgər
bu yarışlar səmərəsizdirsə, əgər bu
yarışlar iqtisadi itkilərə gətirirsə,
inkişaf etmiş şəhərlərdə bu
yarışlar keçirilərdimi? Əlbəttə ki, yox”.
2016-cı
ildən ölkəmizdə keçirilən sürət
yarışı elə ilk ildən xarici turistlərlə
yanaşı, yerli sürət azarkeşlərinin də
marağına səbəb oldu. “Formula-1” azarkeşlərinin
ürəyi üç gün ərzində Bakı ilə
döyündü. Yarışları yerində canlı izləmək
üçün Bakıya hər ötən il daha çox
ölkədən turist gəlməsi müşahidə edilir.
2018-ci ilin aprelində keçirilmiş sonuncu yarış
üçün paytaxtımıza 78 ölkədən minlərlə
avtoidman azarkeşi təşrif buyurmuşdu. 2016-cı ildə
42, 2017-ci ildə isə 65 ölkədən Bakıya
yarışı izləmək üçün turistlər gəlmişdilər.
Televiziya
ekranlarından yarışın canlı yayımlanması da
tamaşaçıların marağına səbəb
olmuş və yarış baxış sayında da reytinq
qazanmışdı. Belə ki, 2016-cı ildə 27,2 milyon,
2017-ci ildə 28,3 milyon və 2018-ci ildə 83 milyon
tamaşaçı Bakının ev sahibliyi etdiyi “Formula-1”
yarışlarını televiziyadan canlı izləmişdi.
“Formula-1” Şirkətlər Qrupunun apardığı araşdırmaların və həmçinin dünyanın aparıcı media orqanlarının keçirdiyi sorğuların nəticələrinə əsasən, Bakıda baş tutmuş son iki “Formula-1” yarışı hər dəfə mövsümün ən baxımlı yarışı adına layiq görülüb. Bu da sözsüz ki, sürət yarışına ildən-ilə artan maraq və diqqətin nəticəsidir. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ildən-ilə ““Formula-1””in Bakı yarışına artan bu marağı və eləcə də bilet satışlarına dair son statistikanı nəzərə alaraq ictimaiyyətə bildirir ki, builki yarışda da oxşar artım tendensiyasının davam edəcəyi gözlənilir.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2019.- 24 aprel.- S.3.