Kinorejissorun yubiley gecəsi 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  Beynəlxalq Muğam Mərkəzində görkəmli kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovun 80 illik yubiley gecəsi keçirilmişdir. Tədbirdə Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev, rəsmi qonaqlar, mədəniyyət, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

Tədbiri  Milli Məclisin deputatı,  akademik  Rafael Hüseynov açaraq Tofiq İsmayılovla bağlı xatirələrini danışmışdır. Bildirmişdir  ki, görkəmli sənətkar həyata çox bağlı və arzularla yaşayan bir şəxs olub. O, Türkiyənin İstanbul şəhərində, Memar Sinan Universitetində çalışdığı vaxtlarda Türkiyə və Azərbaycan mədəniyyətini təbliğ edən mühüm layihələr, tədbirlər həyata keçirib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış etmişdir: “Tofiq İsmayılovu  gənclik illərindən tanıyırdım. Ailəvi dost idik. Onun haqqında fikirləşəndə düşünürəm ki, insan bu dünyada nə etməli idisə, bir Azərbaycan ziyalısı, bu bir sənətkar nə etməli idisə və bir ailə başçısı nə etməli idisə, Tofiq İsmayılov hamısını edib. Yəni bir insan kimi yaşadı, sənətkar kimi gözəl filmlər çəkdi. Bir yazıçı kimi həyati kitablar yazdı. Müəllim kimi neçə-neçə tələbə yetişdirdi. Gözəl ailə qurdu və dünyaya üç gözəl qız balasını gətirdi. Nəhayət, nəvəsinin toyunu gördü...”

Xalq yazıçısı kinorejissorun Türkiyə həyatı ilə bağlı da danışmışdır. Qeyd etmişdir  ki, görkəmli sənətkar Türkiyənin Azərbaycanla mədəni yaxınlaşmasında çox böyük xidmətlər göstərib. O çalışırdı ki, Türkiyədə Azərbaycan sənətini, musiqisini, kinosunu və ədəbiyyatını daha yaxından tanısınlar. Ona görə də o, Türkiyədə Azərbaycanda sevildiyi qədər, bəlkə də bir az çox tanınır və sevilir...”

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi çıxışında T.İsmayılovu dəyərli insan, peşəkar rejissor kimi xarakterizə etmişdir..

Tədbirdə daha sonra Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artist Ötkəm İsgəndərov və başqaları çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşmüşlər.

Mərhum sənətkarın ailəsi adından qızı Sevinc İsmayılova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirmişdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 25 aprel.- S.7.