Mərdəkan qalası və Tuba Şah
məscidinin bərpasına
başlanılacaq
Yaxın aylarda Mərdəkan qalası və Tuba Şah məscidinin bərpasına başlanılacaq. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən açıqlamada deyilir ki, bir müddət əvvəl Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidində təmir-bərpa işlərinin aparılması haqqında sənəd imzalanıb. Yaxın vaxtlarda layihə sənədləri hazırlanacaq, sonra isə həmin tarixi abidələrin bərpasına başlanılacaq. Bərpa işləri Dövlət Xidmətinin nəzarəti altında TİKA tərəfindən həyata keçiriləcək.
Bərpa işlərində yerli mütəxəssislər də iştirak edəcəklər. Bu, Azərbaycanda tarixi abidələrin TİKA tərəfindən bərpa olunması baxımından ilk layihə olacaq. TİKA ilə əməkdaşlıq bu iki tarixi abidənin bərpası ilə yekunlaşmayacaq. Əldə olunan razılaşmaya əsasən, bu sahədə əməkdaşlıq davam etdiriləcək.
Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsində yerləşən eyniadlı qala XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. XV əsrə aid Tuba Şah məscidi isə 1481-1482-ci illərdə inşa edilib.
Xalq qəzeti.- 2019.- 25
aprel.- S.6.