Polşanın Krakov
şəhərində akademik Yusif
Məmmədəliyevin yubileyi
qeyd olunmuşdur
Görkəmli
Azərbaycan alimi, akademik
Yusif Məmmədəliyevin Polşa elminə verdiyi
töhfələri nəzərə alaraq,
Krakov şəhərində yerləşən
Stanislav Staşiç
adına Dağ-Mədən Akademiyasının ərazisində
Y.Məmmədəliyevə həsr olunmuş
barelyefin təntənəli
açılış mərasimi keçirilmişdir. Mədəniyyət Nazirliyindən
bildirmişlər ki, görkəmli şəxsiyyətin
xatirəsi akademiyanın təklifi, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin və
ölkəmizin Polşa
Respublikasındakı səfirliyinin dəstəyi ilə əbədiləşdirilmişdir.
Açılış mərasimində Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının rəhbərliyi, kimya və neft fakültələrinin müəllim-professor və tələbə heyəti, habelə Azərbaycan Respublikasının nümayəndələri – ölkəmizin Polşa Respublikasındakı səfiri Həsən Həsənov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov, Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun laboratoriyasının rəhbəri Reyhan Əliyeva və mətbuat nümayəndələri iştirak etmişlər.
Akademiyanın rəhbərliyi keçirilən bu tədbirin məramından söz açmışdır. Həsən Həsənov çıxış edərək barelyefin bu akademiyanın ərazisində qoyulması ideyası və həyata keçirilməsi barədə tədbir iştirakçılarına məlumat vermişdir. Vüqar Baxışov nazirliyin rəhbərliyinin salamlarını akademiyaya çatdıraraq rəsmi təşəkkür məktubu təqdim etmişdir. Reyhan Əliyeva tədbirdə akademik Y. Məmmədəliyevin elmi və ictimai fəaliyyəti haqqında və xüsusən onun neft və kimya sahəsində Polşa alimləri ilə əlaqələrindən danışmışdır. Bundan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Y.Məmmədəliyevə həsr olunan film nümayiş olunmuşdur.
Sonda akademiyanın kimya fakültəsinin korpusunda Y.Məmmədəliyevin barelyefinin rəsmi açılış mərasimi keçirilmişdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 26
aprel.- S.10.