Bu gün Qəbələdə XI
Beynəlxalq Musiqi Festivalı
başlayır
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə bu gün axşam saatlarında XI Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək. Avqustun 5-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorlar iştirak edəcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivala hazırlıq işləri artıq tam başa çatıb. Tədbirlərin keçiriləcəyi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib, şəhərin müxtəlif yerlərində festivalla bağlı reklam lövhələri qoyulub.
Proqrama uyğun olaraq, bu gün axşam saat 21:00-da Qəbələ Rayon Mədəniyyət Mərkəzinin zalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunacaq. Cavad Tağızadənin dirijorluğu ilə gerçəkləşəcək konsertdə solistlər Taleh Yahyayev (bariton), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Rəsul Əliyev (fleyta), Nəzrin Aslanlı (violin), Safura Aslanova (vokal), Məmmədəli Paşazadə (klarnet) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edəcəklər.
Festivalın təntənəli açılış mərasimi avqustun 1-də axşam saatlarında Mədəniyyət Mərkəzində reallaşacaq. Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcək. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə keçəcək konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Yeganə Axundova (piano) səhnəyə çıxacaqlar.
Festival günlərində musiqisevərlər “Kiyev virtuozları” simfonik orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, “Naz-nazı” muğam qrupunun, “Clarte” klarnet kvartetinin, xarici ölkələrdən gələn tanınmış ifaçıların çıxışlarını izləmək imkanı əldə edəcəklər.
Festivalda, həmçinin dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və məktəbi” adlı konsert də keçiriləcək.
AZƏRTAC
Xalq qəzeti.-
2019.-1 avqust.- S.10.