Dövlət milli kino
sənətimizin inkişafına diqqəti artırır
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, bir müddət sonra isə “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün ölkəmizdə milli kinonun yaranma günü sayılır. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust kino işçilərinin peşə bayramı –Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan kinosunun yaranmasının 120 illiyi təntənə ilə qeyd edildi. Bu il isə kinomuzun inkişafında islahatlar davam etməkdədir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir qrup incəsənət xadimi ilə görüşündən sonra, elə həmin gün dövlət başçısı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncamda bildirilir ki, Azərbaycanda kino sənəti əlamətdar hadisələrlə zəngin böyük inkişaf yolu keçmiş və ciddi sənət nailiyyətləri qazanmışdır. Ötən əsrin xüsusən 50–80-ci illərində yaradılmış və milli özünəməxsusluğu ilə seçilərək mədəniyyətimizin qızıl fonduna daxil olmuş ekran əsərləri kino salnaməmizin parlaq səhifələridir. Sərəncamda dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılmışdır. Bundan başqa, bu yaxınlarda Prezidentin daha bir sərəncamı ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat vəsait ayrılmışdır. Bu, dövlətin milli kino sənətinin inkişafına göstərdiyi qayğının nümunəsidir.
“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” kino tariximiz üçün əhəmiyyət baxımından ilk genişmiqyaslı sənəd idi. Proqram çərçivəsində ötən dövr ərzində kino müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, o cümlədən Bakı şəhərində Dövlət Film Fondu üçün ən müasir texnoloji avadanlıqlara malik yeni bina inşa edilmiş və Nizami Kino Mərkəzi dünya standartları səviyyəsində yenidən qurulmuşdur. Dövlət sifarişi ilə film istehsalı təkmilləşdirilmiş, milli kinonun kadr potensialının gücləndirilməsinə xidmət edən müxtəlif layihələr gerçəkləşdirilmişdir. Dövlət sifarişi və maliyyə yardımı ilə dövlət və özəl studiyalarda 300-dən artıq film çəkilmiş, istehsal edilən çox sayda ekran əsəri beynəlxalq kino festivallarında müxtəlif mükafatlara layiq görülmüşdür. Eyni zamanda, son illərdə özəl kino sektoru tərəfindən istehsal olunan filmlərin sayının və film çəkilişinə vəsait qoyuluşunun həcminin artması, eləcə də həmin filmlərin tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Bu gün ölkədə mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi zərurətini nəzərə alaraq, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla, milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası” layihəsi hazırlanır. Bu konsepsiya milli kinomuzun gələcək inkişafını təmin etməlidir.
Onu da qeyd edək ki, son bir neçə il kino sənayemiz üçün uğurlu olub. “Azərbaycanfilm” kinostudiyası tərəfindən 2016-cı ildə “İçərişəhər”, “Qırmızı bağ” və “Xeyirlə Şərin rəqsi” və “Həddən artıq uyğunluq” tammetrajlı bədii, Almaniya və Azərbaycanın birgə işi olan “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmlərinin istehsalı tamamlanıb və təqdimatları olub. Həmçinin “Postskriptum”, “Onun atası”, “Hədiyyə”, “Qara bağ” qısametrajlı filmlərindən ibarət “40-cı paraleldə” kinoalmanaxı təqdim edilib. 2017-ci ildə çəkilmiş Babək Şirinsifətin “Üçüncü günün adamı” və İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmləri uğurlu kino əsərlərimizdəndir .
Azərbaycan kinosu yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni yaradılan filmlərimizin beynəlxalq kinofestivallarda yüksək mükafatlara layiq görülməsi onu deməyə əsas verir ki, bu sahədə həyata keçirilən islahatlar öz nəticəsini verməkdədir. Son illər yeni istehsal olunan filmlərin sayı, gənc kadrların kinoya cəlb olunmasına diqqət artıb, kino istehsalının maddi-texniki bazası möhkəmləndirilib, xarici kino ustaları ilə əməkdaşlıq genişləndirilib.
Son illər Azərbaycanda istehsal olunan filmlər janr və mövzu müxtəlifliyi ilə diqqəti cəlb edir. “Cavad xan”, “Hökmdarın taleyı”, “Dərvişin qeydləri”, “Qisas almadan ölmə” kimi filmlərini buna misal göstərmək olar.
Birgə çəkilişlər ölkəmizin beynəlxalq kino əməkdaşlığının genişlənməsinin göstəricisidir. “Mahmud və Məryəm” filmi Türkiyə , “Qorxma, mən səninləyəm! 1919” filmi isə Rusiya kinematoqrafçıları ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdir. “F2014” filmini kinematoqrafçılarımız Fransa, İsveç, Braziliya kino ustaları ilə birgə lentə almışlar. “Sarılar–Qarabağ atının səyahəti” tammetrajlı sənədli filmi isə Azərbaycan və Almaniya kinematoqrafçılarının birgə işidir.
Uğurlu nəticələrdən biri də ondan ibarətdir ki, Azərbaycan filmləri nüfuzlu beynəlxalq festivalların qalibi olmuşdur. “Çölçü” bədii filmi indiyədək 27 beynəlxalq kinofestival və forumda iştirak etmiş, müxtəlif diplomlarla mükafatlandırılmışdır. “Nabat”, “Buta”, “Sonuncu”, “Axırıncı dayanacaq”, “Axınla aşağı” və digər filmlərimiz də beynəlxalq film festivallarının qalibləridir. Təkcə 2014-cü ildə Azərbaycan filmləri 50-dən artıq beynəlxalq festivalda iştirak etmiş, mükafatlara layiq görülmüşdür.
Bu gün Azərbaycan kinosu yeni dövrünü yaşayır. Dövlətimizin artan iqtisadi gücü bunu deməyə əsas verir ki, kinomuz yeni intibah dövrü ərəfəsindədir.
Hazırda kino sahəsində Azərbaycan Prodüserlər Gildiyası, Kinorejissorlar Gildiyası və Kinoaktyorlar Gildiyası kimi təşkilatlar fəaliyyət göstərir. Onların yaradılmasında məqsəd sənətçiləri bir mərkəzdə birləşdirmək, yaradıcılıq potensiallarının üzə çıxarılmasına kömək göstərməkdir. Bu təşkilatlarda gənclər də yaxından iştirak edir, müzakirələrdə, yaradıcılıq görüşlərində öz fikirlərini çəkinmədən demək imkanı qazanırlar.
Milli kinoya gənc mütəxəssislərin cəlb olunması zərurətini nəzərə alaraq müxtəlif məzmunlu və formalı müsabiqələr təşkil olunur. Mədəniyyət Nazirliyinin “Bu meydan, bu ekran” müsabiqələrinin qalib layihələri əsasında müstəqil prodüser mərkəzlərində nazirliyin dəstəyi ilə 23 qısametrajlı film çəkilib. Nazirlik Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə bu layihələri davam etdirir. Dünyanın müxtəlif ölkələrində yaşayan kino təhsilli azərbaycanlı gənclər “Azərbaycanfilm” kinostudiyasına dəvət edilir. Son illər ərzində on gənc kinematoqrafiya üzrə təhsil almaq üçün nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilib. 2017-ci ildə Ümumrusiya Kinematoqrafiya Universiteti ilə danışıqlar nəticəsində Mədəniyyət Nazirliyinin vəsaiti hesabına azərbaycanlı gənclərin bir neçəsinin kino ixtisası üzrə bakalavr səviyyəsində təhsil almaq üçün Rusiyaya göndərilməsi də bu sıradandır.
Azərbaycanda kino sənayesinin böyük potensialı var və mütərəqqi ənənələri qoruyaraq, Azərbaycan kino sənayesinin inkişafını təmin etməklə, milli kinomuzun şöhrətini özünə qaytarmalıyıq. Bu gün kinonun qarşısında duran əsas məqsəd istehsal prosesinin düzgün qurulması və tənzimlənməsi, yarımçıq filmlərin tamamlanması, yaradıcı və texniki potensialımızın müəyyənləşdirilməsi və inkişaf etdirilməsidir.
Kino işçiləri inanırlar ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvələrinə ucalacaqdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2019.-3 avqust.- S.6.