Aqrar sahə yeni yüksəliş mərhələsində
“Çörək ağacı”na çevrilən tut
ağacı
Ötən əsrin 60-cı illəri idi. Qonşumuz Əzim kişinin səsi hələ də qulaqlarımdan getmir. Hasardan boylananda gördüm ki, kişi əməlli-başlı, hönkür-hönkür ağlayır. Həyətindəki 2-3 tut ağacını, daha doğrusu, onların qol-budaqlarını yenicə kəsib getmişdilər. Kişi fəryad edirdi: “Balalarım ac qalacaq, belə də hökumət olar?!” deyib hıçqırırdı. O zaman balaca idim və bilmirdim ki, o hökumət dediyi adamlar Əzim kişinin bu tut ağaclarını niyə kəsiblər. Bircə onu bilirdim ki, Əzim kişi kasıb yaşayır və on uşağı olan, artıq 40-45 yaşlarında beli bükülən bu uzun kişi hər səhər evdən çıxıb harasa gedirdi və şər qarışana yaxın qayıtmağını uşaqlarının səs-küyündən, sevincdən atılıb-düşdüklərindən bilirdim. Balaları səhərin gözü açılar-açılmaz tut ağaclarına dırmaşardılar və doyunca yedikdən sonra onların heç bir tikə quru çörəyə və şirin çaya da həvəsləri olmazdı. Əzim kişiyə də elə bu lazımıydı. Ona görə sonralar başa düşdüm ki, tut ağacına o niyə “çörək ağacım” deyirmiş. İllər keçdikcə Əzim kişi yeni tut ağacları əkirdi və öyrənirdim ki, tutun yarpaqlarının meyvəsindən daha qiymətli olduğunu bilmişdi və baramaya girişərək beləcə kasıblığın daşını deyəsən atmışdı. Çünki hasarın o tayından nə onun əvvəlki giley-güzarı, nə də uşaqların səsi gəlirdi...
Aradan on illər keçib. İndi nə Əzim kişi var, nə onun balaları. Hərəsi bir yerə köçüb, ev-eşik olublar. Amma o tut ağaclarının bəzilərinin kötükləri hələ də durur. Hərdən bir qədər də ucaldılmış hasardan boylanıb o kötükləri görəndə qəribə hisslər keçirir və kövrəlirəm. Qəribədir, o illərin təsiridir, ya nədəndir, harada yeni basdırılmış, körpə tut ağacı görəndə mütləq əlimi yarpaqlarına çəkir və bilirəm ki, o, doğrudan da əsl çörək ağacıdır. Təəssüf ki, müstəqillik illərində qədrini bilməmişik, unutmuşuq bu sahəni. Nə yaxşı ki, ölkə Prezidenti müşavirələrin birində bu məsələyə toxundu, baramaçılığın gəlirli bir sahə olduğunu yada saldı və bir qədər sonra da “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etdi.
İndi, iyulun 31-də dövlət başçısının keçirdiyi müşavirədəki “digər məhsulların istehsalı da artıb. Beləliklə, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25 faiz, tərəvəz 14 faiz. Yəni, ixracımız da artır və əlbəttə ki, növbəti illərdə biz bu istiqamətdə öz siyasətimizi apararaq özümüzü daha da böyük nəticələrə çatdıracağıq” sözləri bir daha göstərdi ki, hədəf düzgün seçilib.
Azərbaycan Prezidentinin müşavirədəki çıxışı bir daha göstərdi ki, kənd təsərrüfatının bütün sahələrindəki yüksəliş xüsusi diqqət və qayğının, geniş islahatların nəticəsidir: “Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub. Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən üç faizə yaxındır. Hesab edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın. Məndə olan məlumata görə, taxıl istehsalı 40 faiz artıb. Məhsuldarlıq da kifayət qədər yüksəkdir. Əvvəlki illərlə müqayisədə indi orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Ancaq elə təsərrüfatlar var ki, orada məhsuldarlıq 60 sentnerdir və ondan da çoxdur. Yəni, bu, onu göstərir ki, müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı məhsuldarlığı böyük dərəcədə artırır və artıracaq”.
...Vaxt olub ki, ölkəmizdə baramaçılıq sahəsində 150 min nəfər çalışıb. Belə bir faktı unuda bilmərik ki, Azərbaycanda 7 barama toxumu zavodu, 2 damazlıq ipəkçilik stansiyası, 30-dan artıq baramaqurutma məntəqəsi olub. Təəssüf ki, onların çoxu diqqətsizlik ucbatından sıradan çıxıb. İndi onların bərpası istiqamətində mühüm işlər görülür. Belə bir faktı yada salmaq lazımdır ki, sovetlər dövründə Azərbaycan barama tədarükünə görə yalnız Özbəkistandan geri qalıb. Amma keyfiyyətinə görə daim birinci olub. Şirvan, Şəki, Gəncə bölgəsində baramaçılıq və ipəkçilik çox inkişaf etmişdi. Bu yerlərdə ipəkdən çox gözəl, bəzəkli, naxışlı, zərif, qadın baş örtükləri istehsal olunurdu. Bu, əhalinin əsas fəaliyyət növünə çevrilmişdi. Bəzi mənbələrə istinad edərək deyə bilərik ki, Azərbaycanda ipəkçiliklə 2 min ilə yaxındır ki, məşğul olurlar. Bəziləri isə bu peşənin eramızdan əvvələ gedib çıxdığını söyləyirlər. Hətta onun 5 minillik tarixi olduğunu iddia edənlər də var. Böyük İpək yolu elə-belə salınmayıb axı. 1960-cı illərdə ipəkqurdunu bəsləməyə başlayan, ipək parçaları istehsal etməyin yollarını tapan çinlilər bu qiymətli məhsulu bütün dünyaya satmağa başlayıblar. İttifaqın süqutuna yaxın, yəni 1988-ci ildə Orta Asiyanın bu respublikasında 35 min 25 ton, Azərbaycanda isə 5 min 584 ton barama istehsal olunmuşdur. Belə bir obrazlı ifadə işlədək ki, Azərbaycanda bir ildə toxunan Şəki ipəyinin uzunluğu Yer kürəsinin diametrinə bərabər idi. Bizim məhsul keçmiş SSRİ-nin 250-dən çox şəhərinə gedirdi. İstehsal müddəti az, gəliri isə çox olan barama hər yerdə həvəslə yetişdirilirdi. Bu sahənin gəliri hesabına fərdi evlər tikilir, maşınlar alınır, adamların gün-güzəranı yaxşılaşırdı. Cəmi iki ay qısa ömür sürən ipəkqurdunun bir baramasından 1000-1500 metr uzunluğunda sap əldə edilir. İpəkqurdunun tut yarpağı yediyi və inkişaf etdiyi dövr 1 yaş ərəfəsidir. 1-3 yaş dövrünə isə yetişkin ipəkqurdu dövrü deyilir. Maraqlıdır ki, 1 yaşında 45 milliqram olan ipəkqurdunun 5 yaşında ağırlığı 4,5 qrama çatır. Barama dövründə bu qurd 4 dəfə dərisini dəyişir və bu zaman tut yarpağı yemədən ən azı 24 saat hərəkətsiz qala bilir. Bu dövrə yuxu dövrü də deyilir. Həmin dövrü tamamlayan barama artıq bir yaşa girərək yarpaq yeməyə başlayır. Ona görə bir qədər xırdalığına qədər izah etməyə çalışırıq ki, baramaçılıq həm maraqlı, həm də diqqət tələb edən bir sahədir. Bir növ arıların bal yetişdirmək mexanizminə bənzəyir.
Qeyd edək ki, Heydər Əliyev Azərbaycandan getdikdən sonra hər sahədə olduğu kimi, barama və ipək istehsalında da geriləmə oldu. İnsanlara gəlir gətirən bir sahəyə ögey münasibət bəslənilməsi acı nəticələrə gətirib çıxardı və hətta Qazax-Gəncə zonasında baramaçılığın kökü kəsildi. Min hektarlarla Kürqırağı tut bağları sıradan çıxdı. Qorbaçov ki, Azərbaycanda üzümçülüyün kökünü alkoqolizmə qarşı mübarizə pərdəsi altında necə kəsmişdisə, Azərbaycanda da baramaçılığa münasibət buna bənzəyirdi.
Bir neçə ildir ki,
sular, necə deyərlər, durulub. Dövlət səviyyəsində
bu işə diqqət, dəstək və qayğı vəziyyəti
kökündən dəyişdirib. İndi
onlarla rayonda baramaçılığın inkişafı
istiqamətində mühüm işlər aparılır.
Onlardan biri də Ermənistanla 168 kilometr sərhədi
olan Qazax rayonudur. Qeyd etmək
lazımdır ki, bir tərəfdən düşmənlə
üzbəüz dayanan, digər tərəfdən əkinçilik,
bitkiçilik, tərəvəzçilik, heyvandarlıq və
kənd təsərrüfatının digər sahələri
ilə yorulmadan məşğul olan bu rayon son vaxtlar əsl
nümunə göstərir. Əvvəllər
Qazaxa nə vaxt yolumuz düşürdü əkilməmiş
boş sahələr çıxırdı
qarşımıza. İndi belə deyil.
Adamlar torpaqdan ikiəlli yapışıblar.
Əkirlər, biçirlər, öz məhsullarını
bazara çıxarırlar, gəlir əldə edirlər... Təsadüfi deyil ki, kəndlərdə yeni,
yaraşıqlı fərdi evlərin sayı artmağa
başlayıb. Az qazaxlı
tapılar ki, şəxsi minik maşını olmasın və
s.
Baramaçılığa meylin
artması isə açıq-aşkar hiss olunur. Vaxtilə Qazaxda baramaçılıq, ipəkçilik
ənənələri olub. İndi isə
unudulmuş, qədim peşənin dirçəldilməsi, əvvəlki
şöhrətinin bərpa edilməsi üçün
kompleks tədbirlər görülür. Bu
işdə Rayon İcra Hakimiyyətinin fəaliyyətini
ayrıca qeyd etmək lazımdır.
Baramaçılıqla məşğul olmaq istəyən hər
bir kəsə dəstək, kömək var. Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov
kənd və qəsəbələrdə, yaşayış
yerlərində demək olar ki, hər gün keçirdiyi
görüşlərdə baramaçılığın gəlirli
sahə olduğunu dönə-dönə dilə gətirir,
onlara lazımi köməklik göstəriləcəyini
bildirir, vədinə də əməl edir.
Əslində
baramaçılığın inkişafı
üçün Qazaxda bütün şərait
yaradılıb. Barama istehsalı üçün tələb
olunan ən əsas nədir? Deyəcəksiniz
tut yarpağı. Var, özü də
kifayət qədərdir. Hansı kəndə
gedirsən, çəkilliklər çıxır
qarşına. Artıq bir çoxu
böyüyüb, yarpaqlarından necə lazımdı istifadə
etmək olur. Lakin bu sahədə yeni tinglərin əkini
işləri bir il də
dayandırılmır. Yeni tinglər
basdırılır, onlara nəzarət olunur, suvarma işləri
təşkil olunur. Yeri gəlmişkən
qeyd edək ki, bu sahədə Qazaxda problemlərin əksəriyyəti
son 3-4 ildir ki, kökündən həll olunub. Xüsusilə rayon icra hakimiyyəti
başçısının təşəbbüsü ilə
arxların başdan-ayağa lildən, palçıqdan,
kol-kosdan təmizlənməsi suyun nəzərəçarpacaq
dərəcədə artmasına gətirib
çıxarıb.
Mütəxəssislər
deyir ki, baramaçılıq elə bir sahədir ki, orada əlavə
əkin sahəsi tələb olunmur və işçi
potensialından səmərəli istifadəyə imkan
yaradır. Becərmənin müddəti çox qısa
olduğundan bu işə təqaüddə olan şəxslər,
evdar qadınlar, hətta məktəb şagirdləri maddi
maraq prinsipləri nəzərə alınmaqla cəlb edilə
bilərlər. Qazaxda da məhz bu prinsiplər
gözlənilir, bütün kateqoriyadan olan insanlaın
baramaçılığa cəlb olunması
üçün geniş izahat-təbliğat işləri aparılır.
Rayon rəhbəri elə kümçü
yoxdur ki, onun yanına bir neçə dəfə getməsin,
işi ilə maraqlanmasın, kömək əlini
uzatmasın.
Son 3 ildəki göstəricilərə
nəzər salanda görürsən ki, zəhmət hədər
getməyib. Məsələn,
2016-cı ildə 1502 kiloqram yaş barama təhvil verən
Qazax kümçüləri cəmi bir il sonra bu rəqəmi
4623 kiloqrama çatdıra biliblər. Cəmi bir il ərzində bu sahənin təxminən 3 dəfə
artması təbii ki, diqqət və qayğıdan irəli gələn
bir məsələdir. Keçən il
artıq rəqəm 6 min 200 kiloqramı keçib. Bu il 8 tonu haqlayıb. Beləliklə, cəmi 3 il ərzində artım 6 dəfəyə
yaxın olub. Razılaşaq ki, həsədaparıcı
bir rəqəmdir.
Aslanbəyli, Yuxarı Salahlı,
Aşağı Salahlı, Daş Salahlı, Kosalar,
Xanlıqlar, Birinci Şıxlı, İkinci Şıxlı,
Qaymaqlı, Kəmərli və digər kəndlərdə
baramaçılığa meyl göstərən, bu işdən
fayda götürməyə çalışanların
sayı günbəgün, aybaay artır. Fikir
verirsinizsə, adlarını çəkdiyimiz kəndlər
arasında sərhəd kəndləri də var ki, bu da ikiqat
fərəh doğurur. Bu göstəricinin
özü yerlərdə kənd adamlarına göstərilən
diqqət və qayğının əyani misalıdır.
Qazaxda olarkən ayrı-ayrı
kümçülərlə görüşüb söhbət
etdik, onların fikirlərini öyrəndik, təkliflərini
eşitdik. Çox razılıq edirlər,
ölkə Prezidentinin bu sahəyə də xüsusi diqqət
və qayğı göstərməsindən məmnunluqlarını
gizlətmirlər.
Emil Qurbanov, Alpoud kənd
sakini: İnanın, o qədər razıyıq ki, söz tapa
bilmirəm. Evdə boş-bekar nə qədər oturmaq
olardı?! Allah Prezidentimizin canını sağ eləsin. Ailə
üzvlərimlə 2016-cı ildən bu işlə məşğul
olmağa başlamışıq. İlk dəfə, yəni 2016-cı
ildə cəmi 63 kiloqram barama yetişdirə bildik. Lakin
növbəti ildə qərara aldıq ki, daha məhsuldar
işləməliyik. Doğrudur, barama qurdu üçün
yem tapmaq bir o qədər də asan deyil. Lakin
görəndə ki, bu sahədə Qazaxda böyük işlər
həyata keçirilməyə başlanıb, yeni tut
bağları salınır, İcra Hakimiyyətinin
başçısı bizə dəstək olur,
ruhlandırır, o zaman əlimiz işdən soyumadı. Keçən il 376 kiloqram,
bu il isə 401 kiloqram barama istehsal edib satdıq. Əvvəlki iki ildə baramanın hər
kiloqramını 4 manata satırdıq. Lakin
ölkə Prezidentinin müvafiq sərəncamından sonra
keçən ildən bizə hər kiloqrama görə əlavə
5 manat subsidiya verilir. Yəni indi
baramanın kiloqramını 9 manata satırıq. Gəlirli bir sahədir. Mən
öz həmyerlilərimi bu işlə məşğul
olmağa çağırıram. Əsas
çətinlik baramanın yetişdirilməsi o 40 gündə
olur. Tək adamın işi deyil. Mən 4 nəfər ailə üzvümdən
başqa əlavə 8 nəfər də qonum-qonşudan
çağırmışdım. Həm iş yeri
tapdılar, həm də pul qazandılar. Nəyi
pisdir?
Qələndər Əhmədov,
İkinci Şıxlı kənd sakini: Üç il qabaq cəmi 87 kiloqram barama təhvil verə
bilmişdim. Düzü istəyirdim daha
başqa işlə məşğul olum. Ailə
üzvlərimlə yığışıb məsləhətləşdik.
Gördük ki, yox, bundan gəlirli sahə tapa
bilməyəcəyik. Bu tərəfdən
də ölkə Prezidentinin əlavə subsidiya verilməsi ilə
bağlı göstərişi sanki qol-qanadımızı
açdı. 2018-ci ildə 353 kiloqram, bu il
isə 400 kiloqramdan çox məhsul təhvil verdik. Hiss edirik
ki, Qazaxda bu işin yaxşı perspektivi var. Hara baxırsan,
çətilliklərdir. Bu gün kövrək budaqları
olan tut ağaclarının kökləri torpağın dərinliklərinə
işlədikcə, o sabah daha möhkəm,
qollu-budaqlı olacaq və yarpaqlarından barama qurdunun yemi
üçün gen-bol istifadə edə biləcəyik. Həvəsim çox artıb. Bir də
başımı qaldırıram ki, başımın
üstündə icra başçımız Rəcəb
müəllim dayanıb, “nə kömək lazımdır?, - deyir. İndi niyə də həvəslə
işləməyim? Normal yaşayıram,
hələ bir “dar gün üçün” bir kənara da
beş-on manat ata bilirəm. Özü də
bu son hədd deyil. İldə ən
azı 10 min manat qazanmaq mümkündür.
...Bəli, illər keçəcək,
Azərbaycan ipəyinin şöhrəti yenə hər yerə
yayılacaq. Bu ipəyin uzunluğu o qədər
olacaq ki, Yer kürəsinin qurşağına bir dəfə
yox, min dəfə dolana biləcəkdir. Elə təkcə
Qazaxda görülən işlər bu nikbinlikdən xəbər
verir...
Hamlet QASIMOV,
Xalq qəzeti.- 2019.-4 avqust.- S.7.