Polşa jurnalında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi haqqında məqalə dərc edilib

 

Polşanın nüfuzlu ingilisdilli  New Eastern Europe”  jurnalı  (“Yeni Şərqi Avropa”) Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi haqqında məqalə dərc olunub. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun müəllifi olduğu məqalə Qoşulmama Hərəkatının müasir beynəlxalq münasibətlər sistemindəki əhəmiyyətindən və Azərbaycanın xarici siyasi maraqları perspektivindən bəhs edir.

Müəllif qeyd edib ki, 120 dövlətin üzv olduğu, 17 dövlətin və 10 beynəlxalq təşkilatın müşahidəçi kimi qoşulduğu Qoşulmama Hərəkatı “Soyuq müharibə”nin gərgin dövründə –1961-ci ildə  hərbi bloklara qoşulmamaq prinsipi ilə yaradılıb:Sovet İttifaqının süqutundan sonra bir müddət düşünülürdü ki, hərəkat artıq öz əhəmiyyətini itirib. Lakin üzv dövlətlərin üzləşdiyi müxtəlif xarakterli (hərbi, siyasi, iqtisadi, iqlim dəyişikliyi və s.) yeni çağırışlar beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da artırıb və QH-ni bu əməkdaşlığın təşviq edilməsi məqsədilə  əlverişli bir platforma kimi yenidən canlandırıb”,– deyə müəllif yazır.

Vasif Hüseynov Qoşulmama Hərəkatının  bu ilin oktyabrın  25-26-da  Bakıda keçiriləcək 18-ci sammitində Azərbaycanın hərəkata 3 illik sədrlik etməsini  ölkəmiz  üçün mühim diplomatik uğur kimi səciyyələndirib. Məqalədə qeyd edilib ki, həssas geosiyasi məkanda yerləşən Azərbaycanın  120 dövlətin üzv olduğu bir təşkilata rəhbərliyi  xarici siyasətimizin uğurları  üçün mühüm imkanlar vəd edir.

Vasif Hüseynov Azərbaycanın QH-də fəaliyyətinin əsas məqsədinin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacağını  bildirir: “Sevindirici haldır ki, dövlətimiz artıq bu cəhətdən bəzi uğurlara nail olub. Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini qeyd edibBMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırıb. Oxşar mövqe hərəkat üzvləri tərəfindən bu ilin iyul ayında Venesuela Respublikasının Karakas şəhərində keçirilən Nazirlər Şurasının yekun sənədində də ifadə edilib”.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2019.-4 avqust.- S.7.