Nəsiminin kino obrazı necə yarandı?

 

Azərbaycan kinosunda elə filmlər var ki, onlar tariximizi, milli-mənəvi dəyərlərimizi yaşadan sənət nümunələridir. Söz yox ki, belə filmlər arasındaNəsimiekran əsərinin öz yeri vardır. Xalq yazıçısı İsa Hüseynovun ssenarisi əsasında lentə alınmış bu film Azərbaycan xalqının görkəmli şair filosofu, hürufi təriqətinin nümayəndəsi, insan zəkasının hisslərinin tərənnümçüsü olan İmadəddin Nəsimiyə həsr olunub. Film şairin 600 illik yubileyi münasibətilə çəkilmişdi.

Nəsimifilminin ərsəyə gəlməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Qeyd edək ki, filmin keyfiyyətli olması üçün xarici valyuta ilə alınan kinoplyonkaya çəkilirdi. Ona görə çəkiliş üçün əlavə vəsait tələb olunurdu. Heydər Əliyevin tapşırığı ilə çəkilişə ayrılan vəsaitdən əlavə dövlət büdcəsindən pul verildi. Məhz Heydər Əliyevin istəyilə filmin rejissor işi Həsən Seyidbəyliyə həvalə olunmuşdu.

Kamil insan problemini ortaya qoyan Nəsiminin fəlsəfəsini ekranda canlandırmaq, gəncliyi bu dərin fəlsəfi dünyagörüşünün işığına cəlb etmək, Şərq renessansının dahi nümayəndəsi, Azərbaycan fəlsəfi poeziyasının banisi İmadəddin Nəsiminin tarixə dönmüş həyatına tamaşaçı marağı cəlb etmək həm ssenaristdən, həm rejissordan xüsusi məharət tələb edirdi. Rejissor ssenaristin əsas materialı şairin çoxcəhətli, dərin mənalı poeziyası olmuşdur. Bu, bir tərəfdən müəlliflərə müəyyən dərəcədə çətinlik yaratsa da, digər tərəfdən hər ikisinin yaradıcılıq təxəyyülünə geniş imkanlar vermişdi.

Nəsimi kimi şəxsiyyət haqqında filmin ədəbi ssenarisi güclü olmalı idi bu işdə İsa Hüseynovun əməyi danılmazdır. İsa müəllim rejissora material qıtlığı yaşatmadı. Bu filmdə həm ssenari, həm rejissor işinin möhtəşəmliyi mükəmməl bir ekran əsərinin yaranmasına rəvac verdi.

 Qeyd edək ki, çəkiliş prosesində ssenaridə yer alan təriqətçiliklə bağlı nüanslara heç bir qadağa qoyulmamışdır. Müəlliflər çəkilişinə 1972-ci ildə başlanan ekran əsərində həm elmi, həm tarixi, həm etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün görkəmli nəsimişünasların, filoloqların, sənətşünasların məsləhət təkliflərindən istifadə etmişlər. Görkəmli ədəbiyyaşünas alim Əli Fəhmi filmin məsləhətçisi olmuşdur.

Nəsiminin yaşadığı dövr ən mürəkkəb, keşməkeşli bir dövr idi. Nəsimi təkcə şair deyildi. O, Quranı, islam, hüquq şəriət elmlərini mükəmməl mənimsəmiş bunlardan öz əsərlərində məharətlə istifadə etmişdi. Bundan başqa, Nəsimi fəlsəfə elminə dərindən bələd idi.

Belə mürəkkəb şəxsiyyət haqqında film çəkmək rejissor Həsən Seyidbəylidən böyük məsuliyyət tələb edirdi. İlk növbədə bu rolda kimi çəkəcəyini qətiləşdirə bilmirdi. Özü bu barədə deyirdi: “Nəsimifilmi üzərində işləməyə başlayanda əsas rola kimi dəvət edəcəyimiz barəsində çox götür-qoy etməli olduq. Nəsimi əfsanəvi bir dəyanətə, yüksək insani keyfiyyətlərə, ülvi, poetik bir vüsətə malik şəxsiyyət idi. Belə bir obrazı yaratmaq üçün böyük təcrübəyə, yüksək istedada malik aktyor tapılmalı idi. Bəziləri xaricdən aktyor dəvət olunmasını təklif edirdilər. Nəsimi roluna dəvət olunan aktyorda bir çox keyfiyyətlər vəhdət tapmalı idi. Buna görə biz həmin qəhrəmanı məhz azərbaycanlı aktyorlar arasında axtarmaq qərarına gəldik axtarışlar bizi Rasim Balayevlə qarşılaşdırdı.”

 Rasim Balayev Nəsimi roluna dəvət olundu bu rolda çəkildi. Xalq artisti Rasim Balayev sonralar müsahibələrində deyir: “Fimin yaradıcıları istəyirdi ki, yeni sima təqdim etsinlər. Buna baxmayaraq, mənim özümdə inam yox idi. Çünki o vaxt bir neçə filmdə yoxlansam da, məni çəkməmişdilər. Buna görə inamım qalmamışdı. Eşitmişdim ki, hətta Rusiyadan aktyor dəvət etmək istəyirlər. Həmin vaxtlar mənim xəbərim olmasa da, sonradan eşitdim ki, filmə çəkilməyimə rəsmi dairələrdən etiraz edənlər olmuşdu. Amma Həsən Seyidbəylinin israr xahişindən sonra mənim çəkilməyimə razılıq veriblər. Çünki Həsən müəllim məndən başqa heç kimi bu obrazda görə bilmədiyini deyib. Rejissor filmin ən vacib səhnələrini bizə məşq etdirdi. Beləliklə, H. Seyidbəylidə tam əminlik yarandı mən Nəsimi roluna təsdiq olundum”.

Nəsimitarixi bir film idi. Bu cür filmləri çəkmək çətindir. O mühiti yaratmaq üçün kostyumlar, obrazların dəqiq seçilməsi, libaslar, interyer, hər şey ayrı-ayrılıqda şərt idi. Bu ekran əsərində kütləvi səhnələr çoxdur. Bu baxımdan Həsən müəllim hər şeyi birəbir həyata keçirirdi. Rejissor öz estetikasını, səmimi, yaxından, içdən danışıq tərzini bu filmə gətirmişdi. Hər kəs öz yerində idi. Məsələn, Yusif Vəliyevin Teymurləng surəti mükəmməl bir obrazdır aktyor bu rolu yüksək sənətkarlıqla ifa edib. Onu da qeyd edim ki, bu rola Xalq artisti Adil İsgəndərov da dəvət olunmuşdu. Amma sınaq çəkilişləri vaxtı Adil müəllim deyib ki, Teymurləngi Yusif məndən yaxşı yarada bilər, mən bu roldan imtina edirəm.

Filmdə çox maraqlı aktyor ansamblı var. İsmayıl Osmanlının ( Fəzlullah Nəimi), Səməndər Rzayevin (Şirvanşah İbrahim), Məmmədrza Şeyxzamanovun (şeyx Əzəm), Muxtar Maniyevin (Miranşah), Əbdül Mahmudovun (dərviş) gənc aktrisa Xalidə Qasımovanın (Fatima) rollarını xüsusi olaraq qeyd etmək istərdik.

Filmin çəkilişlərinə hazırlıq dövründə rejissoru yaradıcı heyətə kimlərin dəvət olunacağı da çox düşündürürdü. Musiqini kimə həvalə etmək məsələsi əvvəlcədən həll olunmuşdu. Çünki Xalq artisti, bəstəkar Tofiq Quliyevin kino musiqisi sahəsindəki uğurları rejissora tanış idi. Filmə musiqi yazmağı ona həvalə etmişdi. Tofiq müəllim deyirdi: “Nəsimi” filmi mənim üçün ciddi yaradıcılıq axtarışları ilə əlamətdar oldu. Burada musiqi yaradıcılığının müasir formaları ilə yanaşı elə ifadə vasitələri tapmaq lazım idi ki, tamaşaçıları Nəsiminin poeziya aləminə, uzaq keçmişə aparsın. Axtarışlarım məni belə bir fikrə gətirdi ki, musiqinin əsasını xalq musiqi yaradıcılığının klassik nümunəsi olan muğam təşkil edə bilər”. Hər zaman lirik, romantik, şən, şux melodiyalar yazan bəstəkarın Nəsimi kimi klassik şairin “intonasiyasını”, sufi ideyalarını hiss etməsi və musiqiyə “çevirməsi” məhz ciddi yaradıcılıq axtarışlarının nəticəsi idi. Əslində, bəstəkarın çoxşaxəli, dərin istedadı hər mövzuda yazmağa, işləməyə imkan verib. Amma yenə də bu mövzuda o cür uğurlu musiqilərin bəstələnməsi Tofiq Quliyev böyüklüyünün, istedadının daha bir təsdiqidir. Rəssamlar Mais Ağabəyov və Məmməd Hüseynovun, operator Rasim İsmayılovun filmdəki uğurlu yaradıcılıq axtarışları öz bəhrəsini vermişdir.

 “Nəsimi”dən sonra çəkilən tarixi filmlər bu qədər uğurlu, inandırıcı alınmadı. Çünki bu filmdə insan faktoru vardı. Tarixi film olmağına baxmayaraq, insan ruhunun azadlığı öndə tutulmuşdu.

1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında “Nəsimi” ən yaxşı tarixi film, Rasim Balayev isə kişi rolunun ən yaxşı ifaçısı nominasiyalarında mükafatlara layiq görüldü.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 7 avqust.- S.6.