Ölkəmizdə idmanla bağlı məqsədyönlü
siyasət öz bəhrəsini verir
Müsahibimiz
Milli Məclisin intizam komissiyasının sədri, Milli Olimpiya
Komitəsinin baş katibi Ağacan Abiyevdir.
– Ağacan müəllim,
Azərbaycanda ən müasir idman infrastrukturunun qurulması
nüfuzlu yarışların təşkili üçün
geniş imkanlar yaradıb. Respublikamız həm də
dünyada idman ölkəsi kimi tanınır. Bu barədə
sizin də fikrinizi bilmək maraqlı olardı.
– Sizinlə tam razıyam. Bu gün Azərbaycan, sözün həqiqi mənasında, dünyanın idman ölkələrindən birinə çevrilib. Hazırda idman cəmiyyətimizdə idman önəmli bir ictimai amildir. Beynəlxaıq ekspertlər də etiraf edirlər ki, Azərbaycanda dünya standartlarına cavab verən müasir idman infrastrukturu yaradılıb. Paytaxt Bakıda və bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi, idman arenaları, meydançalar bu sahədə görülən irimiqyaslı işlərin nəticəsidir. Əvvəlki illərlə müqayisədə Azərbaycan idmançılarının xoş sədaları, demək olar ki, son illər dünyanın hər yerindən daha çox eşidilir. Elə bir dünya birinciliyi, Olimpiya Oyunları, Avropa turnirləri, ümumiyyətlə, beynəlxalq çempionat yoxdur ki, orada respublikamızın idmançıları fərqlənməsinlər. Azərbaycanın bayrağl yüksəkliyə qaldırılanda, Dövlət himnimiz səsləndiriləndə sevincimizin həddi-hüdudu olmur. Bütün bunların əsası dövlətimizin başçısı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra qoyulub. Həmin vaxtdan başlayaraq respublikamızda Olimpiya hərəkatı və bütövlükdə idmanın inkişafı ilə bağlı böyük işlərin görülməsinə başlanılıb. Azərbaycanın Olimpiya Oyunlarında layiqincə təmsil olunmasına əlverişli şəraitin yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımların atılması, MOK-un beynəlxalq Olimpiya ailəsinin nüfuzlu üzvünə çevrilməsi istiqamətində əsaslı tədbirlərin həyata keçirilməsi, dünya standartlarına cavab verən idman arenalarının tikilməsi respublikamızı tədricən dünyanın idman dövlətlərindən birinə çevirdi. Ölkəmizdə idmanla, Olimpiya hərəkatı ilə bağlı aparılan məqsədyönlü siyasət öz bəhrəsini verir. Həmin siyasət nəticəsində bu gün ölkəmizin idman sahəsində əldə etdiyi möhtəşəm qələbələrdən fəxrlə, qürur hissi ilə danışa bilirik.
– Yeri gəlmişkən,
son illər ölkəmiz nüfuzlu idman tədbirlərinin
keçirildiyi məkana çevrilib.
– Ölkəmizdə nüfuzlu idman yarışlarının təşkili üçün geniş imkanlar yaradılıb. Bu, ilk növbədə, dövlətimizin başçısının düşünülmüş siyasəti nəticəsində təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının nəticəsidir. Bu gün Azərbaycanda sabitliyin, əmin-amanlğın, davamlılığının təmin olunması dünya birliyində də etiraf edilir. Ona görə də respublikamız həm mötəbər tədbirlərin, həm də beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bu, həm də ölkəmizə beynəlxalq aləmdə olan inam və etimaddan irəli gəlir. Bugünlərdə yüksək səviyyədə keçirilən XV Avropa Gənclər Yay Olimpiya festivalı hələ uzun müddət xatirələrdə qalacaq. Yeri gəlmişkən, qeyd edim ki, idmançılarımız bu mötəbər yarışda da uğurla çıxış edərək növbəti dəfə tarix yazdılar. Yarışların keçirildiyi 7 gün ərzində dünyanın, o cümlədən Avropanın idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Festival, sözün həqiqi mənasında, əsl idman bayramına çevrildi. Azərbaycan komandası yarışlarda 122 idmançı ilə mübarizə aparırdı. Atletlərimiz böyük əzmkarlıq göstərərək komandamıza 10 qızıl, 7 gümüş və 6 bürünc qazandırdılar. Bu nəticə ilə Azərbaycan yığma komandası 48 ölkə arasında dördüncü oldu.
Hər il ölkəmizdə bədii gimnastika, taekvondo, güləş, boks, karate və digər idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya Oyunlarının lisenziya turnirləri keçirilir. Ümumilikdə isə son 10 ildə respublikamızda təxminən 400-ə yaxın belə beynəlxalq yarış təşkil olunub. Bu gün inamla deyə bilərik ki, möhtərəm Prezidentimizin Azərbaycanda idmanın inkişafına məsuliyyəti öz üzərinə götürməsi, ona xüsusi qayğı ilə yanaşması dünya miqyasında da yüksək dəyərləndirilir. Xatırladım ki, Bakı “Avro-2020”-nin final mərhələsini keçirmək hüququ qazanıb. Buna qədər 2015-ci ildə ilk Avropa Oyunları, 2016-cı ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Beynəlxalq Şahmat Olimpiadası və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının final oyunu, artıq ənənə halını almış “Formula-1” yarışması yüksək səviyyədə keçirilib. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri hələ də unudulmayıb. Bu Oyunların Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tövsiyə və tapşırıqları əsasında həyata keçirilən işlər ölkəmizin idman şöhrətini daha da yüksəltdi.
– Son illər bədii
gimnastlarımız da onlara göstərilən diqqət və
qayğıdan bəhrələnərək dünya
miqyasında mükafatalayiq yerlər tuturlar.
– Sevindirici haldır ki, bədii gimnastlarımız, demək olar ki, öz yetirmələrimizdir. Yəni bu idman növündə legionerə bir o qədər də ehtiyac qalmayıb. Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbər seçilməsi ölkəmiz üçün o qədər ənənəvi olmayan bu idman növünün də sürətli inkişafına və populyarlaşmasına geniş imkanlar yaratdı. Respublikamızda gimnastika üzrə milli kadrlar, mütəxəssislər, məşqçi və hakimlər yetişdirilib, bölgələrdə gimnastika bölmələri yaradılıb, maddi-texniki baza gücləndirilib. Bu işlər hazırda böyük uğurla davam etdirilir. Paytaxt Bakı ilə yanaşı, respublikamızın ayrı-ayrı bölgələrində gimnastikanın zəngin ənənələrini davam etdirən yeni perspektivli idmançılar nəsli yetişir. Ölkəmizin mötəbər turnirlərə yüksək səviyyədə evsahibliyi etməsi, gimnastlarımızın Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmələri beynəlxalq idman qurumlarının diqqətindən yayınmır. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi, həm də Azərbaycan Gimnastika Federasiyasının uğurudur.
Göründüyü kimi, Azərbaycan bütün idman növləri üzrə nailiyyətlərini ildən-ilə artırır və mötəbər yarışlara evsahibliyi etməkdə dünyaya nümunə göstərir. Belə nüfuzlu beynəlxalq yarışlar Bakının bu sahədəki təcrübəsini daha da artırıb. Bu da “Avro-2020”-ni daha mükəmməl keçirməyə əlavə stimul verəcək. Üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq hüququn prinsiplərinə sadiqliyi, beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri ilə tolerantlığın ünvanı kimi müsbət imicə malik olan Azərbaycan həm də belə mötəbər idman yarışını necə təşkil etməyin daha bir örnəyini əyani şəkildə dünyaya nümayiş etdirəcək.
Faktlar da təsdiqləyir ki, ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının sayı getdikcə artır. Müxtəlif növlər üzrə dünya, Avropa çempionatlarının respublikamızda keçirilməsi artıq adi hal alıb. Azərbaycanın belə nüfuzlu yarışlara evsahibliyi etməsi respublikamızın turizm sektorunun daha da inkişafında əhəmiyyətli rol oynayır. Ölkəmizə gələn turistlər buradakı qonaqpərvərlikdən, sabitlikdən məmnun qaldıqlarını bildirir, Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyinin şahidi olur və respublikamız haqqında yayılan şayiələrin həqiqətdən uzaq olduğunu şəxsən görürlər.
– Ölkəmizdə
yeni nəsil idmançıların yetişdirilməsi
üçün qarşıya qoyulan vəzifələr barədə
də məlumat verməyinizi xahiş edirik.
– Azərbaycanda güclü idmançı nəsli
yetişir. Bu iş
uğurla davam etdirilir. Dünyanın müxtəlif ölkələrində
Azərbaycanın bayrağını qaldıran, Dövlət
himnimizi səsləndirən
idmançılarımızın hər biri ilə fəxr
edirik. Onlar cəmiyyətimiz üçün çox gözəl
nümunədirlər. Uşaq və yeniyetmələr bu
idmançılardan nümunə götürürlər.
Onlar kimi idmanla məşğul olub böyük nailiyyətlər
qazanmağa can atırlar. Bundan ötrü bölgələrdə
hər cür şərait yaradılıb. Beynəlxalq
standartlara cavab verən idman infrastrukturunun Azərbaycanın
bölgələrində də yaradılması həmin
regionlarda yaşayan uşaq, yeniyetmə və gənclər
qarşısında idmanla məşğul olmaq
üçün geniş imkanlar açılır. Bunun nəticəsidir
ki, son illər idman bölmələrinə kütləvi
axın müşahidə olunur. Prezident, MOK rəhbəri
İlham Əliyevin regional Olimpiya mərkəzlərinin
açılışlarında şəxsən iştirak etməsi
yetişən gənc nəslə böyük stimul verir. Bu, həm
də müstəqil dövlətimizin gələcəyi olan
sağlam gəncliyin yetişməsi üçün çox
önəmlidir. Uşaqların idmanla məşğul
olmaları onların həm fiziki, həm də mənəvi cəhətdən
inkişafında böyük rol oynayır. Ötən illər
ərzində idmançıların
qarşılaşdıqları problemlərin həllini
tapması, onların sosial müdafiəsinin daha da gücləndirilməsi
istiqamətində həyata keçirilən tədbirlər,
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, idman mütəxəssislərinə,
veteranlara dövlət tərəfindən böyük diqqət
və qayğı göstərilməsi yetişən gənc
nəsil üçün əsl örnəkdir.
Bu gün Azərbaycanın hər bir vətəndaşı beynəlxalq yarışlarda bayrağımızın yüksəklərdə dalğalandığını, himnimizin səsləndirildiyini görəndə fəxr edirlər. Ona görə də idman gənc nəslin ən ciddi məşğuliyyətinə çevrilib. Bütün idman qurumlarının bir komanda halında fəaliyyət göstərmələri qazandığımız nailiyyətlərin sayının daha da artmasında böyük rol oynayır. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar Azərbaycan idmanında daha böyük nailiyyətlərin əldə edilməsi üçün birgə səy göstərirlər. Əminik ki, dövlət başçımız, MOK-un prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan idman dövləti kimi gələcəkdə də yenilməz gücünü dünyaya nümayiş etdirəcək.
Müsahibəni
qələmə aldı:
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2019.- 10 avqust.- S.4.