Zəngin mədəniyyətimizin
möhtəşəm yadigarı:
İçərişəhər
Memarlıq abidələri
Qədimliklə müasirliyin
memarlıq vəhdətində günü-gündən
gözəlləşən paytaxtımız Bakının mərkəzində
yerləşən, əsrlərdən qalma İçərişəhər
öz yaddaşında ulu tarixi və zəngin mədəniyyəti
yaşadır. Azərbaycan xalqının milli sərvəti və
canlı tarixi olan İçərişəhər
memarlığı və füsünkar gözəlliyi ilə
bəşər mədəniyyəti inciləri
sırasında xüsusi yer tutur. 2000-ci ildə İçərişəhər
YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına
salınmışdır. Son illərdə Azərbaycan
dövlətinin diqqət və qayğısı sayəsində
qədim şəhərin tarixi-mədəni irsinin mühafizəsi,
bərpası, qoruq ərazisində yerləşən abidələrin
bədii-estetik görkəminin, təhlükəsizliyinin,
funksional təyinatının və
uzunömürlülüyünün təmin edilməsi
istiqamətində mühüm addımlar
atılmışdır. Bu gün qədim memarlıq incisi
İçərişəhərin qorunub saxlanması və
yüksək səviyyəyə gətirilməsi sahəsində
hansı işlər görülür? Əməkdaşımızın
bu və digər suallarına “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə
Heyətinin sədri Əsgər Ələkbərov cavab verir:
– Əsgər müəllim, öncə
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin məqsəd və vəzifələri
haqqında məlumat verməyinizi istərdik.
– 2007-ci
ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı
əsasında yaradılan “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ölkəmizin
tarixi və mədəni incisi olan İçərişəhərin
mühafizəsi məqsədilə təsis edildi. İdarənin
yaradılmasının əsas məqsədi İçərişəhər
ərazisindəki abidələrin və bütövlükdə,
memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə
qorunub saxlanmasının və gələcək nəsillərə
çatdırılması üçün özündə
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının
funksiya və səlahiyyətlərini birləşdirən
nadir idarəetmə sisteminin təşkil olunması idi.
Tarix və
mədəniyyət abidələrinin qorunması, ərazi
üçün müəyyən olunmuş rejimin
saxlanmasının təmin edilməsi, İçərişəhər
sakinlərinin həyat şəraitinin yüksəldilməsi,
abidələrin tarix və mədəni cəhətdən
öyrənilməsi, məqsədyönlü şəkildə
istifadə olunmasının təşkili, abidələrin bərpası
və toxunulmazlığının mühafizəsi, həmçinin
qoruqların ərazisində turizmin inkişaf etdirilməsi
kollektivimizin qarşısında duran vəzifələr
sırasındadır.
– İçərişəhərin
beynəlxalq standartlara uyğun qorunması istiqaməti üzrə
aparılmış işlər və görülən tədbirlər
nədən ibarətdir?
–
İçərişəhərə və onun ərazisindəki
tarix-memarlıq abidələrinin qorunub saxlanılmasına,
konservasiyasına və abadlaşdırılmasına
xüsusi dövlət qayğısı göstərilir, abidələr
kompleksinin xarici təsirlərdən müdafiəsi üzrə
uzunmüddətli strategiya çərçivəsində
vahid siyasət həyata keçirilir. Nəzərdə tutulan
fəaliyyətin tənzimlənməsi və
planlaşdırılması üçün 2009-cu ildə Azərbaycan
mütəxəssislərinin iştirakı ilə beynəlxalq
ekspertlər qrupu tərəfindən hazırlanmış
İçərişəhərin konservasiyası üzrə
“Master plan” bu istiqamətdə atılan mühüm
addımlardandır. Bu, İçərişəhərin
baş planı olmaqla yanaşı, YUNESKO-nun Ümumdünya
İrs Komitəsi tərəfindən hazırlanması tələb
olunan sənədlərdən biridir.
“Master
plan”ın əsas məqsədi bu memarlıq irsinin sistemli
şəkildə konservasiyasının və gələcək
inkişafınının beynəlxalq prinsiplərə
müvafiq olaraq planlaşdırılmasının təmin
edilməsindən ibarətdir.
– Qoruq ərazisində tarixi irsimizə
uyğun şəkildə təmir-bərpa və
abadlaşdırma işlərinin davam etdirilməsi istiqamətində
fəaliyyətiniz necədir?
– Nəzərinizə
çatdırmaq istərdim ki, qoruq idarəsi bərpa və
konservasiya işlərinin mükəmməl surətdə
aparılması, həmçinin xarici təcrübənin
öyrənilməsi məqsədilə Avstriyanın “Atelier
Erich Pummer GmbH” şirkəti ilə sıx əməkdaşlıq
edir.Bu baxımdan son illər ərzində Qız qalası,
Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi,
Bəylər məscidi, Cümə məscidi, Marionet
teatrı, Qoşaqala divarları, Dördbucaqlı qala və
s. kimi dünya, ölkə və yerli əhəmiyyətli
tarixi-memarlıq abidələrində uğurla tamamlanmış
çoxsaylı bərpa və konservasiya işləri fəaliyyətimizin
bariz nümunəsidir.İdarənin hər il yenilənən
təmir və bərpa proqramına əsasən qoruq ərazisində
mövcud olan tarix və mədəniyyət abidələrinin
qorunması, memarlıq-estetik görünüşünün
və uzunömürlülüyünün təmin edilməsi
üçün daimi olaraq müvafiq tədbirlər həyata
keçirilir.
Onların
sırasında müstəsna dərəcədə əhəmiyyətli
olan işlərə nümunə olaraq Böyük Qala
küçəsi 44, 46, 48, 50 ünvanlarında yerləşən,
inşa tarixi XVII-XVIII əsrlərə aid edilən “Bakı
xanlarının evi” kompleksinin bərpasını göstərə
bilərik. Təqdirəlayiq hal odur ki, Bakı şəhərinin
tarixində əhəmiyyətli mövqeyi olan Bakı
xanları evi yaxın gələcəkdə əsaslı
yenidənqurma işlərindən sonra muzeyə çevrilərək
ilkin vəziyyətinə qaytarılacaqdır.
2016-cı
ildə Böyük Qala küçəsi 50 ünvanında
aşkar edilmiş, XVII əsrə məxsus yeraltı
hamamın konservasiya işləri də hazırda həyata
keçirilir. 2016 və 2017-ci illərdə arxeoloji
qazıntı işləri nəticəsində hamamın əsas
hissəsi torpaqdan və təsərrüfat
tullantılarından təmizlənmiş, memarlıq
quruluşu təyin olunmuşdur. 2018-ci ildə isə əsas
etibarilə abidədə bərpa və konservasiya işləri
aparılmışdır. 2019-cu ilin sonunda burada açıq
səma altında arxeoloji muzey ekspozisiyasının fəaliyyət
göstərməsi nəzərdə tutulur.
Hazırda
nəinki İçərişəhər,
bütövlükdə Azərbaycan tarixi üçün
böyük dəyərə malik Qoşaqala qapılarında
“Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən bərpa-konservasiya
işləri aparılır. Layihəyə əsasən
2019-cu ildə Qoşaqala qapıları həm İçərişəhər
(daxili), həmçinin Bayırşəhər (fasad) tərəfindən
bərpa-konservasiya ediləcəkdir. Bərpa və konservasiya
işləri öncə Qala divarlarının daxili hissəsindən
başlanmışdır. Hazırda isə Qoşaqala
qapılarının yanındakı iki bürc də daxil
olmaqla, abidə xaricdən bərpa edilir. Layihənin cari ilin
sonuna qədər başa çatması
planlaşdırılır.
– Turistlərin İçərişəhərə
cəlb olunması və onlara beynəlxalq standartlara cavab verən
xidmətlərin göstərilməsi ilə əlaqədar
hansı tədbirlər həyata keçirilir?
– Qədim
dövrlərdən Bakı şəhərinin, hazırda isə
bütövlükdə ölkəmizin tarixi mərkəzi
rolunu oynayan İçərişəhər ölkəmizə
səfər edən turistlərin mütləq surətdə
ziyarət etdiyi məkandır.Təkcə
paytaxtımızın qədim simvolu olan
Qızqalasının mövcudluğu buna kifayət edir. Lakin
biz zamanın tələbatına uyğun olaraq İçərişəhərin
yalnız tarixi baxımdan deyil, eyni zamanda, daha rəngarəng,
dinamik bir mərkəz kimi tanınması üçün
çalışırıq. 2018-ci ilin mart ayında
İçərişəhərdə ilk vahid Turist
İnformasiya Mərkəzi öz işinə başlayıb.
Şəhərimizin qonaqları İçərişəhərə
daxil olduqları andan şəhərimizin tarixi,
memarlığı, mədəniyyəti, eləcə də
İçərişəhərin mədəni həyatı
barədə istənilən məlumatı ala bilirlər.
Burada bütün növ turizm xidmətlərindən
faydalanaraq, həmçinin “Dastan” milli sənətkarlıq
nümunələri brendinin məhsulları ilə də
tanış olmaq mümkündür. Biz daim turizm sahəsi
üzrə xidmətləri təkmilləşdirməyə və
yeniləməyə çalışırıq. İstər
təklif etdiyimiz bələdçi və elektromobil xidməti,
istərsə də yeni turlar İçərişəhəri
və onun zənginliyini qonaqlara daha da keyfiyyətli səviyyədə
tanıtmağa xidmət edir.
İçərişəhərin
və ümumilikdə ölkəmizin təşviqinə, mədəni
turistik məkan olaraq qədim şəhərin tərəqqisinə
nail olmaq üçün biz yaxın keçmişdə
olduqca əhəmiyyətli layihələr ərsəyə gətirdik.
Mən onların arasında xüsusi olaraq “Şirvanşahlar
irsi dünya muzeylərində” adlı sərgini qeyd edə
bilərəm. Ötən il Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə min illik tarixə məxsus olan,
Azərbaycanın ən uzunömürlü dövləti
olmuş Şirvanşahlara həsr etdiyimiz “Müasir Azərbaycandan
tarixi Şirvanşahlar dövlətinə səyahət”
adlı beynəlxalq elmi konfrans çərçivəsində
təşkil edilən sərgi nəinki İçərişəhər,
ümumilikdə Azərbaycan tarixi və mədəniyyəti
üçün kifayət qədər böyük elmi və
mədəni dəyərə malik olan layihə kimi qiymətləndirilməlidir.
Çünki məhz bu sərgi sayəsində vətəndaşlarımız
500 ildən artıq Vətənimizin hüdudlarından kənara
aparılmış misilsiz maddi-mədəniyyət nümunələri
ilə tanış olmaq fürsəti qazandılar.
2019-cu
ilin fevral ayında qədim şəhər ölkəmizdə
ilk dəfə yaradılan Bakı fotoqrafiya evinin
açılış mərasiminə evsahibliyi etdi. Fotoqrafiya
sənətinin istər elmi bir dəlil, istərsə incəsənətin
dəyərli bir sahəsi kimi əhəmiyyətini nəzərə
olaraq belə bir mərkəzin yaradılmasına qərar
verdik. İçərişəhərin tarixi bir məkan kimi
köhnə fotoşəkillərdə əks olunan
görünüşü bizi bu addımı atmağa
ruhlandırdı və bir fotonun həmin anı əbədiləşdirdiyini
xatırlatdı.
Eyni
zamanda, dünyanın müxtəlif muzeyləri,
yaradıcı mərkəzləri ilə əlaqələr
quraraq, fəal əməkdaş qismində
çıxış edirik. Bu məhsuldar tərəfdaşlığın
bəhrəsi olaraq 2019-cu ilin fevral ayından etibarən
Şirvanşahlar Sarayı Kompleksində dünyada mövcud
olan ən unikal kolleksiyalardan biri–“İnkvizisiya – orta əsr
işgəncə alətləri” sərgisi təqdim edilir.
“ART Academia” yaradıcılıq mərkəzi, italyan və
rus muzeyşünaslar, tarixçilərlə birlikdə ərsəyə
gətirdiyimiz bu sərgi 70-dən çox cəza qurğusunu
əhatə edərək, ziyarətçilərə klassik
orta əsrlərdə qüvvədə olan inkvizisiya məhkəməsinin
cəza üsulları haqqında ətraflı məlumat
verir. Orijinal işgəncə alətlərinin nümayiş
edildiyi sərgi ilk dəfədir ki, ölkəmizdə təqdim
edilir və avqustun 18-dək fəaliyyət göstərəcəkdir.
– Qədim mədəniyyətə
malik və dinamik inkişaf edən beynəlxalq səviyyəli
turizm məkanı olan İçərişəhər bu
gün hansı qayğılarla yaşayır?
– Turizmin inkişafı üçün olduqca əlverişli bir məkan olan İçərişəhər öz növbəsində, əlbəttə ki, yaşayış sahəsidir.Şəhərin mərkəzində, dəniz kənarında sanki şəhər içində kiçik bir aləm var. Əlbəttə ki, ölkəmizə səfər edən turistlər ilk öncə onun mərkəzini, tarixi simvollarını görməyə can atır. Eyni zamanda, bu məkanda illərlə əcdadları yaşayan insanlar var. Odur ki, biz həm əhalinin rahatlığının təşkil edilməsi, həmçinin xarici qonaqların məmnunluğunun təmin edilməsi üçün çalışırıq.
İçərişəhərdə ümumilikdə 500-dən çox yerli əhəmiyyətli binalar əsas olmaqla abidələr vardır. Onların təmir və bərpasının həyata keçirilməsi vaxt və vəsait tələb edir. Biz mümkün qədər onlara diqqət yetirməyə çalışır, təhlükəli vəziyyətdə olan binaları nəzarətdə saxlayırıq. Sakinlərin çətinlikləri də idarənin hər zaman diqqət mərkəzindədir. Tez-tez onlarla görüşlər keçirilir, problemləri dinlənilir, həll yolu tapılması istiqamətində addımlar atılır.
Müsahibəni
apardı:
Afət
Sadıqoğlu
Xalq qəzeti.- 2019.- 10 avqust.- S.6.