Qubada meyvəçiliyin
inkişafı sürətlənir
Kənd təsərrüfatı hər
bir ölkə üçün önəmli sahədir.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim
üçün əsas vəzifədir, eyni zamanda, biz öz
ixrac imkanlarımızı da genişləndiririk.
İlham
ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Quba respublikamızın ən iri və ənənəvi
meyvəçilik rayonudur. Bu yerlərin torpağı,
havası, suyu lap əzəldən meyvəçiliyin
inkişafı üçün əlverişli şərait
yaradıb. Bölgənin sadə, torpağa bağlı fədakar
insanları bağlarda böyük həvəslə
çalışaraq, son illər bol məhsul almağa nail
olurlar. Qubalı meyvəçilərin uğurları, ilk
növbədə, dövlətimizin bu sahəyə göstərdiyi
diqqət və qayğı sayəsində mümkün olur.
Bu il iyulun 31-də Azərbaycan
Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə
üzrə keçirilən müşavirədə qeyd olunub
ki, ölkəmizdə son illər sənaye sektoru ilə
yanaşı, qeyri-neft sahəsi də uğurla inkişaf edir.
Dövlət başçısı
çıxışında vurğulayıb ki, Azərbaycanda
bu il kənd təsərrüfatında rekord göstərici əldə
edilib. Bu, aparılan islahatlar nəticəsində
mümkün olub.
Azərbaycanda
taxıl istehsalının bu ilin 6 ayında 40 faiz
artdığını vurğulayan ölkə Prezidenti
çıxışında sonra deyib: “Digər məhsulların
istehsalı da artıb. Beləliklə, bostan məhsulları
təxminən 40 faiz, meyvə 20 faizdən çox, tərəvəz
14 faiz. Yəni, ixracımız da artır və əlbəttə ki, növbəti
illərdə biz bu istiqamətdə öz siyasətimizi
apararaq özümüzü daha böyük nəticələrə
çatdıracağıq”.
Müşavirədə
çıxış edən kənd təsərrüfatı
naziri İnam Kərimov öz növbəsində bildirib ki,
dövlət başçısı tərəfindən həyata
keçirilən aqrar islahatlar üzrə tədbirlər
uğurla davam etdirilir. Bütün sahələrdə, həmçinin
bitkiçilik və heyvandarlıq sahələrində
artım müşahidə olunur.
Qeyd etmək
lazımdır ki, ötən il “Azərbaycan Respublikasında
2019-2023-cü illərdə meyvəçiliyin
inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırığı ilə
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
hazırlanan bu mühüm sənəddə meyvəçiliyin
regionlar üzrə ixtisaslaşması, meyvə emalı
müəssisələrinin yaradılması, meyvə qurusu
istehsalı sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar
müvafiq tədbirlər nəzərdə tutulub.
Dövlət
proqramında meyvə istehsalı sahəsində mövcud
potensialdan tam istifadə edilməsi nəzərdə tutulur. Kənd
təsərrüfatı naziri İ.Kərimov qeyd edib ki, meyvəçilik
ölkəyə valyuta axınına imkan verən, məşğulluğu
təmin edən, əməktutumlu önəmli bir sahədir.
Müasir dünyada intensiv bağçılıqdan geniş
istifadə olunur. Biz də minimum ərazilərdə maksimum məhsuldarlıq
əldə etməyə çalışmalıyıq. Bu sahədə
fermerlərin bilik və bacarıqlarının inkişaf
etdirilməsinə ehtiyac var.
Təqdirəlayiq
haldır ki, Qubada son iki ildə meyvəçilik sahəsində
də xüsusilə müsbət nəticələr əldə
edilmişdir. Belə ki, 2018-ci ildə rayonda bağlardan rekord
miqdarda - 115 min 776 ton alma, 3 min 55 ton armud, 2 min 503 ton gilas, 2 min
249 ton gavalı,126 ton şaftalı, 208 ton fındıq və
291 ton qoz tədarük edilib. Bu il qubalı bağbanlar daha
böyük göstəricilərə nail olmaq əzmindədirlər.
Hazırda
Quba rayonunda, ümumilikdə, 17 min 900 hektar meyvə
bağı var. Son illər rayonda super intensiv meyvə
bağlarının sahəsi artırılaraq 1800 hektara
çatdırılıb. Bu bağların 1000 hektarında
alma əkilib.
Quba
rayonunun İkinci Nügədi kəndindən olan sahibkar Adəm
Əhmədov bildirib ki, ölkəmizdə aqrar sektorun
inkişafı üçün atılan uğurlu addımlar
sahənin inkişafını təmin etməklə bərabər,
bu sahədə çalışan insanların maddi vəziyyətinin
yaxşılaşmasına səbəb olur.
Fermer deyib:
– Bizim 270
hektar meyvə bağımız da var. Burada alma, gavalı,
alça və başqa meyvələr yetişdiririk. Qubada
fermerlər alma bağlarından əllərini
üzmüşdülər. Satışda, texnika ilə təminatda
problemlər var idi. Artıq bu çətinliklər arxada
qalıb. Yeni texnologiya və metodlardan istifadə etməklə
yüksək məhsuldarlığa nail olmuşuq.
Qubalı
sahibkar sonra bildirib ki, o, şəxsən Elektron Kənd Təsərrüfatı
İnformasiya Sistemində qeydiyyatdan keçib. Bu, isə onun işini xeyli
asanlaşdırıb. Gələcəkdə bağların məhsuldarlığını
daha da artırmaq, daha böyük hədəflərə nail
olmaq arzusundadır.
A.Əhmədov
qarşıya qoyduğu hədəflərə nail
olacağına əmindir. Çünki özünün qeyd
etdiyi kimi, hər zaman arxasında dövlətin dəstəyini
hiss edir.
Məlum
olduğu kimi, ötən il oktyabrın 11-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər.
Ölkə Prezidenti Qubada bir sıra mühüm istehsal və
sosial obyektlərin açılışında iştirak
etmiş, ölkə ictimaiyyətinin nümayəndələri
ilə görüşmüşdür.
Dövlətimizin
başçısı Qubaya səfəri çərçivəsində Kənd Təsərrüfatı
Nazirliyinin nəzdində fəaliyyət göstərən
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat
İnstitutunun fəaliyyəti ilə də yaxından
tanış olmuşdur. Qeyd edək
ki, institut 1926-cı ildə fəaliyyətə
başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi
qəsəbəsində yerləşir. İnstitutda 59
işçi çalışır, onların arasında elmlər
və fəlsəfə doktorları var. Prezident İlham
Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı
Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat
müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi
haqqında sərəncamına əsasən Meyvəçilik
və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun
ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı
təmir edilib, kommunal sistemləri yenilənib,
yardımçı təsərrüfat binaları tikilib.
İnstitutda
müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və
su analizi ilə məşğul olan aqroekologiya və analiz,
bitkilərin mikroklonal çoxaltma üsulu ilə
artırılması laboratoriyaları yaradılıb.
Laboratoriyalarda alınmış bitki sortlarının
böyüdülməsi və
uyğunlaşdırılması məqsədilə xüsusi
istixana-tingçilik kompleksi tikilib.
Rayon icra
hakimiyyətinin başçısı Ziyəddin Əliyev fəxrlə
bildirdi ki, möhtərəm Prezident İlham Əliyev 2018-ci
ilin oktyabr ayında Qubaya səfərindən sonra rayonun
sosial-iqtisadi inkişafına ciddi təkan verəcək 4
mühüm sərəncam imzalamışdır. Bu sərəncamlar
Quba sakinlərinə böyük hörmət və rəğbətin
ifadəsidir. RİH başçısının fikrincə,
“Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında”, “Quba–Qonaqkənd
avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında”, “Quba rayonunun Alekseyevka kəndində
yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə
bağlı” və “Quba şəhərində əhalinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər
haqqında” sərəncamlar rayonun gələcək
inkişafında çox mühüm rol oynayacaq.
Quba rayonu
ərazisindəki ən bol sulu çaylardan biri olan
Qaraçayın sol sahili boyu Birinci Nügədi kəndinin
meyvə bağları, taxıl, yonca, örüş sahələri
yerləşir. Kənd sakinlərinin çoxu buradakı pay
torpaqlarında əsasən meyvə yetişdirirlər.
1980-ci illərin
sonlarında uzun onillər boyu sovxozda fəhlə kimi əmək
fəaliyyətinə başlayan Aslan Yusifov bir neçə
ildən sonra doğma kəndi tərk edib şəhərə
getməli oldu. Aslan Bakıya gəlib Xəzər Dəniz Gəmiçiliyinin
yük gəmilərinin birində matros kimi işləməyə
başladı. Amma doğma kəndi üçün, ailəsinə
görə çox darıxırdı. Etiraf edir ki, düz 15
il o, intəhasız okean sularında üzən gəmilərdə
hansı ölkəyə, hansı şəhərə üz
tutdusa, qəlbində doğma torpağın nisgilini
apardı.
Nəhayət, bir neçə il əvvəl kəndə qayıdıb pay torpaqlarında fermer kimi çalışmağa başladı. İndi işindən-gücündən çox razıdır. Dövlət elə şərait yaradıb ki, onun və başqa fermerlərin rayonda kredit, gübrə, texnika ilə bağlı heç bir çətinlikləri yoxdur. Fermerin sözlərinə görə, ilbəil sahələrdən bol məhsul topladığı üçün ailəsinin dolanışığı da xeyli yaxşılaşıb.
Fermer Aslan Yusifovu ən çox sevindirən həm də odur ki, bu gün onun doğma kəndi, bütövlükdə Quba rayonu günbəgün gözəlləşir, tərəqqi edir. Fermer Aslan Yusifov dedi:
– Bu gün Quba Azərbaycanın ən gözəl rayon mərkəzlərindən biridir. Rayonumuzda heç vaxt belə gözəl, rahat yollar olmayıb. Son vaxtlar rayona, eləcə də bizim kəndə gələn turistlərin sayı da artıb. Hətta qış aylarında da gəlib bu yerlərin əsrarəngiz gözəlliklərindən zövq almaq istəyənlər az deyil.
Məsaim
ABDULLAYEV
Xalq qəzeti.- 2019.- 11 avqust.- S.6-7.