“Günay”
teatr-studiyası
Latviya müsabiqəsində
iştirak edib
Bakı Uşaq Teatrının
“Günay” teatr-studiyası avqustun 18-19-da Latviyada keçirilən
“AMBERSTAR 2019” beynəlxalq incəsənət müsabiqəsində
iştirak edib. Müsabiqə müxtəlif ölkələrdən
gənc istedadların iştirakı ilə Riqa-Stokholm-Riqa
kruiz turu ilə səyahət edən gəmidə
keçirilib.
Müsabiqədən
əvvəl “Günay” studiyasının gənc artistləri
Riqa şəhərində tamaşa-konsert proqramı ilə
çıxış ediblər. Azərbaycanın
Latviyadakı səfirliyinin dəstəyi və Baltikyanı
Ölkələrdə Yaşayan Azərbaycanlıların
Koordinasiya Şurasının təşkilatçılığı
ilə Latviya Universitetində baş tutmuş tədbirdə
çıxış edən Əməkdar incəsənət
xadimi, professor Zümrüd Dadaşzadə Azərbaycanın zəngin
teatr ənənələri və musiqi mədəniyyəti
barədə tamaşaçılara məlumat verib, teatr sənətinin
gənclərin estetik tərbiyəsinin
formalaşmasındakı rolundan bəhs edib. Bu istiqamətdə
“Günay” teatr-studiyasının fəaliyyətini yüksək
qiymətləndirən Z.Dadaşzadə Azərbaycan teatr sənəti
ənənələrinin təbliğində onlara uğurlar arzulayıb.
Konsert
zamanı Azərbaycanın milli rəqs və musiqi nümunələri
ifa edilib, şeirlər səsləndirilib. Xüsusilə
"Kitabi-Dədə Qorqud" eposunun motivləri əsasında
səhnələşdirilmiş “Üç tonqal”
tamaşası və "Arşın mal alan"
operettasından qızların yaylıqla rəqsi
tamaşaçıların rəğbəti ilə
qarşılanıb.
Proqramın
yekununda çıxış edən tədbirin əsas təşkilatçısı,
Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların
Koordinasiya Şurasının Latviyadan olan üzvü Elnur Rəhimov
“Günay” studiyasının gənc istedadlarına öz təşəkkürünü
bildirib, xalqımızın tarixi, milli və mənəvi dəyərlərinin
təbliğində bütün soydaşlarımıza
uğurlar arzulayıb.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 20 avqust.- S.4.