Bakı xanlarının
parkı salınır
Bakının qədimliyini və
tarixini əks etdirən "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğunda yeni park
salınır. Artıq uzun zamandır restavrasiyası
aparılan "Bakı Xanlarının Evi" Kompleksinin ərazisində
salınacaq istirahət mərkəzində hansı yeniliklərin
olacağı, şəhər sakinləri, o cümlədən
turistlər üçün hansı şəraitlərin
yaradılacağı barədə Trend-ə "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı
Zeynəb Cahan məlumat verib.
Qoruğun əməkdaşı bildirib ki, restavrasiya olunan kompleksin həyətyanı sahəsi abadlaşacaq: "İqamətgahı təşkil edən binaların restavrasiyası zamanı həyətyanı sahə də köklü surətdə abadlaşdırılacaq və İçərişəhər sakinlərinin, ziyarətçilərin abad istirahət guşəsinə çevriləcək. Müəyyən sahələrdə daş plitələr döşənəcək, qalan hissədə isə yaşıllıq salınacaq. Əhalinin rahatlığını təmin etmək üçün skamyalar qoyulacaq, talvar qurularaq, onun altında bir neçə köşk fəaliyyət göstərəcək. Parkın bədii tərtibatı zamanı portal, asma struktur kimi dekorativ vasitələrdən, fasaddan təbii işıq alınması imkanlarından istifadə olunması planlaşdırılır".
Z.Cahan park və kompleksə girişin hansı şəkildə aparılacağı barədə də söz açıb: "Bakı Xanları Parkı"na giriş əlbəttə ki, bütün vətəndaşlar və xarici qonaqlar üçün sərbəst olacaq. Onlar öz asudə vaxtlarını tarixi və təbii məkanda qədim şəhərin gözəllik və zənginliyindən zövq alaraq keçirə biləcəklər. İnanıram ki, "Bakı Xanları Parkı" şəffaflıq, yaşıllıq, ənənəvilik və müasirlik kimi başlıca prinsipləri özündə birləşdirərək nəinki İçərişəhər, bütün paytaxt sakinlərinin daimi ziyarət yeri olacaq".
Xalq qəzeti.- 2019.- 25 avqust.- S.4.