“Milli-mənəvi dəyərlərimizin təəssübkeşi” 

 

Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ictimai fəaliyyətinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimizin təəssübkeşi” adlı tədbir keçirilmişdir.

 

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Azərbaycan mədəniyyətinin hamisi, təəssübkeşi, Azərbaycan milli-mənəvi dəyərlərinin qorunmasında və dünya miqyasında tanıdılmasında yorulmadan fəaliyyət göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın titanik fəaliyyətindən söz açmışdır. Natiq çıxışında xalqın həyatını öz taleyində yaşayan Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğ olunması, elm və təhsilin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu layihələrdən, həmçinin UNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş mədəni irs nümunələrimizdən, məhz Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun muğam sənətimizin qorunması və inkişafı ilə bağlı çoxlu sayda uğurlu layihələrin həyata keçirilməsindən  danışmışdır. Həmçinin, K.Tahirov Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, “Azərbaycan muğam antologiyasının”, “Qarabağ xanəndələri” albomunun hazırlanması, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsi və digər işlərdən söhbət açmışdır.

Direktor, həmçinin Milli Kitabxana tərəfindən Heydər Əliyev Fondunun kitabxanaya daxil olan kitabların arxiv fondunun yaradılmasından, həmin nəşrlərin müntəzəm olaraq beynəlxalq sərgilərdə nümayiş olunmasından, eləcə də fondun 5 illik fəaliyyətindən bəhs edən “Heydər Əliyev Fondu - 5 il” adlı biblioqrafik göstəricidən və fondun fəaliyyətinin 10 illiyini əhatə edən elektron resursun hazırlanıb Milli Kitabxananın saytında yerləşdirilməsindən bəhs etmişdir.

Natiq çıxışının sonunda Milli Kitabxananın kollektivi adından ad günü münasibətilə Mehriban xanımı təbrik edərək ona can sağlığı, ictimai fəaliyyətində uğurlar arzulamışdır.

Tədbirin sonunda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş video çarx və geniş kitab sərgisi nümayiş olunmuşdur.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 28 avqust.- S.7.