Vətəndaş
rifahı naminə atılan yeni
addımlar – sosial islahatlar paketi
Biz ölkəmizdə bazar
iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri
ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın
uğurlu inkişafı məhz buna söykənir.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Prezident İlham Əliyevin rəhbərliyi
dövründə sosial siyasət məsələləri həmişə
prioritet olmuş, vətəndaşların rifahının
yüksəlməsi həllivacib faktor kimi ön planda
dayanmışdır. Ötən 16 ildə Prezidentin
imzaladığı fərman və sərəncamların
böyük hissəsi məhz əhalinin aztəminatlı təbəqəsinin
– şəhid ailələrinin, məcburi köçkünlərin,
əlillərin, tələbələrin və digər həssas
qrupların sosial müdafiəsinin yaxşılaşdırılmasına
yönəlmişdir. Maaşların 7 dəfə,
pensiyaların 9 dəfə, mininmum əmək haqqının
6,5 dəfə artması dediklərimizi təsdiq
edir. Məcburi köçkünlər və şəhid ailələri,
Qarabağ müharibəsi əlilləri və bu kateqoriyaya
aid şəxslər növbəlilik əsasında hər
cür şəraiti olan ev, maşınla
təmin olunmuşlar.
Sosial siyasətin davamı kimi cari ildə həyata
keçirilən və əhalinin rifahının
yaxşılaşdırılması naminə inqilabi
addımların atılmasını təmin edən iki
mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı
əhatə edir. Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə
zəmin yaradan həmin addımların atılması
üçün dövlət tərəfindən əlavə
olaraq illik 3,9 milyard manat ayrılacaq ki, bu
da Azərbaycan Prezidentinin ölkə vətəndaşının
rifahına xüsusi diqqətinin, qayğısının
göstəricisidir.
Dövlətimizin
başçısı Azərbaycanın sosial sahəyə
çox böyük diqqət göstərən ölkə
olduğunu qeyd edərək demişdir: "Biz ölkəmizdə
bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri
ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın
uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda
güclü iqtisadiyyata və güclü sosial siyasətə
malik olan bir ölkəyə çevrilib. Ölkədə
aparılan siyasətin mərkəzində isə Azərbaycan
vətəndaşı, vətəndaş rifahının təminatı
prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin, ilk
növbədə, əhalinin rifahına yönəldilməsi,
əhalinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində ardıcıl addımların
atılması ilə özünü göstərir.
Azərbaycan Prezidenti 2019-cu ilin
sosial inkişaf, əhalinin sosial müdafiəsi
baxımından başqa illərdən fərqlənən il olacağını öncədən bəyan
etmişdi. Ölkə başçısının cari il ərzində təqdim etdiyi iki sosial paket bu
siyasətin yüksək səviyyədə
reallaşmasını, sosial inkişaf, sosial rifahın
yüksəldilməsi istiqamətində bir-birinin ardınca
inqilabi xarakterli addımların atılmasını təmin
edib. Prezidentin bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial
islahatlar paketi nəticəsində minimum əməkhaqqı
martın 1-dən 40 faizədək artırılaraq 180,
pensiyanın minimum məbləği isə 160 manata
çatdırılıb. Bu gün həmin
artımlardan 830 min insan yararlanır. Həmçinin
aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə
sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər
üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği
orta hesabla 100 faiz artırılıb. Sosial
təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib,
2 yeni təqaüd növü -- sağlamlıq imkanları məhdud
uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə
qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis
olunub. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər
üçün Prezidentin aylıq təqaüdü pensiya
alan I dərəcə əlilliyi olan şəxslərə də
şamil edilib. Sayı 80 minədək olan
müharibə veteranlarına aylıq təqaüdlər təsis
olunub. Sosial müavinət və təqaüd
artımları, təsis olunan yeni təqaüdlər 600 minədək
vətəndaşın rifahını
yaxşılaşdırıb ki, bunların da 300 mini əlilliyi
olan şəxslərdir. Bunlardan əlavə, məcburi
köçkünlərin aylıq müavinəti 50 faiz
artırılıb, 800 min vətəndaşın problemli
kreditləri həll olunub, tələbələrin təqaüdlərində
əhəmiyyətli artımlar edilib. Ümumilikdə, cari
ilin ilk rübündə reallaşdırılan və dövlətin
illik 1,9 milyard manat maliyyə
yükünü üzərinə götürdüyü
birinci sosial paket 3 milyona yaxın insanın rifahına
mühüm dəstək kimi cəmiyyət tərəfindən
yüksək dəyərləndirilir.
İkinci sosial paketi əhatə edən
18 iyun 2019-cu il tarixli sərəncamları,
minimum pensiyanın artırılması üçün yeni
qanunvericilik təşəbbüsü isə əhalinin rifah
halının yaxşılaşdırılması istiqamətində
inqilabi addımların ardıcıl xarakter
aldığını göstərir. Bu sərəncamlarla
ölkədə minimum əməkhaqqının, həmçinin
müxtəlif sahələrdə çalışanların
maaşlarının artırılması təmin olunub.
"Minimum aylıq əməkhaqqının
artırılması haqqında” 18 iyun tarixli sərəncama əsasən,
ölkədə minimum əməkhaqqının məbləği
cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq
250 manata çatdırılacaq. Bununla da
cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda
minimum əməkhaqqının məbləği 93 faiz
artırılmış olur. Bununla ölkəmizdə
ilk dəfə olaraq minimum əməkhaqqının məbləği
yaşayış minimumunu (180 manat) üstələyərək,
ondan 70 manat və ya 40 faiz çox olacaq. Bu,
Azərbaycan dövlətinin sosial siyasətinin növbəti
uğuru olmaqla ölkəmizdəki sosial inkişafın daha
bir göstəricisidir. Digər tərəfdən,
yeni artımla Azərbaycan minimum əməkhaqqının
alıcılıq qabiliyyətinə görə (PPP) MDB
ölkələri arasında 2-ci yerə qalxacaq. 950 min nəfərin (muzdla
çalışanların azı 63 faizini)
maaşlarının artımına səbəb olacaq minimum əməkhaqqının
bu artımın 600 mini dövlət, 350 mini qeyri-dövlət
sektorunda çalışanlara ünvanlanıb. Qeyd edək
ki, həmin 950 min nəfərin heç də hamısı
250 manatdan aşağı əmək haqqı alanlar deyil və
onların mühüm bir hissəsi maaşları 250 manatdan
yuxarı olanlardır. Vahid tarif cədvəlinin
ilk pilləsi minimum əməkhaqqından başlayır və
minimum əməkhaqqı artdığı zaman həmin cədvələ
uyğun olaraq, digər əməkhaqqı səviyyələri
də zəncirvari qaydada artmış olur.
18 iyun 2019-cu il tarixində imzalanan
digər sərəncamlarla, eyni zamanda, dövlət sektorunda
işləyən müəllimlər, dövlət büdcəsindən
maliyyələşən bir sıra təşkilatlarda
çalışanlar, hərbi qulluqçular, hüquq -
mühafizə orqanları əməkdaşları, həm
ümumi, həm də xüsusi növ üzrə dövlət
qulluqçuları, hakimlər və digərlərindən
ibarət 400 min nəfərin əməkhaqları da cari il
sentyabrın 1-dən 20--100 faiz səviyyəsində
artırılacaq. Ümumilikdə, ikinci sosial paket 1 milyon 350
min nəfəri əhatə edir ki, onlardan da 1 milyonu dövlət,
qalanları özəl sektorda işləyənlərdir.
Qeyd edək ki, minimum əməkhaqqının
artırılması qeyri-formal məşğulluğa qarşı
mübarizənin gücləndirilməsi sahəsində
aparılan islahatlarda da müsbət nəticələr verir.
Cari ilin ilk rübündə reallaşan ilk
sosial paket çərçivəsində minimum əməkhaqqının
artımı timsalında bunu aydın görmək olar. Belə ki, 2019-cu ilin əvvəlindən ötən
5 ay ərzində ölkə üzrə əməkhaqqı
fondu 18, o cümlədən dövlət sektorunda 15,
qeyri-dövlət sektorunda 21 faiz yüksəlib.
Artımı yalnız işçilərin
təkcə bu gün üçün maaş
formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin
gələcək sosial təminatlarına müsbət təsir
edir. Çünki artan əməkhaqlarından
sosial sığorta və işsizlikdən sığorta
haqları üzrə ödəmələr də
çoxalır. Belə olan halda
işçinin fərdi hesabındakı pensiya kapitalı daha
çox artır ki, bu da onun gələcək pensiya təminatı,
habelə gələcəkdə bu və ya digər səbəbdən
işini itirərsə, ona təyin olunan işsizlikdən
sığorta ödənişinin çox olması
baxımından faydalıdır.
İkinci sosial paket çərçivəsində
Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü
kimi əmək pensiyasının minimum məbləğinin 25
faiz artırılaraq cari il oktyabrın 1-dən
200 manata çatdırılması təmin ediləcək. Bu
artım təşəbbüs cari il ərzində
əmək pensiyasının minimum məbləğinin
artırılması istiqamətində atılan ikinci
mühüm addımdır. Xatırladaq ki, bundan əvvəl
dövlət başçısının qanunvericilik təşəbbüsü
əsasında pensiyanın minimum məbləği cari il
martın 1-dən orta hesabla 40 faizədək artırılaraq
160 manata çatdırılmış və 233 min
pensiyaçını əhatə etmişdi. Minimum
pensiyanın artımı 660 min vətəndaşın
pensiyasının, dövlət sektorunda əməkhaqqı
artımı isə xüsusi şərtlərlə pensiya təyinatı
aparılanlardan (pensiya artımı əməkhaqlarının
artımı ilə bağlı olan pensiyaçılar) ibarət
94 min nəfərin pensiyasının artmasına imkan verir.
Ümumilikdə, həm minimum pensiyanın
artımı, həm də dövlət sektorunda əməkhaqlarının
artımı 750 min pensiyaçını əhatə edəcək.
Nəticə etibarilə iyun ayında həyata keçirilən
sosial islahat paketi 2,1 milyon vətəndaşın
əməkhaqqı və pensiya formasında gəlirlərinin
ciddi şəkildə artımına imkan verir.
Mərkəzində vətəndaş rifahının təminatı
prinsipi dayanan sosial siyasətin və ölkəmizdə
dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə
olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin
güzəranının yüksəldilməsinə yönəldilməsi,
sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində
ardıcıl olaraq mühüm addımların
atılmasında real ifadəsini tapır. Bu baxımdan Prezidentin sosial
paket kimi təqdim olunan 18 iyun 2019-cu il
tarixli sərəncamları, minimum pensiyanın
artırılması üçün yeni qanunvericilik təşəbbüsü
vətəndaş rifahı naminə atılan mühüm yeni
addımlardır.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti.- 2019.- 29 avqust.- S.6.