“Xalq qəzeti”nin
kollektivinə
Tarixin
ən qaynar dövrlərinə təsadüf edən “Xalq qəzeti”nin 100 illik fəaliyyətinə
nəzər salanda qədim Roma
siyasətçisi, natiq və filosof
Mark Tulliy Siseronun aşağıdakı ifadəsini
xatırladım: “Tarix keçmişin şahidi, həqiqətin
işığı, canlı yaddaş, həyat müəllimi,
qədim dövrün xəbərnaməsidir”. Həyatım
boyu bu qəzetin oxucularından biri olduğum üçün
əminliklə deyə bilərəm ki, “Xalq qəzeti” həqiqətən
100 illik tariximizin “şahidi, canlı yaddaşı, bu
dövrün əsas xəbərnaməsi”, hətta deyərdim
ki, işıq üzü görmüş bütün
sayları ilə birgə Azərbaycanın bir əsrinin
manifestidir.
“Xalq
qəzeti” fəaliyyətinin bir əsrlik tarixi boyu Azərbaycanın
media məkanında milli jurnalistikamızın böyük və
istedadlı bir nəslinin
keçdiyi peşəkarlıq məktəbi olaraq
qalmış və bu gün də fəaliyyətini bu şəkildə
davam etdirməkdədir.
Qəzet
yaşının hər dönəmində ölkə ilə
bərabər inkişaf etmiş, dəyişmiş,
özünəməxsus üslubunu
formalaşdırmış və sözün həqiqi mənasında,
Azərbaycan dövlətçiliyinə xidmət edən əsl
xalq qəzeti olmuşdur. Bu mətbu orqanda çalışan
jurnalistlər, əməkdaşlar yazdıqları məqalə,
oçerk və publisistik yazılarında təkcə
günün aktual mövzularını
işıqlandırmaqla deyil, həm də mətbu sözə
məsuliyyətli yanaşmaları,
əsl jurnalist etikaları ilə fərqlənmiş,
insan hüquq və azadlıqlarına hörmətlə
yanaşmış, qərəzdən uzaq olmuşlar.
100 illik fəaliyyəti boyu “Xalq qəzeti” təkcə dövlət qulluqçularının, siyasi elitanın deyil, eyni zamanda, müəllimlərin, həkimlərin, universitet professorlarının, pensiyaçıların, orta yaşlı nəslin, eləcə də gənclərin sevimli qəzeti olmuşdur. Çünki əhalinin bütün təbəqələrindən olan oxucular qəzetin nəşr edilən hər yeni nömrəsində onları maraqlandıran faktlar, maraqlı məqalələr və obyektiv təhlillərlə tanış olmuşlar. Məhz bunun nəticəsində XX əsrin 80-90-cı illərində qəzetin tirajı 550-600 min nüsxəyə çatmışdır.
XX əsrin sonlarından–1990-cı illərdən başlayaraq “Xalq qəzeti” ölkənin əsas rəsmi dövlət orqanı olaraq Azərbaycanın müstəqilliyinin bərpası və respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, sosial-iqtisadi böhrandan çıxaraq inkişaf və tərəqqiyə doğru irəliləməsinin parlaq salnaməsini yazmağa başlamışdır.
“Xalq qəzeti”nin jurnalistlərinin hər birinin nəşrin ictimai- siyasi yönünə, üslubuna uyğun təkrarsız yaradıcılıq üslubu, özünəməxsus dəsti-xətti olmuşdur. Bütün bu yaradıcılıq üslublarını oxucularına sevdirən əsas fərqli cəhət mövzu ətrafında oxucu ilə səmimi, açıq və obyektiv dialoq olmuşdur. Qəzet bir çox məqamlarda və tarixi dövrlərdə ölkədə baş verən neqativ hallara qarşı sərt və obyektiv, cəsarətli və qətiyyətli mövqeyi ilə də böyük oxucu rəğbəti qazanmışdır. Belə yazılarda da tənqid yalnız əlahəzrət faktlara və arqumentlərə əsaslanmışdır. Mətbu orqanını, onun jurnalistini də cəmiyyətə sevdirən bu prinsiplər olmuşdur.
Bu gün “Xalq qəzeti”ni ənənələrə sadiq qalan çox bacarıqlı və istedadlı jurnalist komandası nəşr edir. Onların peşəkarlığı və tükənməz enerjisi sayəsində qəzet, informasiya texnologiyalarının, xüsusilə elektron medianın sürətlə inkişaf etdiyi indiki zamanda belə ölkənin kütləvi informasiya vasitələri arasında xüsusi yer tutur. Başlıcası isə qəzet və onun kollektivi dövlətçiliyə, insan haqlarının qorunmasına, iqtisadi tərəqqiyə, sosial rifaha yaradıcı xidmətləri ilə oxucularının böyük hörmət və rəğbətini qazana bilmişdir.
“Xalq qəzeti”nin çox hörmətli yaradıcı kollektivi! Ən başlıcası odur ki, siz yüz ildir ki, oxucu qəlbinə yolu fəth etmisiz, oxucuları sevindirir, özünüzü sevdirirsiniz. Elə bu yolunuza da davam edin! 100 yaşınız tamam olsa da, jurnalistika əbədi gənc peşədir. Öz işinizi elə bu gənclik enerjisi ilə də davam etdirin!
Sizə uğurlar!
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-dramaturq
Xalq qəzeti.- 2019.- 29 avqust.- S.5.