“Xalq qəzeti”nin baş redaktoru Həsən
Həsənova
Hörmətli Həsən
müəllim!
“Xalq qəzeti”nin 100 illik yubileyi münasibətilə Sizi və qəzetinizin kollektivini ürəkdən təbrik edir, yaradıcılıq fəaliyyətinizdə uğurlar arzulayıram.
100 yaş Azərbaycan mətbuatı üçün, əslində, olduqca böyük dövr sayılır. Bu müddətdə müxtəlif ictimai formasiyalarda, siyasi quruluşlarda fəaliyyət göstərməsinə baxmayaraq, qəzetiniz hər zaman öncül media mövqeyi ilə fərqlənmiş, cəmiyyətin maarifçilik və informasiya təminatı missiyasını uğurla həyata keçirmişdir.
Müstəqillik əldə ediləndən sonra istiqlal və milli dövlətçilik xətti ideyalarının carçısına çevrilən “Xalq qəzeti” ulu öndər Heydər Əliyevin mətbuatın inkişafına yaratdığı münbit zəmin əsasında yeni yaradıcı keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Dövlət quruculuğu prosesində xüsusi fəallıq göstərən qəzetin azərbaycançılıq və müstəqillik amalının təbliğində də mühüm xidmətləri var.
Prezident İlham Əliyevin müəllifliyi ilə reallaşdırılan yeni islahatlar konsepsiyasının və əldə olunan inkişaf dinamikasının təşviqi “Xalq qəzeti”nin fəaliyyətinin əsas qayəsini təşkil edir. Milli-mənəvi dəyərlərin, zəngin tarixi irsimizin media təqdimatını da layiqincə həyata keçirən qəzet düzgün və dolğun ictimai fikrin formalaşmasına böyük səylər göstərir.
Hörmətli Həsən müəllim!
“Xalq qəzeti” həqiqətən də xalqın qəzetidir. Bütün sosial zümrələrin oxucu maraqlarını öz səhifələrində əks etdirən qəzetinizə, əməkdaşlarınıza və Sizə məsuliyyətli və şərəfli yaradıcı fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Bəxtiyar
SADIQOV,
“Azərbaycan” qəzetinin
baş redaktoru,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2019.- 29 avqust.- S.7.