“Xalq
qəzeti”nin baş
redaktoru Həsən Həsənova
Hörmətli Həsən müəllim!
“Xalq qəzeti”nin
fəaliyyətə başlamasının
100 illiyi münasibətilə
Sizi və qəzetin yaradıcı kollektivini səmimi- qəlbdən təbrik edirik.
Bir əsrlik fəaliyyəti dövründə milli mətbuatımızın tarixində
və cəmiyyətin
həyatında özünəməxsus
rol oynayan “Xalq qəzeti”nin
inkişaf yolunu və nailiyyətlərini,
təbii olaraq, milli mətbuatımızın
keçdiyi keşməkeşli
və şərəfli
yoldan kənarda təsəvvür etmək
və təhlil etmək mümkün deyil. “Xalq qəzeti” milli mətbuatımızın 100 illik
tarixinə şahidlik
etmiş və onun formalaşmasına bilavasitə töhfələr
vermiş dəyərli
mətbuat nümunələrimizdəndir.
Azərbaycan milli mətbuatının
tarixində davamlı
şəkildə bir əsr fəaliyyət göstərmək və hər gün ən müxtəlif mövzularda oxucularına obyektiv məlumatlar çatdırmaq olduqca təqdirəlayiqdir. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə
müşahidə olunan
geniş demokratikləşmə
prosesində nəşrə
başlayan və ilk nömrələrindən geniş
ictimai populyarlıq qazanan qəzetin çox mühüm uğurlarından biri, şübhəsiz ki, müxtəlif siyasi quruluşlarda öz fəaliyyətini və missiyasını layiqincə
davam etdirməsidir.
Sovet dövründə
ən çətin situasiyalarda və ciddi təzyiqlər qarşısında belə
xalqımızın milli
maraqlarına, tərəqqisinə
mümkün olduğu
qədər işıq
tutmağa çalışan
“Xalq qəzeti” ətrafında birləşdirdiyi
dəyərli qələm
sahibləri və görkəmli ziyalılarla
xalqımızın maariflənməsinə,
tarixi, milli-mənəvi
dəyərlərimizin təbliğinə
töhfələr vermişdir.
Bu gün Azərbaycan
ədəbiyyatında adları
fəxrlə çəkilən
böyük ustadlarımız,
bir çox tanınmış yazıçı
və şairlərimiz
uzun illər bu qəzetdə dərc olunmuş yazıları ilə milli-mənəvi dəyərlərimizi
yaşatmış, eyni
zamanda, zəngin ədəbi nümunələri
ilə qəzetə böyük oxucu auditoriyası qazandırmışlar.
Müstəqillik illərində isə “Xalq qəzeti” ölkəmizdə azad sözün keşiyində
dayanan, mütərəqqi
qəzetçilik ənənələrinin
yaranmasına böyük
töhfələr verən
kütləvi informasiya
vasitələri arasında
layiqli yerini almışdır. Ümummilli lider Heydər
Əliyevin siyasi hakimiyyətə qayıdışı
qəzetin tarixində
keyfiyyətcə yeni inkişaf mərhələsinin
əsasını qoymuşdur.
Həmin dövrdən
etibarən Heydər Əliyev ideyalarının
təbliği, hüquqi
– demokratik dövlət
quruculuğu yönündə
reallaşdırılan inamlı
layihələr və
həyata keçirilən
sosial və iqtisadi islahatların uğurlu nəticələrinin
ictimaiyyətə çatdırılması
“Xalq qəzeti”nin fəaliyyətinin
əsas istiqamətlərini
təşkil etmişdir.
Ölkəmizdə siyasi plüralizmin
və demokratiyanın
bərqərar olmasına,
vətəndaş cəmiyyəti
quruculuğuna qəzetin
töhfələrini də
ayrıca vurğulamaq
lazımdır.
Sevindirici
haldır ki, “Xalq qəzeti” bu gün də
öz fəaliyyətində
ölkəmizdə uğurlu
dövlət quruculuğu
prosesini hərtərəfli
şəkildə təbliğ
edir, Azərbaycanın
əldə etdiyi mühüm və tarixi nailiyyətlərin daha geniş auditoriyaya çatdırılması
işində, etibarlı
və səmərəli
informasiya təminatının
yaradılmasında bir
media orqanı olaraq üzərinə düşən
vəzifəni layiqincə
yerinə yetirir. Mövzu rəngarəngliyi, tariximizə,
milli dəyərlərimizə
göstərdiyi həssaslıq,
tarixi gerçəkliklərin
işıqlandırılması istiqamətindəki fəaliyyəti
də qəzetin kollektivinin uğurları sırasındadır.
Eyni zamanda, “Xalq qəzeti”nin milli jurnalistika məktəbimizin formalaşmasında
da xidmətləri danılmazdır. Bir zamanlar
bu qəzetin redaksiyasında çalışan
xeyli sayda həmkarlarımız bu gün müxtəlif sahələrdə və fərqli ünvanlarda fəaliyyət göstərsələr
də, onlar “Xalq qəzeti”ndə qazandıqları təcrübə
ilə özlərini
doğrultmağa davam
edirlər.
Biz də “Yeni Azərbaycan”
qəzeti olaraq, bir daha “Xalq
qəzeti”nin kollektivini ürəkdən
təbrik edir, sizə gələcəkdə
daha böyük uğurlar, bu çətin və şərəfli yolda yorulmaz fəaliyyət arzu edirik.
Hörmət və ehtiramla:
Hikmət Babaoğlu,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2019.- 29 avqust.- S.7.