Xalqımızın son bir əsrlik mətbu salnaməsi 

 

Çoxsaylı mətbuat orqanları arasında özünəməxsus yeri, sanbalı və ­­dəst-xətti olan, xalqımızın müstəqillik, istiqlal ideallarının fəal tərənnümçüsü kimi cəmiyyətdə böyük nüfuz qazanan gündəlik ictimai-siyasi mətbuat orqanı “Xalq qəzeti”nin yaranmasının 100-cü ildönümü tamam olur.

Respublikamızın bir əsrlik tarixinin canlı salnaməsinə çevrilməklə, azərbaycançılıq və milli dövlətçilik ideallarına sıx bağlı olan, milli maraqları hər zaman önə çəkən bu rəsmi qəzetin əlamətdar yubileyi təkcə milli jurnalistikamız üçün deyil, bütövlükdə ölkəmiz üçün mühüm hadisədir. İlk sayı 1919-cu ildə işıq üzü görmüş qəzet milli varlığımızın mübariz keşikçisi kimi qısa müddətdə cəmiyyətdə böyük rəğbət və oxucu auditoriyası qazanmış, dövrünün nüfuzlu ziyalılarını ətrafına toplayaraq milli hədəflər uğrunda mübarizəyə layiqli töhfələr vermişdir.

Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 71 il müddətində “Kommunist” adı ilə ölkənin ən nüfuzlu qəzeti, avanqard mətbu orqanı kimi nəşr edilən qəzet respublikada peşəkar jurnalistika məktəbinin və jurnalistlər ordusunun formalaşmasında öz sözünü demiş, mətbuatımızın flaqmanı olmuşdur. Ötən əsrin 70–80-ci illərində–ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə qəzet respublika həyatında daha fəal mövqe qazanmış, cəmiyyətdəki problemlərə cəsarətli və prinsipial münasibəti ilə seçilmişdir.

Dövlət müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə qəzet biganə münasibət və təzyiqlərlə üzləşsə də, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra onun layiqli statusu bərpa edilmiş, “Xalq qəzeti” cəmiyyətdə layiq olduğu yeri tutmuşdur.

Ötən illərdə qarşıya qoyduğu prinsipial hədəflərə sadiqlik göstərən “Xalq qəzeti” bu gün də xalqa, dövlətçiliyə bağlılığı, peşə meyarlarına tələbkar münasibəti, ölkədə və beynəlxalq aləmdə cərəyan edən hadisələrə operativ yanaşması ilə fərqlənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan uğurlu daxili və xarici siyasət, ictimai-siyasi həyatın müxtəlif sahələrində həyata keçirilən islahatlar, mədəni-mənəvi inkişaf prosesi qəzetin səhifələrində dolğun əksini tapır.

Əminliklə deyə bilərik ki, bir əsrlik zəngin tarixi olan qəzet ötən 100 ildə xalqın arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun yüksək əxlaqi dəyərlərinin, mədəniyyətinin formalaşması və inkişafına layiqli töhfələrini vermişdir. “Xalq qəzeti”nin sadiq dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirən fədakar əməkdaşları respublikamızda cərəyan edən proseslərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında bu gün də yüksək peşəkarlıq nümayiş etdirirlər.

Yaranmasının 100-cü ildönümü – əlamətdar yubileyi münasibətilə “Xalq qəzeti”nin kollektivini səmimi-qəlbdən təbrik edir, onlara dərin zəka, gərgin zəhmət və böyük məsuliyyət tələb edən fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram!

 

Vüqar SƏFƏRLİ,

Azərbaycan Respublikasının Prezidenti yanında

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına

Dövlət Dəstəyi Fondunun icraçı direktoru

 

Xalq qəzeti.- 2019.- 29 avqust.- S.7.