“ABAD”ın yaradılması Azərbaycanda
sosial xidmətlər
sahəsində aparılan
islahatların məntiqi
nəticəsidir
Azərbaycanda
kiçik və orta sahibkarlığın inkişafına, əhalinin
məşğulluq səviyyəsinin artırılmasına və
rəqabətqabiliyyətli ailə təsərrüfatlarının
formalaşdırılmasına dəstək vermək məqsədi
ilə sosialyönümlü layihələr həyata
keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin
fəaliyyəti getdikcə genişlənir. Artıq
“ABAD”ın respublikamızda ailə bizneslərinin və ailə
brendlərinin inkişaf etdirilməsinə yönələn təşəbbüsləri
uğurla reallaşdırılır, bu layihə əhalinin məşğulluq
səviyyəsinin artırılmasında və rəqabətqabiliyyətli
ailə təsərrüfatlarının
formalaşdırılmasında mühüm rol oynayır.
“ABAD” Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən irəli
sürülən təşəbbüs olmaqla 2016-cı il
sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir.
O, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinin
əldə olunmasına dəstək verməyi nəzərdə
tutan yeni sosial innovasiya konsepsiyasıdır. Layihənin məqsədi
kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq
səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli
ailə təsərrüfatlarının
formalaşdırılmasına, ölkədə regionların
və kənd təsərrüfatının inkişafına
dəstək verməkdir.
Qeyri-kommersiya və sosialyönümlü qurum olan “ABAD” yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək edir. “ABAD” istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini reallaşdırır, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamır. Bu funksiya “ABAD” tərəfindən həyata keçirilir.
“ABAD” ailələr üçün bacarıqların inkişaf etdirilməsi təlimləri də təşkil edir, “vahid pəncərə” prinsipindən yararlanaraq, ailə məhsullarının sertifikatlaşdırılmasını gerçəkləşdirir.
Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərirlər, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə onların daşınması və saxlanmasını idarə edirlər.
“ABAD” əl işlərinin satışı müvafiq incəsənət mərkəzlərində təşkil edilir. İndiyədək bir sıra məkanlarda, eləcə də İçərişəhərdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda incəsənət mərkəzləri istifadəyə verilib.
Prezident İlham Əliyev “ABAD Mərkəz”in yaradılması ilə bağlı deyib: “Bu qurumun fəaliyyəti nəticəsində minlərlə insan işlə təmin olunacaq, özünüməşğulluq proqramı sürətlə icra ediləcək. Mən bu barədə artıq bütün müvafiq tapşırıqları vermişəm ki, növbəti illərdə özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almalıdır, dövlət isə, öz növbəsində, bu şəraiti yaradır…”.
Hazırda “ABAD” tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri davam etdirilir. “ABAD” qida məhsullarının istehsalı sahəsində regional mərkəzlərin sakinlərinə kömək göstərir. Bu gün belə regional mərkəzlər Masallı, Balakən və Quba rayonlarında fəaliyyətdədir. Həmin mərkəzlər tərəfindən 40-dan çox ailə üçün qida brendləri yaradılıb. Dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində isə bütün respublika üzrə 300-ə yaxın “ABAD”çı ailəsi məşğul olur.
“ABAD”ın müvafiq layihələri çərçivəsində kiçik təsərrüfat qurumlarının yaradılması prosesi uğurla gerçəkləşdirilir. Məsələn, bir müddət bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb. Burada 15 ədəd hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulub. İstixanalar damcı suvarma sistemi ilə təchiz olunub, istifadəçilərə toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. Bunlarla yanaşı, layihə iştirakçılarına tərəvəzin becərilməsi ilə bağlı 3 ay müddətində təlim və məsləhət xidməti göstərilib.
Birgə həyata keçirilən layihələr çərçivəsində, həmçinin Cocuq Mərcanlıda 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri 10 ədəd ikimərtəbəli iyirmi çərçivəli yeşiklə, arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, arıçı libası və s.), xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub. Birgə layihənin birinci mərhələsi çərçivəsində 30-dan çox Cocuq Mərcanlı sakininin məşğulluğu təmin edilib.
Cocuq Mərcanlıda daha bir layihənin – suvenir istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Müəssisədə istehsal sahəsi, sərgi zalı, yeməkxana və s. fəaliyyət göstərəcək. Müəssisənin bu ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. Burada istehsal olunacaq məhsullar “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılacaq.
“ABAD” fəaliyyətində diqqətçəkən məqamlardan biri də bu qurumun xarici əməkdaşlığa mühüm önəm verməsidir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən adıçəkilən publik hüquqi şəxs və Qazaxıstan Respublikasının Türkistan vilayətinin icra hakimiyyəti arasında iyul ayında niyyət protokolu imzalanıb. Sənəd Azərbaycanın “ABAD” modeli əsasında Qazaxıstan Respublikasının Türkistan vilayətində sənətkarlıq sahəsi üzrə mikro və kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədini nəzərdə tutur.
Xatırladaq ki, “ABAD” yarandığı gündən etibarən dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan mikro kiçik və orta sahibkarlara dəstək göstərir. Bugünədək “ABAD” sənətkarlarının sayı artıq 300-ü ötüb. Sənətkarların əl işlərinin satışı üçün ölkənin fərqli coğrafi ərazilərində 9 etno-butik fəaliyyət göstərir. Burada Azərbaycanın milli ruhunu özündə daşıyan müxtəlif məmulatlar əldə etmək mümkündür. Dekorativ-tətbiqi xalq sənətkarlığı istiqamətində özünü təkmilləşdirmək istəyən şəxslər üçün isə respublika üzrə “ABAD” məktəbləri fəaliyyət göstərir.
Qeyd edək ki, Türkistan Böyük İpək Yolu boyunca yerləşən tarixi ərazi olmaqla yanaşı, həmçinin türk dünyasının mənəvi paytaxtı hesab olunur. 2019-cu ilin sonunadək Türkistan vilayətində böyük İpək yolunun ənənəvi sənətkarlıq mərkəzinin açılması nəzərdə tutulur. Layihəyə əsasən, mərkəzdə Türk dünyasını təmsil edən sənətkarlar orada yaşayaraq öz peşələri üzrə fəaliyyətlərini davam etdirəcəklər.
Xalq qəzeti.- 2019.- 31 avqust.- S.3.