Torpağın münbitliyinin bərpası

və mühafizəsində meşələrin rolu 

 

Təbiətin bəşəriyyətə ən qiymətli hədiyyəsi olan meşənin yarpaqları, tumurcuqları, budaq və kök qırıntıları torpaqdakı mikroorqanizmlər və digər canlılar tərəfindən yerin üst qatında parçalanaraq mineral maddələrlə qarışır, münbit qat əmələ gətirir və torpaq əmələgəlməsi prosesində əvəzedilməz əhəmiyyət daşıyır.

 

Meşə, həm də selin qarşısını alan güclü amildir. Belə bir atalar sözü də işlədilir: “Meşəli yurdu sel basmaz”. Selin iki böyük zərəri var. Birincisi, torpaqda münbitliyi və suda həll olan birləşmələri yuyub aparır, ikincisi, tərkibindəki lil və gillə əkin sahələrinin üstünü örtür və beləliklə, sahələrin transformasiyasına səbəb olur.

Meşə selin azalmasına, zərərsizləşməsinə təsir göstərməklə yanaşı, torpaqda eroziya prosesinin də qarşısını alır. Azərbaycanda meşə sahələri getdikcə azaldığından 1947-1950-ci illərdə çiyələk, moruq yığılan ətəklərdə, talalarda indi onlardan, necə deyərlər, əsər-əlamət qalmayıb.

Burada bir məsələni də xatırlatmaq istərdim. Belə ki, meşə, eləcə də digər yaşıllıqlar torpağın küləklə sovrulub aparılmasının (deflyasiyanın) qarşısını alır, dənli bitkiləri, tərəvəzi onun zərərli təsirindən qoruyur.

Meşənin əhəmiyyətindən danışarkən, 1991-ci ildə baş verən bir tarixi hadisəni də xatırlatmağı lazım bilirəm. O zaman norveçlilər öz ölkələrinin tropik meşələrindən kəsilib gəmilərə yüklənərək Avropaya tikintidə istifadə üçün aparılan ağacların qırılmasına kəskin etirazlarını bildirdilər. Əslində, bu, səbəbsiz deyildi. Çünki Norveçdə heç kəsə sirr deyildi ki, tropik meşələr ildə 145 milyard ton oksigen biosintez edərək bəşəriyyətin 60-70 faiz oksigenlə təminatını reallaşdırır. Bu fotosintez prosesində ildə 200 milyard tona yaxın parnik effektinə malik karbon qazı sellülozaya, liginə və başqa karbohidratlara çevrilir. Atmosferdə karbon qazının azalması isə qlobal istiləşmənin qarşısını alaraq, bəşəriyyətin dayanıqlı inkişafını sürətləndirir.

Meşə havası canlıların sağlamlığına da müsbət təsir edən fizioloji aktiv maddələrlə zəngindir. Yayda palıd və şam ağaclarının buraxdıqları fitonsidlər zərərli mikroorqanizmləri sıradan çıxararaq, ağacın dibini tam sterilizasiya edir. Meşə sahələri, həm də burada məskunlaşan quşlar və heyvanların, meyvə, giləmeyvə və göbələklərin məskənidir.

Onu da vurğulayım ki, elmi əsaslarla üzvi və qeyri-üzvi gübrələrdən istifadə etməklə yeni meşə zolaqlarının yaradılması, yaşıllıq sahələrinin genişləndirilməsi prinsipinə həssaslıqla yanaşılmasının nəticəsidir ki, son 100 ildə Almaniyada meşələrin ümumi sahəsi 1,4 dəfə, Avstriya və Yaponiyada isə 1,2 dəfə artıb.

Meşələrin, həm də iqlimə güclü təsir göstərdiyi də məlumdur. Belə ki, ağaclar transpirasiya (suyu yarpaqları ilə buxarlandırma) yolu ilə çoxlu su buxarlandırır. Həmin su atmosferdəki karbon qazı, eləcə də başqa maddələrlə aerozollar əmələ gətirir. Sonra isə aerozollar sıxlaşıb böyüyərək, buluda çevrilir. Bulud yağış, yağış isə bulaqlar, çaylar, çəmənliklər üçün əsl “xammal” mənbəyidir.

Yuxarıda qeyd edilənlərdən belə bir qənaət hasil olur ki, atmosferin sürətlə çirklənməsi dünyanın ən aktual problemlərindən olan iqlim dəyişmələrinə birbaşa mənfi təsir edir. Gündən-günə planetimizdə qlobal istiləşmə prosesləri artmaqdadır. Bunun nəticəsində meşə yanğınları və daşqınların sayı və quraqlıq halları da çoxalır.

Yaşıllıqların artırılması isə torpaq erozisiyasının qarşısının alınması, ərzaq təhlükəsizliyinin təminatı, ekosistemin mühafizəsi və iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması baxımından çox vacibdir. Ağac bitkiləri xüsusilə iri şəhərlərdə havanın sağlamlaşdırılmasında böyük əhəmiyyət daşıyır. Yeni yaşıllıqların salınması karbon-dioksid qazının azaldılmasının ən səmərəli üsullarından biridir.

Bəs ölkəmizdə bəşəriyyətə bu qədər fayda verən, qlobal istiləşmənin qarşısını alan, havanı oksigenlə, fizioloji aktiv maddələrlə zənginləşdirən meşələrin, yaşıllıqların salınmasında hansı tədbirlər görülür?

Məlumat üçün qeyd edim ki, Azərbaycanda ümumi meşə sahəsi 1021 min hektardır. Bu da respublika ərazisinin cəmi 11,8 faizini təşkil edir. Ölkəmizin meşə ehtiyatının 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz, 15 faizi Talış, 2 faizi isə Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Adambaşına düşən meşə sahəsi isə 0,12 hektardır. Yeri gəlmişkən, 261 min hektar meşə fondu sahəsi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib.

Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə meşələrin qorunmasına, yeni meşə massivlərinin, yaşıllıqlarının yaradılmasına xüsusi qayğı göstərib. Ötən əsrin 70-80-ci illərində dahi şəxsiyyətin tövsiyəsi ilə bölgələrin mavi yanacaqla təmin edilməsi və yeni su-elektrik stansiyalarının işə salınması meşələrin məhvinin qarşısının alınmasında mühüm rol oynayıb. Təbii ehtiyatlardan səmərəli istifadə, meşə-bərpa işləri, salınan min hektarlarla meşə massivləri meşəçiliyin inkişafını sürətləndirib.

Ümummilli lider bununla bağlı deyib: “Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...”.

Onu da xatırladım ki, ulu öndərin 22 may 2003-cü il tarixli sərəncamı ilə meşələrin bərpa olunmasına və artırılmasına dair Milli Proqram təsdiq edilib. Bu proqrama uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən orta hesabla ildə 8 min-10 min hektar sahədə yeni meşələr salınıb və meşə-bərpa tədbirləri həyata keçirilib.

Ümummilli liderin meşələrin mühafizə edilməsi sahəsində həyata keçirdiyi tədbirlər hazırda da uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyev bu mühüm məsələni daim diqqət mərkəzində saxlayaraq, yaşıllıq sahələrinin genişləndirilməsinə xüsusi həssaslıqla yanaşır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə ətraf mühitin mühafizəsi, xalqımızın ekoloji cəhətdən saf və təmiz həyat tərzi keçirməsi üçün yaşıllaşdırma tədbirlərinə böyük əhəmiyyət verilir, hər il milyonlarla ağac və kol əkilir, meşələr bərpa edilir, yeni parklar salınır.

Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü də bunun bariz ifadəsidir. Belə bir ideyanın gerçəkləşməsi Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə problemin həllinə öz töhfəsini vermək öhdəliyini nümayiş etdirir.

Sonda vurğulamaq istərdim ki, ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü, həm də bəşəriyyətin diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində atılan çox mühüm addımlardan biridir. Azərbaycan nadir ölkələrdəndir ki, meşələrin azalması tendensiyasını dayandıra bilib və müəyyən artımı təmin edib.

Bu gün Bakı və ətraf ərazilərdə yaşıllıqların artırılması sabah torpaq ehtiyatlarının və atmosfer havasının mühafizəsinə, yaşayış sahələrinin estetik görünüşünün yaxşılaşdırılmasına, əhalinin həyat və sağlamlığı üçün əlverişli mühitin yaradılmasına müsbət təsir göstərəcək. Bu təşəbbüs Azərbaycanın təbii landşaftının qorunub saxlanılmasına, canlı təbiət üçün daha münbit şəraitin yaradılmasına kömək edəcək.

 

Həsən HƏSƏNOV,

kimya elmləri namizədi, dosent

 

Xalq qəzeti.- 2019.- 21 dekabr.- S.9.