Mükəmməl tarixi missiya
Heydər Əliyevin simasında Azərbaycan
Respublikası uzun illər ərzində ölkənin
bütün həyatına dərindən nüfuz etmiş və
Azərbaycanın tarixində əbədi yer tutmuş
böyük dövlət xadimini itirmişdir. Onun adı
ölkənin müstəqilliyinin bərqərar olmasında
qazandığı tarixi nailiyyətlərlə daim
bağlı olacaqdır.
Gerhard
ŞRÖDER
Almaniya Federativ
Respublikasının Federal kansleri
(1998-2005-ci illər)
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
bütün şüurlu həyatını, dərin zəkasını
və böyük enerjisini canından artıq sevdiyi
xalqının tərəqqisi və xoşbəxtliyi yolunda
şam kimi əridib əbədiyyətə
qovuşmasından 16 il keçir. Dərin hüzn və sonsuz ehtiramla yad etdiyimiz o
tarixdən uzaqlaşdıqca xalqımızın unudulmaz
oğlunun nurlu amal və əməllərinin nəhəngliyi,
əfsanəvi obrazının bənzərsizliyi gözlərimiz
önündə daha əzəmətlə canlanır.
Çağdaş Azərbaycan dövləti ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyətinin şah əsəridir. Onun adı, əməlləri
və ideyaları müstəqil Azərbaycan dövlətinin ərsəyə
gəlməsini və ümumi varlığını təcəssüm
etdirir. Ulu öndərin indiki nəsillərə
ən mükəmməl örnək olan ömür yoluna nəzər
salmaq Azərbaycanın müstəqillik ərəfəsi,
istiqlala qovuşması və sonrakı tarixinin ən qiymətli
və öyünclü səhifələrini vərəqləmək
deməkdir.
Xalqımızın
bütün tarix boyu yetirdiyi ən mükəmməl və
qüdrətli lider olaraq Heydər Əliyev Azərbaycana rəhbərliyinin
hər iki dövründə öz xalqının milli müstəqillik
arzusunun gerçəkləşməsinə və
istiqlalının əbədiləşdirilməsinə
çalışmış, öz ölkəsinin
potensialını hərəkətə gətirmək və
soydaşlarının enerjisini səfərbər etməklə
Vətənini dünyanın inkişaf etmiş ölkələrinin
səviyyəsinə çatdırmağa
çalışmışdır. Ulu öndər
bütün bunları böyük bir cəsarətlə,
gördüyü işin düzgünlüyünə tarixi
bir inamla etmişdir.
Ötən illərdə xalqımızın əbədi
lideri kimi tarixdə rolu və yeri sabitləşmiş,
Türk dünyasının da iftixar mənbəyinə
çevrilmiş Heydər Əliyev zəmanəmizin yetirdiyi
böyük türklərdən biri, bəlkə də
birincisidir.
Heydər Əliyev hər dövrü, hər mərhələsi
məktəb olan, həqiqətən, qeyri-adi bir ömür
yaşamış, yalnız mənsub olduğu Azərbaycan
xalqının, türk xalqlarının deyil, ümumən
dünya xalqlarının təsəvvüründə
özünün mükəmməl obrazını, aydın
cizgiləri ilə seçilən möhtəşəm
portretini yaratmışdır.
XX əsrin ortalarında ölkədə milli dövlətçilik
təfəkkürünün çiçəklənməsi
üçün yenidən tarixi şərait yetişməyə
başlamışdı. Lakin simvolik funksiya daşıyan dövlət
rəhbərləri respublikada həmin prosesin lazımi
intensivlikdə getməsinə, milli dövlətçilik təfəkkürü
olan kadrların formalaşdırılmasına diqqət yetirməmişdilər.
Dərin zəkası, tükənməz enerjisi
və yüksək təşəbbüskarlığı ilə
çevrəsindəki rəhbər şəxslərdən
önəmli dərəcədə üstün olan Heydər
Əliyevin 1969-cu ildə respublikada rəhbərliyə gəlməsi
ilə Azərbaycanda nəinki sovet dövlətinin – mərkəzin
verdiyi imkanlar daxilində, hətta müəyyən maneələr
dəf edilərək müstəqil düşüncəyə
meydan açılmışdı. Ötən
əsrin 70–80-ci illərində Azərbaycanda gedən milli
oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri
isə özünü 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki
xalq hərəkatında göstərmişdi.
Əgər müqayisə aparsaq, etiraf etməli
olarıq ki, Azərbaycanın dövlət rəhbərləri
içərisində Heydər Əliyev qədər
böyük idarəçilik təcrübəsinə malik
ikinci bir şəxs olmamışdır. Onun
imzasına keçən əsrin 60-cı illərin sonu 70-ci
illərin əvvəllərindən Azərbaycanın hər
yerində, iqtisadi, ictimai-siyasi, mənəvi-ideoloji həyatın,
demək olar ki, bütün sahələrində rast gəlmək
mümkündür. O illərin Azərbaycanı ən
müxtəlif baxımlardan tarixdə “Heydər Əliyevin Azərbaycanı”
kimi qalmışdır.
Azərbaycan
xalqının ümummilli lideri, dünya miqyaslı ictimai-
siyasi xadim, böyük mütəfəkkir Heydər
Əliyevin tarixi xidmətləri haqqında
danışılarkən, məlum olduğu kimi, əsas diqqət
onun dövlət quruculuğu missiyasına verilir ki, bu da
tamamilə təbiidir. Hər şeydən əvvəl, ona görə
ki, Heydər Əliyev Azərbaycanda, ümumən, Sovetlər
Birliyində siyasi nüfuz qazanmağa başladığı
ilk illərdən – keçən əsrin 60-cı illərinin
ortalarından enerjisini, əsasən, Azərbaycanda milli,
müasir və mərkəzin imkan verəcəyi qədər
müstəqil bir dövlətin qurulmasına həsr
etmişdir. Ulu öndər bir neçə mərhələdən
keçən kifayət qədər inamlı, ardıcıl
mübarizələrdən sonra – 90-cı illərin əvvəllərindən
başlayaraq müstəqil Azərbaycan dövlətini həm
qurmuş, həm də onun inkişafı üçün
mükəmməl strateji perspekivlər müəyyən
etmişdir.
Bu, əlbəttə, mənsub olduğu xalqın iradəsini
ifadə edən böyük liderin əsas tarixi missiyası
idi. Bununla belə, Heydər Əliyevin dövlət
quruculuğundan heç də kiçik olmayan bir missiyası
da millət quruculuğu idi. Böyük rəhbərin
millət quruculuğu siyasətinin, fikrimizcə, üç əsas
prinsipi mövcuddur: millətin özünü özünə
tanıtmaq; milləti, xüsusilə, onun
ziyalılarının, böyük şəxsiyyətlərinin
timsalında hər hansı təhlükədən xilas etmək;
milləti dünyaya tanıtmaq. Heydər Əliyevin təmənnasız
xalq, millət sevgisi imkan verdi ki, o, mənsub
olduğu xalqı, milləti ən yüksək səviyyədə
irəli apara, qarşıya çıxan kifayət qədər
güclü maneələri cəsarətlə aradan
qaldıra bilsin.
Heydər Əliyev tədricən Moskvaya, ümumən
Sovetlər Birliyinə konkret işlə sübut etdi ki, azərbaycanlılar
zəhmətkeş, mədəni, hər sahədə
uğurlar qazana biləcək istedadlı bir xalqdır. Xalqı
yüksəltməyin, özünə və dünyaya
tanıtmağın elə bir üsulu, forması qalmadı
ki, Heydər Əliyev ondan tam gücü ilə istifadə etməmiş,
sınaqdan keçirməmiş olsun. İqtisadiyyat,
mədəniyyət, dövlət idarəçiliyi kimi
fundamental sahələrdəki uzun illərin gerilikləri, ətaləti
və hərc-mərcliyi tezliklə nəinki aradan
qaldırıldı, hətta respublikanın ictimai həyatında
elə bir canlanma oldu ki, insanlar milli mənsubiyyətlərilə
qürur duymağa başladılar.
Hakimiyyətə gəldiyi ilk illərdən hamıya məlum
idi ki, Heydər Əliyev tarix yaradır. Heydər
Əliyev Azərbaycanda sovet dövlət idarəçiliyi
sistemini öz xalqının xidmətinə verməklə onu
mərkəzi hakimiyyətin “canişinliyi”ndən
çıxardı. Və bunun nəticəsidir
ki, azərbaycanlılar yalnız idarə olunan yox, həm də
idarə edən xalqa çevrildilər. Sovetlər
Birliyinin dağılması, Azərbaycanda milli müstəqillik
(və dövlət müstəqilliyi) uğrunda hərəkatın
güclənməsi illərinin sosial-siyasi mənzərəsi
də göstərdi ki, Heydər Əliyev Azərbaycan
xalqını doğru yolla aparmış həqiqi milli
liderdir.
Heydər
Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən
bir neçə il sonra Azərbaycanın
iqtisadi, ictimai-siyasi, mədəni tarixində, həqiqətən,
yeni bir dövr başlandı. Bakı hələ
Moskva deyildi, sovet hakimiyyəti Bakıya, deyək ki, Tbilisidən,
yaxud Yerevandan çox əhəmiyyət verirdi. 1926-cı ildə Bakıda Türkoloji qurultay
keçirilmişdi, burada Şərq xalqlarının məclisləri,
yığıncaqları olmuşdu. Buradan
Şərq dünyasına tarixi yollar uzanırdı, Bakı
Şərqin qapısı idi. Heydər
Əliyevin Bakıda gözlənilməyən bir sərbəstliklə
respublikanı idarə etməyə başlaması nəinki
Moskvada, heç Bakının özündə də rahat
qarşılanmadı.
Niyə?
Ona görə ki, yeni dövlət
başçısı gözlənilməyən bir halda
neçə illərin sükunətini hərəkətə
gətirdi, milləti oyatdı, türk düşüncəsini
silkələdi, pozulmaqda olan ictimai əxlaqı dindirdi. Bu isə özünə möhkəm yer eləmiş
gedəni söyüb, gələni öyməklə
neytrallaşdıran, müxtəlif millətlərdən ibarət
məmurları təmin etmirdi. Belələri
şantaja, böhtana əl atdılar, lakin bu türk o biri
türklərdən deyildi.
Azərbaycan rəhbəri respublikanı tezliklə nəhəng
tikinti meydanına çevirdi. Bakı şəhəri
görünməmiş bir sürətlə
abadlaşdırıldı, Naxçıvanda, Gəncədə,
Sumqayıtda, respublikanın rayon mərkəzlərində mədəniyyət
evləri, məktəblər, inzibati binalar, yaşayış
evləri tikildi, kanallar çəkildi, su anbarları
yaradıldı və s. Heydər Əliyev bu vaxta qədər
ittifaq miqyasında, demək olar ki, adı çəkilməyən
respublikanı SSRİ-nin ən qabaqcıl müsəlman-türk
respublikasına çevirdi. On ildən artıq
müddətdə Heydər Əliyevin Azərbaycanın
iqtisadi, mədəni, mənəvi yüksəlişi
üçün gördüyü işləri o zaman SSRİ
respublikalarından heç birinin rəhbəri görməmişdi.
Həmin işlərdən, planlardan biri, bəlkə də,
birincisi xalqın özünü özünə
tanıtdırmaq, onun normal etnokulturoloji həyatını bərpa
etmək idi.
Heydər Əliyev Azərbaycan tarixinin ən müxtəlif
problemlərinin öyrənilməsinə, milli tarixi təfəkkürün
oyadılmasına xüsusi əhəmiyyət verdi.
İxtisasca tarixçi olan Heydər Əliyev
üçün tarix yalnız “üzü keçmişə
siyasət” deyildi, həm də və bəlkə də, daha
çox millətin öz həqiqi keçmişini dərindən
öyrənib gələcəyə hazırlıqlı getməsi
üçün bir məktəb, ilham mənbəyi idi. Azərbaycan xalqının mənşəyi,
formalaşması, Azərbaycan millətinin təşəkkülü
kimi mühüm tarixşünaslıq problemləri məhz
70-ci illərdə bütün elmi-ideoloji kəskinliyi ilə
qoyuldu, müşavirələr, müzakirələr
keçirildi.
Yeni
milli-mədəni oyanışa yönəlik bu proses Heydər
Əliyevin bilavasitə, yaxud dolayısı ilə rəhbərliyi
altında gedir, vaxtaşırı ona məlumatlar verilirdi. Onun üçün tarix sosial-siyasi tarixlə məhdudlaşmırdı.
Heydər Əliyev milli dil, ədəbiyyat, mədəniyyət
və s. tarixinin problemləri ilə də maraqlanır,
mütəxəssisləri səfərbər edirdi. Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin yalnız
tarixi ilə deyil, bugünü ilə də sonsuz enerji ilə
məşğul olan, Azərbaycan yazıçıları, mədəniyyət,
incəsənət xadimləri ilə ardıcıl
görüşən, onların qurultaylarında fəal
iştirak edən respublika rəhbəri millətin
yaradıcı qüvvələrini əvvəlki illərin ətalətindən
çıxardı, onlarla görkəmli yazıçı,
incəsənət, mədəniyyət, elm xadiminin sədası
məhz respublika rəhbərinin nüfuzu sayəsində
qısa bir zamanda SSRİ-nin mərkəzindən gəlməyə
başladı.
Azərbaycan Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi illərdə təkcə nefti, pambığı,
üzümü ilə deyil, mənəvi-intellektual sərvətləri
ilə də ittifaq miqyasında məşhurlaşmışdı. Respublikanın
müxtəlif rayonlarında dünya mədəniyyətindən,
demək olar ki, təcrid edilmiş şəkildə
yaşayan, lakin zəhmətkeş, istedadlı xalqın Azərbaycanın
mərkəzi ilə əlaqələrinin genişlənməsində
də Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Məhz bu görkəmli şəxsiyyətin,
böyük dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində
Bakı “beynəlmiləl” şəhərdən milli şəhərə
çevrilmişdir.
Nəhayət, 80-ci illərdə sovet dövlətinin rəhbərliyində
ardıcıl dəyişikliklər getdi. Baş katiblər
biri digərini əvəz edir, Siyasi Büronun tərkibi dəyişirdi.
Heydər Əliyev belə bir mürəkkəb
dövrdə Moskvaya çağırıldı, Siyasi
Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci
müavini oldu. Bu, sovet dövləti
yaranandan bəri türk-müsəlman dövlət xadiminin gəlib
çıxdığı ən böyük vəzifə
idi. Artıq Heydər Əliyev sovet
dövləti rəhbərliyində yalnız Azərbaycan
xalqının yox, ümumən türk-müsəlman
xalqlarının lideri idi. Türk dünyasının
həm strateji, həm də taktiki problemlərini həll etmək
yalnız onun üzərinə düşdü.
Bütün bunlara görə SSRİ
dağıldıqdan sonra Azərbaycanda ən çox
xatırlanan, müstəqil respublikanın dövlətçiliyini
formalaşdırmağa dəvət edilən, istedadına
istinad olunan şəxs Heydər Əliyev olmuşdur. Xalq hərəkatının,
müxtəlif xarakterli münaqişələrin təşkili
ilə hakimiyyətə gələn qüvvələrin
dövlət idarəçiliyi sahəsində təcrübəsizliyi
ortaya çıxanda isə Azərbaycanın məhz “Heydər
Əliyevin Azərbaycanı” olduğu bütün
aydınlığı ilə təzahür etmişdir.
Siyasi tarixçilər, publisistlər 1993-cü ilin iyun
böhranını Heydər Əliyevin hakimiyyətə gəlməsində
xüsusi hadisə kimi təqdim edirlər. Lakin Heydər
Əliyevin hakimiyyətə gəlişi dövlət müstəqilliyinin
ilk aylarından siyasi-mənəvi zərurətə
çevrilmişdi. Bir-birinin ardınca baş verən
hadisələrin inersiyası, get-gedə güclənən
xaos “ölkənin sahibi”ni tələb
edirdi. Heydər Əliyevin yaratdıqları
xalqın gözləri qarşısında
dağıldıqca böyük dövlət qurucusuna, ictimai
harmoniya ustasına meyl də güclənirdi. O, Azərbaycan
xalqına yalnız bilavasitə idarəedici, dövlət
qurucusu kimi yox, Tarix kimi də lazım idi.
1993-cü ilin ortalarında Azərbaycan cəmiyyəti
artıq demokratiyanı hərc-mərclikdən xilas etmək
uğrunda mübarizə aparmaq üçün özündə
qüdrət tapdı. Bu isə birinci növbədə onda təzahür
etdi ki, xalq uzun illər ərzində yetirmiş olduğu
tarixi liderə inamını sonsuz bir enerji ilə ifadə
etdi. Və həmin inam xırda “xalq qəhrəmanları”nın, heç bir tarixə söykənməyən
siyasət dəllallarının “obraz”ını ictimai təfəkkürdən
bütünlüklə silib atdı. Təəssüf
ki, bu “qəhrəman”ları tarix yox, təsadüflər,
mövcud ictimai-siyasi kükrəyiş ortaya
çıxarmışdı. Çox
keçmədi ki, tarix onları inkar etdi.
Ümummilli fəlakətin astanasında Azərbaycanı
və onun yenicə qazanılmış suverenliyini dünya
miqyaslı siyasət və dövlət xadimi,
xalqımızın qeyrətli oğlu Heydər Əliyev xilas
etdi. Azərbaycanın qurtuluşu Heydər Əliyevin
şəxsində təzahür edən böyük bir milli,
ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində
mümkün oldu. Ümummilli lider Heydər
Əliyevin Azərbaycanın xilası üçün o zaman
gördüyü işlərin miqyasını müəyyənləşdirmək
yox, ancaq təsəvvür etmək mümkündür. Bu, epik bir miqyas olaraq xalqın yalnız o
dövrkü taleyini müəyyən etmədi, həm də
onun gələcəyinə əhəmiyyətli təsir
göstərdi.
Bu mənada Azərbaycanın o zamankı qurtuluşu gələcəyə
getdikcə tarixi məzmunu daha yaxşı dəyərləndiriləcək
bir hadisədir. Azərbaycanın qurtuluşunun yekunu,
yaxud nəticəsi qurtuluşun Azərbaycanı oldu. O Azərbaycan ki, müxtəlif nəsillərdən
olan azərbaycanlılar onu arzulamış, onun qurulması
uğrunda mübarizə aparmışlar. Azərbaycan
Respublikası parlamentinin 1993-cü il 15
iyun tarixli iclasındakı çıxışında ulu
öndər Heydər Əliyev həmin mübarizənin tarixi
mahiyyətini ifadə edərək demişdir: “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə
yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri
əsasında müasir tələblərlə, dünyada gedən
proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam
və heç kəsin şübhəsi olmasın ki,
ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun,
yalnız və yalnız Azərbaycan Respublikasının
müstəqil dövlət kimi inkişaf etməsinə həsr
edəcəyəm”.
Bu sözlərin deyilməsindən sonrakı 10 illik
müddətdə dahi mütəfəkkir, dövlət
qurucusu, həqiqətən, müstəqil Azərbaycan
dövlətinin əsaslarını yaratmış, onun
demokratik inkişaf yolunu istiqamətləndirmişdir. Heydər
Əliyevin zəkası öz nuru ilə yalnız o günləri
deyil, bugünümüzü də işıqlandırır,
müstəqil respublikanın müasir dünyanın üzvi,
tərkib hissəsi olması üçün hər cür
stimul verir. Heydər Əliyev müdrikliyi
yalnız bir insanın fərdi qabiliyyətinin nəticəsi
deyil, bütövlükdə mənsub olduğumuz xalqın
tarixi iradəsinin ifadəsi idi. Həmin iradə
1993-cü il 15 iyun tarixli (və tarixi!)
iclasında tarixə diqtə etmişdi: “Azərbaycan
Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin,
müstəqilliyini itirməyəcək, yenidən heç
bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir
başqa dövlətin əsarəti altına düşməyəcəkdir”.
Sovet imperiyasının çöküşü və
müstəqillik epoxasının başlanması nə qədər
yeni olsa da, aydın baxışlı siyasətçi olan Heydər
Əliyev əvvəllər gördüyü işləri
yeni tarixi şəraitdə davam etdirdi. Onun əvvəllər
gerçəkləşdirdiyi böyük işlər,
planlar, proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz,
xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu
proqramını həyata keçirmək, iqtisadiyyatı
dirçəltmək, cəmiyyəti, onun milli-mənəvi
gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi. Bu ciddi varislik xətti ondan irəli gəlirdi ki, ulu
öndər Heydər Əliyev heç bir işini
yarımçıq qoymurdu. O hansı işə
başlayırdısa, onu, necə deyərlər, yüz
ölçüb bir biçir, tələsmədən və
gecikmədən həyata keçirirdi.
Bu həqiqətin sübutu olaraq ümummilli liderin
müstəqil Azərbaycan dövlətinin xilas edilməsinə
və onun mövcudluğunun əbədiləşdirilməsinə
həsr olunmuş son 10 ilinə nəzər salaq. Bu baxımdan bütün
ziddiyyətli prosesləri ilə 1993-cü il
müstəqil dövlətçilik tariximizdə
böyük dönüş ili olaraq xatırlanır. O zaman
çərçivəsində cərəyan edən hadisələr
dövlətçiliyimizi və insanları ciddi sınaqlarla
üz-üzə qoymuşdu. Dövlət
müstəqilliyinin ilk aylarından başlayıb şiddətlənən
mürəkkəb hadisələr, idarəçilikdə yol
verilən nöqsanlar 1993-cü ilin ikinci yarısına
doğru siyasi böhran həddinə gəlib
çatmışdı.
Hərbi müxalifətin zərərsizləşdirilməsi
üçün AXC-Müsavat hakimiyyətinin uğursuz hərbi
əməliyyatı nəticəsində Gəncədə
qardaş qanı tökülmüş və cəmiyyət,
demək olar ki, vətəndaş müharibəsinə
sürüklənmişdi. O vaxtkı iqtidarın səriştəsiz
və məsuliyyətsiz siyasəti nəticəsində 4
iyundan başlayaraq ölkədə getdikcə geniş miqyas alan anarxiyadan sui-istifadə edən təcavüzkar
Ermənistanın silahlı birləşmələri isə cəbhə
xəttində həmlələrini gücləndirmişdi. Ötən iki ildə torpaqlarımızın
etibarlı müdafiəsi təmin olunmamışdı.
Orduda vahid komandanlıq yox idi.
Belə bir taleyüklü məqamda növbəti
yanlış və daha bir məsuliyyətsiz qərar dövlətçiliyimizin
məhvi ilə nəticələnə bilərdi. Soydaşlarımızın
minbir mərhumiyyətdən keçib gəlmiş azadlıq
arzusu, müstəqillik amalı ilk addımlarındaca
puç ola bilərdi. Çeşidli
daxili və xarici düşmən qüvvələrin
dağıdıcı həmlələri Azərbaycanı
ölüm kürsüsünə doğru
sıxışdırırdı. Xüsusən,
kənar qüvvələr Cənubi Qafqaz regionundakı maraqlarını
daha böyük perspektivi olan Azərbaycanı parçalamaqla
həyata keçirmək niyyətində idilər. Bunun üçün müəyyən ictimai-siyasi zəmin
də hazırlanmışdı.
O
zamankı hadisələr ölkədə hakimiyyətlə
xalq arasında birliyin olmamasının, dövlət idarəçiliyində
boşluğun hökm sürməsinin acınacaqlı nəticəsi
idi. Yuxarı rəhbərlik eşelonunda tez-tez
dəyişən səriştəsiz kadrların başı
kürsü davasına qarışdığından dövlətin
müdafiəsi və idarə olunması məsələsi
tamamilə unudulmuş, bununla da hakimiyyətin yerlərdə
sosial-siyasi dayaqları sarsılmışdı. Orduda yaranmış başıpozuqluq, hər yerdə
dövlət əmlakının dağıdılmasından
doğan hərc-mərclik milli birliyi pozmuş, düşmən
qüvvələr qarşısında ölkənin müdafiə
və müqavimət qabiliyyətini tamamilə zəiflətmişdi.
Belə bir faciəli durumda yaxınlaşan təhlükəni
bütün dəhşətləri ilə duyan və anlayan
xalq gerçək fəlakətdən – müstəqilliyin
itirilməsindən, ərazilərin parçalanmasından, sərvətlərin
yağmalanmasından xilas olmağın yeganə düzgün
yolunu aydın görə bildi. Cəmiyyətin
mütləq çoxluğu öz düşüncəsi,
ağlı ilə xilasolma istiqamətini – qarşıdurmadan
milli birliyə, xaosdan sabitliyə, dağıntılardan
quruculuğa aparan yolu seçdi. Xalq bu yola keçidin
yeganə bələdçisi və təminatçısının
ümummilli lider Heydər Əliyev olduğuna birmənalı
qərar verdi.
Beləliklə,
Azərbaycana rəhbərliyi dövründə onu öz əlləri
ilə qurub-yaratmış, iqtisadiyyatını və mədəniyyətini
əsaslı surətdə inkişaf etdirmiş, ümummilli
lider məqamına yüksəlmiş Heydər Əliyev
xilaskarlıq missiyası ilə yenidən respublikanın ali idarəçiliyi sükanı arxasına
qayıtdı. İdarəetmənin iflic vəziyyətə
düşdüyü günlərdə xalqın istəyi və
iradəsi dünya şöhrətli siyasət və dövlət
xadimi Heydər Əliyevi ikinci dəfə hakimiyyətə gətirdi.
Bu mərhələdə Heydər Əliyev ilkin olaraq
xalqı vətəndaş müharibəsi təhlükəsindən,
dövləti ağır siyasi, iqtisadi böhrandan qurtarmaqla
böyük vətənpərvərlik, iradə və zəka
nümayiş etdirdi. Çox keçmədən xalqın mütləq əksəriyyətinin
iradəsi ilə müstəqil Azərbaycanın həqiqi
lideri etimadı qazanan Prezident Heydər Əliyevin legitim rəhbərliyi,
gərgin, çoxyönlü fəaliyyəti ilə
respublikanın ictimai-siyasi həyatında sürətli sabitləşmə,
hərtərəfli dirçəliş, böyük
quruculuğun əsaslarının müəyyənləşdirilməsi
proseslərinə start verildi. Məhz bu
taleyüklü məsələlərin reallaşmasından
sonra bütün diqqət cəbhə xəttində
müdafiəyə və bununla yanaşı, iflic olmuş
iqtisadiyyatın sahmana salınmasına yönəldildi.
Böyük qurtuluşdan dərhal sonra xalqın həqiqi
lideri olduğunu hər işdə sübuta yetirən Heydər
Əliyev böyük quruculuğun, daxili vəziyyətin
stabilləşməsi tədbirlərini gerçəkləşdirməyə
başladı.
1994-cü ilin mayından cəbhə xəttində
atəşkəs barədə razılığın əldə
olunması ilə ölkə yeni bir mərhələyə
daxil oldu. Əslində,
işğalçı Ermənistan cəbhədə daha irəliləyə
bilmədiyini, itkilərinin artdığını
görüb atəşi dayandırmağa məcbur oldu.
Müharibədən hər evə, ailəyə
boylanan göz yaşı, qan-qada kəsildi. Vətəndaşların rahat gün-güzəranına
qənim kəsilmiş, yenicə təşəkkül tapan
milli dövlətçiliyin möhkəmlənməsinə hər
vəchlə mane olmağa çalışan qanunsuz
silahlı dəstələr zərərsizləşdirildi və
ictimai asayiş bərpa olundu.
Millət fasiləsiz hüznü unudub gələcək
haqqında, azadlıq və müstəqillik arzularının
daha gerçək ifadəsi barədə düşünməyə
macal tapdı.
Artıq xarici investisiyaların Azərbaycana təhlükəsiz
axını üçün ümid körpüsü
salındı. Heydər Əliyevin ölkə
rəhbərliyinə qayıdışı dünyanın
diqqətini Azərbaycana cəlb edə bildi və bu mənada
qısa zamanda ölkəmiz beynəlxalq iqtisadi sistemə daxil
oldu. Bu inteqrasiyanın 1994-cü ildə Qərbin iri neft
şirkətləri ilə imzalanmış məşhur
“Əsrin müqaviləsi” kimi böyük bir
başlanğıcı var. Xəzər hövzəsinin Azərbaycan
sektorunda zəngin enerji ehtiyatlarının işlənilməsi
ideyası dünyamiqyaslı kompleks iqtisadi layihələrin
birbaşa respublikamızla bağlanmasını real müstəviyə
çıxardı.
Belə bir siyasətin sayəsində
iqtisadiyyatımızın daha yüksək formada təkamülünü
həyata keçirmək və yeni təşəbbüslərlə
çıxış etmək Azərbaycanda sabitliyin, ictimai təhlükəsizliyin
dönməz xarakter almasına güclü təsir göstərdi. Lakin
bütün bu zəruri tədbirlərlə hesablaşmaq istəməyən,
iddiası özündən böyük olan
dağıdıcı qüvvələr iki dəfə–
1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət
çevrilişinə cəhd etdilər. Lakin
yenə də mahir siyasətçi Heydər Əliyevin öz
liderinə axıradək sadiq qalan xalqla birliyindən yaranan
möhtəşəm siyasi iradə hakimiyyəti qeyri-qanuni
yolla ələ keçirməyə göstərilən cəhdlərə
üstün gəldi.
Bununla da cəmiyyətin həyatı yenidən təbii
axarına düşdü. Dağılmış
iqtisadiyyatı müasir dünyanın tələbləri səviyyəsində
bərpa etmək, ordu quruculuğu prosesinə keçmək
mahiyyət etibarilə gələcək inkişaf
üçün təməl addımlar idi və bütün
bunların hamısı cəbhədə atəşkəsin əldə
olunmasından sonra həyata vəsiqə ala bildi. Azərbaycanın
Avropa dəyərlərinə inteqrasiyası prosesinin ilk təcrübələrinin
görünməsinə və dünyanın qabaqcıl
strukturları ilə əlaqələrin qurulmasına start
verildi.
Bütün bu proseslər sonrakı illərdə
davamlı surətdə bir-birini əvəzləyən
uğurların təminatçısı və müjdəçisi
oldu. İctimai qayda-qanun mühitinin, qanunçuluğun
aliliyinin bərpası ona imkan yaratdı ki, müstəqil
dövləti beynəlxalq aləmin hüquqi subyekti kimi
tanıdan, ictimai quruluşu müəyyən edən əsas
amil olan yeni Konstitusiya qəbul edildi. Prezident Heydər
Əliyevin bir epoxadan digərinə ahəngdar keçidi təmin
edən çevik təfəkkürlü, modern rəhbər
obrazı xarici arenada cəmiyyətimizin həyatındakı
həqiqi azadlıq arzusunun, dünyaya inteqrasiya seçiminin
görünməsinə, iqtisadi, elmi, mədəni, mənəvi
potensialın açılmasına, hüquqi baxımdan
köklü dəyişikliklərin yalnız inkişaf səciyyəsi
daşımasına böyük bir impuls verdi.
Bununla belə, Heydər Əliyev bildirirdi ki, Azərbaycanın
müstəqilliyini, sadəcə, elan etmək nə qədər
sevindirici olsa da, müstəqillik uğrunda mübarizə illər
boyu, tədricən-- həm tələsmədən, həm də
gecikmədən aparılacaq. Odur ki, qurtuluşun Azərbaycanı
taleyin ixtiyarına buraxılmış bir dövlət təsəvvürü
olmadı. Dünyanın böyük dövlət
qurucusunun, dahi mütəfəkkirin düşünüb
müəyyənləşdirdiyi “ritm” üzrə hərəkət
edən, get-gedə möhkəmlənən elə bir
sosial-siyasi reallıq oldu ki, bizim hər birimizin azərbaycanlı
kimi vətəndaş xoşbəxtliyi ondan asılı idi. Heydər Əliyev yaxşı bilirdi ki, “Azərbaycan
on illərlə, yüz illərlə bu torpaqda yaşayan
bütün insanların Vətəni olub, bundan sonra da
olmalıdır. Azərbaycan
Respublikasının ərazisində olan hər bir vətəndaş
milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq eyni hüquqa malik olmalıdır”.
Sonrakı proseslər də göstərdi ki, etnik
münasibətlər sahəsində 1991--1992-ci illərdə,
1993-cü ilin birinci yarısında buraxılmış səhvlər
fəlakətlə nəticələndi. Azərbaycan dövlətinin
qurucusu bir neçə il məhz
keçmiş səhvlərin düzəldilməsi ilə məşğul
oldu. Qurtuluşun Azərbaycanı yalnız
1995-ci ildən sonra normal inkişaf yoluna düşməyə
başladı ki, bunun da ilk rəsmi ifadəsi Azərbaycan
Respublikasının Konstitusiyası oldu.
Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə
hazırlanmış Konstitusiya məhv olmaqdan xilas edilmiş,
qurtulmuş Azərbaycanın “pasport”u idi. Artıq 3
onilliyə yaxın bir müddətdir ki, müstəqil Azərbaycan
Respublikası yaşayır, dünyanın üzvi tərkib
hissəsi olmaq uğrunda mübarizə aparır. Bu mübarizənin qalibiyyətini təmin edən əsas
qüvvə isə heç şübhəsiz, Heydər
Əliyevin şəxsiyyətində təzahür edən
milli iradə, möhtəşəm xalq ruhudur ki, Azərbaycanı
hər cür iqtisadi, sosial-siyasi problemlərdən
çıxararaq gələcəyə–əbədi müstəqilliyə
aparır.
Müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu olaraq
hakimiyyətə gələn Heydər Əliyev
başladığı millət quruculuğu prosesini yeni tarixi
şəraitdə daha inamla davam etdirərək ən
tendensiyalı və ya qısqanc tarixçinin belə etiraf
etməli olduğu həqiqətən, cahanşümul işlər
gördü ki, buraya aşağıdakılar xüsusilə
aiddir: milli mütəşəkkilliyin müstəqil dövlətçilik
səviyyəsində təmin olunması; dünya azərbaycanlılarının
mədəni, ictimai- siyasi birliyinin gücləndirilməsi;
türk dünyasının etnik- mədəni birliyinin siyasi
birlik səviyyəsinə yüksəldilməsi. Bütün bunlar isə Azərbaycan xalqının
dünya miqyasında özünə get-gedə daha möhkəm
mövqe tutmasını təsdiq etməklə böyük
milli inkişaf perspektivləri müəyyənləşdirir.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq
ideologiyasının inkişafında, yeni tarixi şəraitə
uyğun interpretasiya edilməsində-- modern səviyyədə
təfsirində və həmin ideologiyanın tarixdə ilk dəfə
əbədi (və dönməz) olaraq həyata keçirilməsində
mənsub olduğu millətlə birlikdə
apardığı mübarizə, ən nihilist
“dostlarımızın” (və düşmənlərimizin)
belə inkar edə bilməyəcəyi bir hadisədir.
Heydər
Əliyevin nə səviyyədə bir azərbaycançı
olması, milli ideologiyamızın inkişafı, həyata
keçirilməsi tarixindəki rolu barədə
danışarkən yalnız bircə gerçəkliyi yada
salmaq kifayətdir ki, o, məfkurə olaraq meydana
çıxandan bəri həmişə istər ədəbi,
istər romantik siyasi təsəvvürlərin tərənnüm
obyekti olmaqdan o yana keçməmiş azərbaycançılıq
ideallarına bir millətin müqəddəratını təyin
edəcək qədər rəsmi məzmun-mündərəcə
verdi.
Azərbaycançılıq Heydər Əliyevin
genişmiqyaslı fəaliyyətinin, sadəcə, tərkib
hissələrindən biri deyil, həmin fəaliyyətin (əslində,
mübarizənin!) əsası, başqa sözlə, mahiyyətidir. Və bu həm
sovet dövründə, həm də müstəqillik illərində
belə olmuşdur. Sovet dövrünün milli
idealların həyata keçirilməsi üçün
olduqca məhdud şəraitdə Azərbaycan rəhbəri
respublikanın iqtisadi- təsərrüfat həyatının
canlandırılması, - elmin, təhsilin inkişafı, ana
dilinin, ədəbiyyatın, incəsənətin mövqeyinin
yüksəldilməsi, milli hərbi kadrların yetişdirilməsi,
Azərbaycanın beynəlxalq miqyasda tanıdılması və
s. kimi əhəmiyyətli tədbirlər
görmüşdür. Və böyük
mütəfəkkir bütün bunları elə etmişdir
ki, görülən tədbirlər sovet rejiminin əks
reaksiyası, dağıdıcı müqaviməti ilə
qarşılaşmasın.
Müstəqillik illərində Azərbaycan qabaqcıl
Avropa dövlətləri cərgəsində özünə
layiqli mövqe qazanmış, bərabərhüquqlu sıx əməkdaşlıq
əlaqələri qurmuşdur. Müasir Azərbaycan
dövlətinin qurucusu Heydər Əliyev hakimiyyətin və
xalqın həmrəyliyi kontekstində ölkəmizin
inkişaf edən dünyanın harmoniyası ilə, demokratik
dəyərlərə uyğun olaraq yaşaması
ideologiyasının möhkəm əsaslarını
yaratmışdır.
İctimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatda
gedən reablitasiya işləri elə uğurla və
sistematik şəkildə aparılmışdır ki, xalq
bütün istiqamətlərdə potensialını,
bütövlükdə, ortaya qoymaq imkanı qazana
bilmişdir. Eyni zamanda, bu proseslərin yalnız normal axarda getməsi
ilə yanaşı, ulu öndərin qurduğu milli dövlət
kompleks iqtisadi, hüquqi, aqrar islahatların həyata
keçirilməsini də himayə etmişdir.
Azərbaycanda
Heydər Əliyevin yaratdığı müasir dövlətçiliyin
inkişafı və möhkəmlənməsi
ideyalarının özəyini təşkil edən
demokratiya, ədalət və humanizm prinsipləri keçid
dövründən normal, az itkilərlə ötüşməyi,
vətəndaş cəmiyyəti yaradılmasını
ümumi quruculuğun tərkib hissəsinə çevirməyi
təmin etmişdir. Böyük öndərimiz
insan hüquq və azadlıqlarının etibarlı
qorunmasını Azərbaycanda demokratik, hüquqi dövlət
quruluşunun əsas strateji amillərindən biri hesab
etmiş və bunun hüquqi aspektlərini müəyyənləşdirmişdir.
Bu amil isə dünyanın həlledici siyasi
dairələrində ölkəmizin nüfuzunun möhkəmlənməsində,
nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən
Avropa Şurasına qəbul olunmasında digər prinsiplərlə
yanaşı, xüsusilə mühüm rol
oynamışdır.
Heydər Əliyev Azərbaycanda böyük siyasətə
yenidən ölkənin, ümumən, məhv olmaq təhlükəsi
altında olduğu zaman gəlmişdi.
Azərbaycan
artıq 16 ildir ki, ümummilli lider Heydər Əliyevin ideya və
əməllərinin ən layiqli davamçısı, yeni
tipli siyasət və dövlət xadimi, Prezident İlham
Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə
inkişaf və hərtərəfli yeniləşmə yoluna
qədəm qoyub. Qazanılan uğurlar
bütün sferalarda özünü göstərir. Ulu öndər Heydər Əliyevin parlaq ideyaları
bu inkişaf və tərəqqinin lokomotividir.
Təbii ki, bütün bu tarixi nailiyyətlər və
bundan sonrakı dövrlərdə qazanacağımız
uğurlar ümummilli lider Heydər Əliyevin yaratmış
olduğu fundamental əsaslara söykənir.
Nizami CƏFƏROV,
Azərbaycanda Atatürk Mərkəzinin
rəhbəri, akademik
Xalq qəzeti.-
2019.- 12 dekabr.-S.1; 7.