İslahatlar sosial problemlərin

həllinə təkan verir 

 

Cari il oktyabrın 15- də Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə dövlət başçısı çıxış edərkən demişdir ki, biz insanların sosial müdafiəsi məsələlərini daim ilk növbədə diqqətdə saxlamalıyıq. Azərbaycanda çox genişmiqyaslı sosial siyasət aparılır. Son illər ölkədə aparılan işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır. Dövlət başçısı bu barədə fikirlərini Sumqayıtın 70, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə, həmçinin Şamaxıda sakinlərlə görüşəndə xüsusi vurğulamışdır. O, qeyd etmişdir ki, ilk növbədə, insanların sosial müdafiəsi məsələləri öz həllini tapmalıdır. Pensiyaların və əmək haqlarının qaldırılması bu istiqamətdə atılan ən ­düşünülmüş, həlli vacib və çox önəmli addımdır.

 

Sosial siyasətdən, bu sahədə aparılan islahatlardan və onun nəticələrindən danışanda, ilk növbədə, yada düşən məsələ əhalinin dolanışığı, onların maddi təminatı olur. Bu mənada prezident seçkilərindən sonra dövlət başçısının şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı imzaladığı fərmanla 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində vəsaitin verilməsi ölkədə analoqu olmayan təşəbbüs kimi dəyərləndirilir. Həmçinin, cari ildə böyük həcmli iki sosial paketin təqdim edilib təsdiqlənməsi, müvafiq fərmanlar imzalanması və icrası sosial məsələlərin həllinə zəmin yaratdı. Ölkədə aparılan islahatlarla minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərin həcmi xeyli artdı.

Prezident İlham Əliyevin ölkəmizdə dayanıqlı sosial inkişafı təmin edən islahatlar proqramına uyğun olaraq, bir tərəfdən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, o cümlədən əmək haqqı, pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılır. İmtiyazlı vətəndaşların mənzillə və avtomobillə təminatı da daxil olmaqla, mühüm sosial proqramlar genişləndirilir. Şəhid ailələrinə və müharibə əlillərinə mənzillər təqdim edilir. Digər tərəfdən, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə əhaliyə xidmətlərin keyfiyyətinin müasir əsaslar üzərində yüksəldilməsi təmin olunur. Xüsusilə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi bu vacib məqsədə nail olunmasına imkan verib. Bakıda və növbəti ildən etibarən regionlarda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək. Bakı Ekspo Mərkəzində keçirilən “Bakutel--2019” -- XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində 1 saylı Bakı DOST Mərkəzi ölkəmizin inovativ yeniliklərindən biri kimi uğurla iştirak etdi. Mərkəz sərgidə vətəndaşlara harada qeydiyyatda olmalarından asılı olmadan xidmətlər təqdim etdi. 100-dən çox vətəndaşa əmək, məşğulluq, pensiya, sosial müavinət, əlillik və s. sahәlər üzrə operativ xidmətlər göstәrildi. Sonda DOST agentliyi sərginin “Ən yaxşı debüt’’ sertifikatına layiq görüldü.

Qürur duyulası faktdır ki, sosial paketin icrası nəticəsində minimum əmək pensiyasının 200 manata çatdırılması ilə ölkəmiz MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdədir. Eyni zamanda, orta aylıq pensiya alıcılıq qabiliyyətində də ölkəmiz MDB məkanında ön sıradadır. Sosial müdafiə sahəsində aparılan islahatların, həyata keçirilən layihələrin, reallaşdırılan proqramların məqsədyünlü icrasının nəticəsidir ki, hətta böhranlı illərdə də sosial məsələlərə böyük diqqət göstərən ölkəmiz yeniləşir, müasirləşir və yeni iqtisadi model üzərində işləyir. Əsas məqsəd odur ki, ötən illərdə olduğu kimi, gələn il də vətəndaşların rifahının yüksəldilməsi yolunda davamlı işlər aparılsın, ölkə iqtisadiyyatı bundan sonra da dayanıqlı şəkildə inkişaf etsin.

Əhalinin üzləşdiyi problemlərlə bağlı dövlət başçısının imzaladığı fərman və sərəncamların icrası vətəndaşlarda məmnunluq hissi doğurur. Bu mənada sakinlərin uzun müddətdən bəri narahatlığına səbəb olan problemli kreditlərin həlli ilə bağlı imzalanan sənədin nə qədər ailəyə sevinc bəxş etməsini xatırlamaq yerinə düşər. Ölkənin iqtisadi və maliyyə imkanları artdıqdan sonra ilk növbədə vətəndaşları narahat edən bu problemli məsələ ən yüksək səviyyədə tənzimləndi. 800 min vətəndaşın kompensasiyasının ödənilməsinə başlanıldı. Eyni zamanda, vaxtilə tikilmiş, ancaq hansısa problem ucbatından istismara qəbul edilməmiş evlərlə bağlı sakinlərin üzləşdiyi çətinliklərin həllini də yaddan çıxarmaq olmaz. Bu məsələ ilə bağlı fərman imzalandıqdan sonra evlərin, mənzillərin sənədləşdirilməsi prosesinə başlanıldı. Və bu gün böyük əminliklə demək olar ki, üç milyon vətəndaş imzalanmış fərmanlardan bu və ya digər ­formada faydalanıb.

Ölkədə əhalinin rifahının yaxşılaşdırılması yolunda atılan addımlardan biri də dövlət tərəfindən işsizliyin azaldılması üçün görülən tədbirlərdir. İşsizlərin sayı nə qədər az olarsa, yoxsulluq problemi aradan qalxar, vətəndaşın maddi təminatı yaxşılaşar. Qeyd etmək yerinə düşər ki, bu il 40 min ödənişli ictimai iş yeri açılıb, 35 min insan işlə təmin edilib.

Onu da diqqətə çatdırmaq lazımdır ki, yeni iş yerlərinin yaradılması üçün, vacib amillərdən biri son illərdə reallaşdırılan özünüməşğulluq proqramıdır. Ölkənin bütün bölgələrində çox böyük rəğbət qazanmış bu proqram vətəndaşlarımızın xeyli hissəsinin kasıblıqdan kiçik sahibkarlığa addımına imkan verib. Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi var. Dövlət başçımız oktyabrın 15- də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə demişdir: “Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il on mindən çox insan bu proqramla əhatə olunacaq. Ünvanlı sosial yardım alanların sayı artır. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin qarşısında vəzifə qoydum ki, biz bu kateqoriyadan olan insanlara daha geniş həcmdə yardım göstərək”.

Ölkəmizdə əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələlərinə də xüsusi diqqət yetirilir. İşəgötürənlərin əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırılması məqsədi daşıyan tədbirlərdə işəgötürən və işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru barədə məlumatlar verilir. Vətəndaşlar əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, eləcə də, xitam verilməsinin əsasları və qaydaları barədə məlumatlandırılır. İşəgötürənlərin qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması sahəsində səylərini gücləndirmələrinin vacibliyi onların diqqətinə çatdırılır.

Sosial müdafiə məsələlərindən danışanda unutmamalıyıq ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər də Prezidentin nəzarətindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri və maliyyə dəstəyi ilə icra olunan sosial xidmət layihələrinin miqyası əhəmiyyətli dərəcədə genişlənib. Həmin layihələr üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb. Hazırda 200-ə yaxın mərkəz tərəfindən günərzi qayğı, reabilitasiya, psixoloji yardım, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım, surdoloji, sağlamlıq imkanları məhdud uşaqlara davranış üzrə valideynlərə dəstək və s. istiqamətlərdə 10 minədək şəxsə xidmətlər göstərilir. Eyni zamanda, nazirliyin sifarişi və maliyyə dəstəyi ilə QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələri ölkədə yeni iş yerlərinin açılmasına, məşğulluğunun təminatı işlərinə də öz töhfəsini verib. Belə ki, hazırda həmin layihələrin icrası işlərində hər biri ilə əmək müqaviləsi bağlanılmaqla 1586 nəfər çalışır. Onların sırasına psixoloq, tərbiyəçi, pedaqoq, loqoped, terapevt, nevropatoloq, fizioterapevt və digərləri daxildir.

Respublikada aparılan islahatların nəticələrini gündəlik həyatında hiss edən Azərbaycan vətəndaşı Prezidentinə inanır və güvənir. Çünki əmindir ki, dövlətin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları dayanır. Dövlət başçısının ümdə məqsədi əhalinin firavanlığını təmin etmək, onların təhlükəsiz yaşamalarına şərait yaratmaqdır.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2019.- 14 dekabr.- S.6.