Demokratik ənənələrə

sadiqliyin bariz nümunəsi 

 

Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Respublikamız demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu demokratik proseslərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi dünyanın sayılıb-seçilən dövlətləri sırasına qoşmaqdadır. Tanınmış ekspertlər də etiraf edirlər ki, bu gün Azərbaycan sürətlə və uğurla inkişaf edən ölkədir. Söz, vicdan, mətbuat azadlığı, insan hüquqlarının qorunması məsələlərinin ölkəmiz üçün prioritet olması hüquqi dövlət quruculuğu prosesini daha da sürətləndirib.

Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa etsə də, ilk illər respublikamızda baş alıb gedən özbaşınalıq, anarxiya, xaos müstəqilliyimizi addım-addım uçuruma yaxınlaşdırırdı. Lakin xalqın təkidli xahişlərindən sonra ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində respublikamız demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Ulu öndərin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Ümummilli liderimiz dəfələrlə bildirmişdir ki, Azərbaycan könüllü olaraq seçdiyi demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf strategiyası hesab edir. Eyni zamanda, ulu öndər tətbiq olunan hər hansı demokratik yeniliklərin xalqın milli xüsusiyyətləri, dünyagörüşü, ictimai şüur səviyyəsi ilə səsləşməsini vacib sayırdı: “Demokratiya daim inkişafda olan bir prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə inqilabi yolla yox, təkamül yolu ilə olmalıdır. Çünki hər bir şeyə tezliklə nail olmaq çətindir”.

Azərbaycanda demokratik dövlətçilik ənənələri formalaşdıran Heydər Əliyev insanların öz fikirlərini sərbəst ifadə etmələrinə geniş meydan vermiş, çoxpartiyalı sistemin əsasını qoymuş, mətbuatdan senzuranı ləğv edərək söz azadlığına, fikir plüralizminə hər cür şərait yaratmışdır. Ulu öndərin ölkəyə rəhbərliyi dövründə qəbul olunmuşSiyasi partiyalar haqqında” , “Sərbəst toplaşmaq azadlığı haqqında” , “Dini etiqad azadlığı haqqında” qanunlar və digər hüquqi aktlar Azərbaycanı beynəlxalq aləmdə demokratik prinsiplərin inkişafına böyük önəm verən ölkə kimi tanıtdı. Ulu öndərin ölüm cəzasını ləğv etməsi bu istiqamətdə atılan ən qətiyyətli addımlardan biri oldu.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkəmizin demokratik yolla inkişafında mühüm rol oynadı. Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının əksəriyyətinin maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır. Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.

Ölkəmizdə ilk dəfə demokratik seçkinin keçirilməsinin təşəbbüskarı da məhz ulu öndər Heydər Əliyev olmuşdur. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə demokratik prinsiplərin inkişafına yüksək dəyər vermişdir: Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini qazandıqdan sonra, bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin”.

Ulu öndərin miras qoyduğu demokratik ənənələr bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq dünya miqyasında demokratik ölkə imicini, demək olar ki, tam formalaşdırıb. Ötən illərdə qəbul edilmiş qanunlar daha da təkmilləşdirilmiş, azad, ədalətli, şəffaf və demokratik seçkilərin keçirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır. Beynəlxalq təşkilatların da demokratik sənəd kimi dəyərləndirdikləri “Azərbaycan Respublikasının Seçki Məcəlləsi” ölkədə bütün seçkilərin demokratik şəraitdə keçirilməsi üçün zəngin hüquqi baza yaradıb. Qəbul olunduğu vaxtdan indiyə qədər daha da təkmilləşdirilmiş, müxtəlif illərdə 10 dəfə əlavə və dəyişikliklər edilərək mükəmməl hüquqi bazaya çevrilmişdir. Təsadüfi deyildir ki, son 16 ildə keçirilən seçkilər dünyanın müxtəlif ölkələrindən gəlmiş beynəlxalq müşahidəçilər tərəfindən demokratik seçki kimi dəyərləndirilir. Seçki demokratiyanın əsas atributlarından biridir. Hər hansı bir ölkədə keçirilən seçki dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Azərbaycanda keçirilən seçkilər isə daha çox maraq doğurur. Çünki Prezident İlham Əliyevin imzaladığı sənədlərə əsasən seçki prosesində şəffaflığın təmin olunması istiqamətində atılan addmlara dünyanın inkişaf etmiş dövlətlərində də rast gəlinmirdi. Barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi, seçicilərin adlarının seçici siyahılarına seçki keçirilən gün daxil edilməsi, seçki məntəqələrinə veb-kameraların quraşdırılması və bunun vasitəsilə seçkinin gedişinin istər ölkə daxilindən, istərsə də kənardan -- dünyanın istənilən nöqtəsindən heç bir qeydiyyat tələb olunmadan sərbəst şəkildə internet vasitəsilə izlənilməsi, hər seçkidə on minlərlə yerli və beynəlxalq müşahidəçiyə əlverişli şəraitin yaradılması demokratiyanın bariz nümunəsidir.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu daha ardıcıl xarakter daşımış, ölkədə milli həmrəylik əldə olunmuşdur. Ümummilli maraqlara uyğun məsələlərlə bağlı ölkə daxilindəki siyasi qüvvələr arasında normal dialoqun alınması, bütün seçkilərdə müxalifət partiyalarına bərabər hüquq yaradılması, şəhərin mərkəzi hissələrində piket, mitinq və digər aksiyaların keçirilməsinə icazə verilməsi, bundan ötrü müvafiq yerlərin ayrılması, hətta aksiya iştirakçılarının təhlükəsizliyinin dövlət tərəfindən təmin olunması xalqımızın son illərdə demokratiya sahəsində əldə etdiyi ən ciddi uğurlardandır. Prezident İlham Əliyev ölkədə demokratik vətəndaş cəmiyyətinin qurulması, söz azadlığının, fikir müxtəlifliyinin təmin olunması üçün bütün imkanlardan istifadə edir.

Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qəbul olunan sənədlər, imzalanan sərəncam və fərmanlar demokratik ənənələrin bərqərar olunmasında əsaslı dönüş yaradıb. Dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində, ölkəmizdə 1995-ci ildən əfv və amnistiya təsisatları yaradılıb. 1995–2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib və 32 əfv sərəncamı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, onlardan 21 min 325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə bu istiqamətdə mühüm irəliləyişlər qeydə alınmışdır. Ümumilikdə, bu vaxta qədər 65 əfv sərəncamı imzalanmış, 11 amnistiya aktı qəbul edilmişdir. Bu, insan hüquq və azadlıqlarının müdafiəsi yolunda Azərbaycan nümunəsidir.

Son bir neçə ildə həyata keçirilən köklü islahatlar ölkədə demokratik ab- havanı daha da yaxşılaşdırıb. İslahatların, demək olar ki, bütün sahələri əhatə etməsi həm dövlət idarəçiliyində yeni modelin əsasını qoyub, həm də əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasında böyük rol oynayıb. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir.

Struktur islahatları ilə bərabər, kadr islahatlarının da aparılması, xüsusilə gənclərə geniş meydan verilməsi, onlara yüksək etimad göstərilməsi cəmiyyətdə rəğbətlə qarşılanır. Prezident Adminis­trasiyasının, Nazirlər Kabinetinin yeni strukturlarının təsdiq edilməsi, Milli Məclisin yenidən formalaşması və digər sahələrdə aparılan islahatların yalnız bir məqsədi var: ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, demokratik proseslərin inkişafını daha da sürətləndirmək, gənc peşəkar kadrlara özlərini göstərmək üçün şərait yaratmaqümumi idarəetmə işlərində vəziyyəti müasir standartlar səviyyəsinə qaldırmaq.

Milli Məclisin buraxılması və seçkilərin keçirilməsi Azərbaycanın müstəqillik tarixində ilk hadisədir. Son illər həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri, dünya birliyinə sürətli inteqrasiya və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşdirilməsini, parlamentin yeniləşməsi zərurətini yaratdı. Bu prosesdə də hər şey demokratik tələblər əsasında həyata keçirilir. Əvvəlcə parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatlar növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürdülər. Sonra Milli Məclis parlamentin buraxılması və seçkilərin təyin edilməsi xahişi ilə Prezidentə müraciət etdi. Prezident isə parlamentin buraxılmasının Konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərdi. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və seçkilərin keçirilməsini Konstitusiyaya uyğun saydı. Bundan sonra Prezident İlham Əliyevin sərəncamı ilə seçkilərin keçirilməsinin vaxtı müəyyənləşdi: 9 fevral 2020-ci il.

Bütün bunlar Azərbaycan dövlətinin, onun başçısı cənab İlham Əliyevin demokratik ənənələrə sadiqliyinin bariz nümunəsidir. Bu nümunə özünü ölkəmizdə həm bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində, həm də gələn il fevralın 9-da olacaq parlament seçkilərində bir daha açıq şəkildə büruzə verəcək.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2019.- 17 dekabr.- S.12.