Xalqın inam və etimadına arxalanan lider

 

Azərbaycan cəmiyyəti monolitdir. Bizi bir-birimizə bağlayan əsas amil həmrəylikdir və düzgün seçilmiş hədəfdir. Bu birlik bizim gücümüzdür və imkan verir ki, öz siyasətimizi ardıcıl surətdə həyata keçirək və Azərbaycanın hərtərəfli inkişafına nail olaq.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 16 ildə həyata keçirilən uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji yolla inamla irəliləyir. Son 1 ildə isə Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə daha önəmli nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ulu öndər Heydər Əliyevin ideya və əməllərinin siyasi daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyev 2018-ci ildə möhtəşəm qələbə qazanaraq yenidən Azərbaycan Prezidenti seçildi. Bu qələbə Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının da cəmiyyət qarşısında növbəti məsul sınaqdan üzüağ çıxdığını göstərdi.

 

Ötənilki prezident seçkilərinin ən mühüm siyasi yekunu ondan ibarət oldu ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasətini inamla dəstəklədiyini bütün dünyaya bir daha nümayiş etdirdi. Xalq bu strateji xətti ona görə müdafiə etdi, onun davam etdirilməsinə ona görə səs verdi ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan cəmiyyəti dinamik inkişaf edir, demokratiya dərinləşir, sosial-iqtisadi yüksəliş davam edir, həyatın bütün sahələrində əsaslı islahatlar aparılır, cəmiyyətdə sabaha inam gündən-günə artır.

Ümumiyyətlə, YAP öz fəaliyyətini dünya şöhrətli siyasət və dövlət xadimi, xalqımızın əbədi lideri Heydər Əliyev ideyaları əsasında davam etdirir, onun ideyalarının gerçəkləşdirilməsi uğrunda ümumxalq mübarizəsinin önündə gedir. İndi bütün dünya aydın görür ki, Prezident İlham Əliyevin siyasətinin uğurla həyata keçirilməsində və təbliğində aparıcı rol Yeni Azərbaycan Partiyasına məxsusdur. YAP-ın seçki təcrübəsini və xalq tərəfindən dəstəklənməsini nəzərə alaraq deyə bilərik ki, Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində də yüksək nəticələr əldə edəcək.

Doğrudan da, son 16 ildə Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatının ən mühüm yönü və əlaməti Heydər Əliyevin müəyyən etdiyi yolun ardıcıl davam etdirilməsi, həyata keçirilən siyasətin xalqın arzu və istəklərinə uyğun qurulması, ümummilli maraqları tam ifadə etməsidir. Ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli siyasət aparılır. Nəticədə, Azərbaycan regionda həlledici söz sahibinə, Qafqazın ən qüdrətli dövlətinə çevrilib.

Dağlıq Qarabağ cəbhəsində 2016-cı ilin qalibiyyətli Aprel döyüşləri Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilmədiyini, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğunu, düşmən üzərində hərbi, siyasi, iqtisadi və mənəvi-psixoloji üstünlüyünü bir daha sübuta yetirdi. Bu reallıqlar həmçinin Ermənistanda hərbi-xunta rejiminin çöküşündə mühüm rol oynadı. Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb, bunun nəticəsində işğalçı ölkə iqtisadi və siyasi böhrana sürüklənib.

Ümumiyyətlə, müstəqillik dövründə Azərbaycan öz tarixinin ən möhtəşəm nailiyyətlərinə imza atıb. Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Respublikamızın beynəlxalq təşkilatlarda da nüfuzu çox yüksəkdir, Azərbaycan bu ildən Qoşulmama Hərəkatına sədrlik edir-- bu, ölkəmizin çox mühüm diplomatik nailiyyətidir. Azərbaycanın beynəlxalq müstəvidə əməkdaşlıq və təhlükəsizliyə verdiyi fundamental töhfələrdən bəhs edərkən iqtisadi baxımdan onun bölgədə həlledici rolu olduğunu xüsusi vurğulamaq lazımdır. Bunun əyani ifadəsi kimi ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan qlobal xarakterli layihələrin nəticələrini göstərmək olar.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə, xüsusən son 1 ildə ölkə başçısının sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu islahatlar nəticəsində bu sahədə problemlərin həllində ciddi irəliləyiş əldə edilib. Əhalinin rifahı durmadan yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm tədbirlər gerçəkləşdirilib. Ölkəmizdə bu yöndə həyata keçirilən sistemli, ardıcıl islahatlar, bir-birini tamamlayan proqram və layihələr bir daha sübut edir ki, dövlətin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımdan aztəminatlı təbəqəsi daimi dövlət qayğısı ilə əhatə olunub. Sosial sahəyə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə Azərbaycan Prezidentinin xüsusi diqqətini bir daha təsdiq edir.

Bütün bunlar onu göstərir ki, güclü iqtisadi və sosial siyasət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasında qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib. Ötən dövrdə yeni istehsal sahələri yaradılıb, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təmin olunma səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb. İqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, qeyri-neft ixracının artırılması və dünya iqtisadiyyatına inteqrasiya istiqamətində həyata keçirilən siyasət növbəti 10 ildə bu sektorun daha çox artacağını şərtləndirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. Dövlət başçısı İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb.

Azərbaycanda din – dövlət münasibətləri nümunəvi xarakter daşıyır, tolerantlıq və multikultural mühit hökm sürür. Son hesablamalara görə, ölkə ərazisində 2250 məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. 2018-ci ildə dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 909-a çatıb. Onlardan 877-si İslam, 32-si qeyri-islam təmayüllüdür. Sonunculardan

21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Ölkəmizdə mövcud olan digər dinlərin nümayəndələri də dövlət başçımızın diqqət və qayğısından kənarda qalmırlar. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə münasibətində, din sahəsini ehtiva edən qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq şəkildə görmək mümkündür.

Azərbaycan müsəlman aləmində də çox böyük hörmətə, nüfuza malikdir. Ölkəmiz İslam həmrəyliyinə müstəsna töhfələr verir. Son 16 ildə dövlət başçısı bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirib. Prezident ­İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın İslam həmrəyliyi ilə bağlı atdığı addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir: “Yəni bizim apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir. Həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam birliyini daha da möhkəmləndirir”.

Ötən illərdə biz Prezident İlham Əliyevin siyasətində tolerant və multikultural dəyərlərin əhəmiyyətli yer tutduğunun bir daha şahidi olduq. Ölkə rəhbərliyinin dəstəyi ilə müxtəlif xarici ölkələrdə Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqi ilə əlaqədar beynəlxalq konfranslar keçirilib ki, bu tədbirlər coğrafi olaraq çox geniş ərazini əhatə edib. İspaniya, Avropanın müxtəlif ölkələri, Almaniya və başqa ölkələrdə təşkil edilən tədbirlərdə Azərbaycanın multikultural dəyərləri ətraflı şəkildə insanlara çatdırılıb.

Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə reallaşan beynəlxalq tədbirlər insanların multikulturalizm və tolerantlıq ruhunda maarifləndirilməsinə, dünyada sülhün və əməkdaşlığın təşviqinə mühüm töhfə verib. Ölkə rəhbərinin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurmaqla bərabər, bizə gələcək fəaliyyətimizdə böyük stimul verir.

Yeri gəlmişkən bildirək ki, Azərbaycanın qazandığı bütün bu uğurlar bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Onlar ölkəmizin müsbət beynəlxalq imicinin və uğurlarının üzərinə kölgə salmağa çalışırlar. Bu məqsədlə ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə vaxtaşırı Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Əlbəttə, bu cəhdlər əbəsdir. Azərbaycan xalqı öz taleyini böyük inamla etibar etdiyi ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən siyasəti birmənalı olaraq dəstəkləyir. Prezident isə xalqın bu etimadına arxalanaraq daxili və xarici aləmdə müstəqil, milli maraqlara əsaslanan siyasət yeridir. Bu isə onu göstərir ki, ölkəmizin suveren inkişaf yolunda irəliləməsinə mane olmaq mümkün deyil.

Təəssüf ki, ölkəmizdə uğursuzluğa düçar olmuş və milli maraqlara zidd hərəkətləri ilə özlərini ifşa etmiş bəzi adamlar da xaricə üz tutaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətlərə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar. Əlbəttə, Azərbaycan cəmiyyəti belələrini dəstəkləmir, onların öz uğursuzluqlarını ört-basdır etmək üçün dövriyyəyə yalan məlumatlar buraxdıqlarını, anti-milli çağırışlar səsləndirdiklərini yaxşı bilir. Ümumiyyətlə, bu cür cəhdlər faydasız və nəticəsizdir, iflasa məhkumdur. Çünki Azərbaycanda xalq – lider birliyi mövcuddur, ölkəmizdə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir.

Bütövlükdə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycan üçün çox mühüm nailiyyətlərlə zəngindir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək.

Əlbəttə, bütün bu nailiyyətlər qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə imkanlar yaradır. Dövlət başçısı İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib.

Bütün bu reallıqları görən hər bir vətəndaş Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasəti yüksək qiymətləndirir, bu xəttin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlətimizin başçısına, onun siyasətinə daim böyük inamını ifadə edir.

 

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin

sədri, YAP icra katibinin müavini

 

Xalq qəzeti.- 2019.- 21 dekabr.- S.4.