Məhkəmə-hüquq islahatlarının növbəti mərhələsi

 

Vahid məhkəmə təcrübəsinin yaradılması mexanizmləri müəyyən edildi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının və bu sahədə islahatların dərinləşdirilməsinin təməli qoyulmuş, yeni yol xəritəsi müəyyən olunmuşdur. Ölkə Prezidenti islahatların yeni mərhələsinin hədəflərini belə müəyyən etmişdir: müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

 

Ötən dövr ərzində bu məqsədlə artıq bir sıra əhəmiyyətli işlər görülmüşdür. Belə ki, qanunvericiliyə əlavə edilmiş birinci paket dəyişiklik və əlavələr nəticəsində məhkəmə icraatının həyata keçirilməsi qaydaları daha da təkmilləşdirilmiş, sahibkarların hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi üçün yeni kommersiya məhkəmələri yaradılmış, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə operativ baxılmasının qaydaları müəyyənləşdirilmişdir. Artıq 2020-ci il yanvar ayının 1-dən etibarən həmin normalar ölkəmizdə tətbiq edilməyə başlanılacaqdır.

İslahatların növbəti mərhələsi kimi ölkə Prezidenti 18 dekabr 2019-cu il tarixdə Milli Məclis tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş qanunları imzalamış, eləcə də bununla bağlı bir sıra sərəncamlar vermişdir. Həmin qanunlar paketi yenə də Azərbaycan Respublikası ­Prezidentinin qanunvericilik təşəbbüsü əsasında qəbul edilmişdir.

Məlum olduğu kimi, bu günədək vahid məhkəmə təcrübəsini formalaşdırmağa imkan verən mexanizmlər kifayət qədər təkmil deyildi. Belə ki, Ali Məhkəmənin Plenumu tərəfindən verilən izahlar tövsiyə xarakteri daşıdığından və onun nəzərə alınmamasının heç bir hüquqi nəticəsi olmadığından vahid məhkəmə təcrübəsinin yaradılmasında nəzərdə tutulan nəticəyə nail olmaq mümkün olmurdu. Bundan başqa, işə baxan məhkəmə tərkibləri arasında hüququn tətbiqində yaranan fikir ayrılıqlarının hansı qaydada həll edilməli olduğunu nizama salan təkmil mexanizm də mövcud deyildi. Ona görə də, bəzi hallarda, məhkəmə tərkibləri tərəfindən oxşar faktiki halları olan mübahisələr üzrə fərqli qərarların qəbul edilməsinə rast gəlinirdi.

Hazırda qəbul edilən qanunlar, ilk növbədə, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmlərini təsbit edir.

 Bununla bağlı olaraq “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa yeni 79-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında əsas məqsəd hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etməkdən, fərqli yanaşma hallarına son qoyulmasından, maddi və prosessual hüquq normalarının birinci instansiya, apelyasiya və kasasiya məhkəmələrində eyni cür tətbiqinə nail olmaqdan ibarətdir. Vahid məhkəmə təcrübəsi isə Ali Məhkəmənin kollegiyalarının, konkret işlər üzrə Plenum qərarlarının, habelə Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsi ilə formalaşdırılır.

Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ilə əlaqədar mexanizmin yaradılması üçün Mülki-Prosessual, İnzibati Prosessual və Cinayət Prosessual Məcəllələrinə olduqca əhəmiyyətli dəyişiklik və əlavələr edilmiş, bu günə kimi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş qayda bir qədər də təkmilləşdirilməklə bütün kollegiyaların fəaliyyətinə aid edilmişdir.

Buna görə, Ali Məhkəmənin işlərə baxan məhkəmə tərkibi əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqeyindən fərqli qərar qəbul edilməsini zəruri hesab etdikdə bu barədə əsaslandırılmış təqdimatla Ali Məhkəmənin sədrinə müraciət edir və sədr tərəfindən işin baxılması təyin edilir.

Mülki işlər üzrə Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları birgə, inzibati işlər üzrə inzibati kollegiyası və cinayət işləri üzrə isə cinayət kollegiyası mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqelərini qəbul edəcəyi qərardadda təsbit edəcəkdir. Bundan sonra eyni xarakterli məsələlərə baxılarkən Ali Məhkəmənin digər məhkəmə tərkibləri həmin qərardadda müəyyən edilmiş hüquqi mövqeləri rəhbər tutmaqla qərar çıxaracaqlar. 

Vahid məhkəmə təcrübəsi ilə əlaqədar qanunvericilikdə edilmiş dəyişikliyin əsas mahiyyəti ondan ibarətdir ki, həmin təcrübə qüvvədə olduğu müddətdə məhkəmələr üçün məcburi xarakter daşıyır. Yəni, təcrübənin mövcud olduğu zaman kəsiyində məhkəmələrin qəbul etdikləri qərarlar ona uyğun olmalıdır. Belə ki, təcrübəyə əməl olunmaması həmin qərarların ləğvi üçün müstəqil əsas hesab olunur.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 80-cı maddəsinə edilmiş əlavənin məzmunundan isə görünür ki, hüququn inkişafını təmin etmək məqsədi ilə formalaşmış mövcud təcrübənin dəyişdirilməsi, apelyasiya məhkəməsi və ya Ali Məhkəmənin məhkəmə tərkibi tərəfindən göstərilmiş təşəbbüsə əsasən məhkəmə təcrübəsinin yenisi ilə əvəzlənməsi anına kimi mövcud olan təcrübə məcburi xarakter daşıyır.

Nəzərə almaq lazımdır ki, yeni qanunvericilik normaları formalaşmış təcrübənin daimi xarakter daşımadığını, zərurət olarsa, onun dəyişikliyə məruz qalacağının mümkünlüyünü də nəzərdə tutur. Eyni zamanda, qanunvericilik imkan verir ki, mövcud təcrübədən fərqli olan, daha mükəmməl təcrübənin yaradılması barədə apelyasiya məhkəməsi, yaxud da Ali Məhkəmənin məhkəmə tərkibi əsaslandırılmış təşəbbüslə çıxış etsin və son nəticədə ona uyğun məhkəmə təcrübəsi formalaşsın.

Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərdən sonra Ali Məhkəmənin Plenumunun müxtəlif məsələlərə dair işlər üzrə maddi və prosessual hüquq normalarının tətbiqinə dair verdiyi izahla bağlı qərarlarının hüquqi əhəmiyyəti artacaqdır. Məlum olduğu kimi, bu günədək Ali Məhkəmənin Plenumunun belə qərarları məcburi hüquqi qüvvəyə malik deyildi, tövsiyə xarakterli idi. Yeni dəyişikliklərlə Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlarla bağlı qərarlarının məcburi hüquqi qüvvəyə malik olduğu təsbit edilir. Belə ki, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması məhkəmə aktlarının kasasiya və əlavə kasasiya qaydasında ləğvinin əsasını təşkil edəcəkdir. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması isə məhkəmə aktlarının ləğv edilməsinə yalnız o halda əsas olacaqdır ki, qətnamə, hökm, qərar və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

Ali Məhkəmənin Plenumunun izahla bağlı qərarının əhəmiyyətini nəzərə almaqla “Məhkəmələr və hakimlər haqqında” Qanuna, həmçinin belə bir müddəa əlavə edilmişdir ki, Ali Məhkəmənin Plenumu onun sonuncu iclasından ötən dövr ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual, Mülki-Prosessual və İnzibati-Prosessual məcəllələrində müəyyən edilmiş qaydada müvafiq kollegiyaların bütün hakimlərindən ibarət tərkibdə qəbul etdiyi qərarları (qərardadları) nəzərdən keçirir və Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə mövcud izahına dəyişikliklər edir və ya yeni izah verir.

Qeyd edilməlidir ki, yeni tənzimləmələr Ali Məhkəmənin Plenumunun izahla bağlı qərarlarının hansı hallarda qəbul edilməli olduğunu müəyyən etmişdir. Buna görə, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir.

Qanunda, həmçinin təsbit olunmuşdur ki, Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir. Monitorinq, ən azı, 1 il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydasını Ali Məhkəmənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edir.

Dövlət başçısı imzaladığı  sərəncamla, həmçinin Məhkəmə-Hüquq Şurasına tövsiyə etmişdir ki, sözügedən monitorinqin aparılması qaydasını Ali Məhkəmənin təklifləri əsasında iki ay müddətində müəyyən etsin.

Monitorinqin aparılması nöqsanlar aşkar edilmiş sahələr üzrə Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş qərarların məhkəmə fəaliyyətində nəzərə alınıb-alınmadığını müəyyən etməyə imkan verəcək və beləliklə də, bütün məhkəmə instansiyalarının vahid məhkəmə təcrübəsinə uyğun fəaliyyət göstərməsini təmin edəcəkdir.

Həmçinin qanunvericilikdə edilmiş əlavə və dəyişikliklərlə ekspertiza ilə bağlı fəaliyyət daha səmərəli tənzimlənmiş, ekspertizanın aparılması müddətləri dəqiqləşdirilmiş, bu sahədə proses iştirakçılarının hüquqları genişləndirilmişdir. Bütün bunlar isə məhkəmə-hüquq islahatlarının tərkib hissəsi olmaqla ölkədə qanunların eyni cür tətbiq olunmasını, ekspertiza tədqiqatının aparılmasında süründürməçilik hallarının aradan qaldırılmasını, vətəndaşların pozulmuş hüquqlarının daha tez və ədalətli bərpasını təmin edəcəkdir.

 

Xəqani MƏMMƏDOV,

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi

 

Xalq qəzeti.- 2019.- 21 dekabr.- S.5.