Pambıqçılığın
inkişafı ildən-ilə sürətlənir
Azərbaycan
Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə uğurla
həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, xüsusilə
sahibkarlığa göstərilən hərtərəfli diqqət
və qayğı bütövlükdə
respublikamızın sosial-iqtisadi həyatına,
eləcə də regionların iqtisadiyyatının əsasını təşkil edən kənd
təsərrüfatının daha sürətli
inkişafına möhkəm zəmin yaradıb və son illərdə bu sahədə
yüksək uğurlar əldə olunub. Burada ölkə rəhbərinin
aqrar sektora xüsusi diqqət yetirməsi, bununla
bağlı reallaşdırılan dövlət siyasəti xüsusi rol oynayıb. Kənd təsərrüfatı məhsullarının
istehsalçılarına vergi güzəştlərinin
tətbiqi, aqrar sektorun
inkişafı üçün ayrılan
güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti
hesabına kəndlilərə verilən subsidiyalar,
aqrolizinq xidmətlərinin əlyetərliliyi,
genişmiqyaslı meliorasiya tədbirləri,
nəhəng su anbarlarının
inşası, bölgələrdə yol-nəqliyyat və digər
infrastruktur layihələrinin həyata
keçirilməsi üçün
yönəldilən irihəcmli investisiyalar
aqrar sahənin inkişafını şərtləndirib.
Pambıqçılığın
inkişafı ulu
öndər Heydər Əliyevin
adı ilə bağlıdır
Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı nitqində diqqəti pambıqçılığın ayrı-ayrı dövrlərdəki inkişaf vəziyyətinə yönəldərək, ölkəmizdə bu ənənəvi kənd təsərrüfatı sahəsinin qədim tarixə malik olduğunu vurğulayıb. Prezident İlham Əliyev statistikaya əsaslanaraq, qeyd edib ki, 1913-cü ildə Azərbaycanda 100 min hektarda pambıq əkilib və hektardan məhsuldarlıq cəmi 6 sentner təşkil edib. Sonrakı dövrlərdə mövcud sahədə istehsal artıb. Bu sahənin ən sürətli inkişafı isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində nəinki pambıqçılıq, ümumiyyətlə, kənd təsərrüfatının bütün sahələri də uğurlu inkişaf yolu keçib.
Bu barədə bir qədər ətraflı bəhs etsək, deyə bilərik ki, ümummilli liderimiz 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük olunub. Dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi dövrdə isə bu rəqəm 3 dəfə artıb və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılıb.
Ulu öndərimiz tərəfindən pambıqçılığın inkişaf etdirilməsi keçmiş kolxoz və sovxozların iqtisadiyyatının möhkəmlənməsinə, kənd sakinlərinin rifah halının yaxşılaşmasına müsbət təsir göstərib. 1969-cu ildə pambıqçılıqdan 150 milyon manat götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatıb. 1970-1976-cı illərdə kolxoz və sovxozlar tərəfindən pambıqdan 2 milyard manat əldə edilib. Bir sözlə, o dövrdə Azərbaycanda illik pambıq istehsalı yuxarıda qeyd edildiyi kimi, 1 milyon tona çatdırılıb. Ölkə büdcəsinin 22-25 faizini pambıqçılıq təmin edib.
Həmin dövrdə respublikamızda pambığın 39 sortu rayonlaşdırılıb. Rayonlaşan hər bir yeni sort əvvəlki sortlardan təsərrüfat qiymətli göstəricilərinə, məhsuldarlığına görə fərqlənib və ümumi istehsalın sabit artımına zəmin yaradıb.
Dahi öndər tez-tez pambıq tarlalarında, kənd adamları arasında olurdu və onlara öz dəyərli tövsiyəsini verirdi. O, qabaqcıl pambıqçıların, sürücü--mexaniklərin əməyini həmişə yüksək qiymətləndirir və onlara ölkənin ali mükafatlarını təqdim edirdi.
Tənəzzüldən
dinamik inkişafa doğru…
Ulu öndər Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə respublikada sözügedən sahənin tədarükü bir milyondan 500 min tona düşdü. Müstəqillik dövründə isə pambıqçılıq, demək olar ki, məhv olmaq təhlükəsi ilə üzləşmişdi.
Prezident İlham Əliyev nitqində bu barədə deyib: “1969-cu ildə Heydər Əliyev birinci katib seçiləndə Azərbaycanda 200 min hektarda pambıq əkilmişdir və 300 min tona yaxın məhsul götürülmüşdür, yəni, məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllərində həm məhsuldarlıq artmışdır, 30 sentnerə yaxınlaşmışdır, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olmuşdur. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxmışdır.
Heydər Əliyev Moskvaya gedəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də, o cümlədən pambıqçılıqda vəziyyət tənəzzülə doğru getdi...”.
Dövlətimizin başçısı çıxışında Heydər Əliyevin 1982-ci ildə Moskvaya gedəndən sonra pambıqçılıqda tənəzzül dövrü başlandığını, istehsalın tədricən azaldığını, 1991-ci ildə istehsalın 500 min tona, 1993-cü ildə isə 280 min tona düşdüyünü vurğulayıb. Prezident, eyni zamanda, o dövrdə respublikada çox ağır vəziyyətin, vətəndaş müharibəsi təhlükəsinin yaşanması, Ermənistanın işğalçılıq siyasəti yürütməsi, AXC-Müsavat cütlüyünün yarıtmaz, xəyanətkar fəaliyyət göstərməsi nəticəsində Azərbaycanın uçurumla üz-üzə qaldığını xatırladıb: “Ölkədə total böhran - siyasi böhran, hərbi böhran, iqtisadi böhran hökm sürürdü, inflyasiyanın səviyyəsi 1000 faizdən çox idi, sənaye müəssisələri iflic vəziyyətdə, kənd təsərrüfatı dağılmış vəziyyətdə idi, ölkədə talançılıq, rüşvətxorluq, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat cütlüyünün başında olan xəyanətkar ünsürlər sanki düşmən kimi Azərbaycanı dağıdırdılar, parçalayırdılar, məhv edirdilər. Sanki onlar hansısa cinayətkarın əmrini icra edirdilər. Bunun nəticəsində əlbəttə ki, həm sənaye iflic oldu, kənd təsərrüfatı tamamilə dağıdıldı və həm də ölkə idarəolunmaz vəziyyətə düşdü. Yalnız xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna gətirildi və bu gün biz bu inkişafın təzahürlərini həyatımızın bütün sahələrində görürük”.
Yalnız 1993-cü ildə xalq ulu öndərə üz tutaraq onu hakimiyyətə dəvət edəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da inkişaf dövrü başlandı, islahatlar aparıldı. Aqrar sahənin inkişafını sürətləndirmək məqsədi ilə kənd təsərrüfatında işləyənlər vergilərdən azad edildi.
Amma bütün bununla yanaşı, o zaman ölkə elə ciddi problemlərlə üzləşmişdi ki, pambıqçılığa həm maddi cəhətdən, həm vaxt baxımından diqqət ayırmaq prioritet məsələ deyildi. Azərbaycan çox ciddi çağırışlarla, təhlükələrlə qarşılaşmışdı.1990-cı illərdə sabitliyin bərpası, Azərbaycana böyük həcmdə investisiyanın cəlb edilməsi, respublikanı hərtərəfli inkişaf etdirmək üçün əsas vasitə kimi neft strategiyasının uğurla icrası prioritet vəzifələr kimi qarşıda dururdu.
Atəşkəs imzalanandan, ölkədə baş alıb gedən anarxiyaya son qoyulandan sonra məhz Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində yenicə müstəqilliyini əldə edən Azərbaycanda dünya təcrübəsindən istifadə edilərək yeni layihələr və dövlət proqramları hazırlanmasına başlanıldı. Respublikamızda yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşdırıldı. Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi dövlət quruculuğu sahəsində islahatlar genişləndirildi. Həmin islahatların həyata keçirilməsindən danışarkən ulu öndər deyirdi: “Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk”.
Bu baxımdan da aqrar-torpaq islahatları birdəfəlik kampaniya deyildi. Bu, cox ciddi, həssas bir proses idi. Ümummilli lider böyük uzaqgörənliklə, həm də sübut etdi ki, Azərbaycanda aqrar sahənin inkişafı aparılacaq torpaq islahatlarının nəticələrindən asılı olacaq.
Pambıqçılıqda
yeni mərhələ
Dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyətinin bütün dövrlərində əsas ixracyönümlü kənd təsərrüfatı məhsullarından olan pambıqçılığın inkişafını diqqət mərkəzində saxlayıb. Bununla aqrar sahəyə həsr olunan konfranslarda, pambıqçılığın inkişafına dair respublika müşavirələrində və digər tədbirlərdə Azərbaycan Prezidenti pambıqçılığın inkişaf etdirilməsinin əhəmiyyəti və zəruriliyi barədə fikirlərini bildirib, əsas problemli məqamları qeyd edib və onların həlli ilə bağlı tapşırıqlar verib.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanının 1.3-cü bəndində nəzərdə tutulan “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafının sürətləndirilməsi, pambıq məhsullarının ixracının artırılması, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb.
Dövlət proqramının icrasının əsas nəticəsi kimi, 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənib.
Son illərin rekord göstəricisi əldə olunub
Müşavirədə ulu öndər tərəfindən
əsası qoyulan pambıqçılıq
ənənələrinin son illər yüksək templə inkişaf etdirildiyi bildirilib. Dövlətimizin başçısı
qeyd edib ki, cari il rekord
göstərici əldə
olunub, 294 min ton pambıq
yığılıb və
hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib: “Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda
inkişafla bağlı
atılmış bütün
addımlar öz səmərəsini verməkdədir.
Bu, bir daha
onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf
edə bilməz.
Biz demək olar
ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu
çox gəlirli sahəyə çevirmişik,
pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq
problemlərini həll
etmişik. Beləliklə, biz qarşımızda duran bütün vəzifələrə
nail olmuşuq, bu vəzifələri icra etmişik”.
Bunu statistik
rəqəmlər də
aydın göstərir. Belə
ki, 2015-ci ildən sonrakı dövr ərzində pambıq istehsalı 8,2 dəfə artıb. Bugünədək 100 min hektar
sahədən 294 min tondan
çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil
edib. Əkin sahəsinin ötən ilə nisbətən 32
min hektar azalmasına baxmayaraq, pambıq istehsalı 61 min ton, hektardan
orta məhsuldarlıq
isə 11,8 sentner artıb.
Builki yüksək
nəticələr isə,
ilk növbədə, ölkə
rəhbərinin bu sahəyə diqqəti və dövlət tərəfindən göstərilən
dəstəklə bağlıdır. Belə ki,
2018-ci ildə xam pambığın fermerlərdən
alış qiyməti
hər ton üçün
150 manat artırılaraq
650 manata çatdırılıb.
Fermer satdığı hər
ton xam pambığa görə dövlətdən
100 manat subsidiya alıb. İstehsalçıların
texnikaya və avadanlığa olan ehtiyaclarını ödəmək
məqsədilə son üç
ildə 529 milyon manat dəyərində 15
min 700 ədəd kənd
təsərrüfatı texnikası,
o cümlədən 403 pambıqyığan
kombayn alınıb.
2018-ci ildə Ağdam,
Beyləqan və Zərdab rayonlarında əlavə üç, cari ildə Bərdə rayonunda bir pambıq qəbulu məntəqəsi
tikilib, müvafiq avadanlıqlarla təchiz edilib. Mövsüm ərzində bu
məntəqələr tərəfindən
8 min ton xam pambıq qəbul olunub. Ucar rayonunda illik istehsal gücü 40 min ton olan pambıq emalı zavodu, saatda 1,5 ton lifsiz pambıq toxum istehsalı gücünə malik müəssisə istifadəyə
verilib, gündəlik
200 ton pambıq çiyidini
emal etmək gücünə malik zavodda isə tamamlanma işləri aparılır.
Dövlətimizin başçısının qarşıya
qoyduğu əsas vəzifə məhz məhsuldarlığın yüksəldilməsi
hesabına istehsalın
artırılması olub. Aparılan
təhlillər göstərir
ki, 2018-ci ildə 30 sentnerdən çox məhsul götürən
3096 fermer vardısa,
2019-cu ildə bu rəqəm iki dəfədən çox
artaraq 7110-a
çatıb. Həmin fermerlər
tərəfindən yığılan
pambıq ümumi istehsalın 39 faizini təşkil edib. Bu məhsulun 29,5 min hektar sahədən yığıldığını nəzərə alsaq, deməli, hektardan orta məhsuldarlıq 39 sentnerdir. Bu il
50 sentnerdən artıq
məhsul götürən
fermerlərin sayı
953 olub. Keçən illə müqayisədə
hesabat ilində fermerlərin əldə etdikləri gəlirlərin
ümumi həcmi isə 45 milyon manatdan çox artıb.
Bu rəqəmlər bir
daha sübut edir ki, torpaq
sahələri düzgün
seçildiyi, aqrotexniki
tədbirlərə vaxtında
və düzgün əməl olunduğu təqdirdə ölkədə
orta hesabla hər hektardan 30 sentnerdən çox pambığın istehsalı
üçün potensial
imkan mövcuddur.
Eyni zamanda, innovativ texnologiyalardan istifadənin genişləndirilməsi
məqsədilə nümunəvi
təsərrüfatların yaradılmasına başlanılıb. Ucar rayonunda Çin texnologiyası və Beyləqan rayonunda türk texnologiyası əsasında pambıq istehsalı üzrə
pilot layihələr həyata
keçirilib. Çin texnologiyası
ilə hər hektardan 60 sentner, türk texnologiyası ilə isə 58 sentner xam pambıq
istehsal olunub.
Güzəştlər məhsul istehsalında
artımı şərtləndirir
Fermerlərə satılan pestisidlərin
qiymətinə tətbiq
edilən güzəştin
məbləğinin yuxarı
həddi 5 dəfə
artırılaraq hər
hektara görə 50 manata, mineral gübrələrin
dəyərinə tətbiq
edilən güzəştin
məbləğinin yuxarı
həddi isə 50 faiz artırılaraq hər hektara görə 150 manata çatdırılıb. “Aqrolizinq” ASC-nin balansında olan 768 texnika vasitəsilə fermerlərə güzəştli
şərtlərlə dəstək
göstərilib, gübrələrin
səyyar formada yerlərdə və sahələrdə satışı
həyata keçirilib.
Bütünlükdə kənd təsərrüfatı
texnikalarının alınmasına
40 faiz güzəşt
tətbiq olunub. Ümumiyyətlə, ölkəmiz pambıqçılığın
inkişafına göstərdiyi
dəstəyə görə
dünya üzrə aparıcı dövlətlərdən
biri olub.
Pambıqçılığın inkişafı istiqamətində kadr potensialının gücləndirilməsi də diqqət mərkəzindədir və növbəti illərdə də bu tədbirlər davam etdiriləcək.Yeni subsidiya mexanizminə əsasən, 2020-ci ildə hər hektara 220 manat, hər ton məhsula 100 manat subsidiya verilməsi nəzərdə tutulur. Belə olduqda, 30 sentner məhsul götürmüş fermerin dövlətdən əldə etdiyi vəsait 520 manat olmaqla, çəkdiyi xərcin 55 faizini təşkil edəcəkdir. Subsidiyaların Elektron Kənd Təsərrüfatı Sistemi vasitəsilə fermerlərə verilməsi xidmət prosesini daha çevik və asan edəcək, xidmətin keyfiyyətini yüksəldəcək.
2020-ci ildə ən azı 105 min hektar sahədə pambıq əkilməsi və daha yüksək məhsuldarlıq əldə edilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısının müşavirədəki nitqi bir daha göstərdi ki, kənd təsərrüfatının ənənəvi sahəsi olan pambıqçılığın inkişafı dövlət səviyyəsində diqqət mərkəzində saxlanılır, bu sahəyə xüsusi qayğı göstərilir. Elə buna görə də böyük potensiala malik pambıqçılıqda məhsul istehsalı ildən-ilə artır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2019.- 21
dekabr.- S.2.